525.Az

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda məhkəmə orqanları - Yunis Xəlilov yazır


 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Naxçıvanda məhkəmə orqanları -<b style="color:red"> Yunis Xəlilov yazır</b>

Azərbaycan Xalq Cümhuriyyətinin (bundan sonra - AXC) ilk vaxtlarında ölkəmizdə məhkəmə təsisatı sistemsiz və pərakəndə vəziyyətində olub. Belə ki, şəhər və qəzaların bir çoxunda hüquqşünas kadrlar, xüsusilə prokuror, müstəntiq və hakimlər çatışmırdı, bəzi bölgələrdə isə məhkəmə orqanları öz fəaliyyətini demək olar ki, dayandırmışdı.

Tarixi qaynaqlardan aydın olur ki (ARDA, Dövlət qərarları jurnalı, 14 noyabr 1918), AXC dövründə milli məhkəmə hakimiyyətinin formalaşdırılması istiqamətində bir sıra işlər görülüb, bu sahənin tənzimlənməsi məqsədilə zəruri qanunvericilik aktları qəbul edilib və müxtəlif səlahiyyətlərə malik olan müəyyən məhkəmə orqanları fəaliyyətə başlayıb. Belə ki, ölkəmizin tarixində ilk dəfə olaraq AXC hökumətinin 14 noyabr 1918-ci il tarixli qərarı ilə "Azərbaycan məhkəmə palatası və onun əsasnaməsi" təsdiq olunub. Həmin əsasnamədə deyilirdi:

1. Məhkəmə palatasının hər bir şöbəsi sədr və ştat üzrə müəyyən adamlardan ibarət olur;

2. Məhkəmə palatasının sədrlərindən biri böyük sədr təyin edilir;

3. Azərbaycan Məhkəmə palatası tərkibindəki prokuror və müəyyən qədər prokurorun yoldaşlarından ibarətdir;

4. Azərbaycan Məhkəmə Palatasının idarə forması və onun nəzdində olan prokuror nəzarəti rus imperiyasının 1864-cü ilin və 1917-ci il müvəqqəti hökumətin qanunlaşdırılmış məhkəmə nizamnaməsində nəzərdə tutulanlarla müəyyənləşdirilir;

5. Azərbaycan Məhkəmə Palatasının hakimiyyəti və onun nəzdində yerləşən prokuror nəzarəti bütün Azərbaycan Respublikası ərazisində həyata keçirilir.

Əsasnamədən aydın olur ki, Azərbaycan Məhkəmə Palatasının tərkibinə prokuror da daxil idi və onun səlahiyyət dairəsi ölkəmizin bütün ərazisinə şamil olunub. Sözügedən əsasnamədən bir qədər əvvəl isə Azərbaycan Respublikasında hüquq qaydaları və qanunçuluğun möhkəmləndirilməsi məqsədilə Bakı, eləcə də Gəncə şəhərlərində əvvəllər mövcud olmuş dairə məhkəmələrinin, habelə həmin dairə məhkəmələri nəzdində olan barışdırıcı şöbələrin fəaliyyəti bərpa olunub. Qeyd etmək yerinə düşər ki, AXC-nin ilk ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədovun "Məhkəmə idarələrinin bərpa olunması haqqında" etdiyi məruzə əsasında Azərbaycan Demokratik Nazirlər Şurasının qəbul etdiyi 1 oktyabr 1918-ci il tarixli qərarda deyilirdi ki, Bakı quberniyasında qanun-qaydaların bərpa olunması və qanuni hökumətin Bakı şəhərinə köçürülməsi ilə əlaqədar olaraq anarxiya dövründə müxtəlif adlarla yaradılmış məhkəmələr və məhkəmə funksiyasına malik bütün komissiyalar ləğv edilsin. Bakı idarə məhkəməsinin və onun tabeliyində olan bütün idarələrin fəaliyyəti bərpa olunsun.

