525.Az

Toksik münasibətlər - Leyla Camal yazır...


 

Toksik münasibətlər -<b style="color:red"> Leyla Camal yazır...</b>

“Coca-cola”ya nanəli konfet atsanız, dolub daşacaq və ətrafı korlayacaq. Çünki kimyəvi tərkibləri bir-birilə uzlaşmır. Bəzi insanlar da belədir. Məcbur etməklə yeriməz münasibət. Çəkişdikcə bərkişməz, incəldiyi yerdən qopar. Düyün vursan da, yamaq salsan da. Baxdıqca gözünə çarpacaq ilk şey o düyün, o yamaq olacaq. Hər davada töküləcək köhnə palanlar kimi. Bu ənənə dəyişməyəcək. Ən xırda qığılcım alovlandıracaq davanı, qızışdıracaq aranı. Səslər yüksələcək, əllər titrəyəcək, göz yaşı töküləcək. Kiminsə solunda ürəyi silkələnəcək, kiminsə ürəyindən sevgisi söküləcək. 

Yenə qarşılıqsız, yenə tək tərəfli, yenə etinasız. 

Bir tərəfin üzülüb, digər tərəfin sadəcə göz süzdürdüyü münasibətlər.

Bir tərəfin nəfəsi kəsilərək ağlayıb, digər tərəfin "bu gün çox gözəlsən" deyə ova çıxdığı münasibətlər.

Bir tərəfin xatirələr həbs olub, digər tərəfin gününü gün etdiyi münasibətlər.

Bir tərəfin həyəcanla zəng gözləyib, digər tərəfin dəstəyinin qulağını yandırdığı münasibətlər. 

Bir tərəfin qısqanclıqdan havalanıb, digər tərəfin yeni ovuna tərif yağdırdığı münasibətlər.

Bu siyahı uzana, bu faktlar daha da sadalana bilər. Hamısının ortaq bir nöqtəsi var - toksik münasibətlər. 

Qarşındakı səni görməzdən gəlirsə, üzüntülərini yox sayırsa, qaçmaq üçün bəhanələr axtarırsa, başqa qoxularla sabahı açırsa, sən bir xoş sözə möhtackən başqasını tərif atəşinə tutursa, sən şikayətlənəndə uzaqlaşmağını guya "qürur" adlandırırsa, özünə edə biləcəyin ən böyük yaxşılıq arxana belə baxmadan qaçmaqdır. Bu tip insanlar sənin sevginlə bəslənib, enerjinlə yaşayarlar. Sənin üzüntülərin, narahatlıqların əsla onlara maraqlı olmaz. Düşündükləri tək şey öz rahatlıqlarıdır.

Həəəə, indi deyəcəksən ki bəs məni sevmirsə, niyə ayrılmır? Gözəl sualdır, cavabı içində gizli. Sənin onu sevməyin onun eqosunu təmin edir. Özünü güclü qəhrəman hesab edir. Ona özünü dünyanın mərkəzi hiss etdirdiyin üçün, vazkeçilməz olduğunu düşünür. Sənin sevgin ona güclü olduğunu isbatlayır, sənin sayəndə özünü dəyərli hesab edir. Əslində, itirməkdən qorxduğu sən deyilsən, sənin sevgindir. Həddən artıq kompleksli və özgüvəni aşağı olan insanların qarşı cinsə marağı yüksək olur. Nə qədər çox ünsiyyətdə olurlarsa, o qədər çox özlərini təsdiq etdiklərini düşünürlər. Nə qədər çox əks cinsdən xoş sözlər eşitsələr, bu, onların kompleksini basdırır və özlərini vazkeçilməz olduğuna inandırırlar. Bu, Obsessiv Kompulsiv Pozuntunun bir formasıdır. Bəli, bu, xəyanət deyil, xəstəlikdir. Xəyanətin bir əlacı var. Üzr istəyər. Zamanla düzələr. Amma bu insanlar əsla düzəlməz. Kök insanların hər bazar ertəsi pəhrizə başlaması kimi, hər sabah dəyişməyə söz verər, and içər. Amma daha da betər hala gələrlər. 

Bu tip insanlar toksikdir. Öncə səni zəhərləyər, sonra özünü. Tətmin olmamaq, əlindəkiylə yetinməmək, gözünün daima kənarda olması zamanla beyin hüceyrələrini sıradan çıxarar. Bu, ona davranış və şəxsiyyət pozuntularına gətirib çıxarar. O, nə səni, nə də özünü, qısacası kimsəni xoşbəxt edə bilməz.

Sənin şikayətlərin bir zaman sonra onun üçün adi hal alacaq. Göz yaşlarından bəslənəcək. Bəli, səni də əlindən buraxmayacaq. Çünki sən onun üçün "restoran tapmasam, soyuducuda yemək var" misalısan. 

Sevirmi-sevmirmi deyə şübhələr səni yeyib bitirəcək. Sevgidə şübhə olmur. Varsa, orda sevgi olmur.

Düşünürsən ki, ayrılsan, yox olarsan, məhv olarsan. O, sənin oksigen balonun deyil. Gülüstanı xəzana çevirən qabiliyyətsiz bir bağbandır.

Elə indi, özünə bir yaxşılıq et və toksik münasibəti bitir. Dağılacaqsan, parçalanacaqsan. Amma inan, ən böyük addımı atdıqdan sonra sürətlə toparlanacaqsan. Ondan getməlisən ki, özümə gələsən. Ən böyük addım - özünü vazkeçilməz sanandan bir göz qırpımında vaz keçmək. Sanki heç olmamış kimi yoluna davam etmək. Ardınca "sən getsən, dağılaram", "sənsiz ölərəm" deyə kopyalayıb yerləşdirdiyi şablon sözlərə məhəl qoyma. Səndən öncəkilərdə oxu daşa dəyib deyə səndə bəxtini sınayır. Bəli dostum, surətlə uzaqlaş. Nifrətim? Əsla!!! O da bir duyğudur. Ən böyük intiqam yox saymaqdır. 

Sən indi yarpaqlarını tökmüş ağac kimisən. Fəqət, qış bitəcək, bahar gələcək. Və sən yenidən çiçəklənəcəksən. Həm də daha rəngarəng, daha al-əlvan...

Nə qışın ayazı, nə də fəsillərin yazı sənin əhvalına təsir etsin. Qəlbin dörd fəsildə də bahar olsun. İndi qabıq dəyişirsən, hər canlı kimi, ağrılı və sancılı. Azacıq səbr. Bolluca göz yaşı. Tutma hisslərini, doyunca ağla, zəhər çölə axmasa, ürək yuyulmaz. Burax göz yaşlarına qarışıb yanağından axıb getsin. Unutma bədən belə toksik olan hər şeyi ifraz edir. Sən niyə solunda saxlayasan. Heyif deyilmi ritmi dünyanı dəyişdirən ürəyinə. 

Bəli, indi məğlubedilməzsən. Çünki sən bu gün özünə, hisslərinə, nəfsinə qalib gəldin. Mən səninlə fəxr edirəm. Sən bu dünyadakı ən güclü, ən məğrur və ən qüdrətli döyüşçüsən. Yaralarına fikir vermə. İtkisiz müharibə, yarasız döyüş olmaz. Sən qələbənin dadını çıxar. Qalanı düzələndir... Sən bacaracaqsan... Sənə inanıram. Bəs sən? Özünə nə qədər inanırsan? Qanına hopan, ömrünü zəhərləyən, ürəyini xəzana çevirən toksik virusdan əl çəkməyi düşünmürsən? 
 

 





02.09.2021    çap et  çap et