525.Az

Ahıskalı şair Güləhməd Şahin - Asif Hacılı yazır


 

Ahıskalı şair Güləhməd Şahin -<b style="color:red"> Asif Hacılı yazır</b>

Türk dünyasının cənnət guşələrindən və zəngin mədəniyyət mərkəzlərindən olan Ahıska yörəsi ən qədim çağlardan şeir-sənət yurdu kimi tanınıb. Bu torpaqlarda Aşıq İrfani, Aşıq Gülali, Aşıq Qərib, Xasta Hasan, Aşıq Şenlik, Aşıq Öməriy, Aşıq Nuru, Aşıq Üzeyir Fəqiri, Aşıq Zülali, Aşıq Əmrahi, Aşıq Məhəmməd Səfili kimi istedadlı sənətkarlar saz çalıb söz söyləmişlər. 

1944-cü ildə Sovet rejimi tərəfindən öz doğma yurdlarından sürüldükdən sonra milli mətbuatdan, məktəbdən, ərazi birliyindən məhrum olan Ahıska türkləri bu qədim xalq sənətini, milli musiqini, poeziyanı, adət-ənənəni, dini etiqadı, türk kimliyini qoruyub saxlamışlar. Sürgündən sonra Azərbaycan, Türkiyə, Orta Asiya, Rusiya, Ukrayna, ABŞ, Avropanın müxtəlif bölgələrində məskunlaşmış Ahıska türklərinin milli ruhunu, mənəvi birliyini qoruyan, onları ana yurda bağlayan əsas amil məhz xalq sənəti olmuşdur. Nurani qocalar indiyədək Qorqud, Koroğlu, Kərəm rəvayətlərini, Qaracaoğlan, Dadaloğlu, Qurbani, Şenlik söyləmələrini unutmamışlar. 

Ahıska folklorunda və ədəbiyyatında bizim çağda, qəriblikdə yaranmış əsərlər də çoxdur. Son illərdə ulu ustadların sənətini yeni nəsil davam etdirir. Mürtəz dədə, Zarzimalı Aslan, Cabir Xalidov, Fəhlül, Zeynul Yektay, Şimşək Sürgün Kaxaretli, Şəmşir Şimşəkoğlu, Həmdi Yitgün, Şahismayıl Adıgünlü, Əli Paşa Veysəloğlu, İlyas İdrisov, Mehyar Əhmədoğlu kimi el şairlərinin altun kəlmələri xalqı birləşdirir və bir millət kimi yaşadır.  

Azərbaycanda Ahıska türklərinin bir çox istedadlı ədibləri yaşayıb yaradır, Saatlı rayonunda "Azərbaycanda yaşayan Ahıska türklərinin Yazarlar Birliyi" fəaliyyət göstərir. Bizim təqdimatımızla görkəmli ədibimiz Anarın dəstəyi ilə 2016-cı ildə Ahıska türklərinin yazıçı və şairlərindən Cabir Xalid, Nurəddin Sasıyev, Həmdi Yitgün, Şəmşir Şimşəkoğlu, Sabircan Cəlilov, Təzəgül Cövdətova, Adəm Ahıskalı Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişlər.  

Ahıska türklərinin çağdaş poeziyasının istedadlı nümayəndələrindən biri də şair Güləhməd Şahindir. Əsli Ahıska mahalının Koblıyan (Altunqala) bölgəsinin (indiki Adıgün rayonunun) Pulate kəndindən olan Güləhməd Şərəf oğlu Kuçiyev 1955-ci ildə Özbəkistanda anadan olmuş, 1959-cu ildə ailəsi ilə Azərbaycana köçmüş, Saatlı rayonunun Fətəlikəndində məskunlaşmışdır. 1971-ci ildə Fətəlikənd məktəbini bitirən Güləhməd təhsilini Bakı Plan İqtisad Texnikumunda davam etdirmiş, iqtisadçı ixtisasına yiyələnmişdir. Müxtəlif sahələrdə çalışmış, bir müddət Rusiyada işləmişdir. Bədii yaradıcılığa hələ məktəb dövründən "Ələyir həyat" şeiri ilə başlayan Güləhməd Şahinin ilk əsərləri "İki sahil", "Mədəniyyət", "Dönüş" kimi qəzetlərdə dərc olunmuşdur. Bir çox poema və lirik şeirlərin müəllifidir. "Bir qüvvət ver, ilahi" (Türkiyə), "Bəxtimə düşən ömür" (Bakı) adlı kitabları nəşr olunub. 