AXC parlamenti özünün 26 dekabr 1918-ci il tarixli iclasında qəbul etdiyi hökumətin ədliyyə sahəsində deklarasiyasında (AR, dokumentı i materialı 1918-1920. Bakı, Elm-1998) isə açıq şəkildə bəyan edirdi ki, "ədliyyə hökumətin diqqət mərkəzində olan mühüm sahələrdən biridir. Məhkəmə orqanları olmadan heç bir dövlət mövcud ola bilməz. Heç bir digər inzibati dövlət aparatı məhkəmələri əvəz edə bilməz. Bütün ictimai təhlükəli hərəkətlər məhkəmə prosesində araşdırılmalıdır. Ona görə ki, bir tərəfdən təqsirləndirilən şəxs öz günahını başa düşsün, digər tərəfdən isə o, dövlət aparatının ədalətliliyini hiss etsin. Ona görə də məhkəmə icraatının dəqiqliyi dövlətin mühüm məsələlərindən biri olmalıdır. Ədalət mühakiməsi xalqa yaxın olmalıdır. Məhkəmə ilə əlaqəsi olmuş bir şəxs onun ədalətliliyini başa düşməlidir, əks təqdirdə məhkəmə özünün sosial təyinatına kifayət qədər nail ola bilməz. Ona görə də elə məhkəmə sistemi yaratmaq lazımdır ki, o bütün əhali tərəfindən başa düşülsün".
Deklarasiya onu deməyə əsas verir ki, AXC-nin yarandığı ilk gündən etibarən böyük önəm verdiyi prioritet məsələlərdən biri məhz ölkədə hüquqi dövlət quruculuğu prinsipinə söykənən müstəqil məhkəmə sisteminin təsis edilməsi olmuşdur.

Ümumilikdə götürdükdə, etiraf etmək lazımdır ki, bu günədək AXC dövrünün məhkəmə sistemi ilə bağlı məsələlər müəyyən qədər tədqiqata cəlb edilsə də, həmin dönəmdə Naxçıvanda mövcud olmuş məhkəmələrin strukturu və fəaliyyəti, bir neçə tədqiqat işi xaricində, demək olar ki, çox az araşdırılıb. Halbuki Naxçıvanın dövlət və hüquq tarixinin əhəmiyyətli bir hissəsi, özü də ən maraqlı və ciddi tədqiqata ehtiyac duyulan sahəsi məhz AXC dönəmində Naxçıvanda məhkəmə orqanlarının strukturu və fəaliyyəti ilə bağlıdır. Sözsüz ki, zəngin dövlətçilik ənənələrinə malik, son yüzillikdə özünəməxsus siyasi muxtariyyətə xas idarəçilik forması ilə idarə olunan Naxçıvanda məhkəmə orqanlarının AXC dövründə keçdiyi tarixi inkişaf yolunun öyrənilməsi son dərəcə mühüm elmi və təcrübi əhəmiyyətə malikdir. Təqdirəlayiq haldır ki, söhbət açdığımız məsələ haqqında "Naxçıvanın məhkəmə tarixi" adlı kitabdan (Naxçıvan, "Əcəmi", 2018, s. 59-64) maraqlı və dəyərli məlumatlar əldə etmək mümkündür (kitabın həmmüəlliflərindən biri kimi bu məqalənin müəllifi məhz söhbət açılan məsələyə dair fəsli işləyib).

Məlum olduğu kimi, 1918-ci ilin ortalarında Naxçıvan osmanlıların nəzarəti altında idi və həmin vaxtlar Osmanlı ordusunun II alay komandiri Sürəyya bəy Naxçıvana məhəlləyi-rəisi (qəza rəisi) təyin olunmuşdu. Sürəyya bəy Naxçıvan əhalisinin nümayəndələri ilə keçirdiyi yığıncaqdakı çıxışında milli komitənin ləğv edildiyini, yerində jandarma, ədliyyə və bələdiyyə idarələrinin yaradıldığını bildirmişdi.

