525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız -<b style="color:red"> Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana - əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

[email protected]

***

Qismət Qərib oğlu Qardaşxanov 30 avqust 1993-cü ildə Füzulinin Mahmudlu-1 kəndində doğulub. 2000-ci ildə Mahmudlu-1 kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul olub. 2011-ci ildə tam orta məktəbin 11-ci sinfini başa vurub. 

Qismət Qardaşxanov 2012-ci ildə hərbi xidmətə yola düşüb. Xudat və Xaçmazda sərhəd qoşunlarında xidmət edib. 2013-cü il oktyabrın 20-də hərbi xidmətini başa vurub tərxis olunub. Hərbi xidmətdən qayıtdıqdan sonra satıcı kimi fəaliyyətə başlayıb. 2015-ci il sentyabrın 20-də ailə həyatı qurub. 

2020-ci ilin avqustun 17-də hərbiyə geri dönərək MAXE kimi xidmətə başlayıb. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olub. Cəbrayıl, Xocavənd, Füzuli rayonları uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub və oktyabrın 5-də gərgin döyüşlər zamanı Qismət şəhidlik zirvəsinə ucalıb.

Ailəli olan şəhidimizin vətənə əmanət iki övladı qalıb.

Qismət Qardaşxanov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub. 

***

 
Gəray Xəlil oğlu Soltanov 1993-cü il oktyabrın 29-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. 

Azərbaycan Ordusunun əsgəri olan Gəray Soltanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 4-də Füzuli döyüşləri zamanı şəhidlik məqamına yüksəlib. Beyləqan rayonunda dəfn olunub.

Ailəli olan şəhidimizin bir qızı yadigar qalıb.

Gəray Soltanov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Fariz Fərhad oğlu Zülfüqarzadə 20 noyabr 1992-ci il Lənkəran şəhərində anadan olub. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb və 2007-ci ildə Azərbaycana, Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə (rus bölməsində) davam etdirib. Orta təhsilli olub. 
2012-2013-cü illərdə hərbi xidmətdə olan Fariz Zülfüqarzadə 2015-ci il mart ayından müddətdən artıq həqiqi hərbi xidmət (MAXE) üçün yenidən orduya qayıdaraq tankçı kimi hərbi xidmətini davam etdirib. Aprel döyüşlərində Lələtəpə uğrunda mübarizədə fəal iştirak edib.

2020-ci il sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak edib. Tankı 2 dəfə vurulsa da, yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyir. Silahlı Qüvvələrin sərrast tankçısı Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edir. İki dəfə yaralansa da, döyüş meydanına yenidən qayıdır. Sonuncu döyüşünü oktyabr ayında Qubadlı rayonunda keçirir. 20 gün tankı düşmən tərəfindən hədəfə alınsa da, cəsur tankçımızın atəşini susdura bilmirlər. Oktyabrın 19-da düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas etsə də, öz həyatını vətənin azadlığı uğrunda qurban verir. Şəhidlik zirvəsinə ucalan Fariz Zülfüqarzadə 19 oktyabrda Lənkəran şəhərində dəfn olunub. 

Ailəli olan şəhidimizin iki övladı vətənə əmanət qalıb.

Fariz Zülfüqarzadə şəhadətindən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.

*** 

Fərid Tahir oğlu Ələkbərov 1980-ci il iyulun 18-də Bakı şəhərində anadan olub. Onun Rüfət adlı əkiz qardaşı var. Əslən Nardarandan olsalar da, "Sovetski" deyilən ərazidə böyüyüblər.

Uşaqlıq illərinə təsadüf edən 20 Yanvar və Xocalı soyqırımı faciələri onun düşmənə qisas hissiylə böyüməsinə səbəb olub və o, hərb sənətini seçib. Buna görə də 1996-cı ildə Türkiyənin İstanbul şəhərindəki Kuleli Hərbi Liseyini, 2000-2004-cü illərdə Ankaradakı Kara Harp okulunu, daha sonra Eğindik şəhərindəki Dağ Komando okulunu, 2004-2005-ci illərdə Ankaranın Polatlı qəsəbəsindəki Topçu məktəbində hərbi təhsilini uğurla başa vurub.

Zabit kimi vətənə qayıdan Fərid Ələkbərov Heydər Əliyev adına Ali Hərbi Məktəbdə artilleriya ixtisası üzrə məktəbin gənc kursantlarına dərs deməyə başlayıb.

O, müxtəlif illərdə nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı, "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı ilə təltif edilib.

Azərbaycan Ordusunun mayoru olan Fərid Ələkbərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Fərid Ələkbərov noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. II Şəhidlər xiyabanında dəfn olunub.

