525.Az

28 illik həsrətin sonu: Kəlbəcərlilər doğma yurdlarında


 

28 illik həsrətin sonu: Kəlbəcərlilər doğma yurdlarında<b style="color:red"></b>

Bir müddət əvvəl bir qrup Kəlbəcər sakini rayonun azad olunmasından sonra ilk dəfə doğma yurdlarına səfər ediblər.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzə Dövlət Komitəsinin təşkilatçılığı ilə reallaşan səfərdə yaşlı nəslin nümayəndələri, Başlıbel faciəsində şəhid olanların yaxınları, şəhər ziyalıları iştirak ediblər.

İyirmi səkkiz illik ayrılıqdan sonra doğma yurdlarına səfər edən 25 nəfər kəlbəcərli Kəlbəcər tuneli qarşısında öldürülən azərbaycanlıların xatirəsini yad edib, əraziyə güllər düzüb, onların qisasının yerdə qalmadığını bildiriblər.

Kəlbəcərə səfər edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov "Tunel faciəsi" adını alan bu qırğın haqqında danışıb. O bildirib ki, Kəlbəcərdə vəziyyət pisləşdiyi üçün 1993-cü il martın 31-də qadınları, uşaqları çıxarmaq qərarı verilib: "Buna görə də Kəlbəcərdən Laçına gedən tuneldən 30 kəndin sakinləri çıxarılmalı idi. Ermənilər Göyçə və Laçın istiqamətindən rayonu mühasirəyə almışdı. Həmin günlərdə yük maşını ilə 25 nəfərin, qadın, uşaq və qocaların çıxarılması planlaşdırılmışdı. Ermənilər tunelin çıxışında həmin insanları gülləborana tutdular. Çoxu öldü, ölməyənləri isə girov götürdülər. Ondan sonra da burada bu cür dəhşətli faciələr yaşandı. Dinc əhalini tunelin ağzında qırırdılar. Təsəvvür edin ki, insanları daşıyan "KamAZ" markalı avtomobilə od vurub, 8 yaşlı uşağı ailəsinin gözləri qarşısında onun içinə atdılar. Laçından gələnlər də burada qətlə yetirilib. Bu qırğınlardan sonra düşməndən qaçmağı bacaran bir nəfər geriyə qayıdaraq əhaliyə tunelin ağzında ermənilərin olduğunu xəbər verib və bundan sonra dinc insanlar qaçmaq üçün dağ yolundan istifadə ediblər".

Şöbə müdirinin sözlərinə görə, kəlbəcərlilər Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusuna, qəhrəman övladlara hər zaman minnətdardırlar: "Biz hər birimiz Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Torpaqlarımız uzun illərdən sonra yağı düşməndən azad edildi, şəhidlərimizin qisası alındı. Bu gün biz çox qarışıq hisslər keçiririk, amma sevinc hissi onların hamısını üstələyir". 

Rayon sakinləri sonra Zülfüqarlı kəndinə gəlib, Milli Qəhrəman Şahlar Şükürovun qəbrini ziyarət ediblər. Səfər iştirakçıları, o cümlədən, şəhidin ailə üzvləri Şahlar Şükürovun məzarı üzərinə güllər düzüblər.

Daha sonra Başlıbel kəndinə səfər olub. Ermənilərin xalqımıza qarşı vəhşiliklərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. Başlıbel Kəlbəcər rayonunun ən qədim və böyük kəndlərindən biridir. 7659 hektar ərazisi olan kənd iki dağ çayının qovuşduğu yerdə, Dəlidağın ətəyində yerləşir. Kəndin ərazisində 1993-cü ilədək yaşayan yerli sakinlər isə Azərbaycan türkləri olub. Başlıbel kəndinin 1800-ə yaxın əhalisi var idi.

Başlıbel faciəsinin şahidləri bildiriblər ki, işğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınmışdı. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala bildilər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən İkinci Dünya müharibəsi iştirakçısı olan Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən çıxaraq dörd gün piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də Daşkəsən ərazisinə keçə biliblər. Amma Birinci və İkinci Dünya müharibələrinin iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur.

Səfər iştirakçıları daha sonra Günəşli kəndində olublar.

Kəlbəcərlilər doğma rayonlarının yağı düşməndən azad olunmasına, şəhidlərimizin qisasının alınmasına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, igid Vətən övladlarına dərin təşəkkürlərini ifadə ediblər. Rayon sakinləri əmin olduqlarını bildiriblər ki, azad olunmuş torpaqlarımızda, o cümlədən, Kəlbəcərdə aparılan tikinti-quruculuq işləri tezliklə başa çatacaq və onlar öz yurd-yuvalarına geri qayıdıb, firavan həyatlarını yaşayacaqlar.

