525.Az

"Alpan - Türk yurdu" - tarix elminə qiymətli töhfə


 

"Alpan - Türk yurdu" - <b style="color:red"> tarix elminə qiymətli töhfə</b>

"Alpan - Türk yurdu" adlı tarixi, publisistik, maarifləndirmə və tanıtım məqsədli nəşr işıq üzü görüb. Kitabın tərtibatçısı şair-publisist Cabir Alpoğlu Albantürk, elmi redaktoru tarix üzrə fəlsəfə doktoru, dosent Aqil Şahmuradov, məsləhətçisi tədqiqatçı-tarixçi Zabit Babayev, ədəbi redaktoru dilçi-pedoqoq Neman Qədirbəylidir. "Alpan - Türk yurdu" kitabında 29 müəllifin yazısı yer alıb. Zərdabi nəşriyyatında çapdan çıxan 456 (mətn 384 səh., şəkil 72 səh.) səhifəlik bu kitaba yazılan ön sözü sizə təqdim edirik.

***

Özünəməxsus yaradıcılıq üslubuna malik olan, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Cabir Alpoğlu Albantürkün poeziyası, publisistik yazıları, tarixi səpkidə olan tədqiqatları, xüsusilə də, doğulub boya-başa çatdığı Quba rayonu Alpan kəndinin keçmişi və bu günü ilə bağlı apardığı araşdırmalar həm məzmun, həm də ifadə tərzi baxımından diqqəti cəlb edir, maraq doğurur. C.A.Albantürkün oxuculara təqdim etdiyi yeni kitabı təkcə müəllifin yaradıcılıq uğuru kimi deyil, həm də Azərbaycan tarixinin, xüsusilə Qafqaz Albaniyası, o cümlədən, onun tərkib hissələrindən biri olan Alpan kəndinin tarixinin öyrənilməsi və təbliği istiqamətində atılan əhəmiyyətli addım kimi qiymətləndirilməlidir. 

"Alpan - Türk yurdu" kitabında yer alan materialları şərti olaraq üç hissəyə bölmək olar: 

1) Qafqaz Albaniyasının tarixi kontekstində Alpanın tarixi keçmişi ilə bağlı olan elmi və elmi-publisistik məqalələr; 

2) Alpan kəndinin müxtəlif aspektlərdən tərənnüm olunduğu ədəbi nümunələr;

3) erməni faşizminə qarşı müharibədə iştirak etmiş alpanlıların cəbhə yolunun əks olunduğu materiallar. 

C.A.Albantürkün hazırladığı "Alpan - Türk yurdu" kitabı, obyektiv fakt və arqumentlərə əsaslanan digər elmi əsərlər kimi, elmi yaradıcılığın prinsip və qanunauyğunluqlarını əldə rəhbər tutur. Bu, elmin inkişafına öz töhfəsini verən tədqiqatçıların mövqelərini nə qədər gücləndirirsə, tarixi həqiqətləri saxtalaşdırmaq və təhrif etmək yolu tutanların mövqelərini bir o qədər zəiflədir.

