525.Az

Eşq "vaksini" - Kənan Novruzov yazır...


 

Eşq "vaksini" -<b style="color:red"> Kənan Novruzov yazır...</b>

Son iki ildir hamı peyvənddən danışır. Orqanizmdə xüsusi immunitet yaradan preparatdan. Amma indi mövzumuz bu deyil. Onsuz da "COVİD" gəldi- gedərdir... Eşq isə daimidir və bəlkə də, daha təhlükəlidir. Necə, nə vaxt "yoluxduğunu" bilmirsən. Əslində, "viruslar" çoxdan orqanizminə yerisə də, son günədək bir şey hiss etmirsən. Hətta ilk günlərdə də "boş işdir" deyib keçirsən. Müqavimət göstərəcəyini düşünürsən. Di gəl, atalar yaxşı deyib, sən saydığını say, gör, fələk nə sayır. O fələk başımıza hansı oyunları gətirməyib ki?

Bir neçə gün müqavimət göstərirsən. Elə bilirsən ki, keçəcək. Amma keçmir. Əksinə, hər ötən gün "simptomlar" özünü daha aydın göstərir: onunla danışanda üzün gülür, səsini eşidəndə ürəyin daha sürətlə döyünür. Hətta düşünəndə həyəcanlanırsan. Özünü sanki dünya ondan ibarət imiş kimi hiss edirsən. Beləliklə, tədricən həyatının mərkəzinə qoyub ətrafında fırlanmağa başlayırsan. Bir müddətdən sonra başının gicəlləndiyini hiss edirsən. Sonuncu dəfə nə vaxt belə olduğunu xatırlaya bilmirsən. Yəqin, dostlarla yaxşıca yeyib-içəndə. Çünki eyni ilə spirtli içki içibmiş kimi olursan - çətinliklər səni narahat etmir, dünyanın ən güclü adamı olduğunu düşünür, hər şeyə gülürsən. Problemlərə əhəmiyyət vermirsən, gündəmlə -  manatın məzənnəsinin dəyişməsi, hava proqnozu, geosiyasi durumla... maraqlanmırsan. Dünya liderlərinin uğrunda mübarizə apardıqları nəsnələr, uzunmüddətli layihələr, məsələn, elə koronavirus pandemiyası özü də gözündə çox kiçilir. "Uzaqbaşı bir virusdur" deyib keçirsən. Və ümumiyyətlə, səni sərxoş edən qüvvədən başqa bir şey barədə düşünmək istəmirsən. Elə bil, beynində həcm tutacaq və ona daha az yer qalacaq.

Nə dediyini bilirsən, ancaq davranışların reallığa adekvat olmur. Romantikaya qapılırsan. Aya getməkdən yox ha, orda villa almaqdan danışırsan. Bəzən illuziyadan çıxmağa cəhd edirsən, öz-özünə "Bu qədər də yox da..." deyirsən. Lakin belə demək mümkünsə, yuxudan ayılmağa da cəsarətin çatmır. Nəhayət, "yoluxduğunu" anlayırsan. Beləcə uzun müddət keçir. Yediyin, içdiyin, yazdığın... hər şeyi ona bağlayırsan. Son nəticən, gedəcəyin son nöqtən o olur.

Günün birində hər şey bitir, "pərdələr salınır". Bununla da "vaksinləşirsən". "Peyvənd" səni "silkələyir": baş ağrı, halsızlıq, iştahsızlıq... Günlərlə, həftələrlə, bəlkə də, aylarla özünə gələ bilmirsən. Hər yerdə onu axtarır, hər tərəfdə onu görürsən. Bu, halisinasyon deyil. Sadəcə görmək istədiyin üçün görürsən. Bəzən zəng etmək, mesaj yazmaq istəyirsən. Sonra biri telefonuna uzanan əlini digəri ilə tutursan. Özün-özünü məcbur edirsən. Hərdən də "Şansımı sonraya - daha kritik məqama saxlayım" deyərək özünü aldadırsan. Bu müddət ərzində "preparat" işini görür, səndə "immunitet" yaradır.

Vaxt ötdükcə hər şey düzəlir. Eyni situasiya ilə növbəti dəfə qarşılanda daha əvvəlki kimi olmursan. Şəxsi maraqlarını, işini, illərdir tanıdığın dostlarını daha arxa plana atmırsan. Bu dəfə pərvanə olmursan. Real addımlar atırsan. Əvvəl nə olduğunu, niyə hər şeyin bu qədər sadə gəldiyini dərk etmirsən. Amma çox keçmədən anlayırsan ki, daha "immunitet" formalaşıb. Yalnız indi başa düşürsən ki, əslində, bu gün güclüsən, dünən zəif idin. Danışmaq lazım olanda danışar, susmaq lazım olanda susar, gülmək lazım olanda gülərsən. Və həyatına gəlib-gedənlərin rollarını anlayarsan.

..."Vaksin"in yeri isə nə qədər istəsən də, getməz və həmişə sənə nələrisə xatırladar...
 

 





31.08.2021    çap et  çap et