525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

Rəvan Mərdan oğlu Quliyev 17 iyul 2001-ci ildə Şirvan şəhərində anadan olub. 2007-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüblər. 

İlk təhsilini Bakı şəhəri Səbail rayonu 51 saylı tam orta məktəbdə alıb. Daha sonra 2013-cü ildə ailənin vəziyyətiylə bağlı Neftçala rayonunun Aşağı Qaramanlı kəndinə köçüb və 7-ci sinfi orada oxuyub. Bir il Neftçalada oxuduqdan sonra yenidən Bakı şəhərinə köçərək 9-cu sinifə qədər 51 saylı məktəbdə təhsilini davam etdirib. 9-cu sinifi bitirdikdən sonra bərbərlik sənətinə yiyələnib. 

Anası Aybəniz xanım deyir: "Oğlum Rəvanın futbola çox böyük həvəsi vardı və çox gözəl futbol oynayırdı. Həmişə deyirdi ki, məşhur futbolçu olacam".

Ailədə anası və özündən 2 yaş kiçik qardaşı ilə birlikdə yaşayan Rəvan subay idi.

2020-ci il yanvar ayının 7-də həqiqi hərbi xidmətə yollanmaq üçün Neftçala rayon hərbi komissarlığı tərəfindən Ağcəbədi rayonuna göndərilir. 3 ay Ağcabədidə xidmət etdikdən sonra Füzuli rayon N saylı hərbi hissədə xidmətini davam etdirmək üçün yola düşür.

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinə qatılan Rəvan Cəbrayıl, Qubadlı, Zəngilan və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə oktyabrın 23-də anası ilə danışıb və anasına hər şeyin yaxşı olduğunu, darıxmamağı və tezliklə gələcəyini deyib. 
Rəvan Quliyev oktyabr ayının 24-də Füzuli rayonu uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına yüksəlib. Oktyabr ayının 25-də Neftçala rayonunun Astanlı kənd qəbiristanlığında dəfn olunub. 

Rəvan Quliyev şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

***


Habil Tahir oğlu Muradov 2002-ci il mart ayının 12-si Salyan rayonunda anadan olub.

2008-ci ildə Salyan rayon 1 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub. Daha sonra təhsilini Neftçala rayon Cəngən məktəbində davam etdirib.

Bakıda "Qlobus Center"də havalandırma şirkətində işləyib. Ailəsi ilə birlikdə yaşayan Habil subay idi.

2020-ci il may ayının 27-si Füzuli rayonuna həqiqi hərbi xidmətə yollanıb.

Sentyabr ayının 27-si başlanan II Qarabağ müharibəsinə qatılaraq Füzuli və Xocavənd rayonunda gedən döyüşlərdə iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabr ayının 4-ü əlaqə saxlayıb və hər şeyin yaxşı olduğunu, tezliklə qələbə qazanacaqlarını deyib, ondan nigaran qalmamağı tapşırıb. 
Azərbaycan ordusunun əsgəri olan Habil Muradov oktyabr ayının 8-i Füzuli rayonunda gedən qızğın döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib və Neftçala rayonunun Büştalı kəndində dəfn edilib.

Habil Muradov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunması görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.

***


Rza Əskər oğlu Məmmədov 2001-ci il noyabrın 23-də Şamaxı rayon Göylər kəndində ailənin ilk övladı və tək oğlu olaraq dünyaya gəlib. Ondan sonra iki bacısı da olub. Onun atası Əskər Məmmədov Birinci Qarabağ müharibəsində iştirak edib və yaralanıb. 

Rza 2007-2018-ci illərdə Göylər kənd T.Kərimov adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Bu müddət ərzində həm də Şamaxı Şəhər İncəsənət Təhsili mərkəzində səs üzrə (xanəndə) təhsil alır. 

Rza 7 yanvar 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə yola düşüb. İlk aylar Ağcabədi rayonunda xidmətinə başlayıb. Bir müddətdən sonra öz istəyilə Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə kəşfiyyat taboruna yazılır. Müvafiq kurs keçdikdən sonra sanitar əsgər olaraq xidmət göstərir. Rza orda da hörmət qazanır. Komandirlər, əsgər yoldaşları Rzanın gözəl səsinə heyran qalır. Tez-tez mahnı da oxuyarmış əsgər yoldaşlarına.