Qeyd edim ki, Güləhməd də yuxarıda qeyd etdiyim qələm yoldaşları ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinə üzv seçiləcəkdi, ancaq vaxtsız əcəl imkan vermədi, qəfil xəstəlikdən vəfat etdi...

Güləhmədlə tanışlığım 1980-ci illərin ortalarına təsadüf edir. Fətəlikənddə (keçmiş Axundov kolxozu) folklor ekspedisiyalarım zamanı evində qalmış, qonağı olmuşam. Əsl türk müsafirliyini gördüyüm Güləhməd kəndlə tanışlığımda mənə dəstək olmuşdu. Evlərində qaldığım zaman axşam söhbətlərində yurd yerləri, xalqın taleyi, vətən mücadiləsi barədə danışardıq. Belə söhbətlərin birindən sonra səhəri gün Güləhməd gecə sabaha qədər yazdığı "Qalmadi" şeirini oxudu, sonradan bu şeiri 1992-ci ildə nəşr olunmuş "Qəribəm bu vətəndə" kitabında dərc etdim. 

Bu dünyaya qərib gəldüx gedarux,
Söyləməyə dastanımız qalmadi,
Qürbət eldə çadırlara yatarux,
Əkməyə heç bostanımız qalmadi. -   

bəndiylə başlayan "Qalmadi" şeiri belə bitir: 

Düz yolumuz əgriləndi, buruldi,
Həsrət oxi yürəgimdən vuruldi,
Güləhməd də bu dünyadan yoruldi,
Yazmağa heç havasımız qalmadi.

Vətən-yurd sevgisi ilə dolu bu şeirin belə sonluğu məni kövrəltdi və "Güləhməd, həvəsini itirmə və yorulma, əksinə, yaz, qoy hamı bu dərddən agah olsun, gənclər vətənə daha çox bağlansın" dedim. Sonradan Şirinbəy kəndində bu şeiri dinləyən ünlü şair Cabir Xalid də eyni fikirləri söylədi. Şükür ki, təbiətən nikbin, sözlü-söhbətli, səmimi insan olan Güləhməd o dövrlərdən sonra yaradıcılığına şövqlə davam etdi, poemaları, şeirləri Azərbaycanda, Türkiyədə dərc olundu, əsərləri janr və məzmunca zənginləşdi, kitabları çıxdı. 

Güləhmədlə yaddaqalan görüşlərimizdən biri də Azərbaycanda səfərdə olan türkiyəli dostumuz və həmkarımız, görkəmli alim, şair, "Bizim Ahıska" dərgisinin yaradıcısı və naşiri Yunus Zeyrəklə birlikdə 2005-ci ildə Saatlı rayonunun Adıgün kəndində ahıskalıların toplantısı zamanı oldu.

Güləhmədlə, Cabir müəllimlə, Yunus bəylə o gün ürək dolusu danışdıq, xəyalən türk dünyasını dolaşdıq. Təəssüf ki, Yunus bəy də sonradan sağalmaz xəstəliyə düçar oldu, amansız əcəl Yunus bəyi 2016-cı ildə aramızdan apardı. Lakin ağrı və əzablarla mücadilə apardığı dövrdə də Yunus Zeyrək fəaliyyətini davam etdi, Ahıska dərgisinin nəşrini dayandırmadı, hər telefon söhbətimizdə yeni məqalə göndərməyimi istədi və özü də göndərdiyim məqalələri Türkiyə türkcəsinə çevirdi. 

