525.Az

100 yaşlı universitet - Cəfər Cəfərovla söhbət


 

100 yaşlı universitet -<b style="color:red"> Cəfər Cəfərovla söhbət</b>

Ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaradılmasının 100-cü ildönümü tamam olub. Azərbaycan ziyalılarının milli təəssübkeşliyi, əzmkarlığı və fədakarlığı sayəsində yaradılan universitet çətin, mürəkkəb və şərəfli bir yol keçən, milli düşüncənin inkişafına, pedaqoji və elmi-pedaqoji kadrların hazırlığına əvəzsiz töhfələr verən  şöhrətli təhsil və elm müəssisəsinə çevrilib.

ADPU-nun rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov deyir ki, Prezident İlham Əliyevin "Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" Sərəncamı bir əsr ərzində əldə olunmuş nailiyyətlərə verilən ən yüksək qiymətdir. Sərəncamda universitetin ölkənin inkişafındakı xüsusi rolu vurğulanır. Onun sözlərinə görə, zəngin ənənəyə malik ali təhsil ocağı 1921-ci ilin 26 avqustunda Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun imzaladığı dekret əsasında cəmi 8 müəllim və 6 tələbə ilə fəaliyyətə başlayıb. Dekretin imzalanmasından xeyli əvvəl Pedaqoji İnstitutun təşkili ilə bağlı müəyyən hazırlıq işləri aparılmış, bu məqsədlə hələ 1920-ci ilin sonunda xüsusi komissiya yaradılıb.

Böyük elmi-pedaqoji kollektivə və çoxminli tələbə kontingentinə sahib olan Azərbaycan Dövlət Pedaqoji Universitetinə çevrilənədək bu təhsil müəssisəsi uzun bir yol qət etmiş, son 100 il ərzində 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları yetişdirməklə ölkənin sosial-mədəni inkişafında mühüm rol oynayıb. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapıb. Eyni zamanda, bir əsrlik fəaliyyəti dövründə Pedaqoji Universitet yalnız Azərbaycan üçün deyil, Gürcüstan, Mərkəzi Asiya ölkələri, Bolqarıstan və digər ölkələr üçün də yüksək səviyyəli müəllim və elmi kadr hazırlığı işini uğurla həyata keçirib.

Cəfər Cəfərovun dediyinə görə, Pedaqoji Universitet Azərbaycanda elm və təhsilin inkişafına sanballı töhfələr verən tanınmış alimlər yetişdirib, paralel olaraq, həm də elmi mərkəz kimi formalaşıb inkişaf edib. Xalqımızın fəxr etdiyi yüzlərlə görkəmli alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi bu universitetdə təhsil alıb: "Pedaqoji Universitet ölkədə pedaqoji və elmi-pedaqoji kadrların hazırlığını, təkmilləşdirilməsini və ixtisasının artırılmasını həyata keçirən pedaqoji təhsil müəssisələrinin böyük əksəriyyətinin yaradılmasında ilkin baza rolunu oynayıb, onların sonrakı inkişafına yaxından dəstək göstərib. Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (indiki Təhsil İnstitutu), 30-40-cı illərdə fəaliyyət göstərən ikiillik müəllimlər institutları, indiki Gəncə Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti, ya Pedaqoji İnstitutun ayrı-ayrı fakültələrinin bazasında yaradılıb, ya da  institutun pedaqoji kadrlarının köməyi ilə fəaliyyətə başlayıb.

Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının (1967-1972) əsasında Y.Məmmədəliyev adına Naxçıvan Pedaqoji İnstitutu, onun bazasında isə sonralar Naxçıvan Dövlət Universiteti formalaşıb. 1967-ci ildə 3 ixtisas üzrə 102 tələbə və 3 müəllimlə fəaliyyətə başlayan indiki Naxçıvan Dövlət Universitetində hazırda 6 minə yaxın tələbə təhsil alır".

