525.Az

"Kəpənək misalı toz edən" şair - Adilə Nəzər - Aydın Qacar yazır


 

"Kəpənək misalı toz edən" şair - Adilə Nəzər -<b style="color:red"> Aydın Qacar yazır</b>

Gözəl bir şeir, yaxud mətn oxuyanda, söz məni tutursa, artıq özümü o mətnin, o şeirin içində hiss edirəm - nəbzim müəlliflə eyni ritmdə, eyni ahəngdə döyünməyə başlayır. Könül dalğam nəinki müəllifin yaza bildiklərini, hətta tərslik edib sözə gəlməyən duyğularını, yaşantılarını da tuta, oxuya bilir. Sözə tabe olmayan o hisslərin də ətrini, dadını dilimdə, damağımda hiss edir, məsud oluram. Bax, fikrin, duyğunun o sözə tabe olmayan, yazıla bilməyən hissəsini duya bilmək isə hamı üçün deyil. Bunun üçün oxucu özü gərək söz xiridarı ola. 

Mən özüm az-az yazıram, yazdıqlarım da, adətən, ünvanlı və xatirə janrında olur, hər dəfə də yazını bitirəndən sonra nigaranlıq və peşmanlıq hissləri keçirirəm, elə bilirəm danışılan, yazılan xatirələrin gözəlliyi itməsə də, adiləşir. Mənə elə gəlir ki, həssas oxucu mən yazmadığım pünhan məqamları da anlaya bilir...

Giriş hissəni bitirərək, vurğulamaq istəyirəm: hazırkı internet əsrində kifayət qədər gənc, istedadlı söz adamları, şairlər, yazıçılar meydana çıxıb. Əfsus, indi də yaxşı oxucu qıtlığı yaranıb...                             

*** 

Bölgüdə mənim payıma düşən bir sonbeşik dayıoğlum var, yüz ilin neftçisi, - departament direktorudu. Elə bil anadan olanda göbəyin kəsib "nöyütün" içinə atıblar. Bütün naxçıvanlılardan fərqli olaraq həm də suyuşirindi,  feysbukda da dostumdu. Bir də görürsən zəng vurub:

- Mamedov, aşağıda gözləyirlər, sahəyə getməliyəm, bir söz soruşum, tez cavab ver, mən qaçım. 

- Həə, de gəlsin.

- Feysbukda o şair qızdan bir şeir paylaşıbsan - Adilə Nəzərdən, oxudum, çox ləzzət elədi, ancaq o şeirdə sən yazdığın sözlər yoxdu axı?! 

Gülürəm, o, davam edir...

- Özüm iki dəfə oxudum tapım, səndən soruşmayım, bilirəm sataşacaqsan, sən Allah tez de, düşüm gedim, vallah tələsirəm.     

Dayıoğlumu gücə salan həmin misraları sıra sayı ilə deyirəm, oxuyur, şaqqıldayıb gedir, mən də ona qoşuluram.

- Sənin də, özümün də canına, - iki nədi, bəlkə beş dəfə oxumuşam, tapa bilməyib sənə zəng etmişəm. Neçə yerdə də qıza söz veribsən səndən yazacağam, di yaz qurtar, biz də qəzeti əlimizin altında  qoyub, nə vaxt istəsək, rahatca açıb oxuyaq da. 

-  Allah, Allah... oxucuda istəyə, tələbə bax - deyib də başlayıram "prikola".

- Pis öyrədibsən ey, gavır! Gərək çeynəyib qoyasan ağzımıza - deyir.

Qısası, o vaxt qəzetdə xanım şairimdən mütləq böyük məqalə yazacağıma söz verib Adilə Nəzərin bu oxucusunu da elə xoşbəxt etmişdim. 

Bunlar öz yerində, ancaq indi feysbuku "vərəqləyib" görürəm ki, mənim, ümumiyyətlə, Adilə Nəzər poeziyası haqda incələmələrim bir əlin barmağı ilə sayılacaq qədər az olub. Bolluca anonslar vermişəm. 

Beləliklə, hədəfdə Adilə Nəzərdi

Söz içində olmaq, elə hiss-həyəcan içində olmaqdı. Budur, sevgi qırıqlarından yapılmış, gözəl bir şeir oxuyursan və anındaca sözün sehri səni tutur, şairə qoşulub ağlamaq, yumaq  istəyirsən  ayrılıqları...

Sənə bir şeir yazaram,
Tutar səni sözün sehri.
...Qoşulub mənə ağlarsan
Yuyarıq ayrılıqları...

Bunca həzin, ilıq, sehirli bir axına düşən hissiyyatlı insanın daxilində hansı təlatümlər baş verir? Sanki günəşli aydın havada, uzaqdan göy gurultusu eşidirsən, şimşək çaxır, göy qurşağı - ozon qatı yaranır havada, üzünə-gözünə sərin meh, İlahi nəfəs dəyir, ya da yüksək gərginlikli elektrik xətləri üst-üstə düşür, qısa qapanma baş verir və metal aqreqat halını dəyişib maye halına keçir... Yəni söz insanı əridib yumşaldır, həlim, kövrək, mülayim, elastik edir. Bundan sonra hara istəsən, necə istəsən, əyə, döndərə bilərsən.

