525.Az

ŞUŞADAN TÜRK DÜNYASINA...


 

ŞUŞADAN  TÜRK DÜNYASINA...<b style="color:red"></b>

Bu günlərdə Türk Keneşinin təşkil etdiyi 4 günlük mediaturda mən də iştirak etdim. Mediatur Ermənistanın vandalizmini, erməni barbarlığını, Azərbaycanın dinc quruculuq siyasətini, azadlıqdan abadlığa keçidi Keneş üzvü olan ölkələrin jurnalistlərinin biləvasitə görməsinə və göstərməsinə (yazmasına) xidmət edirdi. Mediatur iştirakçıları üçün tərtib olunan marşrut, proqram qısa şəkildə dörd sözlə ifadə oluna bilər: gəldik, gördük, çəkdik, yazdıq... 

Bəli, hələ 2012-ci ildə "Gəldik, gördük, yazdıq" layihəsi ilə çıxış etmiş, eyni adlı kitab tərtib etmiş qardaşınız olaraq, bu mediaturun fəlsəfəsi, tərtibi mənə çox məntiqli gəldi - məncə, bütün iştirakçılara da müsbət təsir göstərdi.

İş elə alındı ki, mən qonaqlara Şuşada qoşuldum (Vaqif Poeziya Günlərində iştirak etdiyimçün Şuşadaydım). Mediatur iştirakçılarını, o cümlədən, özbək, qazax, qırğız və digər qardaşlarımızı Şuşada salamlamaq xoş idi. Bəri başdan deyim, heyətdəki azərbaycanlı jurnalistlər, habelə bir gənc qazax, bir gənc özbək də daxil olmaqla, daha öncə tanış olduğumuz jurnalistlərlə məhz Şuşada görüşmək gözəl oldu.

Türk Keneşinin ölkəmizin işğal, müharibə və müharibə sonrası gerçəklərini əyani göstərməyə imkan verən mediatur təşkil etməsi çox anlamlıdır. İnşallah, son olmaz; hər kəs razılaşar ki, belə mediaturlar hər ay təşkil olunmalıdır. Qoy daha çox jurnalist həqiqətlərlə yerindəcə tanış olsun, daha çox insan Azərbaycanı tanısın. Zatən tanıdıqca sevəcəklər, inanacaqlar. Azərbaycan bir başqadır. Azərbaycanın Şuşası bir başqadır. Bir başqadır 44 günlük müharibəmiz, müharibədəki qızıl ləyaqətimiz, müharibə sonrası ildırım sürətli quruculuq işlərimiz...

Ümumiyyətcə, hər hansı ölkənin konstruktiv mövqeli jurnalistinin işğaldan azad edilmiş bölgələrimizə gətirilməsi məqsədəuyğundur; lakin məhz Türk Keneşi xətti ilə təşkil edilən mediaturların öz yeri var.

Ayrıca, ortaq türk qurumlarında təmsilçimiz olan həmvətənlərimizin çalışmaları nə qədər güclü olarsa, bu, həm ölkəmizə, həm də türk dünyasına (bütün tərəqqipərvər bəşəriyyətə) xeyirlidir.

Yol boyu qədim dostumuz-qardaşımız, Əməkdar jurnalist Azər Həsrətlə elə hey bu mövzularda danışırdıq. Sağolmuş rusdilli ilə rusca, ingilisdili ilə ingiliscə, hələ bir arada almanca danışır, tərcüməçi, politoloq, kulturoloq, türkoloq kimi performans göstərərək, hansı tərəfdən baxsan, ordan görünürdü. "Daily Sabah"dan Kənan Kıran, Özbəkistanın "Xalq sözü" qəzetindən gənc jurnalist Dilşad, Azərbaycan jurnalistləri, Media Agentliyinin departament rəisi Rasim Bağırov, Türk Keneşi Baş katibinin müavini Qismət Gözəlov və başqaları ilə söhbətlər, dərdləşmələr, uğurlaşmalar xoş idi.

