525.Az

"Sus ki, bu sükunətin gecəyə qardaş olsun" - Mehman Rəsulovun şeirləri


 

"Sus ki, bu sükunətin gecəyə qardaş olsun" -<b style="color:red"> Mehman Rəsulovun şeirləri</b>

Ana masa açmışdı

Ana masa açmışdı,
Açmışdı oğlu üçün...
Vətən bir az acmışdı,
Acmışdı oğlu üçün.
Bəlkə də quş apardı,
Qara bir daş apardı,
Dəsmalda yaş apardı,
Quru dodağı üçün...
Ana masa açmışdı,
Masa sinə daşında.
Şəkildən baxan oğlu,
Sanki masa başında.
Ana söz söyləyirdi
Bir qədəh göz yaşıyla.
Qara çörək yeyirdi
Qapqara baş daşıyla.
Nə tez böyüdün belə?
Bu gündən ilin çıxır.
Qonşularım deyir ki,
Qəbrindən gəlin çıxır.
Heç olmasa əynini-
başını dəyişəydin,
Görüşünə gedəndə
Ütülüyüb yuduğum
Kəfəni geyinəydin...
Oğul heç nə yemədi,
Daş iştahı kəsildi.
Ana yığdı qabları,
Ağladı, sildi, sildi...

***

Mənə Şuşanı göstər

Mənə Şuşanı göstər,
Kim olduğunu deyim!
Ana Vətən deyilsən,
Olar ki, bu gün sənə
Ana bətnisən deyim?

Sənin bətnindən axdı
Şəhidlərin qanları,
Sən qayalarda doğdun
O şəhid oğulları.

Torpaq ola bilmədim,
Yarpağın, quşun olum,
Qəlibinə tökülüm,
Şuşam, qurğuşun olum!

Otuz ildir çarmıxda
Yaş axıtdı "İsa"sı,
Şuşa sevgi kəşfidi,
Qələbə ixtirası.

Şuşa - qəzəbli əlin,
Masadakı hikkəsi!
Şuşa - geri alınan
Şirin Vətən tikəsi.

Vaqif ola bilmədim,
Dəryatək dərin imiş.
Kəndi Xan eyləyən də
Sənin gözlərin imiş.

***

Yaş yuxular

Mən içirəm qurtum-qurtum,
Sən gedirsən addım-addım.
Mənim boğazım,
Sənin gözlərin yaş...
Adlarımız tam başqa,
Bəxtimiz əkiz, adaş.
Mənə içindən ağla,
Tərləyən şüşə kimi.
Məni yuxumdan çağır,
Çəkilmiş ərşə kimi.
Məni susuz xatırla,
Mən səhra cadarıyam.
Mən balı zəhər dadan
İynəsiz bir arıyam.
Məni sənsiz xatırla,
Mən sənsiz şəkillərin
Uşağı, məktəblisi.
Mən sənsiz, sənsizliyin
Ən doğması, əkizi.
Məni uzaqda düşün,
Əlçatmazam, böyüyəm.
Kəfənlə yaddaşını,
Mən orda da ölüyəm.
Kortəbii adamam,
Mən təbiətəm, koram,
Bağlan, qana-qan deyir
Qanağlayan, koryaram.
Sus ki, bu sükunətin
Gecəyə qardaş olsun.
Ağlama, istəmirəm
Yuxularım yaş olsun.
Sən mənim istəmədən
Qırdığım oyuncağım,
Sən mənim başqasına
Qucaq açan qucağım.
Bu gecə də bitəcək,
Səhərlər oyanacaq.
İnan ki, sonda sənə
O çarpayı qalacaq.

***

Saçlarıma qar yağıb

Baxdı saçlarıma
Uzun-uzadı,
Baxdım saçlarına
Gözüm uzandı.
Uzandı kirpiyim
Üzümə kimi,
Çökdüm qarşısında
Dizimə kimi.
Düşdü qollarıma
Dəyib qırıldı,
O sınan qadından
Kəsiklər qaldı.
Deşdi damarımı
Kor iynə kimi,
Mənə yalan dedi
Gözümə kimi.
Baxdı saçlarıma
Uzun-uzadı
Dedi ki, ağarıb,
Qar yağır dedim.
Palçıq da şaxtadan
Ağarır dedim.
Çevirdi üzünü
Getdi bir addım,
Ağladı bir addım,
İtdi bir addım.
Nə saçı qayıtdı,
Nə gözü gəldi,
Bir gün məzarımız
Üz-üzə gəldi.
Qoydu başdaşını
Sinə daşıma,
Dedi ki, ağarıb
Qar yağır dedim.

