525.Az

Daxildəki güc - Leyla Camal yazır...


 

Daxildəki güc -<b style="color:red"> Leyla Camal yazır...</b>

Hər şey kiçik bir xəyalla başlar. Sən özünü arzunu yaşarkən xəyal edərsən. Sonra hərəkətə keçmək istərsən. Və həyatının ən böyük səhvlərindən birini edib insanlara xəyalların haqqında danışarsan. Bəziləri rişxənd edəcək, bəziləri ələ salacaq, bəziləri lağa qoyacaq, bəziləri isə səni müzakirə obyektinə çevirəcək. Bu da sənin həvəsini qıracaq. Hətta fikrindən daşındıracaq.

Kimdir o bəziləri? Həyatda heç nəyə nail olmayanlar, tənbəllikdə ən yüksək həddə çatanlar, özü bacarıqsızdır deyə başqasının bacarığına söz toxuyanlar və ən əsası sənin bacaracağına ən çox inananlar. 

İndi düşün. Bu insanlarla fikir bölüşdürmək sənə nə qazandıracaq? Özünə inamsızlıq, qabiliyyətsiz olduğuna inanmaq, uğurun sənlik olmadığına əmin olmaq. Səncə, dəyər?

Bax dostum, bacaracağına öncə sən inanmalısan. Hətta ən çox sən inanmalısan. Sənə suya girmə, boğularsan deyəcəklər, sənin qoruyucu jiletin olduğunu xatırla. Sənə qatar getdi deyəcəklər, hələ təyyarə olduğunu xatırla. Təyyarə təhlükəlidir, qəzalıdır deyəcəklər, sən paraşütün olduğunu xatırla. Sənə paraşütün yararsız olduğunu deyəcəklər, sən üstünə yıxılacağın ot tayasını xatırla. 

Çarə hər zaman var. Yetər ki sən istə, ümid etməkdən, xəyal etməkdən yorulma. Xəyalların səni uğura aparan ən surətli təyyarədir. 

Sən ucaldıqca insanları tanımağa başlayacaqsan - yalandan güləni də, xəbislikdən öləni də. Hər anında yanında olanı da, ayağının altını qazanı da. Üzünə can deyib kürəyindən vuranı da, gözün görə- görə canını alanı da. Amma bunlar səni yormasın, yolundan çıxarmasın.
Nə qədər çox düşmənin varsa, o qədər çox doğru yoldasan deməkdir. İnsan oğlu bacarıqlı, ağıllı, ucalan heç kimi sevməz. Ən xırda səhvini çərçivəyə salıb divara asar. Ən böyük uğurlarını ört-basdır edib quyuya atar. Yeri gələr səni daşlayar, hətta utanmadan böhtanlayar. Ürəyi soyumasa, səni hər yerdə qaralayar. Bunlar səni yıxmasın. 

Yarasa sevmirsə nurlu günəşi, günəşin əksilməz bundan atəşi. Şəfəqlərin göz qamaşdıracaq qədər parıldamağa davam et. Yanında olmaq istəyən günəş eynəyini taxacaq. Qaçanlar isə işığını bəhanə sanacaq.

Çox olacaq, yıxılanda sürüyənlər, arxanca kürüyənlər. Çox olacaq haqsız daşlayanlar, paxıllıqdan baltalayanlar, hətta yıxıb qaldırmayanlar. Bunlar səni üzməsin. Kiminsə səni qaldırmağına ehtiyac yoxdur. Üç dəfə yıxıldınsa, dörd dəfə qalx. Üst başını təmizlə və yoluna davam et. İlan günəş görməsə, ölməz. Burax səni yıxsınlar. Səni öldürməyən dərd gücləndirəcək. 

Səni qabiliyyətsiz, yararsız olduğuna inandıracaqlar. Dinləmə. Dirijor böyük bir orkestri arxasını tamaşaçıya çevirdiyi üçün idarə edə bilir. Tamaşaçıların narazı, təkəbbürlü mimikalarını görsə, əminəm ki, o gözəl əsərlər meydana gəlməzdi.

Sənin çirkin və gərəksiz olduğunu deyənlər də çox olacaq. Unutma ki, qanadları heyrətamiz olan tovuzquşunun qara, çirkin ayaqları var. O, sadəcə ayaqlarını gördüyü üçün özünü həmişə çirkin zənn edər. Sən düşündüyündən çox daha güclüsən. Sənin bitməz enerjin, tükənməz həvəsin var. 

Səni tənqid edənlərə küsmə. Haqsız tənqid gizli heyranlıqdır.

Etdiklərinin yanlış olduğunu, sənin qazanmayacağını deyəcəklər. Haqsız yerə səni qaralayıb, gözdən salmağa çalışacaqlar. Düz yerdə dayanmısansa, kölgənin tərs düşməsindən qorxma. 

Səni üzən incidən insanları boş ver. Onlardan incimək yerinə təşəkkür et. Onlar bugünkü güclü sənin memarındır. Səni tək qoyanlara minnətdar ol. Sənin gücünün fərqinə varmağına kömək etdilər. 

Dünən sənə inanmayanlar sabah səninlə necə tanış olduqlarını qürurla danışacaqlar.

Dünən sənə rişxənd edənlər sabah sənin üsullarından istifadə edəcəklər.

Dünən səni lağa qoyanlar sabah sənin izinlə addımlayacaqlar.

Dünən səni baltalayanlar sabah uğurunun sirrini soruşacaqlar.

Əziz dostum, sən yetər ki dayanma, usanma, yorulma. Xəyallarından əl çəkmə, ümidini üzmə. Su da axmasa, üfunət qoxar. Beyninin ruhunu qorxutmasına imkan vermə. Sabahı gözləmə. Axı bugün dünənin sabahıdır. Sonra deyə bir düşmən var. Sonra yox indi et. Bu dəqiqə, bu an hərəkətə keç.

Sabah səni kürsüdən alqışlasınlar deyə, paxıllıq qarışıq sənə heyranlıq yaşasınlar deyə, səninlə tanışlıq hekayəsini danışsınlar deyə elə indi başla.

Uğurun böyüyü-kiçiyi olmur, amma xəyalın böyüyünü seç. Ümidin isə ən böyüyünü. 

İnsanlara qulaq tıxayıb iç səsini dinlə. İnsanlardan əlini üzüb öz gücünə inan. Sən bu dünyadakı ən güclü, ən mübariz varlıqsan. Sən möcüzəsən, heç kəsdən möcüzə gözləmə. Ən gözəl möcüzəni özün yarat. 

Həyat mübarizə meydanıdır. İnsanlarsa oxdur, nizədir. Qalxanını, qoruyucu jiletini geyin, meydana atıl. Sən gəlmiş-keçmiş ən güclü sərkərdəsən. Unutma, müharibəni seyr edənlər yox, döyüşənlər qazanır. Heç cəhd etməməkdənsə, edib məğlub olmaq daha üstündür. Hər məğlubiyyət səni zəfərə daha da yaxınlaşdırır. Hər uğursuzluq bir təcrübədir. "Bacarmadın" deyib sənə rişxənd edənlərə "Mənim sabah adlı bir şansım daha var" cavabını ver. Dünən məğlub görünə bilərsən, bugün də uğur qazanmaya bilərsən, ancaq sabah qələbə mütləq sənindir. 

Mən sənə inanıram. Bəs sən özün?
 

 





27.08.2021    çap et  çap et