525.Az

Rəssamlıq sənətimizdə seçilən imza - Cavid İsmayılov


 

Rəssamlıq sənətimizdə seçilən imza - <b style="color:red"> Cavid İsmayılov</b>

Rəssamlar öz bacarıqları, bilikləri və varlıqları ilə Haqq adamlarıdır. Çünki bu təsviri sənət ustaları rənglərin düzgün seçimi, tarazlığın və tənzimləmənin bərabərliyinin təminatı, göz və könül oxşarlığının gerçək təsvirini yaradan bacarıqların məcmusu kimi var olmaqdadırlar. Rəssamlıq artan məhəbbətdir, sonsuz sevgidir, bitməyən eşqdir, nəticə etibarı ilə, rəssamlığın özü də xoşbəxtlik ifadəsidir. Tərəddüdsüz, qürurla qeyd etmək olar ki, ən yeni tariximizin rəssamlığa aid səhifələrində istedadı, biliyi, bacarığı ilə xüsusi yer tutan Cavid İsmayılovun da imzası təsviri sənətimizi daha da zənginləşdirir. 

Söz və göz yaddaşımın bütün imkanlarından istifadə etməklə, Cavid İsmayılov yaradıcılığını təhlil etdiyim zaman aydın olur ki, o, geniş ictimaiyyətin qəbul etdiyi rəssamdır və buna görə də imzası mötəbərlik qazanıb. Gerçək mütəxəssis olan Cavid İsmayılov milli-mənəvi dəyərlərimizin qorunmasında, adət və ənənələrimizin yaşadılmasında, şanlı tariximizin qürurverici səhifələrinin ifadə olunmasında mühüm fəaliyyəti ilə seçilməkdədir. Sənətkarın rəsmləri, əl işləri artan potensialın, böyük istedadın və qızıl əllərin nəticəsi olmaqla, özünün həm də sosial sferaya aid mənası ilə, milli ruhun carçısına çevrilməsilə, hər birimizə şərəf verən vətənpərvərlik hisslərinin ifadəsilə daha da aktuallıq qazanmaqdadır. Xalqımızın Ümummilli lideri dahi Heydər Əliyevin, ölkəmizin müasir müstəqillik dövrünün qürurverici səhifəsi olan, tarixi qürurumuz Qayıdışın, ədəbiyyatımızın və söz sənətimizin nəhənglərinin, misilsiz Novruz təravətinin, uzun əsrlik tariximizin bizlərə ərməğan etdiyi xalça toxuma sənətinin, eləcə də çox sayda vacib mövzuların əks olunduğu əsərlər Cavid İsmayılov imzasının ciddiliyini sübuta yetirir. 

Bunlarla yanaşı, istər Aprel döyüşlərində, istərsə də, İkinci Qarabağ savaşında ölkəmizin qalibiyyət yolundakı uğurları rəssamın əsərlərində əhatəliliyi ilə təqdim olunmaqdadır. Nur üzlü şəhidlərimiz Qabil Orucəliyevin, Toğrul Məmmədovun, Rasim Məmmədovun, Polad Həşimovun, Xudayar Yusifzadənin, Ülvi Rəfiyevin, Cavanşir Rəhimovun, Yusif Mirzəyev və neçə-neçə qəhrəman Vətən övladlarının ölməzliyi C.İsmayılovun əsərlərində aydın təsdiqini tapıb. Rəssamın əsərlərində həmçinin, müxtəlif elm sahələrində çalışan ziyalılarımızın - Hacıfəxrəddin Səfərlinin, Bayram Rzayevin, Tofiq Əliyevin və digər alimlərimizin təsvirlərini görmək olar. Bu da göstərir ki, rəssamın yaradıcılığı çox istiqamətliliyi ilə daha da aktuallıq daşımaqda və yenilikçiliyi sayəsində dərin əhəmiyyət kəsb etməkdədir.

Ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının bir çox ərazilərinin, kənd həyatına aid lövhələrin, fəaliyyətlərin, tarixi abidələrimizin, çoxsaylı təbiət mənzərələrinin əks olunduğu əsərlər tarixiliklə müasirliyin vəhdəti olmaq etibarı ilə C.İsmayılovun peşəkarlığını və təcrübəsini ortaya qoymaqdadır. 

Böyük şairimiz Məmməd Araz yaradıcılığına aid rəsmdə bu ölməz misralar öz əksini tapıb:

Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.

Bu misralar rəssamın həm də poeziyaya və ədəbiyyatımıza yaxın olduğunu, öz üzərində ardıcıl işlədiyini, elmi, nəzəri və təcrübi biliklərini daim artırdığını, rəssamlıq sənəti ilə digər elm sahələrinin vəhdətini düzgün təmin etdiyini və bununla da, əsərləri ilə Azərbaycan incəsənətinə böyük töhfələr verməyə çalışdığını üzə çıxarır. 