Şuşa izlənimləri

Şuşanın azad olunacağını ağıllarına gətirməyən, "Dağlarda əbədi toy çaldıqlarına" inanan işğalçıların iç üzünü, saxta mədəniliklərini, saxta qəhrəmanlıqlarını, dünyanın dörd tərəfində Azərbaycan əleyhində saxta təbliğatlarını... görmək, göstərmək, çəkmək, yazmaq bir başqadır...
Yaxşı xatırlayırıq: 10 ay öncələri Şuşa şəhər komendantlığını öz üzərinə götürəcəyini, bununla Şuşanı keçilməz edəcəyini söyləyən bir Seyran Ohanyan vardı. Adam general-polkovnikdi guya, "qalib ordu"ya rəhbərlik etmişdi, neynəmişdi... - bəlli oldu ki, Azərbaycan vulkanı qalxınca, Azərbaycan Ordusu şahlanınca Ohanyan bir şəhərin komendantlığına da yaramırmış. Ohanyan və onun kimi neçə ohanyan-mohanyanlar rəzil oldu bizim aslan igidlərimizin qarşısında. Bu, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi müzəffər Azərbaycan Ordusunun yaratdığı tarixi gerçəklikdir.

İşğalçılar çox keçilməz maneələr quraşdırmışdı; bu barədə jurnalistlərə Füzlidə, Ağdamda, Hərbi Qənimətlər Parkında izahat verildi. İşğalçıların Ağdam istiqamətində 7 qat, Füzuli istiqamətində 5 qat keçilməz sədlər silsiləsi quraşdırdığını bilincə, görüncə Azərbaycan Ordusunun əks-hücumda da, sülhə məcburetmədə də nə qədər fövqəladə uğur qazandığı əyani müstəviyə keçir. Amma işğalçılar Azərbaycanda onların keçilməz sandıqlarını, onların 30 ilə quraşdırdıqlarını 44 gün içində darmadağın edən bir mükəmməl ordu yetişdiyinin fərqində olmamışdılar, qaliba. Qaliba, bizim məğlubiyyətlə barışa biləcəyimizi düşünmüşdülər; düşünmüşdülər ki, əgər bu barışıq baş tutmayıb da, hücuma keçərsək, silsilə maneələr arasında qalıb, çoxsayda itkilərlə yeni məğlubiyyətlərə uğrayacağıq... Bunlardan başqa fikirdə olanları belə, Şuşa, Laçın, Kəlbəcərə yetə bilməyəcəyimizi, ən uzağı, Ağdam, Cəbrayıl, Füzuli istiqamətində irəliləməklə yetinəcəyimizi düşünürdülər bəlkə. Bunları niyə yazıram? Türk ölkə və topluluqlarından olan qardaşlarımıza, bölgə dövlətlərinə, hər kəsə Azərbaycanın necə bir dəhşətli, məkrli, həyasız, arxalı düşməni yendiyini bildirməmiz çox önəmlidir. Bilinsin ki, 44 günlük müharibənin nəticəsi etibarı ilə Zəngəzur dəhlizinin də açılışı olacaq. O dəhlizin xeyri bütün qardaşlarımızın həyatına təsir edəcək.

Zəngəzur dəhlizinin işə düşməsi bir yana, onun haqqında düşünmək belə bir il öncəyədək xəyal kimiydi. "Böyük xəyalı olmayanın böyük gələcəyi olmaz" deyiblər. Təbii, biz yalnız xəyal qurmadıq, ordu qurduq! İndi ildırımsürətli təmir-bərpa, quruculuq, abadlıq gedən Qarabağ torpaqlarında yeni bir Azərbaycan möcüzəsi yaşanır!

Füzuli

Biz Zəfər yolu ilə gedib-gəldik. Zəfər yolu Füzulidən başlayır. Füzuli şəhəri yoxdur, Füzuli şəhər yeri, Füzuli şəhər yaddaşımız var. O yaddaşdır ki, bizi ildırımsürəti ilə hava limanı tikməyə sövq etdi. Dövlət başçımızın qətiyyəti, uzaqgörənliyi sayəsində hava yollarımızın, limanlarımızın xəritəsi dəyişdi, artıq Füzuli hava limanına uçuş həyata keçirilib; bu gün-sabah Zəngilan, Laçın hava limanlarının açılışı olacaq.

70 il içində SSRİ-nin, 30 il işğal müddətində işğalçı Ermənistanın Qarabağda, o cümlədən, Füzulidə, Laçında, Şuşada, Kəlbəcərdə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda... qurmadığı, yaratmadığı infrastruktur çox qısa zamanda müstəqil Azərbaycan dövləti tərəfindən yaradılmaqdadır. Ermənilərlə məsələ aydındır - onlar vandallardır, onlar qurmaqçün yox, dağıtmaqçün mövcuddur, enində-sonunda öz uğursuz dövlətləri də başlarına uçacaq, günlərin bir günü Qafqaza gəldikləri (gətirildikləri) kimi, Qafqazdan cəhənnəm olub gedəcəklər... Ancaq SSRİ kimi qüdrətli bir dövlət 70 il içində Laçında hava limanı tikmişdimi? - Yox. SSRİ Kəlbəcərə ehtiyac olan körpüləri çəkmiş, tunelləri açmışdımı? - Yox. SSRİ Zəngilanda, Ağdamda ağıllı qəsəbə, ağıllı şəhərmi salmışdı? - Yox, yox. Bu gün-sabah Ağdam şəhəri Qarabağın da, Azərbaycanın da, Qafqazların da ən ağ, ən gözəl, ən çağdaş, ağıllı şəhəri olacaq!