Pandemiya səbəbindən hərbi xidməti boyunca heç vaxt görüşə bilmədiyi ailəsiylə son dəfə 24 sentyabrda telefon əlaqəsi saxlayır. Valideynləriylə söhbətində hər şeyin yaxşı olduğunu desə də, özündən bir yaş kiçik bacısıyla danışanda valideynlərini və balaca bacılarını ona əmanət edir
Rzanın Tibb xidmət rəisi Haman Əliyev danışır ki, hər zaman məlahətli səsi və gözəl ifalarıyla əsgər yoldaşlarının könlünü oxşayan Rzadan 26 sentyabr 2020-ci il gecəsi dostları təlimdən sonra yenə də bir mahnı oxumağını xahiş edirlər. Rza isə onda "Ana, mən şəhid oldum" mahnısını oxuyur. H.Əliyev ondan niyə məhz bu mahnını oxuduğunu soruşanda Rza gülə-gülə "çünki mən şəhid olacam" - deyir. 

Bu hadisədən bir neçə saat sonra, 27 sentyabr səhər erkəndən müharibə başlayır. Füzuli istiqamətində gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını çıxarmaq üçün döyüş meydanına gedən Rza son dəfə hərbi hissədən xərək götürüb çıxarkən ordakı işçilərə də gülərək "bu xərək birinci özümə qismət olacaq" - deyir. O, iki dəfə ön xəttə yollanaraq yaralı döyüş yoldaşlarına kömək edir. Üçüncü dəfə isə onların hərbi ambulansı düşmən tərəfindən vurulur. Rza müharibənin ilk saatlarında, 06:30 radələrində Vətən müharibəsinin ilk şəhidi kimi əbədiyyətə ucalır. O, sentyabrın 28-də Göylər kəndində yerləşən kənd qəbiristanlığında dəfn olunub.

Rza Məmmədov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medallarıyla təltif olunub.

***

Əkbər Güləhməd oğlu Quliyev 2000-ci il avqust ayının 18-də Rusiya Federasiyasının Tümen vilayətinin Surqut şəhərində anadan olub. Atası Güləhməd Quliyev deyir ki, "bir yaşı olarkən Azərbaycana, vətənimə gətirmişəm ki, öz dinində, öz dilində, öz ocağında böyüsün və vətəninə xeyirli övlad olsun".

2006-cı ildə Bakı şəhərinin Bayıl qəsəbəsində 1-ci sinifə gedib. İşsizlik səbəbindən Neftçala rayonuna qayıdırlar və Əkbər təhsilini Neftçala rayon şəhid Samid İmanov adına 1 nömrəli tam orta məktəbin rus sektorunda davam etdirib. Daha sonra məktəb yolunun uzaq olması səbəbindən təhsilini Neftçala rayon Xıllı məktəbində davam etdirib. 2017-ci ildə həmin məktəbin məzunu olub. Rus, ingilis və türk dillərini səlis bilirdi.

2019-cu il oktyabr ayının 3-ü həqiqi hərbi xidmətə, Tərtər rayonunun Sarov kəndinə N saylı hərbi hissəyə yollanıb. Əsgərlik zamanı 7 dəfə hospitalda müalicə alıb. Bu dövrdə nümunəvi davranışına görə müxtəlif tətiflərə layiq görülüb. Sentyabr ayının 21-də təlimə yollanıb, daha sonra isə sentyabr ayının 27-də başlanan Vətən müharibəsinə qatılıb. Füzuli və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Sonra isə Qubadlıda gedən döyüşlərə qatılıb. 

Noyabr ayın 4-ü və 5-i Şuşa şəhərində gedən qızğın döyüşlərdə vuruşub. Sonuncu dəfə ailəsi ilə Qubadlı rayonunda olarkən danışıb. Noyabr ayının 5-dən sonra isə Əkbər itkin düşüb. 

Uzun sürən axtarışlardan sonra onun nəşi tapılaraq fevral ayının 16-da ailəsinə təhvil verilib. Hikmət Hacıyevin qərarına əsasən, fevral ayının 16-da General Polad Həşimovun uyuduğu II Fəxri xiyabanda dəfn olunub.

Əkbər Quliyev şəhadətindən sonra "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif olunub.

***

Asəf Abid oğlu Ağayev 24 noyabr 1993-cü ildə Qax rayonunda anadan olub. O, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 2012-ci ildə buranı bitirib. 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil alıb. 

