525.Az

Böyük bir ciddiyyətlə yaşamaq... - Türkan Turan yazır


 

Böyük bir ciddiyyətlə yaşamaq... -<b style="color:red"> Türkan Turan yazır</b>

İllər əvvəl kasıb bir alim insanların yaşamaq üçün qarışqa kimi dayanmadan işləmək məcburiyyətində qaldığı yoxsul bir ölkədə gəzirmiş. Hər kəs cibində bir qəpiyi olmayan bu adamın necə belə rahat, sakit, gülərüzlü, həyatdolu olmağına təəccüblənir və bu müəmmaya cavab axtarırlar. Bir gün şəhər əhalisi onun başına toplanır və nəsildən-nəsilə keçəcək sirri öyrənirlər. Alim deyir ki: "Gələcək... gələcək... gələcək! Doğrudur, hamımız gələcəyi düşünməli, plan qurub, hazırlıq görməliyik. Amma özümüzə tək bir qadağamız olmalıdır; gələcək yönündə narahat olmamaq". Gözəl deyib.

Gələcək onsuz da gələcək. Bəs bu gün? Bu günü bir də geri qaytara bilməyəcəyik axı. "Anı yaşamaq, anda qalmaq" - bu iki böyük kəlmənin dərinliyini dərk edə bilirik, amma əməl etmirik. Biz əlimizdən gələni etməyə ərinən, ömrünün yarıdan çoxunu gələcək qayğısı və qorxusu ilə yaşayan toplumlardanıq. Məsələn, dünən bu günü düşünürdük, bu gün sabahı fikirləşirik, sabah isə illər sonranı hesablayacağımız dəqiqdir. Gələcək deyə-deyə bu günü itirdiyimizin fərqinə varmırıq. Bütün bunlar az deyilmiş kimi keçmişdən də əl çəkmirik. Keçmişlə gələcək arasında çabalayıb dururuq. Keçmiş ər, keçmiş sevgili, keçmiş dost, keçmiş iş yeri, keçmişdə qalan möhtəşəm bir an, bir xatirə deyərkən, bu gün bir quş qanadına asılmış kimi uçub gedir əllərimizdən. Gələcəyi sğortalamaq isə qanımıza, canımıza hopub, ya da hopdurulub. Bunun bariz nümunəsi doğmaq məsələsidir. Əksər orta statistik azərbaycanlı ailəsində bu cümlə mütləq dilə gətirilib; "birini doğ ki, gələcəkdə tək qalma". 

Sırf bu qorxu ilə yüzlərlə, minlərlə insan uğursuz ailələr qurub və bir uşaq dünyaya gətirən kimi boşanıblar. Biz gələcəyə dair xoflu, gərgin, təlaşlı olan tək-tük xalqlardanıq. Alimin də dediyi kimi, əlbəttə, gələcəyi düşünməliyik, amma gələcəklə yaşamaq, bütün yatrımımızı gələcəyə etmək yanlışdır. Bu günlərdə Orxan Pamukun bir reportajını izləyirdim. Sual verilir ki, kimin yerində olmaq istəyərdiniz. Bir az düşünür, sonra dərindən nəfəs alır və cavab verir: "Öz gəncliyimin yerində olmaq istəyərdim. Ah, bu baş məndə olsaydı, o vaxt başqa cür davranardım deyən insanlardanam təəssüf ki". Qosqoca Orxan Pamuk belə keçmişdə etdikləri və ya etmədiklərinə görə təəssüflənir. Deməli, anı qaçırmaq Şərq insanının genində var. Bu isə o deməkdir ki, bir gün Montenin, "Həyatım əsla gerçəkləşməyəcək uğursuzluqları düşünərək keçdi" deyimini acı-acı xatırlayacağıq.  Yaşanması mümkünkən yaşamağı rədd edib, bir küncə sıxılıb 21 gün sonra unudacağımız məsələlər görə xısın-xısın ağlayaraq illəri hədər verdiyimiz üçün peşman olacağımızı da çox yaxşı bilirik. İnsan üzülə bilər, amma onu kara çevirmək yenə də hər kəsin öz əlindədir. Əgər bizi narahat edən məqamları obyetiv şəkildə ortaya qoysaq, problemlərin həqiqətin önündə buxarlanıb yox olduğunu görərik. Dərd obyektiv olmağı, önümüzdəki əngəllə üzləşməyi bacarmamağımızdadır. Ən maraqlısı isə budur ki, hər cür dəhşətə məruz qalır, başımıza gələn ən ağır fəlakətləri geridə qoya bilirik, amma heç bir çəkisi olmayan mövzuların bizi yerlə bir etməyinə mane ola bilmirik. Halbuki həyat bir müddət sonra gülərək xatırlayacağımıza əmin olduğumuz "kədərlərə" vaxt sərf edəcək qədər uzun deyil. Əslində, kədərli olan yaşadıqlarımız da yox, onlara qatlanmağımızdır.  Gənclik, sağlamıq, enerjiliyik və hesab edirik ki, ölüm bizdən uzaqdır. Halbuki ölümün gözlə qaş arasındakı məsafə qədər yaxınızmızda olduğunu bilir, buna rəğmən ciddiyyətsiz davranırıq. Nazım Hikmet "Yaşamaq şakaya gəlməz, böyük bir ciddiyyətlə yaşacaqsan" deyir. Ömrünün yarısını mübarizələrdə, həbslərdə, sürgünlərdə keçirdi. Yaşamağı o qədər ciddiyə aldı ki, həbsdəki günlərini də dopdolu keçirməkdən bir an olsun usanmadı. Yazdı, oxudu, öyrəndi, öyrətdi. Dəmir barmaqlıqlar böyük bir ciddiyyətlə davam etdiyi yaşamaq eşqinə kölgə sala bilmədi. Sevgisi hər gün bir az daha coşdu, sevgilisinə məktublar yazdı soyuq daşlar arasından, yaşamağa, eşqə olan ehtirası bir gün olsun azalmadı. Uşaqlara gözəl günlər vəd etdi qaranlığın içindən, insanları birlikdə yaşamağa, sevməyə, xoşbəxt olmağa səslədi şeirləriylə. Ağ-qara idi dayandığı nöqtələr, amma bir gün olsun mavini unutmadı, göy üzünə baxmaqdan vaz keçmədi. Dünyanın son gününə qədər bayraq kimi dalğalanan misralar qoyub getdi. Həm özü zövq aldı yazdıqlarından, həm də özündən sonra gələcək olan nəsillər. Ona görə də, böyük bir ciddiyyətlə yaşamaq lazımdır. Onsuz da gələcək istədiyini gətirəcək!
 

 





30.08.2021    çap et  çap et