525.Az

"Bizim diaspor quruculuğumuz xeyli yol qət edib" - Ceyhun Məmmədov


 

“ERMƏNİLƏR UKRAYNADA İCTİMAİ RƏYƏ TƏSİR EDƏCƏK SƏVİYYƏDƏ DEYİLLƏR”

"Bizim diaspor quruculuğumuz xeyli yol qət edib" -<b style="color:red"> Ceyhun Məmmədov</b>

Müsahibim Ukrayna Azərbaycanlıları Radasının (UAR) baş katibi Ceyhun Məmmədovdur.

*** 

- Ukrayna Azarbaycanlıları Radası (UAR) kifayət qədər gənc diaspor təşkilatıdır. Oxuculara bir qədər fəaliyyətiniz və qarşıya qoyulan əsas məqsədlər haqqında məlumat verin.

- Əlbəttə, UAR tarix olaraq gənc təşkilatdır və 2019-cu ildə yaradılıb. Amma burada bir məsələ var ki, UAR Ukrayna Azərbaycanlıları Konqresinin bazasında yaradılıb. Ukraynada çox güclü diaspora ənənələri var. Hətta Azərbaycanın ilk diaspor təşkilatı o vaxt Ulu öndər Heydər Əliyevin təklifləri ilə burada yaradılıb. İndi UAR-ın həmtəsisçilərindən olan Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov və Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin dispor fəaliyyəti ilk başlayan zamanlardan bu işin içində olub. 

İşlər elə gətirdi ki, burada və ölkəmizdə olan ən önəmli hadisələr bizim fəaliyyətimiz dövründə baş verdi. UAR ən böyük sınağını ötən il koronavirus pandemiyası dövründə verdi. Bir an düşünün ki, insanların əlində biletləri vardı, ancaq birdən-birə bütün uçuşlar dayandı. Həmyerlilərimiz kütləvi sürətdə buradakı Azərbaycan Səfirliyinə müraciət etdi. Səfirlik isə onları bizə yönləndirdi. Bizim gözəl ofisimiz var, amma bu, həmin dövrdə bəs etmirdi. Orada Oleq, Hikmət müəllim və digər aktiv insanlar işə qoşuldular. Bəlkə də burada hər gün 100-150 nəfərə yemək paylanılırdı, evlər tutulurdu. . Bu indi də hər ay davam edir. Pandemiya zamanı isə 1500 nəfərə yemək paylanırdı. Çox çətin bir sınaq verdik. Əsasən tələbələr çoxluq təşkil edirdi. Hətta bizim sədrlər öz evlərini boşaldıb ehtiyacı olan şəxslərə qalmağa verirdilər. Təbii ki, Diasporla iş üzrə Dövlət Komitəsi də bizə maliyyə dəstəyi göstərirdi. 

İkinci sınağımızı dünya azərbaycanlılarının tarixində ən şərəfli tarix olan Vətən müharibəsi zamanı verdik. O zamanlarda UAR Ukrayna cəmiyyətinə Azərbaycan həqiqətlərini çatdırmaqda xüsusi işlər gördü. Burada şəxsi dostuqlar böyük rol oynadı. Çünki o dostluqları biz siyasi dostluqlara çevirə bildik.

- Sizcə, Azərbaycan diaspor quruculuğunun indiki vəziyyəti qənaətbəxşdirmi? Hansı göstəricilər bu sahədə dəyişikliyi nəzərəçarpan dərəcədə sübut edir?

- Belə deyim, mükəmməllikdə sərhəd yoxdur. Kim desə ki, mən bu gün görünənlərdən razıyam, belə şey qəbuledilməzdir. Bizim diaspor quruculuğumuz isə əvvələ baxanda xeyli yol qət edib. Azərbaycanda Diasporla iş üzrə Dövlət Komitəsinin yeni rəhbəri Fuad Muradov təyin olunandan sonra isə xeyli dəyişikliklər oldu. O, diaspora sahəsinə bir canlılıq gətirdi. Bunu həm rəsmi, həm həmkar, həm də bir dost kimi səmimi olaraq deyirəm. Birincisi, istər Ukraynada, istərsə də dünyanın digər yerlərində olan azərbaycanlılar çoxlu təşkilatlanmaya getdilər. Təkcə Ukraynanın özündə 50-yə yaxın Azərbaycan təşkilatı var. Hər şəhərdə 3, 5, 10 təşkilat. Fuad müəllim gəldi və birinci ideyası o oldu ki, Koordinasiya Şuraları yaradılsın və birləşmə olsun. Bu ideyanın ilk başladığı yerlərdən biri Ukraynadır və ən uğurlu proyektlərdən biri də burada oldu. Burada üç, sonra isə iki böyük diaspora təşkilatı birləşdirildi. Bu təşkilatlarının birləşməsindən UAR əmələ gəldi. Ona görə deyirəm ki, tarix olaraq gənc olsa da, ideya olaraq çoxdan var idi.  