Bəlkə SSRİ Yollar Nazirliyinin Füzulidən Şuşaya yol çəkmək imkanı yoxuydu? Müstəqil Azərbaycan 7 aya Zəfər yolu çəkdi. Yəni ölkə, şəhər, xalq özünün olanda, dövlət milli olanda, dövlət başçısı vətəncanlı olanda belə olur: yol da çəkilir, körpü də tikilir, tunellər də vurulur, hava limanları da işə salınır! Bax, biz bu fərqi görürük, göstəririk, öyünürük. Yəni biz yalnız müharibə aparmağı deyil, müharibədən sonrakı qurucluğu - azadlıqdan abadlığa keçidi də ləyaqətlə, şərəflə yerinə yetirə bilirik. Ötən il hərbçi qardaşlarının döyüş meydanında göstərdiyi şücaəti, fədakarlığı, ləyaqəti indi dinc quruculuq meydanında inşaatçılar, energetiklər, təmir-bərpa ilə məşğul olan bütün qardaş-bacılarımız özünəməxsus şəkildə davam etdirir.  

Biz nə müharibə edərkən, nə də indi insanlığa, ən ümumi bəşəri dəyərlərə qarşı heç bir addım atmadıq, atmırıq, gələcəkdə də atmayacağıq - bu, bizim xarakterimizdir. Qardaş, dost ölkələrdən gələn jurnalistlərə də bunu deyir, bunu göstəririk...

Gəncə

Bəllidir ki, Gəncə döyüş bölgəsindən uzaqlarda, heç bir hərbi əməliyyat zərurəti olmayan, dinc Azərbaycan şəhəridir. Jurnalistlərin məhz Gəncəyə atılmış raketlərlə dağıdılmış evləri görməsi, raket zərbələrinin günahsız qurbanları - gecəyarısı yuxudaykən öldürülmüş körpələr, qadınlar, qocalar haqqında bilgiləndirilməsi Azərbaycanın necə bir ləyaqətsiz, kuraltanımaz düşmən üzərində qələbə qazandığını göstərmək baxımından çox önəmlidir. Bəzən başqa-başqa informasiya agentliklərinin yanlış yönləndirməsinə məruz qalmış qardaş ölkə jurnalistlərinin çəkingən tavırlarını görürük. Görürük ki, bizim jurnalistlər onlardan müsahibə almaq istərkən könülsüz olurlar, yaxud "siyasi sual olmasın" deyirlər və s... Ancaq döyüş bölgəsindən uzaqdakı bir qədim mədəniyyət beşiyinin heç bir hərbi zərurət olmadan, sırf təşviş yaratmaq, günahsız azərbaycanlıları öldürmək məqsədi ilə raket zərbələrinə məruz qoyulduğunu görüb, susmaq çox çətindir. O acı mənzərə artıq siyasi deyil, insani münasibət tələb edir...

Ağdam

Gəncədən sonra Ağdam şəhərinə, daha doğrusu, şəhər yerinə səfər etdik. Bu, mənim Ağdama ikinci səfərim idi. Bu il martın əvvəlində etdiyim birinci səfərlə müqayisədə, maşallah, şəhər planlaması, quruculuq prosesi, infrastruktur müəyyənləşmələri açıq-aydın görünür. Çoxmərtəbəli bina tikintisi üçün işlək kran, ağıllı şəhərin baş planına uyğun təməlatmalar, yeni ünvanların göstəriciləri, nişanlar... Ağdamın gələcək ağ günlərinin xəbərçisidir. Dünyada Ağdam kimi Ağdam olmayacaq! Ağdamlı dostlarımı indidən təbrik edirəm! Cəmi bir neçə ildən sonra "Keşkə Ağdamda evim olsaydı" deyəcəyik. Deyək. Deyə-gülə gedək Ağdama. Qara günlərin keçmişdə qaldığına, ağgünlərin əbədi olacağına sarsılmaz inamımız var. Bu inamı bizə bəxş edən şəhidlərimizin əziz ruhu qarşısında baş əyir, torpağını öpürəm...

