525.Az

Məhəmmədağa Şahtaxtlı - milli və bəşəri amallar carçısı


 

Məhəmmədağa Şahtaxtlı - <b style="color:red"> milli və bəşəri amallar carçısı</b>

Görkəmli maarifçi-pedaqoq Məhəmmədağa Şahtaxtlı təhsil və tərbiyə işinin cəmiyyət həyatında və ictimai inkişafda müstəsna əhəmiyyət daşıdığına inanmış və ömrünün sonuna qədər bu yolda yorulmadan çalışıb mübarizə aparmışdı. Onun ideyalarının bu gün də müasir səslənməsi həm də bununla səciyyələnir ki, hazırda təhsilin məzmununun elmlər kompleksini əks etdirməsi, verilən biliyin həyati faydalılığının olması, təhsilin dünya təcrübəsinə inteqrasiya edilməsi, öyrədənlərin milli və beynəlxalq səviyyədə hazırlığının vacibliyi kimi tələblər irəli sürülür. Pedaqoq, publisist, şərqşünas, dilçi və ictimai xadim Məhəmmədağa Şahtaxtlı cəmiyyətin inkişafında təhsilin, elmin mühüm əhəmiyyəti olduğunu konseptual şəkildə işləyən nəhəng şəxsiyyətlərdəndir. Onun bu baxışlarını şərtləndirən cəhətləri aşağıdakı kimi səciyyələndirmək olar:

1. Elmin təhsil üçün və hansı məqsəd baxımından seçilməsi;

2. Təhsildə inkişafa təsir edən əlamətlərin şərhi;

3. Təlimdə təhsil, tərbiyə və inkişafı təmin edən cəhətlərin gözlənilməsi;

4. Humanist məqsədin əxlaqa görə müəyyənləşməsi;

5. Pedaqoji prosesin təhsil, tərbiyə, inkişaf və psixoloji amillərdən əlavə daha bir sıra komponentlərin ola bilməsinin şərhi və s.Məhəmmədağa Şahtaxtlının ədəbi-elmi irsinə dövrü mətbuatda Avropa və Amerika alimləri də biganə qalmamışlar, onun fəlsəfi, siyasi və hüquqi görüşlərini əks etdirən əsərləri dünya elmində müzakirə və mübahisələrə səbəb olmuşdur. Mirzə Fətəli Axundzadə yaradıcılığına böyük önəm verən və onun "Aldanmış kəvakib" hekayəsini (1903) və "Hacı Qara" (1904) komediyasını fransız dilinə tərcümə edən fransız alim Lüsyen Büva "Mohammed Ağa Şahtaxtinskiy" əsərində və ya "Azərbaycan türklərində bir ədəbi və siyasi qəzet" adlı məqaləsində Məhəmmədağa Şahtaxtlını öz ölkəsinin "yaxın dostu, müsəlman dünyasının bütün ümidlərini doğruldacaq bir şəxs" kimi yüksək dəyərləndirir. Lüsyen Büva "Şərqi-Rus" qəzetinin nəşrini ümummilli xidmət səviyyəsində dəyərləndirərək yazırdı ki, "aləmi-mədəniyyət Məhəmmədağanın bu həmiyyətli iqdamı (mühüm addım) üçün ona minnətdar olmalıdır".

M.Şahtaxtlı səmərəli elmi-pedaqoji və publisist fəaliyyətinə görə 1901-ci ildə Fransa Xalq Maarifi Nazirliyinin Fəxri fərmanı ilə təltif olunub və onun fəlsəfi, siyasi və hüquqi görüşlərini əks etdirən əsərlərlə dünya elminə böyük xidməti etiraf edilib. Həmçinin, Şahtaxtlı Avropa aləminə islam dini prinsipinin mənəviyyatın inkişafına təsirini çatdıraraq "Quran"ı alman dilinə tərcümə etmişdi. Şahtaxtlı fəaliyyətinin ayrı-ayrı dövrlərində ən yaxşı elmi, tənqidi və publisistik əsərlərində liberal millətçilik, irqçilik, qadın əsarəti, dövlət quruluşu, demokratiya, xalq hakimiyyəti, din-şəriət məsələləri haqqında dövrünə görə mütərəqqi fikirlər irəli sürüb. Belə qənaətə gəlmək mümkündür ki, Məhəmmədağa Şahtaxtlının elmi-pedaqoji görüşlərinin öyrənilməsinə üz tutmaq zərurəti müasir pedaqogikanın problemləri üzərində ciddi düşünməkdən və təhlil etməkdən, habelə irəli sürülən yeni ideyaların Azərbaycan məktəb və pedaqoji fikir tarixinin milli maraqlarına uyğun gəlib-gəlməməsini aydınlaşdırmaqdan irəli gəlir.