***

Qatlanmış məktublar

Adamlara qat düşüb,
Köhnə məktublar kimi.
Biri ağlayır yazır,
Birinə məktub-gəmi...

Qatlanır ən maraqlı, 
Ən çox oxunan yeri.
Ağrayır əllərimin,
Məktub toxunan yeri.

Mən bu yazı üstünə
Nə yazım, nəyi pozum?
Qoy məni ciblərinə
Məktub olum, əzilim.

Mən yarımçıq cümlənin
Pozulmuş üç nöqtəsi,
Mən korun barmağında,
Gəzən ölüm kəlməsi...

***

Şair qoxusu

Yağış yağır sən olan yerdə
Hiss edirəm...
Sümüklərim sızıldayır
Beynim yaş
Bax, gözlərimə...
İstədiyin kimi ölürəm
Aram-aram, yavaş-yavaş.
İstədiyin kimi ölürəm,
Başqa cür qucaqlarda,
Başqa cür qürublarda.
Alatoran öpüşlər
Bu nə qürub, bu nə sur?
O biri dünyalardan
Bu dünyaya qan qusur!
Cəhənnəmlik arzular
Sıxılma! Yaxşı olar,
Mənə bu içkilərdən
Sən qalırsan - susuzluq.
Bir yolum var, gedəcəm
Birdəfəlik, biryolluq,
Amma darıxacaqsan
Küçənin iti kimi.
Ağ tük də işıq görən
Tənha başbiti kimi,
Başdan qan içəcəksən
Hamı başımdan keçdi.
Qaşıyıb keçəcəksən
Sevgi də qabıq verir,
Zamanla quruyacaq
Bir gün O olmayacaq!
Bir gün ONLAR olacaq!
Nə əvəzlik, nə isim,
Nə adlıq, nə yiyəlik,
Adam var bir ömürlük
Adam var birdəfəlik...
Mən gedirəm, darıxma!
Darıxma ki, 
Qapılar çölə açılır ancaq,
Darıxma ki, darıxmaq
Ancaq sənə qalacaq...
Gecələrin qorxusu,
Bir gün övladlarından
Gələcək ölüb getmiş
Dahi şair qoxusu...

***

Bir də gördün yuxusan

Bir içimlik adamlar
Yadımdan tərlə çıxır,
Gözümün içinə dik
Ancaq pişiklər baxır.

Hamı söz içindədi
Söz iylənir adamlar,
Ürəksiz söz deyirsən,
Ürəklənir adamlar.

Hamı iz içindədi,
Balaca göldü hamı.
Bir də gördün gözündə,
Boğulub öldü hamı.

Bir də gördün yuxusan,
Ancaq yatanlar görür.
Göz qapağın döyürsən,
İçəridən it hürür...

***

Hamı üşüyür indi

Hamı üşüyür indi
Hamı soyuducudu.
Kişilərin içində
Ət ürəyi buz tutub,
Qadınların köksündə
Bir içim südü donub.

Bir şüşə şərab yatır,
Ən aşağı gözündə.
Keçmişdən şəkillər var.
Soyuducu üzündə.
Hamı üşüyür indi,
Bitmir bu qış yuxusu.
Ərisə adamların
Yayılacaq qoxusu.

Bu isinmək qorxusu
Ayıracaq hamının
Sümüyünü ətindən,
Buzlaq səltənətindən.

Qovulur Qar qızları,
Qışın Şaxta babası.
Yay gələndə dilənir,
Amma mənim evimdə
Soyuducu bəslənir...
Tapmaca qadın

Qadınlar ağlayır,
Kişilər içir...
Qadının içi çaxır,
Kişinin çölü çaxır.

Gözləri yol yorğunu,
Sözü ağzında dustaq.
Xoşbəxt görünmək asan
Bir az saç, bir də daraq.

Qırıq güzgü parçası,
Süni dodaq qaçması.
O qadın tapmacadır,
Açması bir kişinin
Tənha içki açması.

