525.Az

"Bu 60 ili narahat, amma mənalı yaşamışam" - Yadigar Məmmədli


 

"Bu 60 ili narahat, amma mənalı yaşamışam" - <b style="color:red"> Yadigar Məmmədli</b>

Tanınmış jurnalist, Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Mulltikulturalizm Mərkəzinin İnformasiya Təminatı və Sənədlərlə İş şöbəsinin müdiri Yadigar Məmmədlinin bu günlərdə 60 yaşı tamam olub. Y.Məmmədli 1961-ci ildə Astaranın Qapıçıməhlə kəndində dünyaya gəlib. 1978-1983-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Aktiv jurnalist fəaliyyəti ilə məşğul olan Y.Məmmədli bir sıra qəzetlərin baş redaktoru, Sovet dönəmində "Kimyasənaye" İstehsalat Birliyi radio verilişləri redaksiyasının redaktoru işləyib. Media ilə bağlı müxtəlif beynəlxalq və yerli seminarların təşkilatçısı, media sahəsində bir sıra layihələrin də media üzrə eksperti olub.

Y.Məmmədli 2015-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mətbuatının inkişafında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

"Geriyə dönüb baxanda, bəzi addımlarımın daha məqsədli, daha qətiyyətli, uğurlu olduğunun fərqinə varıram" deyir Yadigar müəllim: "Bu 60 ili, indiyə qədər olan həyatımı şüurlu şəkildə yaşamışam və bununla fəxr edirəm, qürur hissi keçirirəm. Bütün səhvlərimlə, çətinliklərim və problemlərimlə bir yerdə yaşamışam bu 60 ili. Qənaətim budur ki, çox şərəfli ömür yolu keçmişəm".

Acılı, şirinli 60 yaş

Yadigar Məmmədlinin sözlərinə görə, 60 yaşı tamam olanda bir az diksinib: "Düzdür, illəri yaşayıb gəlirsən. Hər il yaşın üstünə yaş gəlir. Amma 60 elə bir yaşdır ki, ilk baxışda insan bir az heyrətlənir ki, gəlib bu yaşa çatdım yəni?! Amma ötən illərə nəzər salanda baxıb görürsən ki, birdən-birə gəlib çatmamısan bu yaşa. 60 yaşın arxasında uzun bir həyat var, həyat hekayələri var, şirini, acısıyla, yaxşısı, pisiylə. Bu ötən 60 ildə həyatımda yadda qalan məqamlar çox olub. Bu illər ərzində həyatın məndən apardıqları da var, verdikləri də. Mən naşükür insan deyiləm. Mən bu həyatı anlayaraq, istəyərək keçməkeşli, məşəqqətli həyat yolu keçmişəm. Qazandıqlarım da olub, itirdiklərim də. Lakin yenə də xatırlayanda qürurlu hisslər yaşayıram, xoş təəssüratlara qapılıram. Yaşadıqlarımdan isə heç vaxt peşmançılıq hissi keçirmirəm.

Mən atamı gənc yaşımda itirmişəm. O, 56 yaşında dünyasını dəyişib. Mən o zaman elə fikriləşirdim ki, atam qocalıqdan rəhmətə gedib. Görüntüsü elə idi. Amma indi özüm ondan daha yaşlıyam və baxıb görürəm ki, o, çox erkən dünyasını dəyişib. Atamdan sonra ən böyük itkim kiçik qardaşımım 30 yaşında yol qəzasında həlak olması olub. Qardaşım Qamət hərbçi idi. Akademiyanı bitirdikdən sonra ön cəbhədə zabit kimi xidmət edib. Çox çətinliklərdən, ağır vəziyyətlərdən çıxıb. Təəssüf ki, adi bir yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişdi. Onun ölümü taleyin bir istehzası idi elə bil, uzun illər düşmənlə üz-üzə qalıb sağ çıxasan, burnun da qanamaya, amma adi qəzada avtomobildəki 4 nəfərdən hamı sağ qala, sən isə öləsən. Bu 60 ilim keşməkeşli olub,  narahat, amma mənalı yaşamışam. Lakin təskinliyim odur ki, bu həyatı mən özüm seçmişəm, buna düçar olmamışam. Gileyli də deyiləm. Çox gənc yaşlarımda, milli hərəkatın o gizli dövründən fəaliyyətə başlamışam. 1980-ci ildən isə jurnalist olaraq ardıcıl fəaliyyət göstərmişəm. Sovet dövründə, hər şeyin qadağan olunduğu bir dövrdə mən evimdə "samizdat" qəzet çıxarmışam. Sonra qəzet redaktoru olaraq fəaliyyətimi davam etdirmişəm. "Cümhuriyyət" qəzetinin baş redaktoru olmuşam. Uzun müddət AXC İnformasiya Mərkəzinin direktoru vəzifəsində çalışmışam. Bu illərdə mənim fəaliyyətim sırf jurnalistika ilə bağlı olub. Bu da məni çox sevindirir ki, daim öz peşəmlə cəmiyyətə töhfə verməyə çalışmışam. Nə dərəcədə bu işin öhdəsindən gəlmişəm, alınıb, ya alınmayıb, bunu artıq ətrafımda, hadisələrə şahidlik edən insanlar deyə bilərlər".