2016-cı ildə məktəbi bitirib Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində leytenant rütbəsi alaraq xidmət etməyə başlayıb.
Asəf Ağayev 2020-ci il sentyabrın 27-dən başlanan Vətən müharibəsində iştirak edib. Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Həmçinin, 10 dekabr 2020-ci ildə keçirilən Bakı Qələbə Paradında iştirak edib.

Baş Leytenant Asəf Ağayev 17 dekabr 2020-ci ildə Xocavənd rayonu istiqamətində minaya düşərək şəhid olub.

Asəf Ağayev şəhadətindən sonra "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

***


Asiman Vaqif oğlu Əliyev 1987-ci il fevralın 1-də Ordubad rayonunu Düylün kəndində anadan olub. 1993-2001-ci illərdə Düylün kənd tam orta məktəbində, 2001-2004-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2001-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) "Motoatıcı Taqım Komandiri" ixtisası üzrə ali hərbi təhsil alıb. 

Həmçinin, 2008-2009-cu illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) "Zabit" ixtisası üzrə təhsil alıb.

Azərbaycan Ordusunun mayoru olan Asiman Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 7-də Xocavənd döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. II Şəhidlər xiyabanında dəfn olunub.

Ailəli olan şəhidimizin üç övladı Vətənə və xalqa əmanət qalıb.

Asiman Əliyev şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

Faiq Qaçay oğlu Qasımov 1974-cü il fevralın 10-da Qubadlı rayonunun Qayalı kəndində anadan olub. Ailədə bir bacı, beş qardaş olublar. Uşaq yaşlarında Əliyar Əliyevin məşqçiliyi altında idmanın güləş mövü ilə məşğul olub. 1993-cü il avqustun 31-də Qubadlı rayonunun ermənilər tərəfindən işğal edilməsindən sonra Qasımovlar ailəsi Sumqayıt şəhərinə gəlirlər və burada yaşamağa başlayırlar.

Faiq Qasımov 1981-ci ildə Qubadlı rayonunun Qayalı Kənd tam orta mətəbinin birinci sinfinə qəbul olub və 1990-cı ilə qədər orada təhsil alıb.
1991-ci ildə Birinci Qarabağ müharibəsində savaşmaq üçün müraciət eləsə də, ancaq 1992-ci ilin fevralında 18 yaşı tamam olduqdan sonra Azərbaycan Milli Ordusunun sıralarına çağırılıb və Qubadlı rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə Əliyar Əliyevin rəhbəri olduğu taborda topçu olaraq savaşıb. 1992-ci ildə Yuxarı Cibikli istiqamətində gedən döyüşlər zamanı onun qardaşı - "Qorxmazçılar" Batalyonunun Komandiri Həsənqulu Qasımov (Həsən Qorxmaz) 23 yaşında şəhid olub. O gündən sonra Faiq qardaşının qisasını almaq üçün hərbçi olmağı qərara alır.
O, 1993-cü il avqustun 1-də Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə qəbul olub və 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.

Faiq Qasımov 1995-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən N saylı hərbi hissəsində, 2010-2012-ci illərdə Balakən rayonunda yerləşən N saylı hərbi hissəsində, 2012-2013-cü illərdə Mingəçevir şəhərində yerləşən N saylı hərbi hissəsində, 2013-cü ildən isə Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edirdi.

2016-cı il aprelin 1-dən 2-nə ötən gecədən başlayaraq Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində şiddətli döyüşlər başladı. Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Faiq Qasımov cəbhənin Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə savaşıb. 

Xidməti dövründə Faiq Qasımov müxtəlif zamanlarda "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı, "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı, "Azərbaycan Silahlı Qüvvələri Veteranı" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı və sair kimi medallarla təltif edilib. 

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Faiq Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı istiqamətində qəhrəmancasına şəhidlik məqamına yüksəlib. II Şəhidlər xiyabanında dəfn olunub.

Ailəli olan şəhidimizin bir oğlu və bir qızı Vətənə əmanət qalıb.

Faiq Qasımova şəhadətindən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Həmçinin, "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Gülşad Elşad oğlu Xəlilov 2001-ci il martın 27-də Masallı rayonunun Kürdəbazlı kəndində anadan olub.