Ağdamda Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynovun jurnalistlərin suallarına aydın, səmimi cavabları xüsusi yaddaqalan oldu. Necə deyərlər, ənənəvi məmur tipindən çox uzaq, çağdaş, səmimi, işıqlı, əlçatan bir yerli rəhbər (doğrudan da, xüsusi nümayəndə) olaraq gördük Emin Hüseynovu. Prezidentin Şuşadakı Xüsusi nümayəndəsi Aydın Kərimovu da, hər iki Xüsusi nümayəndəlikdə çalışan köhnə dostları da çağdaş çağırışlara açıq, səmimi, dövlətcanlı, vətəncanlı, xalqcanlı gördük, şad olduq. İşləri nə qədər məsuliyyətli olsa da, bir o qədər də şərəflidir! Avand olsun işləri!

Hərbi Qənimətlər Parkı

Mədəniyyət Paytaxtından Qarabağın yeni hava limanına ev sahibliyi edən Füzuli üzərindən Gəncəyə - 880 illiyi bu il qeyd olunan Nizaminin yurduna, oradan Qarabağımızın Ağdamına, oradan da ölkəmizin paytaxtı Bakıya səfər etdik. "Bizim Bakı - bizim ürək!" Qonaqların son işçi günündə ziyarətlərimiz Hərbi Qənimətlər Parkından başladı. Mükəmməl konsepsiyalı Hərbi Qənimətlər Parkında diqqətimi xüsusi çəkən bəzi məqamları bölüşmək istərdim. Parkda işıqlandırma dirəkcikləri olaraq işğalçıların top mərmilərinin gilizindən, oturacaq olaraq düşmən sursat saxlanclarından (yeşiklərindən) istifadə edilib. Kiçik atıqlar üçün silindirik qablar yenə düşmən hərbi sursatlarından irdələnib, tasarlanıb.
Düşmənin bizim üzüm tənəklərindən istifadə edərək, yaratdığı səngərlər, hərbi müşahidə mövqeləri də ustalıqla canlandırılıb. Yəni işğalçılar bizim üzüm tənəklərini hərbi məqsədlər üçün, qan-qada üçün, işğal siyasəti üçün istifadə edib, biz isə onların işğalçün istifadə etdiyi silah-sursatdan dinc məqsədlər üçün yararlanırıq. Hərbi qənimətlərə sənətin estetik dəyərləri ilə yanaşmışıq, əla da alınıb.

Üzəri QARABAĞ AZƏRBAYCANDIR! Şüarlı erməni hərbi texnikalarına aid çoxsaylı fərqlənmə nömrələri də, ermənilərin azərbaycanlıların mülki avtomobillərinin nömrələrindən düzəltdiyi və şövqlə turistlərə göstərdiyi məlum lövhəyə sərrast cavabdır. Ziyarətçilər belə fərqli yanaşmalar əsasında (da) iki xalqın, iki dövlətin fərqini, hadisələrə, insana, dəyərlərə, dünyaya münasibətini açıq-aydın görə bilir. Məncə, budəfəki mediatur iştirakçıları məhz bu fərqi xüsusi fərq etdilər...     

Heydər Əliyev Mərkəzi

Qonaqların yalnız müharibə, yaxud müharibə sonrası hadisələrlə deyil, Azərbaycanın tarix, mədəniyyət və digər həqiqətləri, uğurları, bəşəri töhfələri ilə tanış edilməsi çox gözəl düşüncədir. Onlar görür, onlar soruşur, onlar çəkir, yazır, yayır... Bu isə sövq-təbii tərənnümə, təbliğata çevrilir. Azərbaycan olduğu kimi tanıdılmağı və sevilməyi artıqlaması ilə haqq edir. Azərbaycanı tanıyıb, sevməmək sadəcə mümkün deyil!
Çağdaş sənət örnəklərinin sərgiləndiyi Heydər Əliyev Mərkəzində Azərbaycanın qədim yaşayış məskənlərinə ev sahibliyi edən unikal ölkə olduğu əyani vəsaitlərlə nümayiş olunur: 

Azıx mağarası, Qobustan Qayaüstü abidələri və sair buna sübutdur. Azərbaycan bir sıra dəyərləri ilə yalnız aid olduğu Qafqazlara, Türk-İslam dünyasına deyil, Avropaya, Qərb ölkələrinə örnəkdir:

- Dünya ədəbiyyatında ilk "Xəmsə" şəkilli bədii yaradıcılıq örnəyini dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıb. Dahi şairin 880 illik yubileyi şərəfinə 2021-ci il respublikamızda Nizami ili adlandırılıb;

- Şərqdə ilk diplomat qadın Qaraqoyunlar dövlətinin qurucusu Uzun Həsənin anası Sara Xatundur.

- Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətidir. Xalq Cümhuriyyətimiz Şərqdə qadınlara seçki hüququnun verilməsi ilə də ölkəmizə bir ilk yaşadıb;

- Müsəlman aləmində ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb. 

- Müsəlman Şərqində opera sənətinin əsası Üzeyir bəyin "Leyli və Məcnun" operası ilə qoyulub. Şərqdə ilk opera yazan qadın bəstəkar da azərbaycanlı xanım bəstəkar Şəfiqə Axundovadır. 

- Dünya tarixində ilk dərin neft quyusu 1844-cü ildə qazma üsulu ilə Bakı mədənlərində qazılıb. Bu hadisə əllə qazmanın sonu olub. Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər Dənizinin Azərbaycan sektorunda salınan Neft Daşları platformasıdır. 

- Keçmiş SSRİ-nin kosmik proqramlarının qurucusu soydaşımız general Kərim Kərimov olub. 

- Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı (bu sətirlər yazılarkən ad günü olan) Lütfi Zadədir. 

- Dünyada ilk və yeganə Beynəlxalq Muğam Mərkəzi də Bakı şəhərində yerləşir, 2009-cu ildə fəaliyyətə başlayıb.

Əlbəttə, bu, Azərbaycan İLKlərinin tam siyahısı deyil.

Azərbaycanın "Avroviziya" mahnı yarışmasında qalibiyyəti və bu yarışmaya ev sahibliyi etməsi, "Bakı-2015" - I Avropa Oyunlarının (ardınca IV İslam Həmrəyliyi  Oyunlarının, eləcə də, "Formula-1" yarışlarının və s.) keçirilməsi - yüksək səviyyədə keçirilməsi ölkəmizi Avrasiya və dünya miqyasında daha çox tanıdıb, xarici ölkə vətəndaşlarının diqqətini cəlb edib. 

Heydər Əliyev Mərkəzinin sərgi salonları Azərbaycan İLKləri də daxil olmaqla, Azərbaycanın bəşər mədəniyyətinə töhfələrini, özünəməxsusluğunu, potensialını, multikultural dəyərlərini universal şəkildə, çağdaş İKT tətbiqi ilə nümayiş etdirir.

Bizim görəvlərimizdən biri də məhz müstəqilliyimizi, milli dəyərlərimizi qoruyub onlara sahib çıxmaq, onları tanıtmaqdır.

Elə Heydər Əliyev Mərkəzinin özü bir İLKdir - dünyanın nadir memarlıq incisidir.

Bakı Kristal Zalı

Türk Keneşi xətti ilə ölkəmizə səfər edən jurnalistlərin başqa bir duracağı da paytaxtımızın böyük mədəniyyət müəssisəsi - Bakı Kristal Zalı oldu. Qonaqlara Azərbaycan gənc sənətçilərinin "Avroviziya" mahnı yarışmasında başarılı iştirakı, 2012-ci ildə qısa müddət içində istifadəyə verilmiş memarlıq hadisəsi Bakı Kristal Zalı haqqında bilgi verildi. 

İTV-nin Baş direktoru Balakişi Qasımovla çay süfrəsi arxasında görüş də Bakı Kristal Zalında baş tutdu. Balakişi Qasımov İTV-nin fəaliyyəti daxil olmaqla, qonaqları maraqlandıran bir sıra suallara cavab verdi. 

Və sonda, bu mediaturların gələcəyinə yönəlik təkliflərimi sıralamaq istərdim: 

- Mediaturların marşrutu elə cızılmalı, vaxt elə ayarlanmalı ki, yolda keçən saatlar, ziyarətlərə, işgüzarlığa həsr olunmuş saatlara nisbətdə daha az olsun;

- Mediatur iştirakçılarından arzu edənlərin qatıldığı sosial media qrupları yaradılsın və o qruplarda müzakirələr gələcəkdə də davam etsin;

- Belə mediaturlardan sonra bir kataloq, hansısa jurnalın xüsusi buraxılışı, yaxud kitab nəşri, sənədli film hazırlanması məqsəduyğun olardı.
 

 





09.09.2021    çap et  çap et