Güləhməd Şahin də ömrünün son günlərinə qədər vətən mücadiləsindən usanmadı, yazdı-yaratdı, öz mənəvi axtarışlarından, haqq yolundan sapmadı. Xain xəstəlik onu qəfil yaxaladı, yaradıcılığının parlaq dövründə, yazmaq-yaratmaq eşqi ilə çağladığı vaxtda bu fani dünyanı tərk etdi, əbədiyyətə qovuşdu, bizə şeirləri qaldı, şeirlərdə səslənən duyğuları, düşüncələri, arzuları, vətən həsrəti qaldı. Son görüşümüz də ölümündən bir qədər əvvəl olmuşdu. Bakıya "Bəxtimə düşən ömür" kitabının əlyazmasını göndərmişdi, oxumağımı istəmişdi, yazdığı məktubda ərklə kitabın ön sözünü yazmağı mənə həvalə etdiyini, səhhəti ilə əlaqədar gələ bilmədiyinə görə üzr istədiyini bildirmişdi. Güləhmədin sanki əcəlin gəlişini duyaraq "Bəxtimə düşən ömür" adlandırdığı kitabını oxuyub bəyəndiyimi telefonla bildirdim, tezliklə ön sözü göndərəcəyimi söylədim. Təəssüf ki, onun xəstəliyinin ciddiyyətindən xəbərdar deyildim, müəyyən işlərim və səhhətimlə əlaqədar ön söz bir qədər yubandı, sağlığında çatdıra bilmədim, kitab şairin oxuculara qısa müraciəti ilə çıxdı. Vaxtilə bir qələm əhlimizin atam haqqında dediyi kimi, "Güləhməd, sən tələsdin, mən gecikdim!" İndi Güləhməd qardaşıma borclu qaldığım, onun ruhuna ünvanladığım həmin ön sözü bəzi əlavələrlə dəyərli oxucularımıza təqdim edirəm.

Sonradan kitabı mənə təqdim edərkən, Güləhməd mənə tapşırdığı altı bəndlik şeir də yazıb gətirmişdi. Həmin şeirdə belə bir bənd var:

Darıxma, bu millətin suları durulacaq 
Bir gün bu millətin qandalları qırılacaq 
Zalımdan, zülümkardan 
haqq-hesab sorulacaq
Oyanıb bu millətin mərdi, Asif müəllim!

Allah incə qəlbli şairimiz Güləhmədə rəhmət eləsin və dua edək ki, onun istəkləri həyata keçsin, bulanıq sular durulsun, millətin qandalları qırılsın, şairin vətən sitəmli ruhu rahatlıq tapsın. Milləti oyadanlar, suları duruldanlar da Güləhməd kimi mərd və səmimi vətənpərvərlər, istedadlı şairlər, ziyalılardır. Güləhmədin əsərləri Ahıska türklərinin həm keçmişini, həm də bugünkü həyatını və duyğularını, milli ovqatını ifadə edir. Bu əsərlər haqqında çox danışmaq olar, ancaq ətraflı mühakimələri oxucuların öhdəsinə və gələcək tədqiqatçılara buraxaraq, onun yaradıcılığının ümumi cəhətlərini səciyyələndirmək istərdim. 

Güləhməd Şahinin əsərləri həm məzmun, həm də forma etibarilə zəngin və çeşidlidir. Janr etibarilə "Tənhalıq", "Bəxtimə düşən ömür", "İki varlıq", "Ömür qatarı" kimi poemaları, xalq yaradıcılığı və müasir üslubda olan lirik şeirləri, klassikadan qaynaqlanan qəzəlləri məzmunca dərin, formaca təsirlidir - həyatın mənası, dünyanın sirri-müəmması, tale-qədərin hökmü, xəyal və gerçəyin təzadı, sevgi və həsrət, məyusluq və xiffət, kədər və çaşqınlıq, inam və əzm kimi mətləblər bu əsərlərin məğzini təşkil edir. 

