525.Az

Turan yolçusunun duaları - Elçin İsgəndərzadə yazır...


 

Turan yolçusunun duaları -<b style="color:red"> Elçin İsgəndərzadə yazır...</b>

Torpaqdan yaranıb torpağa çevrilən insanın şəxsiyyət və xarakterinin doğulub boya-başa çatdığı torpağa, onun relyefinə, təbiətinə və bar-bəhərinə bənzəməsi haqqında çoxlu mülahizələr var. Bu mülahizələrin təbii ki, daimi olaraq özünü doğruldanları da var, doğrultmayanları da. Uzun illər dostluq etdiyim, qələminə və şəxsiyyətinə böyük rəğbət bəslədiyim şair Rafiq Ələkbər, məncə, doğulduğu Yardımlı torpağının təpədən-dırnağa inikasıdır. 

Ağlım kəsəndən Yardımlını doğulduğum Şuşa torpağı qədər özümə doğma bilmişəm. Şuşasızlığın xatirəyə çevrilmiş 28 ili boyu onun qoxusunu aldığım bir neçə rayondan biri də məhz Yardımlı olub.

Başdan-başa Turan sevdası ilə yaşadığım ömrümdə ən çox gəzdiyim və gəzməkdən doymadığım müqəddəs ünvanım Turan Günəşinin doğduğu Tanrı Dağları - Ala-Too dağlarıdır (bu yerdə o müqəddəs məkanları dəfələrlə mənimlə bərabər dolaşmış əfsanəvi Çingiz Aytmatovun ruhunu şükranlıqla yad edirəm). Mənə görə, Yardımlı dağları Ala-Too dağlarının daha cilvəli bir inikasıdır. Rafiq Ələkbər isə öz kamil və zəngin poeziyası ilə Yardımlı dağlarından bərq vuran Turançılıq sehri ilə süslənmiş azman günəşin şüaları altında öz əzəmətli mavi bədöy atında əbədi yolçuluğa çıxmış bir Türk və Turan süvarisidir.

Rafiq Ələkbər qranit şəxsiyyəti ilə Yardımlı dağlarından qopub gəlmiş əsl Türk Kişisidir. Əxlaqda, müdriklikdə, səxavətdə və savaşda əsl Türk Kişisi obrazıdır. Keçmişimizi yüzdə-yüz yaşadan, bu günümüz və gələcəyimiz üçün etalonlaşa bilən əsl Türk Kişisi!  

Rafiq Ələkbərin Türkçülüq və Turançılıq ruhundan yoğrulmuş müdrik və rəngarəng poeziyası isə qutsal bir Turan yolçusunun sehrli Şaman dualarıdır. Bu dua-misralarda Türkçülük əbədiyyəti, Turançılıq möhtəşəmliyi, Vətən müqəddəsliyi, din və inam kamilliyi, sufilik, zərdüştlük, şamanlıq sehri, ən nəhayət, Türkün klassik ailə institutunun təməl daşı olan yar, xatun, xanım, qadın sevgisinin ilahiləşdirilməsi və sevgi obyektinin mələkləşdirilməsi duyğuları böyük içdənliklə hakim kəsilib.

Rafiq Ələkbərin Vətən sevgili və sevdalı misralarının əsas motivini Türkçülük və Turançılıq duyğuları süsləyir. Onun üçün Savalanla üz-üzə həsrətdən qovrulan Yardımlı torpağından başlayan Vətən coğrafiyası Türkün atlarının nallarının toxunduğu yovşan ətirli bütün torpaqlardan keçərək, Böyük Turanla hüdudlanır:

Bir ocağı itirmək,
Min dərdimi ötəcək.
Dünyanı dərk edən tək,
Turan çıxdı dilimdən.

və ya

Yadlara əzəldən gözdağı olub,
Türkün düşmən bağrı yaran ordusu.
Yolundan çıxanı cəza gözləyir,
Tanrı ordusudur - Turan ordusu...

Təsadüfi deyil ki, ikiyə bölünmüş Vətənimizin hər an birləşmək və bütövləşmək amalı yolunda cihad aparan Rafiq Ələkbər poeziyası bu ulu savaşda böyük söz ustadları Şah İsmayıl Xətaini və Məmməd Arazı totemləşdirir:

Çaxılıb sinənə Araz  qılınc tək,
Arazın o tayı, bu tayı Vətən.
Kərkükdə, Dərbənddə izim itəcək,
Hanı o, məmləkət Xətai-Vətən.

Ulusuna, torpağına, soy-kökünə və Vətəninə böyük vətəndaş-oğul olan şair ali əxlaqi dəyərələrə söykənərək mənsub olduğu dinin yücəliyinə bərrak misraları ilə işıq tutur. İslam dininin aliliyi, mükəmməlliyi və bəşəriliyi onun söz gülşənində oxucu qəlbini daim rayihələndirir: 

Xoş gələr pak, dürr Tanrıya,
Agahdır hər sirr Tanrıya.
Gecə-gündüz bir Tanrıya,
Baxıb səcdə qılan mənəm.