Müəllif sənə yol da verir,  unutmadığın o qadının adını çək, xatırla, eləcə pıçılda... "Duyacağam harda olsam"... Və sən buna inanırsan, göynəməyə başlayır qəfil barmaq ucların, əl uzadıb tumarlamaq, sığallamaq istəyirsən havadakı saçları, demək, sözün sehri artıq səni tutub. Udum-udum oxuyursan, qurtarmasın, bitməsin bu gözəllik, uçasan, beləcə sevgi, vüsal laylarında, göyün uca qatlarında və qəfildən möcüzə baş verə, mələklər toxuna qanadlarına... 

Bu, mənim fantaziyamdı, digər oxucu özgə bir xəyal qura bilər, üçüncüsü əksinə xəyal qırıqlığına qapılar və s. Əsas o deyil, əsas odur oxucunu bu hala sala biləsən, budur qələbəsi şairin, şeirin, sözün!   

SƏNƏ BİR ŞEİR YAZARAM

Sənə bir şeir yazaram,
Oxuyarsan həftəsonu.
Kəmşirin şərab dadında
Halına qatarsan onu.

Duyacağam harda olsam,
Pıçıldayarsan adımı.
Xatırlayarsan bir anlıq
Unutmadığın qadını.

Göynərtisini duyarsan
Qəfil barmaq uclarının.
Əl uzadıb tumarlarsan,
Havadakı saçlarımı.

Udum-udum oxuyarsan,
Tutar səni sözün sehri.
Fırtınalı zamanında
Liman sanarsan o şeiri.

Hesab edərsən o şeir,
Sevgimizin qırıqları.
Qoşulub mənə ağlarsan
Yuyarıq ayrılıqları.

Sənə bir şeir yazaram,
Həm isti, həm sərin olar.
Yorğun günlərində barı
Dincəlməyə yerin olar.

Payınız çox olsun şair, sizi sevən və dəyərləndirən dostlara, duyğulu insanlara bu cür gözəl şeirlərlə həm isti, həm sərin güvənc yeri, həm də ruhlarını etibar edib dincələ biləcəyi məkan olasız.

Kiçicik narahatlığım: məncə, "Kəmşirin şərab dadında, Halına qatarsan onu" - kimi mənalı, tutumlu misralara - "halına" sözü çox da rahat oturmur.
Adilə xanım, sizi əmin edirəm, poeziya xiridarı olan oxucular "fırtınalı" anlarında yan almağa liman, sahil, yer tapmasalar, mütləq bu gözəl şeiri liman sanıb ona sığınacaqlar. Mənim özüm üçün isə, ədəbiyyat, söz həmişə doğma sahə olub, fırtınalı, ya fırtınasız olmağımdan asılı olmayaraq. Hər zaman sözə sığınıb, şeirə, poeziyaya yan almışam. 

Adilə Nəzərin qarşıma çıxan bu şeirini elə onun öz sözləri ilə təqdimat verib paylaşmaya bilmirəm:  

Adilə xanımın yaz yağışına qoşulub oxucu könlünə axmaq istəyinə, açılmış qollara naz etməyinə, "kəpənək misalı toz" etməyinə; çəməndə, baxçada gülün-çiçəyin ən göyçəyinə dönüb, üstünə arı qondurmaq, bal dadına baxmaq həsrətinə, qısqanmamaq olmur! 
Ancaq qısqansaq da, istərik hər zaman bax belə "tuti tək ötə dillərin", "sevinə sığaldan məhrum tellərin" deyib alqışlayırıq...  Mənim Şairəm! Gözəl el qızım!

GEDƏSƏN

Qoşulub elə bu yaz yağışına,
Köz düşən könülə axıb gedəsən.
Tuş gələ gözlərin yar baxışına, Qolunu qoluna taxıb gedəsən.

Beləcə keyfini saz eləyəsən,
Kəpənək misalı toz eləyəsən.
Açıq qollarına naz eləyəsən,
Yandırıb gedəsən, yaxıb gedəsən.

Dönəsən güllərin ən göyçəyinə,
Çəməndə, bağçada tər çiçəyinə.
Arı qondurasan gül ləçəyinə,
Balının dadına baxıb gedəsən.

Bircə gün tuti tək ötə dillərin,
Sevinə sığaldan məhrum tellərin.
Sonra bu dünyanın qoca əllərin
Cavan əllərinlə sıxıb gedəsən.

Hissiz-həyəcansız yaşa yüzəcən,
Nə lazım? Batasan qəmə dizəcən.
"El ağzı çuvalmı çəkib büzəsən",
Verib təzə söz-sov, çıxıb gedəsən.

Mən ruhi rahatlığı, hüzuru sözdə, poeziyada tapan adamam və şüurlu həyatımın mühüm bir kəsimini sözə gedən yolun yolçusu olmaqla keçirirəm. Hansısa düşüncələrimi, duyğularımı kağıza, yazıya gətirmək istəyimi isə, çox vaxt tənbəllikdən, laqeydlikdən, yaxud iddiasızlıqdan "sonra, sonra..." deyib unudur, o duyğuların üstünə toz qondururam. Kifayət edir ki,  baxış bucağı mənimlə üst-üstə düşən bir müəllifı oxuyub rahatlaşım və ruhuma sahib olan o sözlərdən xoşbəxt olum. Sevdiyim şeiri, musiqini, nəsr əsərini təhlil etmək, incələyib-əzizləmək, oxşamaq isə, həmişə ən xoş əyləncə olub məndən ötrü. Ancaq oxucunu yormamaq amacından hələlik bu yazını bitirir, günün bir ağrılı probleminə toxunmaqla nöqtəni qoyuram. Yenidən qayıtmaq üçün...
 

 





01.09.2021    çap et  çap et