Gənc rəssamların hazırlanmasında, onların peşəkarlıq səviyyələrinin yüksəlməsində, eyni zamanda, milli və mənəvi sərvət olaraq Azərbaycanın müasir incəsənət tarixinin səhifələrində qızıl hərflərlə yer alacaq yeni imzaların parlamasında da C.İsmayılovun xüsusi əməyi, rolu var.

Ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da yaradıcı insanlara böyük dövlət qayğsı göstərilir, onların fəaliyyətinə işıq salınır və yüksək diqqətlə əhatə olunurlar. C.İsmayılovun əsərlərinin fərdi sərgisinin keçirilməsi də bu qayğının gerçək ifadəsi olaraq çox əhəmiyyətlidir. Muxtar Respublika Ali Məclisi Sədrinin sərgidə şəxsən iştirakı və rəssamın fəaliyyətinə göstərdiyi diqqət sənətkarı daha da ruhlandırıb. Ali Məclisin Sədri rəssamın yaradıcılığı barədə bildirib: "Bəhruz Kəngərli ilə başlanan Naxçıvan rəssamlıq məktəbinin davam etdirilməsi ilə yanaşı, onu daha zənginləşdirmək, dünyaya tanıtmaq lazımdır. Naxçıvan torpaq üzərində olan bir əsərdir. Onun gözəlliklərini, təbiətini, tarixi abidələrini dünyaya tanıtmaq üçün böyük imkanlar vardır. Sərgidə nümayiş etdirilən əsərləri qısa müddət ərzində internet vasitəsilə dünyaya yaymaq mümkündür. Bunlar ölkənin mədəniyyət göstəriciləridir. Sənət o ölkələrdə inkişaf edir ki, orada siyasi sabitlik, iqtisadi inkişaf, mədəni quruculuq, dövlət başçısının bu sahəyə diqqət və qayğısı olsun. Bütün bunların Azərbaycanda mövcudluğu mədəniyyətin, sənətkarlığın inkişafına imkan verir. Yaradılmış şəraitdən düzgün istifadə edərək belə əsərlər yaratmaq, ölkəmizi tanıtmaq lazımdır. Sərgidə nümayiş etdirilən əsərlər ölkəmizin, yetişən gənc nəsil isə Azərbaycanın sabahının göstəricisidir. Sevindirici haldır ki, ölkəmizdə belə istedadlı gənclik yetişir. Həmin gənclər gələcəkdə Azərbaycanı təmsil edəcəklər. Bu əsərlər belə qənaətə gəlməyə əsas verir ki, gənc rəssam Cavid İsmayılov qısa müddət ərzində rəssamlığın üç janrını - natürmort, mənzərə və portret janrını mənimsəmişdir. Bu, eyni zamanda, Naxçıvan Dövlət Universitetinin nailiyyətidir. Cavid İsmayılov Naxçıvan Dövlət Universitetinin yetirməsidir, bu gün də orada fəaliyyət göstərir".

C.İsmayılov bir rəssam olaraq həm də milli ruhla yaşayan, Vətənini, dövlətini, onun başçısını, xalqını, milli ordusunu sevən, bu yüksək dəyərlərə sədaqətli olan nümunəvi vətəndaşdır. Təsadüfi deyil ki, o, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı adına layiq görülüb, hərbi sahədə əməkdaşlıqla bağlı xidmətlərinə görə medalla təltif olunub.

Cavid müəllim həmçinin, özünün idarəetmə sahəsindəki keyfiyyətləri ilə də diqqət çəkməkdədir. Hazırda Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin dekanı olaraq həm də səmərəli tədris proseslərinin təşkili və idarə olunmasındakı fəaliyyəti ilə fərqlənir. 

C.İsmayılov tamamladığı hər bir əsərində yeni ideya, fikir və yanaşma ortaya qoyur. O, sanki rənglərlə dil tapır, onlarla səmimiyyət içində eyni məqsəd uğrunda yarışır. Daha doğrusu, rənglərlə ünsiyyət qurur, elə bil onlarla danışır, məqsədini tamamlamaq istədiyi əsərin cizgilərini təqdim edir, rənglər isə hazır əsəri Cavidə "təhvil verirlər". İncəsənətimizin Cavid İsmayılov ünvanında yer alan əsərlər tariximizin yaşadılması, bu günümüzdə onun qorunması və gələcəyimizə etibarlı şəkildə ərməğan olunması baxımından çox dəyərlidir. Bu yolda ona uğurlarının davamlı olmasını diləyir, daha məhsuldar yaradıcılıq fəaliyyəti arzulayırıq.
 

 





08.09.2021    çap et  çap et