Təbii ki, bu kimi fikirlərini o, redaktoru olduğu "Şərqi-Rus" qəzetində daha çox işıqlandırıb. XX əsrin ilk Azərbaycan qəzeti sayılan "Şərqi-Rus" qəzetinin qarşısına qoyduğu məqsədini, məramını M.Şahtaxtlı belə açıqlayıb: "...Bizim borcumuz həqayiqnəvislikdir: yaxşılığı dediyimiz kimi, yamanlığı da gizlətməyəcəyik. Biz meydana onun üçün çıxdıq ki, xalqa doğru söz deyək və nəinki ona-buna vicdanfüruşanə mədhiyyələr oxuyaq. Biz İbn Xəldunuq, Qaani deyilik". Və yaxud: "Məsləkimizi hər kəs bilir. Millətimizin mədəniyyətinə xidmətdir. Mədəniyyət ehtiyacımız felidir, həyatidir. Qonşularımızın həpisi mədəni olduqlarından kəsbü kar, ticarət, sənaye, ziraət, bir sözlə, məişət aləmində onlarla rəqabət edə bilib, qövmimizin, cinsimizin dünyada baqi qala bilməsini müdafiə edə bilməyimiz buna bağlıdır. Vəilla (əks halda) mədəni qonşularımız bizi əzib dünyadan qəti-nəsl edərlər. Necə ki, Amerikanın qədim qövmlərini Amerikaya hicrət edən Avropa qövmləri elədilər. Bir millətin həqiqətən təməddün edə bilməsi üçün ümdə şərt odur ki, ümumə aid məsələlərdə hər fikirlərini, rəy və əqidəsini kamali-azadlıq və hürriyyətlə bəyan edə bilsin. Bu azadlıqdan türk qövmini müstəfid etməkdən ötrü "Şərqi-Rus" meydana çıxmışdır... "Şərqi-Rus" açdığı yolunda davam edəcək kamali-qeyrət və istiqamət, şövq və zövqlə türk cinsinin mədəniyyətinə, səadətinə, şan və şərəfinə xidmət edəcək". 

Qəzetin məqsədini və məramını görkəmli müəllim-pedaqoq F.Köçərli də dəyərləndirərək yazır ki, M.Şahtaxtlı "gözəl və nəsihətamiz sözləri, hüsni rəyləri və etiqadları... kamali-məmnuniyyətlə qəbul" edirdi.

"Şərqi-Rus"un rolundan və əhəmiyyətindən bəhs edən M.Şahtaxtlı qeyd edir ki, qəzet mühüm milli qüvvələrdən biridir. Qəzet də bir məktəb rolunu oynayır. Həm məktəb, həm də məktəbdən kənar öz işini görür. Millət qəzet vasitəsilə məlumatlanır, camaat onun səhifələrində elmi, ədəbi və siyasi xəbərlərlə tanış olur. Qəzeti hava kimi fərz etmək olar. O, hər gün insan zəkasının məhsulunu öz səhifələrində dərc edir. Bir millət ki, müxtəlif ümumi məsələlərdən bəhrələnə bilmir, o, öz təcrübəsi vasitəsi ilə də faydalı məlumat əldə edə bilməz. Bu mənada qəzet mütləq və müstəqil iqtidarlardan üstündür. O görür, yazır, göstərir, gələcəyə baxır. Öz tənqidi çıxışları, mübahisələri vasitəsilə ictimaiyyəti həyəcana gətirir, camaatın təlimini və zəkasını zənginləşdirir, eyibləri açır, xəstəlik və yaraları sağaldıb aradan qaldırır. M.Şahtaxtlı qəzet haqqındakı düşüncələrini aşağıdakı sözlərlə ümumiləşdirir: "Qəzet aləmin güzgüsüdür, Qəzet zəmanənin ən kəskin qılıncıdır. Qəzet indiki cismi-həyatın ruhudur. Qəzet aləmin ən nüfuzlu, təsirli vaizidir. Qəzet hər millətin ölçüsü, qəzet məmləkətin hamisi, vəkili, advokatıdır".