2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Gülşad Xəlilov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb. Masallı rayonunda dəfn olunub.
Gülşad Xəlilov şəhadətindən sonra "Vətən uğrunda" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

Hafis Cavanşir oğlu Qasımov 1998-ci il iyulun 18-də Culfa rayonunun Camaldın kəndində anadan olub. 2004-2012-ci illərdə Camaldın kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Hafis Qasımov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Xidməti dövründə o, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalına layiq görülmüşdü.

Azərbaycan Ordusunun leytenantı olan Hafis Qasımov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 14-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Culfa rayonunda dəfn olunub.
Hafis Qasımov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.

***

Fərid Vəlhəd oğlu Məmmədov 29 Aprel 1990-cı il tarixində Abşeron rayounu Xırdalan şəhərində anadan olub. 1997-2008-ci illərdə Abşeron rayonu Xırdalan şəhərinin 2 saylı orta məktəbin rus bölməsində təhsil alıb. 2014-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının - Vətəni müdafiə ixtisası üzrə bakalavr təhsili alıb. 

Fərid Məmmədov 2008-2010-cu illərdə AR Müdafiə Nazirliyinin Hava Hücumdan Müdafiə və Hərbi Hava Qüvvələrində hərbi xidmətdə olub. 2010-2016-cı illərdə AR DİN Daxili Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib. 2017-ci ildə Müdafiə Nazirliyin 3 aylıq gizir hazırlığı kursunu bitirdikdən sonra Təlim Tədris Mərkəzinə təyin olunub, 2019-cu il dekabr ayında Təlim Tədris Mərkəzinin Ehtiyat Zabitlər kursunu bitirərək ilk hərbi zabit rütbəsi olan "leytenant" rütbəsini alıb və Tağıyev qəsəbəsində yerləşən N saylı hərbi hissədə "tağım komandiri" kimi xidmətə başlayıb.

Azərbaycan Ordusunun leytenantı olan Fərid Məmmədov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı oktyabr ayının 6-da cəbhənin Füzuli-Cəbrayıl istiqamətinə ezam olunub və oktyabr ayının 25-də Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına yüksəlib. 26 oktyabr tarixində II Fəxri xiyabanda dəfn edilib.

Ailəli olan şəhidimizin Vətənə və xalqa əmanət bir oğlu qalıb.

Xidməti dövründə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 illiyi" döş nişanına layiq görülən Fərid Məmmədov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

***

Xalid Həsən oğlu Gözəlov 1996-cı il noyabrın 4-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 

Ömrünü hərb sənətinə həsr edən Xalid Gözəlov nümunəvi xidmətinə görə müxtəlif zamanlarda "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı, "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı və sair təltiflərə layiq görülüb.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və sentyabrın 27-də Füzuli döyüşləri zamanı mayor Abbas Qasımov ilə birgə şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

Vətən müharibəsinin başladığı birinci dəqiqələrdə şəhid olan Xalid Gözəlov və mayor Abbas Qasımov müharibənin ilk şəhidlərindəndirlər.

Xalid Gözəlov şəhadətindən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

***

İbrahim Raqub oğlu Cəbrayıllı 1999-cu il fevralın 3-də Zərdab rayonunun Məlikumudlu kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan İbrahim Cəbrayıllı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb və sentyabrın 30-da Murovdağ döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 

İbrahim Cəbrayıllı şəhadətindən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

***

İbrahim Mustafa oğlu Əliyev 1997-ci il 17 fevralda Kəngərli rayonunun Qabıllı kəndinə anadan olub. 2003-2011-ci illərdə Qabılı kənd tam orta məktəbində, 2011-2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

2018-ci ildə Ali hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib leytenant kimi şərəfli xidmətinə başlayır. Xidməti zamanı da bir çox müvəffəqiyyətlərə imza atır. "Azərbaycan Ordusunun yaranmasının 100 illiyi" medalına, diplom və sertifikatlara layiq görülür. 2020-ci ildə Türkiyədə keçirilən xüsusi kəşfiyyat kursunu da uğurla tamamlayıb Vətənə qayıdır. 

Azərbaycan Ordusunun leytenantı olan Əliyev İbrahim Vətən müharibəsi zamanı sentyabrın 30-u Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlir. Lakin nəşi 70 gün sonra tapılır, dekabrın 7-də göz açdığı doğma Qabıllı kəndində torpağa tapşırılır.

İbrahim Əliyev şəhadətindən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 





02.09.2021    çap et  çap et