Rektorun sözlərinə görə, 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi fəaliyyətə başlayan Xankəndi Pedaqoji İnstitutu 1973-cü ildə müstəqil ali məktəbə çevrilib və 16 may 1988-ci ilə kimi fəaliyyət göstərib. 1988-ci ildə erməni millətçiləri tərəfindən Xankəndidən qovulan institutun Azərbaycan bölməsinin müəllim və tələbələri bir müddət Gəncə Pedaqoji İnstitutunda yerləşib, sonra isə Şuşaya qayıdıblar. Pedaqoji İnstitutun Şuşa fakültəsi, onun əsasında isə Şuşa filialı yaradılıb. Həmin filial hazırda Ağcabədi filialı kimi ADPU-nun nəzdində fəaliyyət göstərir".

C.Cəfərov vurğulayıb ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti fəaliyyətinin əksər mərhələlərində, xüsusən də Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə dövlətin müstəsna diqqət və qayğısı ilə əhatə olunub. Ulu öndərin Pedaqoji İnstitutun 50 illik yubileyində dediyi "Azərbaycan Dövlət Pedaqoji İnstitutu böyük və çətin yol keçib. Onun kollektivi Azərbaycan ümumtəhsil məktəbinin inkişafında böyük xidmət göstərmiş, institut xalq maarifi üçün yüksəkixtisaslı kadrlar ocağına çevrilmişdir" sözləri professor-müəllim heyətinin fəaliyyətinə yeni stimul verib, institutun inkişaf strategiyasının hazırlanmasında və həyata keçirilməsində mühüm rol oynayıb: "Son illər Pedaqoji Universitet Prezident İlham Əliyevin müstəsna diqqət və qayğısı sayəsində dinamik inkişaf yoluna qədəm qoyub. Prezidentin 2006-cı il tarixli Sərəncamı ilə ADPU-nun 85 illik, 2012-ci il tarixli Sərəncamı ilə 90 illik yubileyləri qeyd edilib. Elmin və təhsilin inkişafındakı xidmətlərinə görə universitet əməkdaşlarından 4-ü "Şöhrət" ordeni, 1-i 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 29-u "Tərəqqi" medalı ilə təltif olunmuş, 42-si "Əməkdar müəllim", 6-sı "Əməkdar elm xadimi", 5-i "Əməkdar jurnalist", 3-ü "Əməkdar mədəniyyət işçisi", 2-si "Əməkdar rəssam", 1-i "Əməkdar mühəndis", 1-i "Əməkdar bədən tərbiyəsi və idman xadimi" fəxri adlarına layiq görülüb, 3 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilib. Prezident İlham Əliyevin Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamı 20 min nəfərdən çox üzvü olan böyük ADPU ailəsinə böyük sevinc bəxş edib, bütün kollektivi daha səmərəli fəaliyyətə ruhlandırıb".

Rektor qeyd edib ki,  son illər  ölkədə aparılan ardıcıl və məqsədyönlü  islahatlar təhsilin bütün pillə və səviyyələrində yeni dövrün tələblərinə uyğun məzmun, bazanın formalaşdırılması, yaradıcı təfəkkürə, vətənpərvərlik ruhuna malik olan praktik səriştəli vətəndaşların yetişdirilməsi kimi ali hədəflərə yönəlib. Nisbətən qısa zaman kəsiyində bu istiqamətdə nəzərəçarpacaq dəyişikliklər baş verib, müəyyən nailiyyətlər əldə edilib. Ölkənin orta ümumtəhsil müəssisələrində kurikulum sisteminin tətbiqi, müəllimlərin elektron müsabiqə yolu ilə işə qəbulu, onların bilik və bacarıqlarının müxtəlif səviyyələrdə monitorinqi və qiymətləndirilməsi, şagirdlərin məktəbə elektron qaydada qəbulu kimi innovativ yanaşmalar artıq öz müsbət nəticələrini verməkdədir: "Son 18 ildə təhsilin maddi-texniki bazasının təkmilləşdirilməsi məqsədilə istər dövlət, istərsə də Heydər Əliyev Fondu tərəfindən ən yüksək standartlara cavab verən minlərlə yeni məktəb binası inşa olunan, universitet və institutların texniki təchizatı yaxşılaşdırılıb, İKT-nin tətbiqinin genişləndirilməsi üzrə dövlət proqramları hazırlanaraq icra edilib. Ötən ildən dünyanı cənginə alan qlobal koronavirus pandemiyası fonunda bütün təhsil sisteminin distant tədrisə keçməsi ilə əlaqədar ən qısa zamanda əhatəli virtual təhsil platformasının yaradılması isə dövlətin və onun müvafiq qurumlarının bu sahədə nə qədər çevik və səriştəli olduqlarını  bir daha nümayiş etdirib. Təhsilin bütün pillələrinin inkişafı ilə bağlı hüquqi bazanın yenilənməsi və təkmilləşdirilməsi istiqamətində də ardıcıl və nəticəyönümlü tədbirlər həyata keçirilir. İlin əvvəlində dövlət başçısı tərəfindən təsdiq olunan "Azərbaycan-2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" adlı strateji inkişaf sənədində  XXI əsrin tələblərinə uyğun təhsil sisteminin formalaşdırılması dayanıqlı dövlətin əsas hədəflərindən biri kimi öz əksini tapıb".

