Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.
Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!
P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!
***
İmaməli Şəfəqqət oğlu Əhədzadə 24 avqust 1997-ci ildə Lənkəran şəhəri Şilavar kəndində doğulub. İbtidai təhsilini Lənkəran şəhər xarici dillər təmayüllü gimnaziyada alıb. Daha sonra təhsilini Dilgah kənd tam orta məktəbində davam etdirib.
2015-ci ildə orta məktəbi bitirdikdən sonra 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidməti dövründə baş verən Aprel döyüşlərində şücaətlə iştirak edib. 2017-ci ildə tərxis olunub. Sonra hərbi qulluqçu kimi xidmətini davam etdirmək üçün dəfələrlə müraciət edib. Çünki uşaq yaşlarından hərb sənətinə böyük marağı olub.
Atasıyla birgə fəhlə işləyib, bəzən də şəxsi obyektlərdə ofisant olaraq çalışıb.
O, 7 noyabr 2019-cu ildə öz sevdiyi xanımla ailə həyatı qurub. 1 il 2 ay ailəli olan İmaməlinin ən böyük arzusu ata olmaq olsa da, Allah qismət etmədi.
21 sentyabr 2020-ci ildə səfərbərlik üzrə hərbi xidmətə çağırılıb. Ağcabədi və Beyləqan rayonlarında hərbi təlimlərə qatılan İmaməli 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində Füzuli rayon istiqamətində gedən döyüşlərdə xüsusi şücaət göstərib.
İmaməli Əhədzadə 28 sentyabr 2020-ci ildə boğazından aldığı snayper gülləsi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, oktyabrın 6-da öz doğma kəndində son mənzilə yola salınıb.
Şəhidimizin yoldaşı Şamilə xanım deyir ki, təlimlər zamanı 24 sentyabrda İmaməli ilə danışarkən ondan nə vaxt gələcəyini soruşub, o isə cavabında "bəlkə də heç vaxt gəlməyəcəm, Allah bizə yarım tale yazıb, bizə bir daha görüşmək qismət olmayacaq, sən mənim Allaha əmanətimsən" - deyib. Sonuncu dəfə isə 28 sentyabrda əlaqə saxlayıb. Şamilə xanım ona çox narahat olduğunu deyib, imkan olduqca tez-tez əlaqə saxlamağını xahiş edib. O isə şəbəkənin zəif olduğunu deyib, onu Allaha əmanət edib. Həmin gündən sonra Şamilə xanım yoldaşından xəbər ala bilməyib. İmaməlinin son dəfə zəng etdiyi nömrəyə yığanda isə onun şəhid olduğu xəbərini alıb.
İmaməli Əhədzadə şəhadətindən sonra "Cəsur döyüşçü" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
***
Şəmsəddin Aqil oğlu Vəliyev 22 yanvar 2001-ci ildə Sabirabad rayon Dadaşbəyli kəndində doğulub. 2007-2018-ci illərdə K.Quliyev adına Dadaşbəyli kənd tam orta məktəbində təhsil alıb. Onun idmana da böyük həvəsi və marağı olub. O, 2014-cü ildə Şirvan şəhərində yerləşən Şirvan İdman Kompleksində futbolla məşğul olmağa başlayıb və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş futbol üzrə UGİM-in qruplar arası turnirində 1-ci yer tutduğuna görə diplomla təltif edilib.
Şəmsəddin 2018-ci ildə Şirvan Şəhər Humanitar Kollecinə daxil olub. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılan Şəmsəddin təhsilini donduraraq hərbi xidmətə yollanır və Naxçıvan Muxtar Respublikasındakı N saylı hərbi hissədə Xüsusi Təyinatlı Qoşunların sıralarında qulluq edir. Onun Vətənə olan məhəbbəti, düşmənə olan sonsuz nifrəti bu peşəyə bağlanmasına səbəb olur və Şəmsəddin xidmət etdiyi vaxtda həm də kurslarda iştirak edir. 2020-ci ildə həqiqi hərbi xidmət müddətini başa vurarkən ona verilən 12 günlük məzuniyyət haqqından istifadə etmədən həmin hərbi hissədə qalaraq MAXE kimi xidmətə başlayır.
Bu müddətdə türk hərbçiləri ilə təlimlərə qoşularaq peşəsini daha da dərindən öyrənmək üçün gecə-gündüz məşqlər edir, ailəsiylə az-az imkan tapdıqca əlaqə saxlayır. Şəmsəddinin ən böyük arzusu hərbçi kimi Türkiyədə təhsil almaq və sənətini daha yaxşı şəkildə davam etdirmək idi. Bu arzusunu yalnız atasına demişdi. Amma təəssüf ki, bu arzusunu həyata keçirə bilmədi.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə Şəmsəddin 14 oktyabrda qatılıb. Füzuli, Hadrut, Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Atasıyla telefon danışınğında "ancaq irəli gedirik, torpaqlarımızı azad edirik", - deyib.
