525.Az

"Ərdoğan aylardır Ermənistandan cavab gözləyir..." - Sosial şəbəkələrdə yazılanlar


 

"Ərdoğan aylardır Ermənistandan cavab gözləyir..." -<b style="color:red"> Sosial şəbəkələrdə yazılanlar</b>

Elxan Şahinoğlu, politoloq:

Qonşu ölkənin Baş naziri Nikol Paşinyan hökumətin bugünkü iclasında deyib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün Türkiyədən bəzi müsbət siqnallar alıb: "Biz bu siqnalları qiymətləndirəcək, müsbət siqnallara müsbət siqnallarla cavab verəcəyik".

Paşinyan Türkiyədən aldığı hansı müsbət siqnalları nəzərdə tutur? Bunun üçün Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın Ermənistanla bağlı il başlayandan bəri verdiyi açıqlamalara diqqət yetirmək lazımdır. Türkiyə Cümhurbaşqanı bu ilin dekabrında demişdi ki, "əgər Ermənistan "altılıq platforması" təşəbbüsünə qatılsa, əlaqələrimizdə yeni səhifə açıla bilər". Ərdoğan daha sonra iyunun 16-da Azərbaycan parlamentində çıxışı zamanı "Ermənistan Azərbaycanla problemlərini həll etdikcə, biz də Türkiyə olaraq lazımi addımları atacağıq" ifadəsini işlətdi. Ərdoğan bu mövzuya dünən Bitlis vilayətində bir sıra ölkələrin səfirlərinə müraciət edərkən bir daha toxunub: "Qarabağın işğaldan azad edilməsi ilə bölgədə uzunmüddətli sülh üçün şərait yaradılıb. Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq".

Beləliklə, Paşinyanın təbirincə desək, Ankara İrəvana kifayət qədər müsbət siqnal göndərib. Ərdoğan aylardır cavab gözləyir. Elə Bakı da Ermənistana göndərdiyi siqnallara Paşinyandan cavab gözləyir. Ancaq Paşinyan gözləmə mövqeyindədir, açıqlamaları "qonşularla barış", "regional əməkdaşlıq", "kommunikasiya xətlərinin açılması"yla əlaqəli olsa da, hələ heç bir addım atmayıb. Atılmalı olan ilk iki addım bəllidir. Ermənistan Azərbaycanın və Türkiyənin ərazi bütövlüyünü tanımalı, kommunkasiya xətlərini açmalıdır. Bundan sonra Bakı və Ankara da müvafiq addımlar atacaqlar. Rəcəb Tayyibb Ərdoğanın "Ermənistan bu şansdan istifadə edərsə, o zaman lazım olan addımları atacağıq" cümləsinin mənası da budur.

***

Ələsgər Əhmədoğlu, hüquqşünas:

ABŞ Prezidenti Co Baydenin dünənki açıqlamasında 1 il öncə Talibanla imzalanan anlaşmaya istinad edərək bu ifadələri işlədib: "Taliban dedi ki "Biz digərlərinə hücum edəcəyik, heç bir amerikalıya yox". 

Dünən Kabil hava limanının təhlükəsizliyini qoruyan Türkiyə, Azərbaycan əsgərləri çıxdıqdan qısa müddət sonra İŞID/Xorasan deyilən bir qrupun terrorundan 170 nəfərdən çox insan öldü, 150-dən çox insan yaralandı. 

Ölənlər arasında 13, yaralılar arasında isə 28  ABŞ əsgəri olduğu bildirilir. Ölənlər arasında 28 nəfər də Taliban üzvü var. 

Buradan çıxan nəticə: ABŞ-Taliban əməkdaşlığı sadəcə ABŞ vətəndaşlarının qorunmasını hədəfləsə də, nə ABŞ vətəndaşları güvəndə oldu, nə Taliban, nə də bütünlüklə əfqan xalqı... 

Əfqanıstan siyasətinin səhvlərindən hər kəsin çıxaracağı dərs var.

***

Yalçın İslamzadə, fizik:

Useyn Bolt 100 metr məsafəni 9.6 saniyəyə qaçır. Buna görə də onun hazırda 120 milyon dolları var. Əgər Bolt yox, başqa biri 100 metri 9.5 saniyəyə qaçsaydı, 120 milyon dollar onun olacaqdı. Lakin bu 0.1, 0.2 saniyəlik fərqlərin, 100 metri 10 saniyədən az müddətdə qaçmanın bəşəriyyətə nə xeyri var, açıqlayan yoxdur.