"Jurnalistika mənə çox şey verdi"

Yadigar Məmmədli deyir ki, həyatı daim mübarizədə keçib: "Mən jurnalist kimi fəaliyyətə başladığım illərdə meydan hərəkatı var idi. Bu yolda hər kəs öz qabiliyyətini ortaya qoymağa çalışırdı. Vətən sevgisi, milli kimlik, müstəqillik məsələləri çox önəmli idi. Həmin dövdrə bəzi insanlar öz peşəsindən uzaqlaşıb siyasətçi də oldular. Zorən siyasətçi. Çox şükür ki, mən siyasətçi kimi yox, öz peşəmlə tanındım, jurnalist kimi fəaliyyətimi davam etdirdim. Nə etdimsə, jurnalist kimi etdim. Cəmiyyətdəki mövqeyimi, insanların mənə qarşı müsbət fikirlərini məhz jurnalist kimi qazanmışam. Düşünürəm ki, bəlkə başqa sahədə olsaydım, bu qədər tanınmazdım. Jurnalistika mənə çox şey verdi. Təbii ki, mən də jurnalistikada müəyyən işlər görməyə çalışdım, bunun üçün mücadilə apardım. Ortada görülən işlər var. Düzdü fəaliyyət göstərdiyim jurnalistika sahəsində də bir çox problemlərlə, çətinliklərlə qarşılaşmışam. Həbs olunmuşam. Amma heç zaman usanmamışam, məqsədimdən, düz yolumdan dönməmişəm. Jurnalist kimi fəaliyyətimi davam etdirmişəm, gördüyüm işlər və nailiyyətlərimlə fəxr edirəm".

Peşəyə sadiq olmaq

17 yaşında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuş yubilyar hər zaman jurnalistikanı sevdiyini, sevərək, öz istəyilə bu ixtisasa yiyələndiyini deyir. Bu sahəni seçməyinə qəti peşman olmayıb: "Bəzi insanlar var ki, hər hansı bir yolu keçəndən sonra peşmançılıq çəkirlər. Mən düşünürəm ki, onlar təsadüfən həmin sahəyə gələnlərdir. Ancaq mən təsadüfən jurnalist olan insanlardan deyiləm. Jurnalist olmağı çox istədiyim üçün bu peşədəyəm. İşimi çox sevmişəm və daim peşəmə sadiq olmağa çalışmışam. Bu yolda 40 ilə yaxın fəaliyyətim var. Azərbaycanda mətbuatın inkişafı ilə bağlı bir çox mərhələlər keçilib. Bu yolun hər addımında mənim də dəsti-xəttim var. Mən buna görə də qürurluyam".

Xaricdən gələn təklif

Fəaliyyəti dövründə üzləşdiyi hadisələr, başına gələn olaylar barədə xatirələrini bölüşən Yadigar Məmmədli 1990-cı illərdə üzləşdiyi maraqlı bir epizodu təbəssümlə xatırlayır: "90-cı illər idi. Həbsdən yenicə azad olunmuşdum. O vaxt bizim redaksiya "Turan" İnformasiya Agentliyinə yaxın bir yerdə idi. Bir gün redaksiyada mənə dedilər ki, səni İngiltərə səfirliyinə vacib iş üçün çağırırlar. Mən bunun zarafat olduğunu zənn edib inanmadım. Səfirlikdən mənə zəng gələndən sonra inanıb ora getdim. O vaxt İspaniya ilə diplomatik əlaqələrimiz də İngiltərə səfirliyi vasitəsilə həyata keçirilirdi. Səfir bildirdi ki, İspaniya vətəndaşı olan bir azərbaycanlı mənə məktub yazıb. Onun soyadı Yadigarovdur. Məktubda yazılmışdı: "Bəlkə də biz qohumuq. Mən sənin həbs olunmandan çox pis olmuşam. Səni İspaniyaya dəvət edirəm". Məktubda uzun-uzadı ürək sözləri qeyd olunmuşdu. Mən səfirə dedim ki, "mənim soyadım yox, adım Yadigardır".