Rafiq Ələkbər poeziyasının təməl köklərindən biri də sufilik, zərdüştlük və şamanlığa bağlı poetik genetikadır. Rafiqin şeirlərini oxuduqca bu bağlılığın dəb üçün, gündəm üçün, zahiri cazibə üçün yox, çox doğal olaraq, təbii şəkildə, içtənliklə öz milli geninə bağlılığın təzahürü kimi qarşımıza çıxır. 

Türksüz dünya ədalətsiz yuvadır,
Baxsan hər yer nahaq qandır, davadır.
Yurdum Altay, Yeniseydir, Tuvadır,
Zühur edər qədim şumer görürəm.

Tanrınınmı nəzarəti azalıb,
Dünyamızın tarazlığı pozulub.
Nizamlamaq türk alnına yazılıb,
Tanrı türkə nurun səpər görürəm.

Şairin ümumi poeziyasında rast gəldiyimiz poetik tapıntılardan biri də onun sevgi şeirləridir. Bu aspektdə elə ilk tanışlıq üçün şairin "Gözümdən düşərsən, gözəl" adlı şeirini tam olaraq diqqətinizə çatdırmaq istəyirəm.

Yelləmə o yan, bu yana,
gül kimi saçı, sevdiyim.
Baxmağı da günah bildin,
olma xırdaçı, sevdiyim.

Deyəsən, gözüm açıldı,
çəkən tək ona tətiyi.
Gəl gir gözümə indi də
qorusun səni kirpiyim.

Qorxma gözümün odundan,
uzağı bişərsən, gözəl.
Sözümü yerə salma ha...
gözümdən düşərsən, gözəl.

R.Ələkbər poeziyasında onun sevgi şeirlərini sinifləşdirərək təsnif etsək, oxucu qənaətimiz aşağıdakı kimi olar:

1) sevginin ümumi mahiyyəti və fəlsəfəsini təsvir edən şeirlər.

2) sevginin konkret obyektlərini - ilahiləşdirilmiş gözəlləri vəsf edən şeirlər.

3) sevginin xanımlaşmış, xatunlaşmış obyektinin əsl Türk Kişisi gözündə təsvir olunduğu şeirlər.

Bütün hallarda R.Ələkbərin bu mövzuda yazdığı bütün şeirlərində sevgi obyektini sonsuz sevgi ilə tərənnüm edir:

Ürəklər fəth etmək asan deyildir,
Yetən eşq yazısı yazan deyildir.
Qollarım üstündə insan deyildir,
Qollarım üstündə mələk utanır.

və ya

İndiki sevginə ehtiyacım var,
İstəsən qına sən sonra da məni.
Əlim yandıdayam təmiz sevgiyə,
Sən sevsən, sevəcək Tanrı da məni.

Rafiq Ələkbərin yaradıcılığında yer almış xüsusi diqqət çəkən məqamlardan biri də onun bir-birindən mükəmməl və maraqlı təcnisləridir. Şairin ilkinliyimizdən bugünümüzə yol gəlib formalaşan milli Türk mentalitetinə dərin köklərlə bağlılığı haqqında bəhs etmişdik. Onun dərin fəlsəfi məna yükünə və leksikonumuzun zənginliyinə kamilcəsinə söykənən təcnislərini oxuduqda şairin romantik erudisiyasına və poetik məharətinə heyran olmaya bilmirsən:

Söz üstə söz durmur, söz də yan aşır,
İndi söz də sözə düşmən yanaşır,
Özüm öz sözümlə qaldım yanaşı,
Sözüm də özüm tək ucalıqdadı
.

Rafiq Ələkbərin ayrı-ayrı kitabları və yaradıcılığı haqqında yazılmış ön sözlər, rəylər və təndiqi mülahizələr içərisində Xalq şairi Məmməd Arazın, professorlar Camal Mustafayevin, Əsədulla Qurbanovun, Rüstəm Kamalın, tənqidçi Vaqif Yusiflinin, şairlər İsmayıl İmanzadənin, Əbülfət Mədətoğlunun, Oqtay Hacımusalının və digərlərinin bir-birindən maraqlı yazıları Rafiq Ələkbər yaradıcılığının ayrı-ayrı bədii-fəlsəfi-psixoloji məqamlarına ayna tutur. 

Rafiq Ələkbərin sadiq oxucusu olaraq, bu qısa ürək sözlərimdə onun çoxşaxəli poeziyasını təhlil etməkdən uzağam. Əslində, görünən dağa nə bələdçi?! Mayası və qayəsi Yardımlı və Ala-Too dağlarından yoğrulmuş əbədi Turan yolçusunun dilindən qopan bu qutsal Şaman dualarını oxumaqdan zövq alır və Sizlərin də oxumasını tövsiyə edirəm.
 

 





30.08.2021    çap et  çap et