525.Az

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr - Telman Orucov yazır...


 

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr -<b style="color:red"> Telman Orucov yazır...</b>

(Əvvəli ötən şənbə sayımızda)

Bu, onun gənc dühasının ali planı idi və onun ölümündən sonra uğur qazandı. O, əmin olmaq istəyirdi ki, Ellinizm bütün nəsillərdən ötəri yaşayacaqdır. O, hətta utopiyadan da çox uzaqlara gedirdi, fövqəltəbii Ellinizmə İsokrat da dua edirdi və Filipp, demək olar ki, bu ideyanı mənimsəmişdi. Əgər Aleksandr ilahi hüquqla dünya üzərində öz monarxiyasını qursaydı, bu, heç də qardaşın qardaş yanında yaşaması olmayacaqdı. Onlar qarşılıqlı nifrətlə bir-birindən ayrılmış düşmənlər və ya irqlər olaraq qalardı. Deyəsən, ingilis yazıçısı Redyard Kiplinq haqlı imiş ki, Yerlə Göyun birləşməsinə inana bilər, ancaq Qərblə Şərqin birləşməsinə inanmır. Bu, sadəcə birləşmə idi, onu mexaniki birləşmə də adlandırmaq olardı və ən yaxşı yunan fikrini Şərqin münbit torpağına tökürdü. 

O, Roksanaya evləndi, öz köməkçilərinə arvad almaq üçün Şərq şahzadələrini verdi, öz əsgərlərinə isə Persiya qadınlarını verdi. İki sivilizasiya arasındakı bu nikahlar hər iki tərəf üçün ən yaxşı elementlər bəhrəsi verəcəkdi.

33 yaşında 12 illik qalibiyyətdən sonra ölməklə Aleksandr yeni növ tarix yaratdı, paradoksal olsa da, fateh bu ərazilərə sülh gətirdi, xalqları məcbur etdi ki, onun idarəçiliyini qəbul etsinlər. Özü isə onlara yalnız yaşamaqda və özlərini birləşdirməkdə kömək etsin. 

İdeyalar dünyanı idarə edir. Aleksandr öz ideyalarını işğal etdiyi dünyaya ötürdü. Onun hökmranlığı ilə fraksiyaların idarəçiliyinə son qoyuldu, liqalar parçalandı, xalqlar onları qarışdırıb əridən bir qazana atıldı və irqlər bir-birinə qarışdı, böyük adamların özünün dövrü başa çatdı.
O, yunan dünyasının sistemləşdirilməsini başa çatdırdı, Aristotelin makedoniyalı şagirdi, yunan irsini xilas etdi, Aleksandr erası başlandı və Ellinizmin bütün dünyaya nüfuz etməsinə şərait yaratdı. 

B.e.ə. 323-276-cı illərdə Ellinistik çarlıqların qurulması baş verdi. Aleksandrın karyerası yeni yunan dünyasının qalxmasını mümkün etdi, bu vaxt şəhər-dövlətlər ərazi monarxiyalarına tabe olmaq rolunu oynamağa başladılar. Yunan xalqı mədəniyyətin və siyasi təcrübənin hər bir meydanında təzə nəfəs tapdı. Aleksandrdan Avqustun başçılığı altında Roma imperiyasının qurulmasına qədər olan üç əsr bütöv yunan tarixindəki ən məhsuldar və nüfuzlu dövr idi. 

Aleksandrın ölümündən sonra Ptolomey Misiri aldı. Antipatr Makedoniya və Yunanıstan daxil olmaqla Avropa ərazilərinə nəzarət edirdi. Asiyada Perdikka oliqarx və ya baş vəzir oldu. Frigiya satrapı olan Antqion Qərbi Anatoliyanı aldı, Lisimaxa isə Frakiya düşdü. Bütün bu adamlar - Ptolomey, Antiqon, Aleksandrın şəxsi katibi olan Evmen və Lisimax daha görkəmli adamlar olmaqla, hakimiyyət uğrunda mübarizələrdə başlıca rol oynadılar. Antiqon Aleksandr imperiyası birliyində onun varisi kimi ağalıq etməyə cəhd göstərdi. 319-cu ildə Antipatr öldü, oğlu Kassandr onun yerini tutdu. Antiqon beş il ərzində Kiçik Asiyadan İrana qədər olan bütöv ərazidə nəzarəti ələ keçirdi. O, Kassandrı Aleksandrın anası Olimpiyanın "qatili" kimi və onun arealını tutduğuna görə məhkum etdi və IV Aleksandrın kiçik yaşda olması dövrü ərzində (Böyük Aleksandr rəsmi qaydada III Aleksandr idi) Kassandr Avropanın hökmdarı olaraq qalırdı. Antiqon isə Asiyada hökmran idi. Lisimaxın Frakiyaya, Ptolomeyin isə Misirə nəzarəti möhkəmlənmişdi. Kassandr 310-cu ilə yaxın Böyük Aleksandrın oğlu IV Aleksandrın və onun anası Roksananın öldürülməsi barədə əmr verdi. 
Antiqon həm özü, həm də oğlu üçün çar titulu aldı. Ptolomey də "Misirin çarı" tituluna yiyələndi. Kassandr, Lisimax və Selevk də bu qaydada hərəkət etdilər. Selevkin isə əsas ərazisi Suriya idi. 