Səfir isə təkid etdi ki, mən İspaniyaya gedim. Hətta mənim orada hər cür şəraitlə təmin ediləcəyimə söz verdi. Mən bunun boş bir şey olduğunu fikirləşdim. Geri dönüb əhvalatı redaksiyada danışdım. Həmkarlarım məni qınadılar ki, bu şansı əlindən buraxma. Sonra yenə dəfələrlə səfirlikdən mənə zəng edib soruşdular ki, getmək fikrim var, ya yox. Ancaq mən buna ciddi bir iş kimi baxmadım".

"Həm media, həm də QHT sahəsində fəaliyyət qurmağa çalışmışam"

Demokratik Jurnalistlər Liqasına sədrlik edən Yadigar Məmmədli uzun müddətdir ki, aktiv QHT fəaliyyəti ilə də məşğuldur: "Demokratik Jurnalistlər Liqası 1998-ci ildə təsis olunub. Zakir Abbas və bir qrup jurnalist yığışıb bu Liqanı təsis etdik. İlk rəhbəri bizim hörmətli jurnalistimiz Vaqif Vəlixanlı oldu. 2000-ci ildən isə Liqaya mən sədrlik edirəm. Liqa jurnalist təşkilatı olsa da, QHT kimi qeydiyyata alınıb. Azərbaycan qanunvericiliyində jurnalist təşkilatları QHT kimi qeydiyyatdan keçir. Biz, həm də QHT sektorunun üzvləri sayılırıq. Fikrimcə, vətəndaş cəmiyyətinin sütunları QHT-lər, media və siyasi partiyalardır. Mən də həm media, həm də QHT sahəsində fəaliyyətimi qurmağa çalışmışam. Mən liqaya rəhbərlik etməyə başladığım 2000-ci ildən çox məhsuldar dövr başladı. Çox böyük layihələr həyata keçirdik. Cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən işlər gördük".

"Yubileyimi qalib ölkənin vətəndaşı olaraq qeyd etdim"

Y.Məmmədli 60 illik yubileyini torpaqları işğaldan azad olunan bir ölkənin vətəndaşı olaraq qeyd edib. Deyir ki, yubileyinin Qarabağın işğaldan azad olunmasına təsadüf etməsi onu çox sevindirib: "Kimliyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ötən ilki 44 günlük Vətən müharibəsindən sonra daxilən dəyişib. Vətən müharibəsi Azərbaycanın dövlət olaraq imicini yüksəldib. Mən bunu düşündükcə qürur hissi keçirirəm ki, bu hadisələr baş verdi. 44 günlük Vətən müharibəsi birdən başlamadı ki. Bu hadisələr qəfil baş vermədi. Azərbaycan 28 il idi, buna doğru gedirdi, buna hazırlaşırdı. Hər kəs bunu arzulayır, gözləyirdi. Bu müharibə Ali Baş Komandan İlham Əliyev başda olmaqla, bütün xalqımızda vəhdət yaratdı. Əsgəri, zabiti, komandiri hər kəs bir idi, bütöv idi. Bu 44 gün ərzində hər kəs daxilən arındı, təmizləndi, tamam başqalaşdı. Hamı bir yumruq kim birləşdi, bərabər oldu. Qazanılan qələbə, Qarabağın işğaldan azad olunması hər kəsi ürəkdən sevindirdi. Mən bu gün 60 yaşımı qalib ölkənin vətəndaşı olaraq qeyd etdim. Böyük qürur hissi ilə. Böyük sevinc içində".

Hədəfə doğru

Bundan sonra görəcəyi işlərdən, arzularından söz açan Yadigar Məmmədli vurğulayır k, hər kəs bir missiya üçün gəlir bu həyata və bu məqsədinə çatmaq üçün çalışır, mübarizə aparır. O da daim hədəfinə doğru irəliləyib, çətinliklərə rəğmən ruhdan düşməyib: "Mən öz missiyamı həyata keçirmək üçün uzun bir yol keçmişəm. Bundan sonra qarşıya qoyduğum hədəflərim bu günədək gəldiyi yolun davamıdır. Yarımçıq qalan işlərimi tamamlamaq istəyirəm. Jurnalistika sahəsi ilə bağlı arzularım var. Çox istəyirəm ki, ölkədə aparılan köklü islahatlar kimi, media sahəsində mövcud olan problemlər də tədricən həllini tapsın, aradan qalxsın. Jurnalistikadakı peşəkar insanlara geniş imkanlar yaradılsın".

Sevinc QARAYEVA
 

 





05.09.2021    çap et  çap et