Fuad müəllim gəldikdən sonra təqribən 27 ölkədə 11 Koordinasiya Şöbəsi yaradıldı. İlk dəfə olaraq komitə layihələrə, tədbirlərə maddi dəstək verməyə başladı. Bu, çox önəmlidir. Mən Ukraynada 2004-cü ildən yaşayıram və gələn vaxtdan diaspora fəaliyyətinin içindəyəm. Quruculuqda bu qədər sistemli yanaşma olmamışdı. Bir məsələ budur. Digər önəmli adım Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu ölkələrdə yaradılan "Qarabağ" adlı həftəsonu məktəblərinin təşkil olunmağa başlamasıdır. Bu layihə indi də davam edir. Bunun üçün, xüsusilə Avropa ölkələrində dərsliklər çap olundu. Çünki xaricdə yaşayan azərbaycanlıların övladlarının Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatını və s. öyrənməyi problemdir. Çünki məktəblərdə tədris olunmur. İndi isə həftəsonu məktəblərində soydaşlarımızın övladları Vətənimiz haqqında öyrənə bilirlər.

- Bilirik ki, erməni diasporu Vətən müharibəsi dövründə dünya mediasından yalan  informasiyalar yaymaq üçün istifadə edirdi. Bəs UAR-ın orada və digər xarici media orqanlarına çıxışı vardımı və müharibə dövründə bundan necə yararlana bildiniz?

- Vətən müharibəsi başlayandan sonra burada mütəmadi olaraq Ukraynanın siyasətçiləri, siyasi ekspertləri, millət vəkilləri və digər bu kimi şəxslərlə iclaslar keçirilirdi. Biz Azərbaycanın haqlı mövqeyini onlara izah edirdik. Onlar bu məsələdə birmənalı olaraq Azərbaycanın tərəfində idilər. Ukrayna özü də belə bir problemlə qarşılaşdığı üçün onlar bizi anlayırdılar. Qələbəmizə bizim qədər sevinirdilər. Hətta bizim qələbəmiz onlar üçün bir stimul idi. Bundan əlavə, burada iki dəfə Azərbaycana dost olan deputatlar Ukrayna Radasında Xocalı soyqırımını ilə bağlı məsələ qaldırıblar və soyqırımın tanınmasını istəyiblər. Düzdür, o dövrdə siyasi rəhərlikdə təmsil olunan və bizə dost olmayan qüvvələr tərəfindən bu əngəlləndi. Amma böyük ümidlər var ki, yenidən bu məsələ gündəmə gələcək və biz çalışacağıq ki, bu dəfə müsbət nəticələnsin. 
Ukraynada Rusiya və digər ölkələrdən fərqli olaraq ermənilər və lobbiçilik fəaliyyətləri güclü deyil. Demək olar ki, onlarla bizim aramızda heç bir neqativ hal yaşanmadı. Biz bunu ağsaqqallara, ziyalılarımıza borcluyuq. İnformasiya mübarizəsində isə ermənilərdən çox qabaqda idik. Çünki Ukrayna sevənlər şüurlu olaraq haqq tərəfə - bizə dəstək verirdilər. Onlar UAR-ın yerləşdiyi ofisinin binası üstündə "Qarabağ Azərbaycandır!" adlı böyük bir plakat asmışdılar. Hətta Ukrayna dövləti binaya polis təyin etmişdi ki, ermənilər təxribat törətməsin. Qeyd edim ki, bunun üçün biz müraciət etməmişdik. Doğrudur, həmin dövrdə Ukrayna rəhbərliyində ermənilərin tərəfdaşları da vardı, ancaq onlar bu məsələ ilə bağlı heç nə edə bilmədilər. Ancaq heç bir siyasi toqquşma, qarşıdurma yaşanmadı, hər şey çox sivil qaydada həyata keçirildi. Ən önəmli məsələlərdən biri odur ki, bizim buradakı yerli media nümayəndələri ilə görüşümüzdə qərara alındı ki, "fake" informasiyaların qarşısı alınsın. Əvəzində daha köklü, dəqiq informasiyaların mübadiləsini aparaq. Ermənilər Uraynada ictimai rəyə təsir edəcək səviyyədə deyillər. 