2013-cü ildə ailə həyatı quran şəhidimizin 2016-cı ildə dünyaya gəlmiş Tahir adlı oğlu artıq bu vətənə və xalqa əmanətdir. 

Fərid Ələkbərov şəhadətindən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. 

*** 

Xəyal Rahil oğlu Rəhimli 1992-ci il iyunun 9-da Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. 1999-2008-ci illərdə K.Əliyev adına Orta Əlinəzərli kənd tam orta məktəbində təhsil alıb. 2008-ci ildə həmin məktəbin 9-cu sinfini bitirərək, fərdi əmək fəaliyyətinə başlayıb.

Xəyal Rəhimli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Bakı şəhərində yerləşən N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Rəhimli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə döyüşlərdə savaşıb. Xəyal Rəhimli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Beyləqan şəhərində dəfn olunub.
Xəyal Rəhimli şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

***

Həsən Rəhim oğlu Həsənov 1990-cı il oktyabrın 1-də Şirvan şəhərində Rəhim və Məryam Həsənovların ailəsində anadan olub. 1997-2008-ci illərdə 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 

Həsən Həsənov 2008-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. 2017-ci ildən isə Abşeron rayonunda yerləşən N saylı hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun çavuşu olan Həsən Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Şirvan şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Qəriyyə Həsənova ilə ailəli olan şəhidimizin Ömər və Camal adında iki oğlu yadigar qaldı.

Həsən Həsənov şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

*** 

Həsənağa Şakir oğlu Abdullazadə 1993-cü il martın 9-da Lənkəran şəhərində anadan olub.

1999-2007-ci illərdə R.Bədəlov adına 9 saylı Lənkəran şəhər tam orta məktəbində, 2007-2010-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2010-2014-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Ali məktəbi "leytenant" hərbi rütbəsi ilə bitirib. 2014-2015-ci illərdə Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində iştirak etdiyi zabit təkmilləşdirmə kursunu uğurla başa vurub.

Həsənağa Abdullazadə 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən N saylı hərbi hissəsində xidmətə başlayıb. 2017-ci ildən xidmətini "baş leytenant" hərbi rütbəsi altında davam etdirirdi.

O, müxtəlif zamanlarda nümunəvi xidmətinə görə "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, eyni zamanda, diplom, təşəkkürnamələrlə təltif edilib. 

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Həsənağa Abdullazadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib, daha sonra isə Ağdərə və Kəlbəcər cəbhələrində savaşıb.

Oktyabrın 1-dən onunla əlaqə saxlamaq mümkün olmayıb. 2 oktyabr tarixində Kəlbəcər rayonu ərazisində, hakim yüksəkliklər uğrunda gedən döyüşlərdə pusquya düşərək qəhrəmancasına şəhid olub. Nəşi uzun müddət tapıla bilməyib. Yanvarın 14-də itkin düşdüyü Kəlbəcər rayonu ərazisində şəhid olduğu müəyyənləşib. İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Həsənağa Abdullazadə şəhadətindən sonra "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına görə" medalları, 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

*** 

İbrahim Malik oğlu Vəlizadə 1997-ci il aprelin 2-də Babək rayonunun Yarımca kəndində anadan olub. 2003-2011-ci illərdə Yarımca kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyində təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. AAHM-in Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib. Azərbaycan Respublikası Müdafiə nazirinin 19 iyun 2018-ci il tarixli əmri ilə ona "leytenant" hərbi rütbəsi verilib.

O, 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında, Tərtər şəhərində yerləşən N saylı hərbi hissədə xüsusi təyinatlı kəşfiyyat qrupunun komandiri vəzifəsində xidmət edib.

Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ və Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Sentyabrın 27-də "Murovdağ-3340" yüksəkliyinin azad edilməsində böyük fədakarlıq və qəhrəmanlıq göstərən İbrahim orada 4 gün yoldaşları ilə birlikdə ac-susuz qalaraq Azərbaycan bayrağını qoruyub və düşmənin əks-hücumlarını mərdliklə dəf edib. Oktyabrın 1-də səhhətindəki nasazlıqlar və yaralanma səbəbindən hərbi hospitala yerləşdirilən İbrahim həkimlərin israrına baxmayaraq, "Gizirim şəhid olub, əsgərlərim başsız qalıb" deyərək oktyabrın 3-də yenidən döyüş meydanına qayıdıb. Növbəti tapşırığı Suqovuşan ətrafındakı yüksəkliklərin azad edilməsi olan qrup komandiri Vəlizadə İbrahim oktyabrın 6-da mühüm strateji məntəqə olan "951" yüksəkliyi uğrunda gedən şiddətli döyüşlərdə yaralanan yoldaşını atəş altından çıxararkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib.