Kitabın hazırlanması prosesinə məntiqi və sistemli yanaşan müəllif, bilavasitə, Alpan kəndinin tarixi ilə bağlı işıq üzü görən araşdırmalarla yanaşı, öyrənilən elmi problemlərin ümumalban tarixi kontekstində qiymətləndirildiyi tədqiqatlara da müracət edib. Kitabda Qafqaz Albaniyası, onun tarixi coğrafiyası, tarixi inkişafının müxtəlif mərhələləri, etnik tərkibi, qədim və orta əsrlərdə Cənubi Qafqazda və Ön Asiyada cərəyan edən hərbi-siyasi proseslərdə iştirakı ilə bağlı zəngin məlumatlar və tarixi mənbələrdən götürülmüş konkret faktlar yer alıb. Qeyd olunan məlumat və faktların müqayisəli və sistemli təhlili Azərbaycan ərazisinin, o cümlədən, Alpan kəndinin qədum türk yurdu, ümumtürk tarixinin və mədəniyyətinin əhəmiyyətli bir hissəsi olduğunu sübut edir.  Konkret regionun məskunlaşması və etnik tarixi ilə bağlı problemlərin öyrənilməsi prosesində müxtəlif elmi metodların tətbiqi ilə yanaşı, inkişafın ümumi qanunauyğunluqlarının üzə çıxarılmasına bu və ya digər dərəcədə imkan verən coğrafi, antropoloji, təsərrüfat-mədəni, linqvistik və s. amillərdən də istifadə olunur. Coğrafi yanaşma oykumenanın sərhədlərinin müəyyənləşdirilməsi, onun ayrı-ayrı hissələrində baş verən etnik yerdəyişmə proseslərinə aydınlıq gətirilməsi, antropoloji yanaşma müxtəlif təbii-coğrafi mühitdə uzunmüddətli məskunlaşma və inkişaf nəticəsində böyük insan qrupları arasında formalaşan fiziki fərqlərin üzə çıxarılması, təsərrüfat-mədəni yanaşma, konkret təbii zonada təsərrüfat fəaliyyətinin təşəkkülü, maddi və mənəvi mədəniyyətin meydana gəlməsi, etnoslar arasında tarixi və mədəni əlaqələrin təhlil edilməsi baxımından əhəmiyyətlidir. Linqvistik yanaşma isə xalqlar arasında qohumluq əlaqələrinin öyrənilməsi üçün zəruridir. Nəzərə almaq lazımdır ki, coğrafi, antropoloji və təsərrüfat-mədəni yanaşma etnosların mənşəyi, sosial münasibətləri, qohumluq əlaqələri və s. barədə müəyyən mülahizələr irəli sürməyə imkan versə də, qeyd olunan sahələrdə mənzərəni tam canlandırmaq üçün kifayət deyil. Mənşə, genetik bağlılıq və qohumluq əlaqələrini üzə çıxarmaq üçün linqvistik yanaşma daha geniş imkanlara malikdir. Bu yanaşma bir tərəfdən dilləri morfoloji xüsusiyyətlərə görə qruplaşdıran morfoloji və ya tipoloji, digər tərəfdən isə, onları mənşə ümumiliyi və qohumluq əlaqələrinə görə qruplaşdıran geneoloji və ya genetik təsnifata əsaslanır. Bunu nəzərə alaraq, C.A.Albantürkün hazırladığı kitabda Qafqaz Albaniyasının qədim və orta əsrlər tarixi ilə bağlı məsələlərdən bəhs edən və linqvistik materialların təhlilinə əsaslanan elmi məqalələrin yer alması təqdirəlayiq haldır. Tədqiqatlarına müraciət olunan müəlliflər müxtəlif metodlardan istifadə edərək, onomastik vahidlərin təhlili əsasında Qafqaz Albaniyasının etnik tərkibi ilə bağlı meydana çıxan suallara cavab verməyə çalışır, qədim və orta əsrlərdə ölkə ərazisində yaşayan əhalinin əsas hissəsinin türkdilli tayfalara mənsub olduğunu sübut edirlər. Habelə, kitabda yer alan etnoqrafik materiallar, milli bayramların keçirilməsi ilə bağlı Alpan kəndində mövcud olan adət və ənənələr, əhalinin məişəti və dəyərlər sistemi də bu kəndin türk dünyasının bir parçası olduğuna şübhə yeri qoymur. 

Kitaba daxil edilən materialların xronoloji çərçivəsi qədim və orta əsrlər ilə məhdudlaşmır, Alpan kəndinin yeni və ən yeni dövr tarixini əhatə edən məsələlər də proseslərin inkişafına dialektik yanaşma sərgiləyən müəllifin diqqətindən kənarda qalmamışdır. 

"Alpan - Türk yurdu" kitabında istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində iştirak etmiş alpanlılar barədə verilən materiallar, bir tərəfdən, onların fərd olaraq hər birinin keçdiyi döyüş yolunu göstərmək, qəhrəmanlıqları haqqında məlumatları oxucuya çatdırmaq, digər tərəfdən isə, ümumilikdə müharibə reallığı, erməni işğalçılarının vəhşiliyi, Azərbaycan ordusunun mənəvi-psixoloji vəziyyəti, döyüş əməliyyatları və əldə etdiyi uğurların əhəmiyyətini dərk etmək baxımından kifayət qədər aktualdır.

Maddi və ya mənəvi olmasından asılı olmayaraq, kainatda mövcud olan çox şey dialektikanın qanunlarına tabedir, yəni sadədən mürəkkəbə, başlanğıcdan sona doğru hərəkət edir, konkret zaman və məkan çərçivəsində fərdlər, nəsillər, cəmiyyətlər və s. bir-birini əvəz edir, özündən sonra sadəcə müəyyən izlər qoyur. Bu mənada, vətən yolunda, haqq-ədalətin təntənəsi uğrunda canlarından keçən şəhidlər istisna təşkil edir, onlar öz qəhrəmanlıqları ilə təbiət və cəmiyyətin məlum qanunauyğunluqlarını kölgədə qoyaraq hər iki dünyada ölməzlik zirvəsinə yüksəlmişlər. "Alpan - Türk yurdu" kitabında şəhidlər haqqında təqdim edilən materiallarla tanış olan oxucu buna bir daha əmin olur. 

Ümumilikdə, Cabir Alpoğlu Albantürkün hazırladığı "Alpan - Türk yurdu" kitabı tarixi, etnoqrafik, ədəbi-bədii baxımdan əhəmiyyətli bir işdir, müəllifin qeyd etdiyi məqamların hər birini gələcəkdə ayrıca tədqiqat obyektinə çevirmək mümkündür. Bu kitabın materialları qeyd olunan istiqamətdə yeni-yeni tədqiqatların aparılmasında müsbət rol oynaya bilər. 

Aqil ŞAHMURADOV 
Tarix üzrə fəlsəfə doktoru, dosent

 

 





31.08.2021    çap et  çap et