Aleksandr nəslindən axırıncı olan Selevk Lisimaxın Asiyadakı torpaqlarını tutdu, Avropaya keçdikdə Ptolomey tərəfindən qətlə yetirildi. Onun oğlu I Antiox artıq birgə monarx kimi dövləti idarə edirdi. Lisimaxın və Selevkin ölümləri həm də Antiqon Qonat üçün böyük imkanlar yaratdı.

Aleksandriyada yunan azlığı Ptolomey idarəçiliyinin əsasını yaratdı. Şəhərdə yunanlarla yanaşı, yəhudilər və misirlilər də yaşayırdı. O, hətta yunan şəhəri olmasa da, burada Ellinizm geniş dərəcədə münbit mövqeyə malik idi. Lakin sonralar Misir ənənələri üstünlük təşkil etməyə başladı. Yunanlar imtiyazlı sinif olaraq qaldıqlarına görə "ellin" sözü mədəni terminə çevrildi. 

Selevkid torpaqları üç ayrıca zonanı - Kiçik Asiyanı (Anatoliyanı), Mesopotamiyanı və İranı əhatə edirdi. 

Ellinləşmə: Yunan şəhərləri

III Antiox Asiyanın yunan şəhərləri üzərində özünün tam suverenliyinə iddia edirdi. Selevkidlər iki vəzifəyə malik idilər - yunan sakinlərini, torpaqların əvvəlki ağası olan iranlılarla barışdırmaq və Xarəzmin hakimiyyətinə qarşı Şərq sərhədlərini müdafiə etmək.

Baktriya satrapı Diodor Selevkin zəiflədiyindən faydalanıb, ölkədə Yunan-Makedoniya çarlığı yaratdı. 

Makedoniyanın özü qeyri-münbit torpağa malik idi. Paytaxt Pella ellinist şəhərə çevrilmişdi. 

Qitədə və dənizdəki adalarda Ellinist erası yunanların təsiri altında bir sıra dəyişiklikləri gördü. Yunanların azad olması dəfələrlə baş verirdi, bəzi qullar öz azadlıqlarını satın alırdılar. Aleksandrın ölümündən 60 il sonra Afina müstəqil siyasət aparmağa can atırdı. B.e.ə. II əsrdə bütün ərazilər Romaya keçdi. Makedoniya ayrıca təzminat verən dörd respublikaya bölündü. Yunanıstan Roma işğallarından sonra çətinliklər içərisində idi. B.e.ə. 146-cı ildə Roma sərkərdəsi Lutsi Mummi Korinfi qarət etdi. 

Pont çarı VI Mitridat Yevpator (b.e.ə. 63-cü ildə ölmüşdür) Bosporu aldıqdan sonra öz ərazilərini xeyli genişləndirdi. Roma Ponta müdaxilə etdikdə, Mitridat 88-ci ildə müharibə etməyi qərara aldı. Asiya Romaya qarşı nifrət mövqeyində idi. Roma onlara ağır vergilər qoymuşdu, Mitridata isə xoş münasibət var idi. Mitridat Efesdə 80 min nəfər italyanın qırğınını təşkil etdi. Onun donanması Afinaya keçəndə,  Afina da ona qoşuldu. Sullanın ölümündən sonra romalılar onunla danışıqları kəsdilər. Roma sərkərdəsi Lutsi Lukull onu məğlub etdi, Pontu tutdu və Asiyada yenidənqurma apardı. Pompey Pontu yenidən tutduqdan sonra Mitridat Kolxidaya qaçdı, sonra isə 63-cü ildə Krımda özünü intihar etdi. 

VIII Ptolomey öldükdən sonra Misirdə çarlıq üç oğul arasında bölündü. XIII Ptolmeyin atası öləndə, onun 10 yaşı var idi, bacısı Kleopatra isə 17 yaşında idi və onlar ər-arvad idilər. Faraonların öz bacıları ilə evlənməsi ənənəsi Ptolomeylər tərəfindən də davam etdirilirdi. Nazirlər bacının əleyhinə qardaşı taxta oturtdular. Bu vaxt Pompey Farsaldakı döyüşdə məğlub olandan sonra qaçqın kimi Misirə gəlmişdi və orada qətlə yetirildi. Sezar oraya gələndə Kleopatra Aleksandriyaya döndü və onun köməyini aldı. Vətəndaş müharibəsini Sezar çətinliklə yatırdı və XIII Ptolomey 47-ci ildə öldürüldü. Kleopatra taxt-taca çıxdı, özünün ikinci qardaşı XIV Ptolomeyə ərə gedən Kleopatra Sezarın məşuqəsi kimi Romaya getdi, Sezarın 44-cü ildəki ölümünə qədər orada qaldı. Onun Sezardan Sezarion adlı oğlu var idi.