Təəssüf ki, o dövrlər Naxçıvanda məhkəmə orqanlarında fəaliyyət göstərənhakimlər və dövlət məmurları barədə əlimizdə o qədər də geniş məlumat yoxdur. Tədqiqatlar (M.B.Əliyev. Qanlı günlərimiz (1918-1920 Naxçıvan). Bakı, "Azərnəşr", 1992, s. 72) onu göstərir ki, həmin vaxt Naxçıvanda mülki məhkəməyə Şeyx-Kərim Axundzadə, Cabbar Kələntərov, Vəli ağa Kəndlinski, Abbasqulu bəy Tahirov və İbrahim paşa Kəngərlinski təyin edilib.

"Naxçıvan tarixi" çoxcildliyinin II cildinə (Naxçıvan tarixi. Üç cilddə, II cild, Naxçıvan, "Əcəmi" Nəşriyyat-Poloqrafiya Birliyi, 2014, s. 238) nəzər saldıqda, aydın olur ki, Naxçıvanda Araz-Türk Respublikası zamanında hökumətin başçısı naxçıvanlı Əmir bəy Əkbərzadə olmuşdur. O dövrdə hökumətin tərkibi sədrdən və 6 üzvdən ibarət idi ki, onun tərkibində ədliyyə naziri vəzifəsi yaradılaraq bu sahədə nazir səlahiyyəti Məmməd Bəyzadəyə həvalə olunub. Adı çəkilən mənbəyə görə, o dövrdə hökumətin tərkibinə Lütfi Xoca Ekid Əfəndi şeyxülislam kimi üzv olub. Bu fakt isə böyük yəqinliklə həmin dövrdə Naxçıvanda islam hüququnun böyük önəm daşıdığı, müəyyən mübahisəli mülki məsələlərin və cinayət işlərinin həllində ədalət mühakiməsinin həmçinin, şəriət qaydaları əsasında da həyata keçirildiyi fikrini yürütməyə əsas verir. Lakin təəssüflər olsun ki, AXC dövründə Naxçıvanda məhkəmə orqanlarının strukturuna və fəaliyyətinə dair əlimizdə məhdud sayda tarixi məlumat və sənədlərqaldığından bu barədətəfərrüatlı şəkildə söhbət aça bilmirik. Eyni zamanda, unudulmamalıdır ki, həmin dövrdə Araz-Türk Respublikasının fəaliyyətinə son qoyulması, bu diyarın erməni-daşnak işğalına məruz qalması və qanlı müharibələr meydanına çevrilməsi, 1919-cu ildə bölgədə ABŞ general-qubernatorluğunun yaradılmasına cəhdlər göstərilməsi Naxçıvanda məhkəmə orqanlarının formalaşmasına böyük əngəl törədən faktorlar olub.
Həmin dövrdə Naxçıvanda ermənipərəst siyasətin nəticəsində bölgədə məhkəmə orqanlarının rəhbərliyinə başqa millətlərdən olan şəxslər gətirilmişdir. Təbii ki, bu cür riyakar işlərin görülməsi obyektiv ədalət mühakiməsinin həyata keçirilməsinə nail olmaq deyil, sadəcə günahsız yerli əhaliyə qərəzli və xain münasibət nümayiş etdirməkdən irəli gəlmişdir.

Faktlara müraciət etsək, Naxçıvanın məhkəmə orqanlarında həyata keçirilən bu məkrli kadr oyunbazlığının ciddi narazılığa səbəb olmasıasanlıqla göz önünə gətirilə bilər. Arxiv mənbələrinə (ARDA, f. 894, siy. 2, iş 94, v. 2.) əsasən 1919-cu ilin yanvarın 5-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlı nümayəndələrin keçirdiyi fövqəladə iclasda yaradılmış quberniya müsəlmanlarının həmyerlilər cəmiyyətinin nümayəndəsi M.Mirbağırov AXC hökumətinin razılığı ilə 1919-cu il fevralın 19-da Naxçıvana çatmış, burada olduğu müddətdə bölgədəki və ətraf yerlərdəki siyasi, hüquqi və hərbi vəziyyətlə tanış olduqdan sonra Azərbaycan hökumətinə bir sıra təkliflərini verib. Bu təkliflər içərisində "Mülki və məhkəmə idarələrinin rəhbərliyinə baş məmurlar mütləq azərbaycanlılar təyin edilməlidirlər" təklifi yuxarıda bəhs etdiyimiz narahatçılığın son dərəcə ciddi əhəmiyyət daşıdığını bir daha sübut edir. 