Kəlbəcər səfəri haqda təəssüratlarını bölüşən Azərbaycanın Milli Qəhrəmanı Şahlar Şükürovun oğlu, Daxili İşlər Nazirliyinin əməkdaşı Sənan Şükürov bildirib ki, bu zəfər Azərbaycanın zəfəridir: "Torpaqların işğaldan azad olunması, illərdir doğma yurd-yuvalarına həsrət qalan insanların bu torpaqlara səfərlərinin təşkili olduqca mühüm hadisədir. Kəlbəcərin Zülfüqarlı kəndində atam, Milli Qəhrəman Şahlar Şükürovun məzarını da ziyarət etdik. Mənim üçün bundan böyük, ali məqam yoxdur. Kəlbəcərdə atamın məzarını ziyarət etmək, hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm".

Şahlar Şükürovun həyat yoldaşı Elmira Əliyeva deyib ki, illər sonra Kəlbəcərə, Zülfüqarlı kəndinə gəlmək, həyat yoldaşının məzarını ziyarət etmək, həmin an yaşadıqlarını dilə gətirməkdə çətinlik çəkir: "Şahlar Şükürov Kəlbəcərə işlədiyi polis şöbəsinin 10 nəfər əməkdaşı ilə, o zaman Ağdərə yolu bağlananda kalon buradan gəlirdi. Onlar bu kalonları müşayiət edirdilər. Şahlar Əsgərov erməni silahlılarının qurduğu posqunu neytrallaşdıran zaman qəhrəmancasına şəhid olub. İllər sonra biz onun qəbrini ziyarət etdik. Kəlbəcər azad olunduğu üçün onun da ruhu şaddır".    

Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının rəhbəri Elşad Eyvazlı isə qeyd edib ki, illərin həsrətinə son qoyulub və onlar həsrətində olduqları doğma Kəlbəcəri ziyarət ediblər: "İllər sonra yenidən azad Kəlbəcərdə olmaq, o torpağa ayaq basmaq bambaşqa duyğudur.

Torpaqlarımızı azad görmək, düşmən tapdağından təmizlənmiş görmək böyük fərəhdir. Müzəffər Ali Baş Komandanın rəşadətli Ordusu düşmənə elə bir dərs verib ki, neçə nəsil keçsə də, bunu unutmayacaqlar. Biz də şəhidlərimizin, qazilərimizin göstərdiyi igidliyi, bizə bəxş etdiyi möhtəşəm Zəfəri heç zaman yadımızdan çıxarmayacaq, gələcək nəsillərə ötürəcəyik. Bu torpaqlar üçün qanını, canını verənlər böyükdən-kiçiyə hər kəsin yaddaşında əbədi həkk olunublar".

Kəlbəcərə səfər edən rayon sakini, Bakı şəhəri 39 nömrəli tam orta məktəbin direktoru Tahirə Şükürova qeyd edib ki, Kəlbəcərdən ən son çıxan sakinlərdən biri olub: "O zaman mən Kəlbəcəri məğlub, evini, ocağını, şəhid qardaşının məzarını məcburiyyət qarşısında qoyub çıxan sakin kimi tərk etdim. Bu gün isə Kəlbəcərə qalib dövlətin vətəndaşı olaraq qayıtdım. Böyük sevinc, fərəh hissi ilə doğma torpağımı, Kəlbəcərimi ziyarət etdim. Sevincimin həddi-hüdudu yox idi. Çünki 30 ilə yaxındır həsrəti ilə yaşadığım Kəlbəcərə qovuşmuşdum. İllərdir Kəlbəcəri ancaq yuxularda görürdüm. Allahın rizası ilə, Prezident İlham Əliyevin rəhbərliyi altında Koroğlu nərəli şəhid və qazilərin 44 gün ərzində göstərdikləri şücaət, Həcər ismətli qadınların mətanəti, bir yumruq kimi birləşən Azərbaycan xalqının əzmkarlığı hesabına yuxularım gerçəkləşdi. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşdı. Uzun illər dədə-baba yurdumuzdan məcburi köçkün olsaq da, ürəyimiz Şuşa həsrəti ilə alışıb-yanırdı. Əmin idik ki, bir gün bura qayıdacağıq. Biz öz Prezidentimizə, qəhrəman ordumuza inanırdıq. Onlar da ötən il çoxdan gözlənilən qələbəni 44 gün ərzində bizə bəxş etdilər. Kəlbəcər azad edilən gündən bura gəlməyimizi arzulayırdıq. Allaha dua edirdik ki, gözəl Kəlbəcərimizi görmədən bu dünyadan köçməyək. Bu günə şükür, Kəlbəcər yanğımızın üzərinə su səpildi. Həsrətimizə son qoyan şəhidlərimizin ruhu, onların analarının qarşısında baş əyirəm. Əzalarını itirən, ağır xəsarət alan qazilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını diləyirəm. Allah ordumuzu xəta-bəladan, namərd gülləsindən qorusun".

Sevinc QARAYEVA
 

 





08.09.2021    çap et  çap et