- Qələbə xəbərini eşidərkən hansı hislər keçirdiniz? Azərbaycanı təmsil edən təşkilat kimi sizi ilk kim təbrik etdi?  

- Hər dəfə qələbəmizdən danışanda bir anlıq eyni hisləri yenidən yaşayıram deyə bilərəm. Biz də burada qələbə xəbərlərini Prezident İlham Əliyevin kənd-kənd, ərazi-ərazi açıqladığı tviter paylaşımları ilə izləyir, sevinirdik. O hissləri heç cürə izah edə bilmərəm. İlk ərazimizin azadlıq xəbərini İTV-nin efirində müxbir xanımın kövrələrək açıqlaması ilə bizdə hər dəfə eyni kövrəklik davam edirdi. Bizim hamımızda müharibə başlayan ilk gündən böyük inam vardı ki, qələbə qazanacağıq. Qələbəyə həm məntiqi, həm də milli qürur olaraq inanırdıq. Burada hamımız Ali Baş Komandanın qətiyyətinə inanırdıq. Bilirsiniz, biz xaricdə yaşayan azərbaycanlılar müharibəyə və qələbəyə qədər hər zaman utanırdıq. Torpaqlarımız işğalda olarkən ölkəmizin gücündən, haqq-ədalətdən danışanda bizə gülürdülər. Ancaq qələbədən sonra sanki milli qürurumuz özümüzə geri döndü. Ukrayna xalqı deyirdi ki, biz sizdən nümunə götürməliyik. 

Çox qısa bir şey deyim, burada məşhur dissident Vasili Stusun oğlu Dmitri Stusla görüşmüşdüm. O, mənə dedi ki, Azərbaycanın ən böyük sərvəti nefti deyil, onun aydın fikirli insanlarıdır. Azərbaycana və Ukraynaya bax dedi. Sizdəki və buradakı inkişafa bax. Sizdə daha açıq fikirli, dünyəvi fikrə malik savadlı insanlar var. Belə ifadələri başqa millətin, dövlətin nümayəndəsindən eşitmək insana qürur verir. 

- Təşkilatın fəaliyyətindəki ən çətinlik çəkdiyiniz məsələlər nə ilə bağlıdır?

- Açıq deyim, ən çətini insanları ortaq məxrəcə gətirməkdir. Bu, bütün dünyanın problemidir. Belə deyim, həqiqət, gerçəklik və fakt var. Hərə onun proyeksiyasını fərqli anlayır. Üzərində işləyib qurduğumuz həqiqətləri insanlara çatdırmaq, qəbul etdirməkdə çox zaman çətinlik çəkirik. İnsanları yekdil qərara gətirmək ümumən çətin bir şeydir. 

- Ukraynada yaşayan azərbaycanlıların UAR-da fəaliyyət göstərə bilirlərmi? 

- Əlbəttə. Burada təqribən 10-15 min arası azərbaycanlı tələbə kütləsi var. Rada yaranandan da həmyerlilərimiz fəaliyyət göstərib, indi də göstərirlər. Lakin ümumən Ukraynada azərbaycanlılar çoxdur, ancaq təşkilatlarda az faizdə təmsil olunurlar. Buna təəssüf edirəm, çünki Azərbaycan adına görüləcək işlər çoxdur. Mən təklif edir və Ukraynadakı hər bir azərbaycanlını birləşməyə və bigə fəaliyyətə dəvət edirəm. 

Afaq RZA
 

 





07.09.2021    çap et  çap et