525.Az

“Füzuli Beynəlxalq Hava Limanı bölgənin iqtisadi inkişafına öz töhfəsini verəcək”


 

“Füzuli Beynəlxalq Hava Limanı bölgənin iqtisadi inkişafına öz töhfəsini verəcək”<b style="color:red"></b>

“Füzuli Beynəlxalq Hava Limanı Qarabağa sərmayələrin cəlb edilməsi, dayanıqlı məşğulluğun təmin olunması və turizmin inkişafında mərkəzi tranzit rolunu oynayacaq”. 

Bunu 525.az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.  Deputat bildirib ki, Azərbaycan 44 günlük şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidən qurma işlərinin aparılması, öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunması, həmin ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulması və digər məqsədyönlü tədbirləri sürətlə davam etdirməkdədir:

“Bu istiqamətdə ən mühüm işlərdən biri Füzuli Beynəlxalq Hava Limanın sınaq uçuşlarının uğurla həyata keçirilməsi və bu strateji nəqliyyat layihəsinin başa çatdırılmasıdır. Prezident İlham Əliyevin 2021-ci ilin yanvarın 14-də təməlini qoyduğu hava limanının qısa müddətdə, nəzərdə tutulan vaxtdan da əvvəl istifadəyə hazır olması Azərbaycan dövlətinin güclü iradəsinin, Qarabağda həyata keçirdiyi bərpa-yenidənqurma planlarına xüsusi diqqət və əzmkarlığının nümunəsi hesab edilə bilər”. 

Füzuli Hava Limanının istifadəyə verilməsi tarixi-siyasi əhəmiyyət daşıdığını diqqətə çatdıran Fatma Yıldırım qeyd edib ki, təyyarə reyslərində “Qarabağa xoş gəlmişsiniz” anonsu siyasi əhəmiyyəti ilə seçilir: “Bununla işğaldan azad edilən ərazilərdə beynəlxalq hava limanı istifadəyə verməklə  “Böyük Qayıdış” proqramının sürətlənməsini təmin edir, düşmənə və onların havadarlarına göstəririk ki, biz bu doğma ərazilərimizə qayıtmışıq və bu ərazilərdə yüksək səviyyəli həyat şəraitini bərpa edirik”. 

Deputat vurğulayıb ki, Füzuli Hava Limanı eyni zamanda böyük iqtisadi əhəmiyyət kəsb edir:

“Bu onu təsdiqləyir ki, Azərbaycan hökuməti heç bir xarici maliyyə almadan, özünün güclü iqtisadi qüdrəti və maliyyə ehtiyatları hesabına Qarabağda geniş qurucluq işləri aparmağa qadirdir. Ölkəmizin 2021-ci il ərzində nəzərdə tutulan bütün iqtisadi-sosial hədəflərini, bütün regionlarda nəqliyyat və sosial infrastrukturların yenidən qurulmasını ardıcıl davam etdirməklə bərabər, Qarabağda iri nəqliyyat kommunikasiyalarının, beynəlxalq tipli qovşaqların icra olunmasında heç bir maliyyə çatışmazlığı ilə üzləşmir, əksinə artan strateji valyuta rezervləri hesabına bu nəhəng quruculuğun miqyasını daha da genişləndirir. Cənab Prezidentin də vurğuladığı kimi biz qarşıya qoyduğumuz bütün hədəfləri tam vaxtında yerinə yetiriririk”. 

F.Yıldırım diqqətə çatdırıb ki, Füzuli Beynəlxalq Hava Limanının ən böyük iqtisadi əhəmiyyətlərindən biri də işğaldan azad edilmiş ərazilərimizdəki zəngin iqtisadi resursların işlənməsində və bura sərmayə qoyuluşlarında xarici investorların axını üçün stimullar verməsilə ilə bağlıdır:

“Çünki xarici investorlar üçün hansısa bölgənin nəqliyyat rabitəsi, logistika əlverişliliyi mühüm əhəmiyyət daşıyır. Bu mənada Füzuli Hava Limanı mərkəzi tranzit və logistika qovşaqlarından biri kimi sərmayəçilərin tranzitini rahat və asan şəkildə təmin edəcək. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc və s. zəngin faydalı qazıntı yataqları ilə məşhurdur. Bu nöqteyi-nəzərdən həmin bölgədə geniş mədənçıxarma və sənaye zonalarının iqtisadi rentabelliyinin təmin edilməsi, daşınması və bu resursların ixracında yenə də əsas nəqliyyat qovşağı Füzuli Hava limanı olacaq. Bu həmin iqtisadi rayonların inkişafında əhəmiyyətli rol oynayacaq. 

Eyni zamanda, liman Zəfər Yolunun qapısı və Şuşa şəhərinə gedən əsas nəqliyyat qovşaqlarının açarıdır. Məhz Şuşaya gedən Azərbaycan vətəndaşları, xarici qonaqlar bu limandan istifadə etməklə Qarabağın bir çox bölgələrinə, Şuşaya qısa bir zamanda çatmış olacaqlar. Füzuli Hava Limanı regionun cəlbedici turizm potensialının dünyaya təqdim edilməsində, bu ərazilərin turizm xəritəsinin ən əhəmiyyətli hissəsində yer almasında və bölgəyə xarici turistlərin axınında açar-qapı rolunu oynayacaq. Qarabağ turizm baxımından Cənubi Qafqazın cənnəti hesab edilir və ölkəmizə səyahət edəcək turistlərin əsas axını da bu regiona yönələcək. Onların isə əsas nəqliyyat vasitəsi kimi istifadə edəcəyi ünvan Füzuli Hava Limanı olacaqdır. Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərəin füsunkar təbiəti, ekoturicm imkanları, İstisu kurortuna üz tutanlar xarici turistlərin Füzuli limandan istifadə etməklə səyahətlərini gerçəkləşdirmiş olacaq”. 

Deputat bildirib ki, Hava Limanı həm də sosial əhəmiyyəti ilə fərqlənir: “Burada yüzlərlə insanın iş yerləri ilə təmin edilməsi məşğulluğun həllində və bu bölgədə məskunlaşacaq insanların layiqli sosial yaşayışı üçün xüsusi əhəmiyyət daşıyacaq. Hava limanının inşaatına indiyə kimi 500 Azərbaycan vətəndaşı cəlb edilib, növbəti mərhələdə limanın yaxınlığında iri sənaye, ticarət, xidmət və digər sosial və iqtisadi layihələrin icrası və yük daşınmaları potensiallarının artması sayəsində böyükhəcmli iş yerləri yaranmış olacaq. Nəticədə bu bölgədə minlərlə insan dayanıqlı işlərlə təmin olunacaq, işğaldan azad olunmuş bölgələr cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevriləcək, dayanıqlı məskunlaşma üçün müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühiti yaradılacaq”. 

Sevinc Qarayeva


 

 





07.09.2021    çap et  çap et