Lakin bütün bu müxtəliflik bir məhvər ətrafında birləşir - vətən dərdi, qürbət acısı, qəriblik ovqatı və sönməz yurd sevgisi, mübarizəyə çağırış.

Güləhməd şeirlərində özüylə tək olanda da, tənhalıqda da, fərdi insani duyğularını yaşayanda da əsərlərinin məna-məzmun təməlində onun qara sevdası - həmvətənlərinin 70 ildir ağrısından qovrulduğu yurd həsrəti, qəriblik duyğuları durur. Güləhməd sevgidən, məhəbbətdən bəhs edəndə də qəribdir, təbiəti, insani gözəllikləri vəsf edəndə də qəribdir, tale və qədər, həyat və ölüm, insan və toplum barədə düşüncələrində də qəribdir, bütövlükdə "bəxtinə düşən ömür" yaşantılarında qəribdir. 

Onun varlığında da, əsərlərində də əsas amal, əsas ideal - Ana yurd, doğma diyar Ahıskadır, yurd haqqında xatirələrdir, vətənin dağı, dərəsi, çəməni, ormanı, cameləri, qalalarıdır, bu obalarda yaşamış insanların xatirələridir, qərib məzarlıqlardır. Güləhməd üçün qürbət yanğısını söndürəcək yeganə məlhəm - doğma yurd yeridir, ana vətən Ahıskadır. Bu sıradan onun babalarının məzarları qalmış, ecazkar təbiəti, əlçatmaz qalaları, müqəddəs türbələri, nurani xocaları, Koblıyanlı Çərkəzoğlu, Aşıq Məhəmməd Səfili kimi ünlü şairləri ilə məşhur olan Koblıyan-Altunqala bölgəsi və Pulate kəndi Güləhmədin yaradıcılığında daim xüsusi kədərlə anılan, həsrəti çəkilən məkandır: 
                     
Sən nerdəsin, Pulatenin puvari,
Qana-qana bir içeydim sulari, 
Qaranluxlar tutdi bizim yolları
Baxmağa heç sağ-solumuz qalmadi.

Vətən dərdindən, fərdi ömür yolunun və milli taleyin acılarından doğan bu xiffət və həsrət bəzən xəyalları puça çıxan, nağılına çatmayan bir çocuq çaşqınlığında ifadə olunur:

Çox öyünmə, dəli könül,
Daha noğul bişən deyil.
Gözlədiyin üç almadan
Heç biri də düşən deyil.

Bəzənsə fərdi və milli taleyin amansızlığı müəllifi faciəli ümidsizliyə salır:

Baş daşımda bir yazı yaz:
"Görmədi bir çiçəkli yaz".
Qardaş, mənim qəbrimi qaz,
Öldüm sızlaya-sızlaya.

Lakin şair bu faciəli çevrədə qapanmır, ümidsizlik inam və mübarizliklə əvəzlənir. Güləhməd çaşqınlıqdan, ümidsizlikdən qurtuluşu, ilk növbədə, öz türk-müsəlman ruhunda, uca Allaha inamında və türkvarlığında, xalqının müdrik qüdrətində tapır:

Sanki bir qəflətdən oyandı canım,
Əlləri səmaya boylandı canım,
Bir şəfqət nuruna boyandı canım,
Sonunda şəfaət versin Allahım,
Hər şeyə qadirsin, birsin, Allahım!

