525.Az

Filmin Kiyarüstəmi zirvəsi - Nihat Pir yazır...


 

Filmin Kiyarüstəmi zirvəsi -<b style="color:red"> Nihat Pir yazır...</b>

Kino sənəti Qriffitlə başladı və Kiyarüstəmi ilə də bitdi...
Jan Lyuk Qodar

- "Dostumun evi haradadır?" filminə baxmısan? - "kinomanyak" dostumun sualını eşitsəm də, reaksiya vermədim.

- Abbas Kiyarüstəminin filmidir. İranlı... - bunu deyib telefonda nə isə axtarmağa başladı.

İranlı deməsi mövzuya olan biganəliyimi təmiz dəyişdirdi. İstər-istəməz Ehsan Pərsanı xatırladım. Ümumiyyətlə, fars mədəniyyətindən kiminsə, nəyinsə adının çəkilməsi ilk olaraq mənə Ehsan Pərsanı xatırladır...

Və bu şeiri:

Sevirəm
səninlə birlikdə addımlamağı...
Yol tikəcəyəm
sənin üçün,
ev əvəzinə...

- yox, baxmamışam. 

Dostum elə bu "yox" cavabını gözləyirmiş kimi üzərimə elə hücum çəkdi ki, dörd-beş dəqiqə dayanmadan film haqqında, filmin insanlarda və ümumən dünya kinematoqrafiyasında necə iz buraxması haqqında danışdı. Danışdıqca gözlərindəki məmnunluq hissi adamı filmə baxmağa təhrik edirdi.

Xülasə, ən qısa zamanda filmə baxdım və yazının əvvəlində fransız rejissor Qodarın heç də birmənalı qarşılanmayan fikrinə ikiəlli şərik oldum. Baxmayaraq ki, bu ifadə əvvəl məndə də ciddi ikrah hissi yaratmışdı. Yeri gəlmişkən, oxucuya filmlərə baxmadan öncə mövcud fikrə qərəzli davranmamağı da tövsiyə edirəm.

Az-çox kino sənətindən və ümumiyyətlə, filmoqrafiyadan anlayışı olanlar yaxşı bilər ki, rejissor Kristof Nolanın üslubunu sevən  bir izləyicini tempi düşük filmlər cəlb eləyə bilməz. Amma Kiyarüstəmi film adına elə şeylər edir ki, dediyimiz "düşük temp" adamda gözlənilənin əksinə, daha da maraq oyadır. Yəni filmlərdə "film olmaq" anlayışı elə ilk kadrdaca yoxa çıxır. Adam özünü hadisənin düz mərkəzində hiss edir, amma yenə də bir izləyici olaraq.

Filmlərdəki dialoqlar ümumi mövzunun açarı olmaqla bərabər, həm də poetik bir təsir bağışlayır. Xüsusən, uşaq obrazları, onların seçimi, "özlərini" oynaması çox möhtəşəmdir. Və mənim fikrimcə, dünya filmində Kiyarüstəminin uşaq obrazlarına bərabər tutulacaq ikinci bir obraz yoxdur.
"Dostumun evi haradadır?" filminin giriş səhnəsində uçuq-sökük ibtidai sinif səhnəsi təsvir olunur ki, təkcə bu səhnə film adına çox şeyi ifadə eləyir. İzləyici ilk üç dəqiqədə artıq Kiyarüstəmi dünyasıyla tanış olur. 

Dərsə bir neçə dəqiqə gecikən müəllimin yoxluğundan istifadə edən uşaqların səs-küyü, müəllimin "yumşaq əsəbi", uşaqlarla rəftarı, onları müəllimcəsinə danlaması və digər bu kimi detallar film deyil, çünki bu səhnənin film olmaq kimi gözləntisi də yoxdur. Bu, həyatdır, həyatın özüdür. Olduğu kimi, bəzəksiz-düzəksiz...

