525.Az

Naxçıvanın Kəngərli süvariləri: yeni arxiv sənədinin işığında


 

Naxçıvanın Kəngərli süvariləri: <b style="color:red"> yeni arxiv sənədinin işığında </b>

Naxçıvan Kəngərli süvarilərinin hərb tarixi çox qədimdir. Orta əsr Azərbaycan tarixinə dair farsdilli sənədlərdən məlum olur ki, I Şah Abbas öz hakimiyyətinin son illərində, yəni 1587-1629-cu illərdə, Maqsud Sultan Kəngərlini Naxçıvana hakim təyin edib. İskəndər bəy Münşinin yazdığına görə, 1628-ci ildə Maqsud Sultan Naxçıvan Kəngərli süvarilərinin başçısı olmaqla bərabər, həm də Xorasan kəngərlilərinin də başçısı idi. Qeyd edək ki, Xorasan kəngərliləri də Naxçıvandan köçürülmüşdü. Səfəvi dövlətinin sərhədlərini köçəri türkmənlərdən qorumaq üçün I Şah Abbas kəngərli süvarilərini dövlətin şərqində, ən çətin sərhəddə yerləşdirmişdi. Sərhədi qoruyan Kəngərli süvariləri ən bacarıqlı hərbi qüvvələr sayılırdılar.

Naxçıvan kəngərlilərinin arxivində saxlanılan sənədlərdən (sənəd №2) məlum olur ki, Naxçıvan uzun müddət Səfəvi dövlətinin xidmətinə "Naxçıvan süvariləri" adı altında Kəngərli tayfalarından yığma atlı dəstələr göndərirdi. Monqollar dövründə 10 000 əsgərdən ibarət hərbi dəstələr "tümən" adlanırdı. Tümən eyni zamanda, inzibati-ərazi bölgüsü vahidi də hesab olunurdu. Naxçıvan da 10 000-dən çox süvari dəstələr göndərdiyinə görə tümən adlanırdı. 

Naxçıvan xanlığının yaradıcısı Heydərqulu xan Kəngərlinin oğlu Şükrülla xan Kərim xan Zəndin hakimiyyəti dövründə, hicri 1182 (miladi 1768-ci il) tarixli fərmana əsasən "Müstəqil xan" tituluna layiq görülmüş və Naxçıvanın Kəngərli süvarilərinə sərkərdə təyin edilmiş və həmin vaxtdan da Naxçıvan tüməninin hakimi kimi şöhrət tapmışdı .

Tarixə azacıq da olsa ekskurs etməyimiz Naxçıvanda süvari hərb tarixinin qədimliyini sübuta yetirir. Amma çox təəssüflər ki, bəzi tədqiqatçılar Kəngərli süvari hərb tarixinin Rusiyanın Naxçıvanı tutmasından sonra başlandığını yazırlar və qeyd edirlər ki, Naxçıvanın süvari dəstələri 1828-ci ildən sonra Rusiya çarının fərmanı ilə yaradılıb. Bu məsələyə də aydınlıq gətirmək yerinə düşərdi.

1828-ci ilin martında Peterburqdan Qafqaza gələn xəbərlərdən aydın olurdu ki, Rusiyanın qonşu dövlətlərlə münasibətləri kəsilib. Buna görə də Rusiya qoşunlarının hərbi rəisi İ.F.Paskeviç qərara aldı ki, müsəlmanlardan ibarət qoşun dəstələri yaradılsın. 4 müsəlman atlı dəstələri yaradıldı. Kəngərli süvari dəstəsi əvvəldən var idi. Ona görə də bunun yenilənməsinə diqqət yetirildi. Naxçıvanın Kəngərli süvari dəstəsi may ayında Naxçıvandan İrəvana yola düşdü. Kəngərli süvari yüzlüyünə I Kalbalı xanın oğlu Fərəculla xan başçılıq edirdi. Onun köməkçisi kapitan Zeynalabdin Sultan Şahtaxtinski təyin edildi. Fərəc xanın qardaşı Mehdiqulu xan da bu dəstədə idi. General Paskeviç Naxçıvanın Kəngərli süvarilərini Qara Dəniz kazaklarının yüzlükləri ilə birlikdə süvari polk yaratdı. 1828-ci ildən sonra Çar Rusiyası Azərbaycanda nizamlı süvari qoşunları - atlı dəstələri yaratmaq işinə ciddi cəhdlə girişdi. Çünki bu alayların döyüş hünərlərinə çar süvarilərinin özləri belə həsəd aparırdılar. Dağlıq yerlərdə Kəngərli süvariləri qorxmadan, özü də çox çevik döyüşlər nümayiş etdirirdilər. XIX əsrdə Rusiyanın Avropada apardığı müharibələrdə iştirak etmiş Kəngərli süvarilərinin qəhrəmanlıqları haqqında bu gün də həmin ölkələrdə söhbət açanlar var.