***

Tək qalanların sayı...

İşıqlandıqca evlər
Pəncərə güzgü olur.
Sən küçəyə baxırsan,
Sən küçədən baxırsan...
Evdə bir darıxırsan,
Çöldə bir darıxırsan.
Arada bir şüşə var
Buxardan içi tərdi.
Tək qalanların sayı,
Gecə işığı düşən
Pəncərələr qədərdi.

***

Vergül qoy məndən sonra

Bircə bənd şeir qaldı,
Üzünə deyib getməyə.
Bircə bənd bəndə qaldı,
Unudub əzbər deməyə.

Sənin ev tapşırığın,
Həyatdan xaric oxu.
Çarpayın kök altında,
Ürəyinə də doxu.

Üçüncü şəxsin təki,
Əvəzliksən hamıya.
Min felə aldanmısan,
Gəlməmisən bir saya.

Min sifət gördüm səndə,
Nə tamamlıq, nə təyin,
Mübtədası ayrılıq,
Səndən gələn xəbərin.

Halın yiyəlik deyil,
Saitin dodaqlanır,
Vergül qoy məndən sonra,
Mötərizən bağlanır.

***

Bayraq Ata

- Ana, atam kim olub?
- Bayraq olub, can bala!
- Bəs Orxanın atası?
- ...
- Bəs Faiqin atası?
- ...
- Onlar bayraq deyillər?
- Gəl, dərsə hazırlaşaq...
- Atamın üç rəngi var...
- Gətir kitablarını.
- Necə ölür atalar?
- Bunu sənə kim deyib?
- Sinif yoldaşım Həsən.
- Qulaq asma sən ona.
- Ana, sabah görəsən...
- Atan bayraqdı sənin...
- Qucağına istədim...
-...
- Bəs sən darıxmırsan heç?
- Söz vermişəm atana.
- Bəs niyə ağlayırdın?
- Hardan düşdü yadına?
- Yuxuda dedi atam.
- Yuxuda?
- Hə, yuxuda.
- Başqa nə dedi, balam?
- Dedi ayım, ulduzum...
- Başqa?
- Yaşıl, qırmızım.
- Gördün? Bayraqdı atan!
- Bəs Faiqin atası?
- O da bayrağı tutan.

***

Mən şəhid anasıyam!

Mən şəhid anasıyam!
Pəncərədi gözlərim!
Titrəyər dodaqlarım 
Vətən sağ olsun!
Ürəyimin başı şəkil siyirtməsi,
Əlcəklərim övladımın çəkməsi...
Sən bilməyəcəksən,
Nədir ananın torpağa süd verməsi.
Məzarı yırğalamaq,
Daşlara laylay demək,
Yasında xına çəkmək,
Ağlayan qohumlara
Oynayın, toydu demək.

Mən şəhid anasıyam,
Boş eyvandı həmdəmim.
Külək yol saçlarımı
Dən dənəm, dən-dən
Qurut yaş örpəyimi,
Solmuş görünməliyəm,
Quru görünməliyəm!

***

Mən şəhid atasıyam!

Mən şəhid atasıyam!
Belimdən gələn oğlum
Belimin büküşündə.
Təsəllim başsağlığı
Gələnlərin dediyi
- Allah rəhmət eləsin!
Dilucu cavablarım
- Çox sağ ol, cansağlığı...

Mən şəhid atasıyam!
Oğlumun büründüyü 
Ayım var, ulduzum var,
Gecəm yox, gündüzüm var.
Mənim yaşayanlara
Bircə kəlmə sözüm var - 
Mən şəhid atasıyam!

***

Torpaq olan oğullar

Yağmur qanayır yavrum,
Pəncərənin o tərəfi sən,
Pəncərənin o tərəfi əsgər yolu...
Şəmsiyə tut baş daşıma
Yağan göz yaşı - dolu.
Gözü yolda qadınlar
Yuxuları səngərdə
Gələn tabut xəbəri,
Yerə düşən çəngəldə
Üzümüz qışa gedir
Üzümüz qırışlara...
Şəhid torpağa hopur,
Qoşulub yağışlara.
Yağmur qanayır yavrum,
Qaysaq bağlar buludlar.
Biz torpaq istəyirik,
Onlar torpaq olurlar
 

 





06.09.2021    çap et  çap et