Nə üçün qaçışda şərqi afrikalılar dominantlıq edir? (Yamaykada yaşayanlar da Afrikadan zorla köçürülənlərdir, hətta yamaykalılardan bəziləri Afrikadakı mənşə ölkələrinə qayıdıb Vudu cadusuyla məşğul olurlar, orada nüfuzlu və zəngin şəxslərdirlər).

Səbəb kimi çox uzun illər ərzində bir-birindən uzaqda yerləşən kəndlər arasında  xəbərləşməni ayaqyalın və sürətli qaçışçıların təmin etdiyi, bir də hündür platoların az oksigenli mühitində orqanizmin adaptasiya olaraq daha çox qırmızı qan hüceyrələri istehsal etdiyini göstərirlər. Bu qaçışçılar olimpiadaların keçirildiyi daha çox oksigenli və daha sərt zəminli yarış ərazisində təbii üstünlüyə sahib olurlar. Belə çıxır ki, bu medallarla Afrikanın yalınayaqlığını və kommunikasiya xətlərinin olmamasını təqdir edirlər.

Asiyada yaşayan, "dəniz çobanları" da adlandırılan Bajaular da su altında uzun müddət qalma rekorduna sahibdirlər. Sualtı dalış da olimpiya idman növü elan edilsin ki, Bajaular da layiq olduqları medalları ala bilsinlər. Bajaular fəxr etsin, ancaq böyük şirkətlərin balıq ovlarının onların ənənəvi məşğuliyyətlərini təhdid etdiyi heç kimi yadına düşməsin. 

Bu, təxminən ona oxşayır Yamaykanın ciddi sosial iqtisadi problemləri var, ancaq yamaykalılar Boltla fəxr edir.

Ya da Suriyanın xarabaya çeviriblər, suriyalı idmançı medal alanda utanmadan "Suriya üçün bir ümid" tərzi başlıqlar yazırlar.

***

Asif Nərimanlı, jurnalist: 

Gorus-Qafan yolu açıldı. Danışıqlarda iki nəticə əldə olunub.

Birincisi, yolda Azərbaycanın keçid məntəqəsi yaradılıb, həmçinin, ziqzaqvari bloklar qurulacaq;

İkincisi, Ermənistan yolun bizim ərazimizə düşən 21 kilometrlik hissəsini və Çayzəmi ilə Eyvazlı kədlərini rəsmi olaraq Azərbaycan ərazisi kimi tanıyıb;

Erməni politoloq Stepan Danielyan bildirir ki, Nikol Paşinyanın hökumətin iclasında yolun 21 kilometrinin və Çayzəmi ilə Eyvazlı kədlərinin Azərbaycan ərazisi olduğunu təsadüfən dilə gətirmədi: "Danışıqlarda tələblərdən biri bu idi və Ermənistan rəsmi olaraq bunu qəbul etdi. Proses əslində, Ermənistan-Azərbaycan sərhədinin o hissəsinin demarkasiyası əməliyyatı idi".

***

Müşfiq Şükürov, filosof: 

İnternetdə SSRİ-nin nostalgiyası ilə yaşayan qruplar çoxdur. Asanlıqla görmək olur ki...

İnsanlar həm də internetsiz, smart

fonlarsız zamanların da xiffətini edirlər orda. O zamanlar ki, mahnı xoşuna gəlirdisə, qələm kağız qapıb yazmağa çalışar və həmən də zümzümə edərdik. Baxdığımız filmləri dostlarımıza axıra qədər danışardıq və bu, filmdən az dramatik olmazdı. Virtual ünsiyyət yox idi, insanlar bir-birinin evinə gedər və söhbət edərdilər. İnsani məzmunun xiffəti güclü hiss olunur o qruplarda. Və aydındır ki, o günləri bir də qaytarmaq mümkün olmayacaq.

***

Etibar Əliyev, millət vəkili:

Yusif Vəzir Çəmənzəminli məni çoxdan düşündürən bir suala 1914-cü ildə yazdığı oçerkində cavab veribmiş. Sualım belə idi: Nədən almanlarda, ingilislərdə və yəhudilərdə bütün elm sahələrində bu qədər dahi insan yetişib? Yusif Vəzir Çəmənzəminli yazır: "Bir çox tərcümeyi-hallar göstərir ki, təbii vergilər ilk uşaqlıqdan büruzə verilməyə başlayır. Burada da ana yada düşür. Bu, böyük məsul vəzifə də ona həvalə olunur. Çünki analar övlada tərbiyə verib həmişə ömürlərini onlarla keçirirlər. Tərbiyədən də ümdə məqsəd uşaqlarda olan təbii vergilərə meydan verib onların tərəqqisinə çalışmaqdır. Məşhur nemsə şairi Şillerin də ədəbiyyatda böyük ad qazanmağına ümdə səbəb anası Yelizaveta olub. Bu arvad oğluna oxumaq və yazmaqdan savayı, bir xeyli məlumat da verib. Tövrat səhifələri ilə də tanış edib, ədəbiyyat tarixinə, şairlərə dair biliklər verib, şeirlər öyrədib. Onların qüsurlarını və gözəl tərəflərini də bildirib. Oğlunu məşğul etmək üçün Yelizaveta ona nemsə həyatına dair hekayələr də oxuyardı. Bu minval ilə əlbəttə, Şillerin ədəbiyyata olan həvəsi daha da artacaq idi. Böyük Hötenin də anası oğluna artıq etina edirdi. Vaxtının çoxunu ona hekayə oxumağa sərf edirdi. Bunun nəticəsi olaraq balaca Höte də yoldaşlarını toplayıb özü təlif etdiyi hekayələri nağıl eləyərdi. Deməli, hər ana övladlarının istedadlarını uca bir mərtəbəyə çıxartmağa qadir ola bilər. Bu şərtlə ki, ana özü elmli və qanacaqlı ola. Ana ki, istedadın nə olduğunu düşünmədi, daha o, zəkalı övlad yetişdirə biləz". 

Bir misalı da mən deyim: Mənim XX əsrin nəhəng yazıçılarında biri hesab etdiyim milliyətcə yəhudi Elias Kanettinin Nobel nitqindən: "Bu mükafatı mənə qazandıran anam olub".

BELƏLİKLƏ, ANA GENİ.

***

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

"Karabakh Telecom"a lisenziyanı kim verməlidir?

Nəhayət ki, Azərbaycan Qarabağda qanunsuz fəaliyyət göstərən telekommunikasiya operatorlarının fəaliyyətinə də "əl gəzdirməyə" başlayıb.
Bunu "Artsax ombudsmanının" Rusiya sülhməramlılarına şikayətindən də hiss etmək olur. 

Qondarma ombudsman sülhməramlılara şikayət edib ki, Azərbaycan texniki vasitələrin köməyi ilə Qarabağda mobil rabitə və internetin işini əngəlləyir. 

Son günlər Ağdərədə, Şuşa ətrafında, Xocavənddə və Xankəndində yaşayan ermənilər və bura səfər edən ermənilər sosial mediada mobil rabitənin və internetin fəaliyyətindən şikayətlər edirlər.

Məlumdur ki, "Karabakh Telecom" mobil operatoru  20 ildir ki, beynəlxalq telekommunikasiya qurumlarından müvafiq kodlar alaraq bizim ərazilərimzidə  qanunsuz fəaliyyət göstərir. 

44 günlük müharibə zamanı bu operator və onların telekommunikasiya infarstruktru darmadağın edilmişdi. 

Artsax-ın qondarma hərbi-siyasi rəhbərliyi "Karabakh Telecom"un da livanlı sahiblərini qovmuş və qondarma prezident Arutunyan bu operatoru zorla ələ keçirmişdi. Hazırda bu mobil operator ona məxsusdur.

Müharibədən sonra Ermənistan və Rusiya sülhməramlılarının köməyi ilə "Karabakh Telecom"un fəaliyyəti bərpa edilib və Ermənistan üzərindən internet və digər telekommunikasiya xidmətləri alırlar.

Əgər hansısa bir xarici operator bizim tezlik resursundan istiafdə edib bizim ərazilərimizdə fəaliyyət göstərirsə, onun fəaliyyəti çoxdan bloklanmalıydı.

Əgər ermənilər münaqişəni dinc yolla nizamlamağa mane olurlarsa, doğru yanaşma o ola bilər ki, "Karabakh Telecom" mobil opeatoru uzun illər qanunsuz biznesinə görə cavab versin, mobil rabitə üçün Azərbaycanın müvafiq qurumlarından lisenziya alsın və internet trafiki də "Delta Telekom" və ya "Azertelecom" üzərindən götürsün.

Onsuz da əvvəl-axır "Caucasus Online" da Azərbaycan tərəfinin nəzarəti altına keçəcək və nəinki Qarabağın, elə Ermənistanın da trafiki nəzarət altında olacaq.

 





31.08.2021    çap et  çap et