22 oktyabr 2020-ci ildə Xocavəndin Tuğ dağında Şəmsəddin düşmən snayper gülləsinə tuş gəlir. Çanağından vurularaq şəhidlik zirvəsinə ucalıb və oktyabrın 24-də Şirvan Şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Onun qardaşı Vəliyev Elməddin də hərbçidir və hazırda sərhəd qoşunlarında gizir kimi Vətənə xidmət edir. Kiçik qardaşı Yusif isə hələ məktəblidir, bu il 5-ci sinifə keçib.
Şəmsəddin Vəliyev şəhadətindən sonra "Vətən uğurunda", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
***
Ayaz Sultan oğlu İbrahimov 10 iyun 1998-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində anadan olub. 2004-2015-ci illərdə Məmmədrza Dizə kənd tam orta məktəbində təhsil alıb. 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Xidmətini bitirdikdən sonra ordu sıralarına geri qayıdıb.
2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətə başlayıb.
Azərbaycan Ordusunun çavuşu olan Ayaz İbrahimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 9 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 13 noyabr 2020-ci ildə Babək rayonunun Məmmədrza Dizə kəndində torpağa tapşırılıb.
Ayaz İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Anar Eyvaz oğlu Cəfərov 19 dekabr 1977-ci ildə Ağcabədi şəhərində anadan olub. 1984-cü ildə Ağcabədi şəhər 7 saylı şəhər tam orta məktəbinə daxil olub. Təhsilini Ağcabədi şəhər 12 saylı tam orta məktəbində davam etdirib. Məktəbi bitirdikdən sonra sürücü olaraq çalışıb. Həmçinin, şəxsi təsərrüfatla məşğul olub.
Anar Cəfərov Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Sonra hərbi xidmətini müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq davam etdirib. Xüsusi hərbi kurs bitirərək "Həmlə" Taborunda həmlə bölüyünün baş tuşlayıcı minaatanı təyin edilib. Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edib. 20 yanvar 2017-ci ildə Tərtər rayonunda yerləşən N saylı hərbi hissədə xidmətini tuşlayıcı minaatan olaraq davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Anar Cəfərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub və 3 oktyabr 2020-ci ildə Tərtər rayonu-Ağdərə istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Ağcabədi Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli olan şəhidimizin vətənə əmanət Rəhman və Eyvaz adlı övladları qalıb.
Anar Cəfərov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Aqşin Elman oğlu Qədirzadə 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub. 2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə gedib. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Aqşin Qədirzadə 2017-2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçib. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işləyərək yenidən ordu sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu motoatıcı manqa komandiri vəzifəsi ilə bitirib. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Aqşin Qədirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Murovdağda gedən döyüşlər zamanı oktyabrın 4-də itkin düşüb. Oktyabrın 18-i şəhid olduğu xəbəri gəlib və dekabrın 18-də Şəmkir rayonunun Qəbələ rayonunun Seyidqışlaq kəndində dəfn olunub.
2021-ci ilin aprel ayında Polad Həşimovun və Vətən müharibəsi şəhidi Aqşin Qədirzadənin adına Qəbələ rayonu Zərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında bulaq istifadəyə verilib.
***
Coşqun Oruc oğlu Orucov 28 yanvar 2001-ci ildə Culfa rayonunun Xoşkeşin kəndində anadan olub. 2007-ci ildə Suraxanı rayonuna köçüb. Orta təhsilini Suraxanı rayonunda yerləşən 315 nömrəli məktəbdə alıb.
Coşqun Orucov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissədə başa vurduqdan sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Coşqun Orucov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində kəşfiyyatçı snayper olaraq 16 oktyabrdan iştirak edib. Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. 25 oktyabr 2020-ci ildə Xocavənd rayonu ərazisində Şuşa rayonuna gedən yolda döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. 26 oktyabr 2020-ci ildə Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəsəbəsində dəfn edilib.
Coşqun Orucov şəhadətindən sonra "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.
***
Cavid Şaban oğlu Əliyev 1996-cı il mayın 10-da Tovuz rayonunun Almalıtala kəndində anadan olub. 2002-2013-cü illərdə Tovuz rayonunun Almalıtala kənd tam orta məktəbində təhsil alıb. 2013-cü ildə Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin "Vergi işi" ixtisasına daxil olub. 1 il təhsil aldıqdan sonra 2014-cü ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanır. Subay idi.
Cavid Əliyev 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət edib. Azərbaycan Ordusu sıralarından tərxis olunduqdan sonra təhsilini başa vurub, daha sonra isə inşaat sahəsində çalışıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda Cavid Əliyev SHXÇDX-yə müraciət edib və müharibəyə yollanıb. Snayper olan və onlarla erməni hərbçini öldürən Cavid noyabrın 9-da Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Noyabrın 16-da Tovuz rayonunda dəfn olunub.