"Şərqi-Rus" qəzetinin işıq üzü görməsi bir çox qabaqcıl maarifçiləri (Məhəmməd Tağı Sidqi, Qurbanəli Şərifzadə, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Hüseyn Cavid, Ömər Faiq Nemanzadə, A.Səhhət, M.Ə.Sabir və b.) sevindirib. Hələ 1902-ci ildə M.Şahtaxtlının senzuraya ərizəylə müraciət etməsi xəbərini eşidən Azərbaycanda maarif və məktəbşünaslığın əsasını qoyanlardan biri kimi tanıdığımız Məhəmməd Tağı Sidqinin Məhəmmədağa Şahtaxtlıya ünvanladığı məktublarından birində oxuyuruq: "Ey mənim maarifpərvərim! Sənə canımı qurban etsəm, rəvadır. Bu xoş xəbər mənim canımın dərmanıdır. Hər ansizdən bu xoş xəbəri eşitmək istəyirdim. Həqiqətən bu xoş xəbər bütün elm və mədəniyyət xadimlərinə, xüsusilə bu vilayətin (Naxçıvan nəzərdə tutulur - K.C.) bütün elm sahiblərinə yeni bir ruh və sevinc bəxş etdi. İnsana belə gəlir ki, guya Şərqdə yeni günəş doğdu və ulduzlar parladı. Həqiqətən dillə və qələmlə həmin sevgini bəyan etmək və yazmaq mümkün deyil. Hətta qələmin də buna gücü çatmaz. Mən həddən ziyadə sevindim və şad oldum. İndi mən səni səmimi-qəlbdən təbrik edib, xoş arzularımı çatdırıram".

Qeyd edək ki, böyük məktəb keçmiş M.Şahtaxtlı tələbəlik illərindən dövrünün görkəmli alimlərindən dərs almış, onların təsiri altında elmlərin mənşəyi və təsnifatı, insanın dərketmə fəaliyyəti, ictimai fəaliyyəti, ağıl və münasibətlə bağlı biliklərini şərh etmişdi. Görkəmli pedaqoq qeyd edir ki, təlim və təhsil tarixilik baxımından heç vaxt tamamilə sıradan çıxıb köhnəlmir, onun tərkib hissələrində inkişafa uyğun dəyişikliklər gedir, yeniləşir, şəraitə uyğunlaşır, lakin son məqsəd isə (insanın formalaşması, kamilləşməsi, tərbiyə olunması) eynilə qalır. M.Şahtaxtlı yazır ki, "indi həzrəti-Adəm dövrü deyildir. Avamlar, kəndlilər belə elmin, mərifətin qədrini, lüzumunu anlayıb, qanırlar. Amma bu gözəl səmtə getmək yolunu, qaydasını bilməyirlər. Buna görə elm yollarını bunlara sözlə deyil, işlə, öncüllük olmaqla bildirməlidirlər. Yoxsa sözü hər kəs söylər, amma işi hər kəs yapa bilməz. Bu cəhətlə böyüklərimizdən bizə quru söz deyil, ciddi ürək, qeyrət, iş lazımdır".

Nəticə etibarilə qeyd edək ki, M.Şahtaxtlının maarifçilik ideyaları Şərq və Qərb təfəkkürünün sintezi ilə ümumiləşdirmələr apardığına görə bəşəridir, millətinin başını uca etdiyinə görə millidir, bəşəri məqsədlər daşıdığına görə humanistdir, bütün zaman və dövrlər üçün müasirdir. Bu gün istər pedaqoji anlayışların şərhi, istərsə də təlim və təhsil prosesinin təşkili ilə bağlı nəyə toxunsaq, publisist, şərqşünas, dilçi və ictimai xadim Məhəmmədağa Şahtaxtlı irsində və ya Şahtaxtlının maarifçi təlimində onu tapa bilərik.
 

 





10.09.2021    çap et  çap et