Cəfər Cəfərov söyləyib ki, bütün bu islahatlar ali təhsildən, xüsusən də orta ümumtəhsil sisteminə birbaşa təsir edən pedaqoji ali təhsildən yan keçə bilməz. Bu baxımdan, ölkənin əsas pedaqoji ali təhsil müəssisəsi olan ADPU-da da bütün sahə və istiqamətlər üzrə sürətli inkişaf və yenilənmə prosesləri  gedir.

Bu gün Bakıdakı 4 tədris korpusu, Quba, Şamaxı, Şəki, Ağcabədi və Cəlilabaddakı filialları, tərkibindəki Azərbaycan Dövlət Pedaqoji Kolleci və Bakı şəhərindəki baza məktəbi ilə ölkənin ən böyük və şəbəkələşmiş ali təhsil müəssisələrindən olan Pedaqoji Universitet, orta məktəblərin tədris proqramlarına daxil olan bütün fənlər üzrə bakalavriat səviyyəsində peşəkar və zəruri bacarıqlara malik müəllimlər yetişdirir. Universitetdə ümumilikdə 18000-dən artıq tələbənin təlimi ilə 2000-dək əməkdaş məşğul olur ki, onların da arasında 70-dən çox elmlər doktoru, professor, yüzlərlə dosent və  fəlsəfə doktoru var: "Mübaliğəsiz demək olar ki, son illərdə Pedaqoji Universitet keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ali təhsil müəssisəsində həm maddi-texniki baza, həm tədris, həm sosial həyat, həm də elmi fəaliyyət uğurla inkişaf etməkdədir. Dövlət siyasətinin prioritetlərinə uyğun olaraq, bu gün professor-müəllim və tədris-yardımçı heyətin gəncləşdirilməsi prosesi gedir, universitetin məzunları davamlı olaraq doğma təhsil ocağında işə cəlb edilirlər.

Şəffaflıq, keyfiyyət və tələbə məmnuniyyətini hədəfləyən kompleks tədbirlər nəticəsində Pedaqoji Universitetin əldə etdiyi uğurları və tətbiq olunan yenilikləri qısaca nəzərdən keçirməklə  inkişaf dinamikasını  izləmək mümkündür.

Bu gün 100 yaşı tamam olan Pedaqoji Universitet fəaliyyətinin növbəti yüzilliyinə yeni və daha çevik hədəflərlə daxil olur. Necə deyərlər, yubiley, əslində, geriyə baxmaq, görülən işlərə nəzər salıb gələcəyi müəyyənləşdirmək üçün düşünmə imkanıdır. XXI əsrdə - dünyada elm,  təhsil və texnologiyaların misli görünməyən sürətlə inkişaf etdiyi bir şəraitdə Pedaqoji Universitet yüksəkixtisaslı, müasir dünyagörüşlü, milli dəyərlərə sadiq müəllim kadrlarının hazırlanmasını təmin etmək üçün aşağıda sadalanacaq vəzifələrin yerinə yetirilməsini strateji xətt  kimi müəyyənləşdirib. 100 illik yubileydən sonra universitetin 2030-cu ilə hədəflənən yeni strateji inkişaf planında da bu istiqamətlər nəzərə alınacaqdır".

Sevinc QARAYEVA
 

 





29.08.2021    çap et  çap et