Ümumiyyətlə, Abbas Kiyarüstəminin yaradıcılığında, xüsusən də, bu və bu filmlə əlaqəli digər iki filmində ("Və həyat davam edir", "Zeytun ağacları altında") aktyor oyunu anlayışından söz açmağa dəyməz. Bilmirəm, kinotənqidçilər bu ifadəmlə razılaşar, ya yox, amma mənim şəxsi düşüncələrimə görə, Kiyarüstəmini elə Kiyarüstəmi edən də məhz bu "obrazın sərbəstliyi" məsələsidir. Film sırasında aktyorlara o qədər sərbəstlik verilir ki, fimə baxdığını unudursan.

Yəni dünyaca məşhur "Joker" obrazını və onun mürəkkəb xarakterini saatlarla analiz eləmək mümkündürsə, Kiyarüstəmi obrazlarında bu mürəkkəblik yoxdur. Obraz filmdəki obrazlılığının təsirinə düşmür, obrazın işi sadəcə özü olmaqdır, özünü təqdim eləməkdir, oynamaq yox! 
Müəllim, məktəbli, məktəblinin anası, yolüstü çayxanaların birində əyləşmiş 70 yaşlı qoca və s. Sadalananların heç birində obraz yükü yoxdur. Bir "joker"in normal insan xarakterindən çıxıb "joker" olana qədər keçdiyi həyat yolu nə qədər mürəkkəbdirsə, sadə bir məktəblinin öz dostu üçün eləmək istədiyi fədakarlıq bir o qədər sadədir. Məhz Kiyarüstəmi fərqi də odur ki, o, sözügedən sadəliyi bizə kino kimi yedizdirə bilir. Üstəlik, doyura da bilir. İzləyiciyə başqa nə lazımdır ki?

Filmlərdə öyrəşdiyimiz teatral aktyor oyunu, teatral davranışlar Kiyarüstəmi dünyasında yox dərəcəsindədir. Məsələn, oxucu bu yazını elə burdaca dayandırıb sözügedən filmi axtarışa versə, filmin 13-cü dəqiqəsindən başlayan və filmin əsas düyün nöqtəsini təşkil edən ana ilə oğlunun dialoqu səhnəsini izləsə, nə dediyimi dərhal başa düşəcək.

Rejissorun ən məşhur filmlərindən biri də "Və həyat davam edir" filmidir ki, əslində, yuxarıda adını çəkdiyim digər iki filmlə birlikdə bunlara "Kiyarüstəminin üçləməsi" də deyə bilərik. Çünki filmlərdə bir-biri ilə əlaqəli müəyyən bağlar var.

"Və həyat davam edir" filminin  ana xətti ata ilə oğlun "Dostumun evi haradadır?" filminin aktyorlarını axtarması üzərində qurulub. Bəli, bu qədər bəsit. Amma Kiyarüstəmi orijinallığı bu dəfə həmin bu ana xəttin fonunda İrandakı zəlzələ və onun fəsadlarını xırda dialoqlara yansıtmaqda özünü göstərir. 

Məsələn, filmin ən yaxşı səhnələrindən birində keçən bu dialoq hesab edirəm ki, yazı üçün də ola biləcək ən uğurlu sonluqdur.

- Bağışlayın, bir söz soruşmaq istəyirdim.

- Buyurun.

- Zəlzələ bu qədər can aldığı bir vaxtda siz televizorda futbol izləyirsiz?

- Sözün düzü, mən özüm də yas içindəyəm, ağa. Balaca qardaşımı və qardaşım oğullarını itirdik. Amma əlimizdən nə gəlir? Mən hazırda dünya kuboku oyununa baxıram və dünya kuboku hər dörd ildən bir olur, amma zəlzələ qırx ildən bir. Elə, ya belə, həyat davam edir...

Dialoq sizdə lazımi təəssüratı yaratdısa, Kiyarüstəmi ilə tanış olmağa tələsin.
 

 





27.08.2021    çap et  çap et