Süvari qoşunlara çox ehtiyacı olan Çar Rusiyası buna görə Naxçıvana xüsusi imtiyazlar verir, onları özündən incik salmaq istəmirdi. Çünki rus hərbçiləri, xüsusən qraf Paskeviç bilirdi ki, Kəngərli süvarilərinin 1828-ci ildə Fətəli şah Qacardan inciklikləri olmasaydı, onlar Abbasabad döyüşlərini udmayacaqdılar.

Kəngərli süvariləri ilə bağlı məsələlərin araşdırılmasında diqqət veriləcək xüsusi sahələrdən biri onların geyimləri və silahlarının formasıdır. Kəngərli süvarilərinin hərbi geyimləri və silahlarının formasıdır. Bu barədə əlimizə gəlib çatan mənbələr əsasən XIX yüzilliyə aiddir. Bəs görəsən, onların əvvəllər hərbi geyimləri necə olub?

XVII-XVIII əsrdə yaşamış müəlliflər az da olsa bu haqda məlumatlar veriblər. Hələ digər vacib mənbələrə əsasən, Kəngərli süvarilərinin qədim silahları haqqında yazmaq mümkündür. Bunun üçün köhnə qəbirüstü təsvirlər, arxeoloji qazıntılar zamanı tapılan şəxsi əşyalar və silahlar, həmçinin, toplanılan etnoqrafik söhbətlər köməyə çata bilər.

Aparılan araşdırmalara əsasən deyə bilərik ki, XVIII əsrin sonlarında artıq süvarilər odlu silahlardan istifadə edirmişlər. Yəni bu dövrdə tədricən soyuq silah odlu silahla əvəz olunurmuş.

XVIII əsrdə Rusiyanın artilleriya kapitanı Herber Qafqazda olan xanlıqların hamısında süvari qoşunların odlu silahlara malik olduğunu yazırdı. O qeyd edirdi ki, süvarilərin atları çox qəşəng və iti sürətlidir, həmçinin, hamısının odlu silahı və qılıncı var, az bir qismində isə ox-kamana rast gəlmək olur.

Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivinin fondlarında qorunan qalın bir qovluqda (521 səhifəlik) ancaq müsəlman atlı dəstələri-süvariləri haqqında geniş və maraqlı məlumatlar var. Burada əsasən Dağıstan və Azərbaycanda təşkil edilmiş atlı alayları haqqında bilgilər üstünlük təşkil edir. Arxivdə Naxçıvan süvariləri, onların geyimləri (sadə və bayram geyimləri), silahları, döyüş atları haqqında sənədlər toplusu da vardır. Həmin sənəd 1841-ci ildə Naxçıvandan Varşavaya göndərilən Kəngərli süvariləri haqqındadır. Sənədlərdə süvarilərin Kəngərli tayfasının hansı qoluna mənsubluğu, yaşı, geyimi, atı, silahı və yaşadığı ünvanı haqqındakı məlumatlar çox incə mətləblərdən xəbər verir. Orada Naxçıvandan Tiflisə, sonra isə Varşavaya müsəlman atlı alayına göndəriləcək Kəngərli süvarilərinin 18 aprel 1841-ci ildə yazılmış geniş siyahısı verilib. 
18 aprel 1841-ci ildə tərtib edilən Kəngərli atlıların siyahısı əsasən Naxçıvan şəhərində və ətraf kəndlərdə yaşayan kəngərlilərin adları yazılıb.
Kəngərli süvari dəstəsinin başçısı I Kalbalı xanın sonbeşik oğlu İskəndər xandır. Onun hərbi rütbəsi sultan kimi qeyd edilib, yaşının isə 26 olduğu göstərilib.

Dəstənin naibi Hüseynqulu bəy (25 yaş) Məmmədxan oğlu, Məmmədxan Sultan Lütfəli Sultanın oğludur.

Dəstənin vəkilləri: 1) İbrahim Xəlil bəy Hacı Vəli bəy oğlu 29 yaşında.

2) Məmməd bəy İbrahim Sultan oğlu 22 yaşında.

İbrahim Sultan Naxçıvan xanlığının vəziri Zaman xanın varisidir.

Siyahıda qeyd edilib ki, adlarını çəkdiyimiz gənc hərbçilərin kifayət qədər malikanələri və mülkədar hüquqları var.