Cavid Əliyev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
***
Davud Yalçın oğlu Abasov 1999-cu il noyabrın 19-da Cəlilabad rayonunun Sabirabad kəndində Yalçın və Vəsilə Abasovların ailəsində anadan olub. 2007-2018-ci illərdə E.Yusubov adına Uzuntəpə kənd tam orta məktəbində təhsil alıb.
2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə "Kiçik gizir" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Davud Abasov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 16-da Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn olunub.
Davud Abasov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Elmar Elman oğlu Nəbiyev 22 mart 2001-ci ildə Bakı şəhərinin Pirallahı rayonunda anadan olub. 2007-ci ildə həmin rayonun 186 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. O, boş vaxtlarında idmanla məşğul olmağı sevirdi.
2018-ci il 186 nömrəli məktəbi bitirib həmin ildə də Odlar Yurdu Kollecinin Bank işi fakültəsinə (qiyabi) qəbul olub.
Elmar Nəbiyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Elmar Nəbiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına yüksəlib. Bakı şəhərinin Pirallahı rayonunda dəfn olunub.
Elmar Nəbiyev şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Elcan Hidayət oğlu Namazov 1997-ci il iyunun 1-də Qazax rayonunun Dəmirçilər kəndində anadan olub. 2003-2014-cü illərdə E.Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
O, 2015-2017-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2019-cu ildən isə "gizir" hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Elcan Namazov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 9-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb. Qazax rayonunun Dəmirçilər kəndində dəfn olunub.
Elcan Namazov şəhadətindən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Elburus İlyas oğlu Verdiyev 1993-cü il mayın 1-də Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 2000-2011-ci illərdə İ.Mürşüdov adına Aşağı Quşçu kənd tam orta məktəbində təhsil alıb. O, 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elburus Verdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb və oktyabrın 26-da Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Tovuz rayonunun Aşağı Quşçu kəndində dəfn olunub.
Elburus Verdiyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Əfqan Ağasəf oğlu Abdurahmanov 1976-cı il mayın 25-də Bakı şəhərində anadan olub. 1982-1993-cü illərdə Binəqədi rayonunda Vahid Əzizov adına 30 nömrəli tam orta mətəbdə təhsil alıb. 1995-1997-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olduqdan sonra, 1997-2001-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2001-2002-ci illərdə isə Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində təcrübədə olduqdan sonra isə 2002-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başladı.
Əfqan Abdurahmanov 2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər istiqamətlərində başlanan döyüşlərdə savaşıb.
Xidməti zamanı Əfqan Abdurahmanov müxtəlif dövrlərdə "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı ilə təltif edilib.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Əfqan Abdurahmanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əfqan Abdurahmanov oktyabrın 10-da Suqovuşan döyüşləri zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Qəbələ rayonunun Əmirvan kəndində dəfn olunub.
Əfqan Abdurahmanova "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.
Həmçinin, Əfqan Abdurahmanov şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Fuad Nazim oğlu Əlizadə 1994-cü il iyunun 25-də Şahbuz rayonu Kolanı kəndində anadan olub. İlk təhsilini Naxçıvan şəhər 17 saylı məktəbdə alıb. 2008-2011-ci illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil alıb. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbidə ali təhsil alıb.
Fuad Əlizadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib. Aprel döyüşlərindən qayıtdıqdan sonra 2016-cı ilin may ayında Murov dağ zirvəsində 4 il müddətində sinəsin sipər edib. 2018-ci ildə baş leytenat rütbəsinə layiq görülüb. 2020-ci ilin fevral ayından N saylı hərbi hissədə xidmət edib.
Azərbaycan Ordusunun baş leytenantı olan Fuad Əlizadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Cəbrayılın, Qubadlının və Laçın rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştitak edib və noyabrın 7-də Laçın dəhlizi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik məqamına yüksəlib.
Fuad Əlizadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
***
Firuz Əli oğlu Qureşli 1993-cü ildə 3 dekabrda Naxçıvan Muxtar Respublikası Şahbuz rayonu Külüs kəndində anadan olub. 2001-2010-ci ildə Külüs kənd orta məktəbində təhsil alıb. 2010-2013-cü illərdə Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. 2013-2017-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2017-2018-ci illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin dinləyici olub.
2018-ci ildə leytenant kimi Beyləqan hərbi korpusunun N saylı hərbi hissəsində xidmətə başlayıb və 2019-cu ildə baş leytenant rütbəsi alıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Firuz Qureşli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı döyüşlərdə fəal iştirak edib. 10 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətdə gedən döyüşlərdə şəhid olub. Külüs kənd məzarlığında dəfn edilib.
Firuz Qureşli şəhadətindən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.