Ərazidə ağır döyüşlər getdiyindən onunla birlikdə bir neçə şəhidin nəşi uzun müddət götürülə bilməyib. Müharibə başa çatdıqdan sonra - nəhayət, o, noyabr ayının sonlarında götürülüb və ayın 30-da Babək rayonu Yarımca kəndinə gətirilərək böyük izdihamın müşayiəti ilə kənd qəbiristanlığında dəfn olunub. 

Ailəli olan şəhidimizin bir oğlu yadigar qalıb.

İbrahim Vəlizadə şəhadətindən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Nurlan Nadir oğlu Həsənov 1991-ci il mayın 19-da Şuşa şəhərində anadan olub. 1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən sonra öz doğma yurd-yuvalarından didərgin düşən Həsənovlar ailəsi məcburi köçkün kimi Bakı şəhəri Binəqədi rayonunda yaşamağa başlayıblar. 1997-2008-ci illərdə Binəqədi rayonunda Şuşa şəhərinin 3 nömrəli tam orta məktəbində təhsil alıb. 2008-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetində (ATU) "İnzibati idarəetmə" ixtisası üzrə ali təhsil alıb. 

Nurlan Həsənov 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edib. 2014-cü ildə öz istəyi ilə Azərbaycan Ordusu sıralarından tərxis olunub.

Azərbaycan Ordusunun leytenantı olan Nurlan Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edən Nurlan: "Ana, məndən narahat olmayın, burda hər şey yaxşıdı, Şuşanı almağa gəlmişəm" - deyirdi. O, oktyabrın 1-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb. Biləcəri qəsəbəsində dəfn olunub.
Ailəli olan şəhidimizin Nurgül adlı qızı və Məhəmməd adlı oğlu  vətənə yadigar qaldı.

Nurlan Həsənov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

Pərviz Fərmayıl oğlu Həsənov 1989-cu il dekabrın 8-də Samux rayonunun Poylu kəndində anadan olub. 1997-2008-ci illərdə Poylu kənd tam orta məktəbində təhsil alıb. 

2008-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2009-cu ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş əsgəri olan Pərviz Həsənov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Pərviz Həsənov noyabrın 6-da Şuşa döyüşləri zamanı şəhid olub.

Ailəli olan şəhidimizin bir övladı yadigar qaldı.

Pərviz Həsənov şəhadətindən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

*** 

Nicat Qəşəm oğlu Nəsibov 1998-ci il yanvarın 1-də Qazax rayonunun Cəfərli kəndində anadan olub. 2004-2012-ci illərdə M.Dilbazi adına Cəfərli kənd tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 

O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun leytenantı olan Nicat Nəsibov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12-də Füzuli döyüşləri zamanı qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksəlib. Noyabrın 1-də Qazax rayonunda dəfn olunub.

Nicat Nəsibov şəhadətindən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

*** 

Ramiq Teymur oğlu Tağıyev 1998-ci il oktyabrın 31-də Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 2004-2015-ci illərdə F.Şahbazov adına Kəlvəz kənd tam orta məktəbində təhsil alıb. 

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2018-ci ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi.

Azərbaycan Ordusunun kiçik giziri olan Ramiq Tağıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və noyabrın 10-da Şuşa döyüşləri zamanı qəhrəmancasına şəhidlik məqamına ucalıb. Lerik rayonunun Kəlvəz kəndində dəfn olunub.

Ramiq Tağıyev şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

***

Ülvi Şirin oğlu Hacıyev 1994-cü il noyabrın 13-də Suraxanı rayonunda anadan olub. 2001-2012-ci illərdə Suraxanı rayonunda R.Ənnağıyev adına 141 nömrəli tam orta məktəbdə təhsil alıb. 2012-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "iqtisadiyyat" üzrə ali təhsil alıb. 2016-2018-ci illərdə isə həmin universitetdə "biznesin idarə edilməsi" üzrə magistr dərəcəsi alıb. 2019-cu ildən Dövlət Gömrük Komitəsinin (DGK) Qırmızı Körpü Sərhəd-Keçid Məntəqəsinin postunda çalışırdı. 

O, 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Ülvi Hacıyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 19-da Füzuli döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 5 dekabr 2020-ci il tarixində II Şəhidlər xiyabanında dəfn olunub.

Ülvi Hacıyev şəhadətindən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

2021-ci il yanvarın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) "Azərterminalkompleks" Birliyinin inzibati binasında Ülvi Hacıyevin büstünün açılış mərasimi baş tutub.

*** 

Yusif Yaşar oğlu Ələsgərov 1996-cı il oktyabrın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2002-2013-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb. 

2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb. O, noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik məqamına ucalıb. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

Yusif Ələsgərov şəhadətindən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. 
 

 





09.09.2021    çap et  çap et