Sonra isə atlı süvari dəstəsinin adlı siyahısı verilib. Süvarilər Kəngərli tayfasının aşağıdakı qollarından süvari dəstəyə qəbul edilmişlər: Bilici, Salahı, Kəclər, Qaradolaq, Qızılqışlaq, Cümşütlü, Qızıllı, Pirhəsənli, Yurçu, Cığataylı, Qaraxanbəyli, Qarabağlar, Xalxallı. Bu maraqlı tarixi sənəddə adları çəkilən gənc döyüşçülərin çoxu sonralar Çar Rusiyasında məşhur hərbçilər olmuşlar. Məsələn: Prmurad bəy, Murtuzaqulu bəy, Məmmədqulu bəy Səfər Sultan oğlu və b.

Həmin ildə podpolkovnik Nəzərəli xanın oğlu podporuçik Nəcəfqulu ağa Varşavaya könüllü olaraq yola düşüb.     

Varşavaya gedən süvarilərə ümumi rəhbərliyi I Kalbalı xanın oğlu İskəndər xan edirdi. Arxiv sənədinə görə, atlı dəstəsinin rəhbərliyi aşağıdakı tərkibdə idi: 1 nəfər sultan, bir nəfər naib və iki nəfər vəkil. Bu atlı dəstəsi ümumilikdə 40 nəfərdən ibarət olub. Burada dəstəyə qulluq edən 6 nökər də Kəngərlidir. Bu sənəddə hələ rus komandanlığı altında təşkil edilməyən milli süvarilərimiz, onların hərbi geyimləri və digər maraqlı məsələlər haqqında geniş məlumat vardır. Çünki sonralar süvari dəstələri rus kazaklarının dəstələri şəklində təşkil olunub.

Varşavaya göndərilən süvarilərinin hərbi geyimlərinə gəlincə qeyd edək ki, bu, onların bayram və hərbi parad geyimləridir: tünd yaşıl rəngli zərif mahud çuxa. Bu çuxanın astarı, qolları da daxil olmaqla qırmızı qanovuzdandır. Şalvarları yarımipəkdir. Köynəkləri qırmızı (şilədən), döş hissəsi qanovuzdandır. Alt paltarları göy rəngli çitdən, geydikləri çəkmələr uzunboğaz və çox yüngüldür. Bu çəkmələrə "Qarabağ çəkmələri" deyirlər. Çiyinlərinə saldıqları yapıncı qara rənglidir. Dağıstanın qara mahudundan tikilmiş başlıqları da var. Papaqları da bayramsayağıdır. Qeyd edək ki, Kəngərli süvarilərinin atlarına məxsus ləvazimatlar bunlardır: yüyən, noxta, gəm, yəhərin qaşı, qoltaq, qantarğa, yedək, cilov,  döşbağı,üzəngi qayışı, tapqır, qarınaltı, üzəngi, nal, yəhər, döşəkçə, quşqun, tərlik, təkaltı, qırmızı rəngli kapor. Döyüş atları Qarabağ kəhərləridir. 

Sənədlərdə atların rəngi, nişanələri, boylarının hündürlüyü, hətta bəzəkləri haqqında ətraflı məlumatlar yazılıb. Orada deyilir ki, atların yüyənləri və sinəsindəki bəzəklər təmiz gümüşdəndir. Hətta atın sahiblərinin, yəni süvarilərin çiyinlərindəki aşırmadakı patrondaş (patron qabı da deyilir) gümüşlə bəzədilib. Aşırmanın özü də təmiz gümüşdən hazırlanır. Süvarilərin çiyinlərinə asdıqları tüfənglər yüngül və gödək lüləlidir, qundağında gümüşlə bəzəklər işlənmişdir. Onların tapançaları "Danisxa" markalıdır. Deməli, onlar üçün silahlar xüsusi hazırlanmışdır.

Kəngərli süvarilərinin milli hərbi geyimləri və silahları bütün Avropanı heyrətə gətirirdi. Naxçıvandan Tiflisə, oradan da Varşavaya gedən Naxçıvan süvariləri həmişə diqqət mərkəzində saxlanılırdı. Bu süvarilərin özünəməxsus döyüş taktikaları var idi. Həmin süvari dəstəsindən düşmən üzərinə qəflətən hücum etmək, düşməni mühasirəyə almaq, döyüş zamanı düşmən arxasına keçib gözlənilmədən zərbə endirmək üçün istifadə olunurdu. 

Kəngərli süvarilərinin hərbçi varisləri Azərbaycanda və Rusiyada, eləcə də Türkiyə və İranda da hərb sənətinin inkişafında böyük rol oynamışlar. Təbii ki, bir kiçik məqalədə bu məsələləri genişliyi ilə şərh etmək mümkün deyil. Ona görə də gələcəkdə bu sahədə daha geniş araşdırmalara ehtiyac var. 
 

 





09.09.2021    çap et  çap et