Kleopatra Misirdə yerli elementə arxalanırdı. 41-ci ildə Şərqə hökmranlıq edən Mark Antoni onu Tarsusa çağırdı və onların sevgi macərası başlandı. Bir il sonra Antoni Avqustun bacısı Oktaviyaya evləndi. Lakin onun Klepoatra ilə sevgisi bərpa olundu. 34-cü ildə Kleopatra çarlar çariçası təyin edildi, onun Sezardan olan oğlu Sezarion isə şahənşah elan edildi. O, Antonidən də üç uşaq doğmuşdu, onlar da satellit çarlıqların çarları təyin edilmişdilər. Lakin 31-ci ildə Oktavian Antoninin və Misirin donanmalarını Aktsidə məğlub etdi. 30-cu ildə Oktavian Misirdə olanda Kleopatranın özünü intihar etməsilə Ptolomey monarxiyası dağıldı və Misir həmin vaxtdan Romanın əyalətinə çevrildi. Ellinist dünyası artıq bütünlüklə Roma imperiyasının bir hissəsi kimi mövcud oldu. 

324-cü ildə Aleksandr yunan şəhərlərində özünə sitayiş tələb etmişdi. II Ptolomey öz mərhum atasını "Xilaskar allah" adlandırırdı, arvadının ölümündən sonra onun da kultunu yaratdı. Başqa çarlıqlar da tezliklə onların nümunəsini təkrar etdilər. Allah - çarlar and obyekti idi, ancaq onlara dua edilirdi.

Çarlar öz dostlarından ibarət məsləhətçi vəzifəsini daşıyan Şuralara malik olurdu. "Qohum" ifadəsi Əhəməni mənşəli idi. 

Yunan şəhərləri Ellinist monarxiyalarında fundamental rol oynayırdılar. Aleksandrın kampaniyaları yunan sivilizasiyaları dövrünə yol açdı. Yunan dili ordunun və bürokratiyanın dili oldu. 

Lakin yunanlarda varlı və kasıb adamların arasındakı uçurum böyüyürdü və bu da gərginlik yaradırdı. 

Ellinist dünyası mədəni dünya idi. Bu dünya səyahət üçün də yaxşı imkanlar yaradırdı. Fəlsəfəyə əhalinin müraciət etməsi müxtəlif səviyyələrdə idi. Afina böyük mərkəz olaraq qalırdı. Aleksandrın yürüşləri yunan dünyasının üfüqlərini genişləndirdi və onun varisləri tədqiqatlarını daha uzağa apardılar. II Ptolomey fil sümüyünü və filləri axtaranda Qırmızı dənizi kəşf etdi. Baktriya çarları Fərqanəni məskunlaşdırdılar. Selevkid isə Xəzər regionunda fəal idi. 

Ellinist dünyasının özündə ticarət fəallığı gözə çarpırdı. Şərqdən gələn mallar daha yüksək qiymətlənirdi. Lakin b.e.ə. 146-cı ildən sonra Yunanıstanın süqutu davam etdi. Bizim eranın 67-ci ilində Neron Yunanıstanı azad etmək məsələsində canfəşanlıq göstərdi və onun bütün təzminat ödəmələrini dayandırdı. Peloponnes Neronez adlandırıldı. Neron özü xilaskar Zevsə sitayş edirdi. Lakin onun varisi olan Flavi imperatorları tezliklə buna son qoydular və əyalətin vergi verməsini bərpa etdilər. 251-ci ildə Roma imperatoru Detsinin ölməsi ilə qapılar barbar müdaxilələri üçün açıldı. Bütöv yarımada uzun müddət kiçik kəndlərin və iri malikanələrin məkanı oldu. 

Yunanıstan və Ellinizm barədə qısa düşüncələr heç də min illər ərzindəki uzun dövrü bütünlüklə əhatə etməsə də, əsas mərhələlər barədə müəyyən təsəvvür yaratmağa kömək edə bilər. Biz qədim yunanların bəşəriyyət qarşısındakı xidmətlərini qiymətləndirməklə, onlar həqiqətən də, tərifə layiqdirlər, onların həyata gətirdiyi sivilizasiyanın töhfələrinə biganə qalmamağımızı, onun beşiyi başında duranlara minnətdarlıq hisslərimizi ifadə etməklə, yeniləşmiş dünya ilə uzaq keçmiş zamanların əlaqəsini, azacıq da olsa, bərpa etməyə cəhd göstərdik və ifadə etdiyimiz ehtiram əgər ünvanına çatırsa, bundan yalnız məmnunluq hissi duymaq olar. Ədalətə xidmət isə heç vaxt öz qiymətini itirmir. 

SON
 

 





29.08.2021    çap et  çap et