525.Az

Səni bağışlamaq olarmı? - Leyla Camal yazır


 

Səni bağışlamaq olarmı? -<b style="color:red"> Leyla Camal yazır</b>

Bağışlamaq - insana yüngüllük gətirən, hüzura çatdıran bir addımdır. Bağışlanılmayacaq hərəkətləri belə bağışlamalısan. Bağışlamamaq və ya başqa dillə desək, bağışlaya bilməmək o yaranı açıq saxlayar. Hər xatırlayanda təkrar qanayar, qaysaqlamağı gecikər.

Bağışlamaq olanları unutmaq demək deyil. Bağışlamaq səni rahatlığa çatdıracaq, unutmamaq isə sənə o hadisənin nələr öyrətdiyini xatırladacaq.
Əslində, başımıza gəlməsinin imkansız olduğunu düşündüyümüz hadisələrin böyük bir qismini yaşamaqla keçir ömrümüz. Həyatda hər şey insan üçündür - xəyanət də, sədaqət də, qəzəb də məhəbbət də, sevgi də, nifrət də. Və sən insansan. Hər şeyi yaşamalı, hər duyğunu dadmalısan. Bağışlamaq da, kin bəsləmək də bunlara daxildir. Kin öncə ürəyini, sonra beynini, sonra hisslərini, ən sonda isə bütövlükdə səni əsir alar. Gecə-gündüz beynin səni fitnələyər. İntiqam planları düşünməklə günlərin tükənər. 

Dayandır kin bəsləməyi, unut inciklikləri, çıxart yaddaşından səni üzənləri. Hamısını bağışla və beynindən azad et. Burax beynin tamam təmizlənsin. Lazımsızları sil ki, gözəlliklərə yer açılsın. Üzünə qapanan qapıları bir daha döymə. Önündən belə keçmə. 

Bağışla səni satanları, yalanı yalana calayanları, uğurundan yananları.

Bağışla səni üzənləri, qəlbini incidənləri, qədrini bilməyənləri.

Bağışla göz yaşına, qəlb ağrına, ağ saçına səbəb olanları.

Gözün baxa-baxa içini yandıranları, özünü bir şey sananları, səni yox sayanları.

Bağışla, fəqət əsla unutma. 

Bağışladıqca öncə kin, sonra nifrət, daha sonra xatirələr səni tərk edəcək. Ürəyin, beynin hüzur dadacaq. Əsla ikinci şansı vermə. Çünki insanlar əsla dəyişməz. Qısa bir zaman öz mənfəəti üçün maskalanar. İlk fürsətdə köhnə adətini təkrarlayar. Üzülən də, yıxılan da yenə sən olacaqsan. Bağışla və varlığını unut. Bu, bir insandan ala biləcəyin ən böyük intiqamdır. Varlığını yox saymaq.

O hadisənin, o insanın sənə nələr öyrətdiyini əsla unutma. Bunlar sadəcə pis günlərdir, pis həyatın var demək deyil. Uzun, gözəl günlər hələ önündədir. Pis günlərdən qazandığın təcrübələr, aldığın dərslər sənə gözəl günləri daha da gözəlləşdirməyə kömək edəcək. Dünən nifrət duyduğun insanlara sabahkı ağlın üçün təşəkkür edəcəksən. Yaşamalıydın və yaşadın. Həyat insana dərsləri döyərək verir. Sən sadəcə bir az kötəkləndin. Daha böyük zərbələrə qarşı möhkəmləndin.

Sadəcə insanları deyil, özünü də bağışla. Sən səhv etməmisən, sadəcə fərqli düşünmüsən, fərqli addım atmısan. Bugünkü güclü sən olmaq üçün dərs almalıydın və imtahandan keçdin. Çünki unutmayacağın dərslər aldın.

Başqasına özündən daha çox dəyər verdiyin üçün, hər lazımsız hadisəyə görə özünü üzdüyün üçün, insanlara "yox" demədiyin üçün, sənə bir addım belə gəlməyənlərə dördnala qaçdığın üçün, hər kəsi başının üstündə gəzdirdiyin üçün, səhvləri görməzdən gəldiyin üçün, hər kəsi özündən dəyərli bildiyin üçün özünü bağışla. İnsanlara daha çox güzəştə gedib onlara sənə necə davranmalarını yanlış istiqamətləndirdiyin üçün, həyatın hər sınağında sadəcə özünü günahlandırdığın üçün özünü bağışla. Bu dünyada əfvə layiq ən məsum insan Sənsən. Bağışla, lakin bütün bu yanlışların həyatına nələr qatdığını əsla unutma. Sən indi daha güclü, daha məğlubedilməzsən.
 

 





10.09.2021    çap et  çap et