525.Az

Sevincdən, sevgidən doğan göz yaşı - Ramil Əhməd yazır


 

Sevincdən, sevgidən doğan göz yaşı -<b style="color:red"> Ramil Əhməd yazır</b>

Vaqif Poeziya Günləri keçirilən ərəfələrdə "Xəyalım dolanar, gəzər..." adlı esse yazmışdım, təxəyyülümdə Şuşaya səfər etmişdim. Yazının sonunda şuşalı şair Ramil Əhmədə bir neçə sual ünvanlamışdım:

"Görəsən, bu gecə şuşalı şair, dostum Ramil Əhmədin gözünə yuxu gedibmi? Gecə Şuşa səmasında ulduzları sayrışan görübmü? Hamıdan kənara çəkilib havanı ciyərlərinə çəkə-çəkə kövrəlibmi? Eynəyinin altında axan yaşı gizlədibmi? Yəqin, çox keçməz cavab ünvanlayar, "Tütək səsi" filmində deyildiyi kimi, "İndi o, öz aləmindədir"..."

Ramil Əhmədin Şuşa ilə bağlı həssaslığına yaxşı bələd idim. Onun hansı hisslər keçirdiyini təsəvvür belə edə bilmirdim. 

Ramil Əhməd suallarıma cavab olaraq bu yazını "525-ci qəzet"ə təqdim edib.

Nadir Yalçın

***

Əziz Nadir, yazınızdan öyrəndiyim qədəriylə bu günlərdə doğum gününüzmüş, əvvəlcə sizi təbrik edirəm, arzulayıram ki, gələn yaşınıza qədər sizə, bütün qələm dostlarımıza, mədəniyyət-sənət adamlarına, ümumilikdə hamıya Şuşanı görmək qismət olsun. Sizinlə heç vaxt qarşılaşmamışıq, bu səbəblə mənə suallar ünvanlamanız xoş mənada təəccübləndirdi və suallarınıza qısa cavab yazmaq istədim. 

Şuşaya gedəcəyimi bildiyim gün gözümə yuxu gedib-getmədiyini soruşursunuz, cavabını çoxdan bilsəniz də, bir də məndən eşidin: əlbəttə yox! Sizə bir başqa şey deyim, Şuşada yaşadığım anların hansının gerçək, hansının röya olduğunu dəqiq bilə bilmədim, yəqin bilməyəcəm də, düzü, bilmək də istəməzdim! Məndən olsaydı, bütün gecə yatmaz, ayaqlarımın nəfəsini kəsərdim, amma saat doqquzdan sonra küçəyə çıxmaq olmazdı. Yenə də gecəyə qədər açıq havada dostlarla söhbətləşir, səhər tezdən oyanırdım. Onu daha çox, daha çox, lap çox görmək üçün!

Soruşursunuz ki, "gecə Şuşa səmasında ulduzları sayrışan görübmü?", gördüm. Eyvandan səmaya baxıb bir başqa şeyi daha düşünürdüm. Anamgilin qonşusu olan dəyərli Vasif müəllimlə təsadüfən eyni otel otağında qalası olduq. Evdə onun adını tez-tez eşitmişdim. Otuz il sonra qarşılaşmanın beləsini necə anlamlandırım, necə mənalandırım bilmədim...

Soruşursunuz ki, "Hamıdan kənara çəkilib havanı ciyərlərinə çəkə-çəkə kövrəlibmi?" Kövrəldim - anamla atamın oxuduğu texnikumun dağılmış otaqlarını görəndə... Görəsən, onlar ilk dəfə o texnikumun hansı otağında, həyətinin harasında görmüşdülər bir-birini? Atam nə vaxt anlamışdı ona aşiq olduğunu? Mənim indiki yaşımdan yeddi-səkkiz yaş kiçik olan bu iki gənc bu koridorlardan keçərkən, pilləkənləri çıxarkən hansı xəyal, hansı arzu ilə yaşayırmış? Və daha min bir sual vardı içimdə...

Soruşursunuz ki, "Eynəyinin altında axan yaşı gizlədibmi?" Gizlətdim. Ancaq bu, həsrət, niskin, kədərdən deyil, qürurdan, sevincdən, sevgidən doğan göz yaşıydı! 

"Tütək səsi" filminə işarə ilə yazırsınız ki, "indi o, öz aləmindədir", düzü, mən heç bilmirəm "indi" deyilən şey zamanın hansı hissəsidir, "öz" deyilən şey nədir, "aləm" nədir, "o" kimdir! 

Ramil Əhməd

 





08.09.2021    çap et  çap et