Elmi araşdırmalardan (İbrahim Ethem Atnur. Osmanlı idarəçiliyindən sovet idarəçiliyinə qədər Naxçıvan (1918-1921). Naxçıvan, "Əcəmi", 2013, s. 178) aydın olur ki, ingilis valisi Simpsonun ermənilərin 1919-cu ilin may ayının 14-də Naxçıvana gələcəyini bildirməsi xəbərini eşidən kimi naxçıvanlılar dərhal Milli Şura binasına yığışmış və aşağıdakı qərarları qəbul ediblər: 1. Erməniləri qarşılamağa Şura sədrindən başqa heç kim getməyəcək; 2. Ermənilərə xidmət edənlər edam olunacaqdır; 3. Hər kəs yeni yaradılan Milli Komitəni tanıyacaq, şikayətlərini oraya edəcəklər; 4. Erməni hökumətini və məhkəməsini tanımayacaqlar. Onlara şikayət edənlər cəzalandırılacaqdır; 5. Erməniyə tabe olmamaq üçün İrana qaçanlara icazə verilməyəcək. Çünki onlar var-dövlətlərinə arxayın olub qaçacaq, fəqir-füqəranı ermənilər məhv edəcək.

İngilislərin fəal dəstəyinə baxmayaraq, Naxçıvan xalqı nəinki erməni hökumətini və məhkəməsini tanımayacaqlarını bəyan etmiş, hətta erməni daşnaklarına qarşı böyük əzmkarlıqla mübarizə apararaq təslim olmamış, 1919-cu ilin iyulun 18-25-də bir həftəlik qızğın döyüşlər nəticəsində mənfur düşmənlərimizi doğma yurdumuzdan qovub çıxarmışlar.

Bütün bunlar onu deməyə əsas verir ki, Naxçıvan 1918-1920-ci illərdə çox həssas və keçməkeşli bir dövr yaşamış və həmin dövrdə burada nəinki dövlət hakimiyyəti orqanları, o cümlədən, məhkəmələr normal fəaliyyət göstərə bilmiş, heç dövlət quruculuğunun belə formalaşmasına real imkan olmamışdır.

Dediklərimizi yekunlaşdırsaq, belə bir nəticəyə gəlmək olar ki, 1918-1920-ci illərdə təkcə Naxçıvanda deyil, bütövlükdə Azərbaycanda geniş diapazonlu və qalıcı hüquqi islahatlar gerçəkləşdirilə bilməmiş, nəticə etibarilə AXC dövründə vahid məhkəmə sisteminin təsisi prosesi yarımçıq qalmışdır.

Beləliklə, çox təəssüflər olsun ki, 1920-ci il aprelin 27-də, axşam saat 11-də Azərbaycan parlamenti hakimiyyətin bolşeviklərə təhvil verilməsi haqqında qərar qəbul etməyə məcbur olub.

Ümid edirik ki, yaxın gələcəkdə ölkəmizdə AXC dönəmində məhkəmə orqanlarının təşkili, onların strukturu və fəaliyyəti, bu orqanlarda xidmət etmiş hakimlər və digər dövlət məmurlarının şəxsiyyəti barədə daha geniş şəkildə araşdırmalar aparılacaq, bu sahədə olan arxiv sənədləri aşkara çıxarılaraq ətraflı şəkildə tədqiqata cəlb ediləcək.
 

 





26.08.2021    çap et  çap et