Sürgün acılarını ləyaqət və şərəflə, milli kimliyini, sazını-sözünü, dilini - dinini qoruyaraq keçirən xalqından qürur duyan Güləhmədin "Halal olsun, millətim!" şeirində belə deyir:

Zaman-zaman fələklərin
zindanında çox döyüldü,
Üzülmədi.
Quzğunların caynağında 
daşdan-daşa çox atıldı,
Əzilmədi.
Ömrü-günü daşa döndü,
xəzan vurdu yarpağını
Tökülmədi.
Suya həsrət ağac kimi 
qurusa da, bükülmədi... 

Beləliklə, şair öz daxili gücünü Uca Tanrıya olan inamından, türklük ruhundan, xalqının müdrikliyindən, həmvətənlərinin dönməz iradəsindən, yurd sevgisindən alır. Öz soydaşları kimi Güləhməd doğma Vətəni ali dəyər, hər şeydən üstün məqsəd, mütləq amal kimi tərənnüm edir. Güləhmədin şeirlərində fəlsəfi kədər, taleyin acıları, xiffət və nisgil vətən sevgisi qarşısında geri çəkilir. Şairin əsərləri, qəriblik poeziyası, lirik kədərin dərinliyinə baxmayaraq, xalq ruhunun əbədiliyini, yurda dönüşün labüdlüyünü, gələcəyə inamın sarsılmazlığını və vətən yolunda mübarizə əzmini təsdiqləyir.  
Bu yolun yolçusu olan Güləhməd son nəfəsində də Vətən həsrəti çəkdi, xalqının taleyini yaşadı, yurd sevdası ilə fani dünyadan getdi, əbədiyyətə qovuşdu. Kitabına yazdığı müraciətdə belə sətirlər var: "Bu kitabda toplanan bütün şeirlərimdə mənim taleyimin keçmişi və bu günü əks olunmaqdadır. Yazılan yazımıza pozu yoxdur... Mən bu kitabdakı şeirlərimdə ağrılı-acılı günlərimdə çəkdiyim əzabları şeirimin sətirlərində göz yaşlarımla qarışdırmışam. Ümidimin sonuncu telinə qədər ilahi dərgahına sığınmışam... Sizi bu kitabla baş-başa buraxıram. Kitab sizin xoşunuza gəlsə, əmin olun ki, mənim ruhum da şad olacaqdır".  

Əziz Güləhməd qardaşımız, ruhun şad olsun, sən şərəfli ömür yaşadın, səmimi qələm əhli oldun və əsərlərin sevə-sevə oxunulur. Şeirlərin oxucularını doğma yurda, Ahıskaya səsləyir, eləcə də ali mənəvi dəyərlərə, haqqa yönəldir. Bu gün dünyanın hər yerində sənin qələm yoldaşların - Ahıska türklərinin istedadlı şair və nasirləri, eləcə də musiqiçiləri, rəssamları, alimləri yaşayıb-yaradır. Lakin bir çox ölkələrə səpələnmiş, müxtəlif yerlərdə, müxtəlif dillərdə təhsil alan və çalışan, qəlblərində yurd sevdası, millət eşqi şölələnən bu istedadlı insanların mənəvi qayğıya ehtiyacı var. Nə xoş ki, bu qayğını göstərənlər, ahıskalıları doğma yurda yaxınlaşdıranlar var. "525-ci qəzet"də Ahıska yazarları haqqında silsilənin varlığına imkan yaratmış görkəmli ədibimiz, bu dəyərli qəzetin yaradıcısı və baş redaktoru Rəşad Məcidə, göstərdiyi bu qayğıya görə təşəkkürümü bildirirəm. Eyni zamanda inanmaq istəyirəm ki, Ahıska türklərinin folklorunun, şair və yazıçılarının əsərlərinin işıq üzü görməsi üçün digər təşkilat və müəssisələrimiz, nəşriyyat və informasiya vasitələrimiz də öz töhfəsini verəcək və bu qardaşlarımız türk olaraq qalacaq və türk olaraq öz doğma yurdlarına qovuşacaq. 

 





01.09.2021    çap et  çap et