525.Az

"İnsan xarakteri barmaq izi kimidir, oxşarı var, amma eynisi yoxdur" - Fərhad Seyfiyev


 

"İnsan xarakteri barmaq izi kimidir, oxşarı var, amma eynisi yoxdur" -<b style="color:red"> Fərhad Seyfiyev</b>

Müasir dövrün insanları vizuallığı daha çox sevirlər. Elə ona görə də, müasir fəaliyyət sahələrinin hər birində qeyri-şifahi, davranışla idarə olunan ünsiyyət formasından - bədən dilindən düzgün istifadə əsas rol oynayır. Kim bədən dilindən düzgün istifadə edib insanların marağını öz üzərinə çəkə bilsə, o da uğurlu olur. Müsahibimiz Fərhad Seyfiyevlə söhbətimiz də bu mövzudadır. 

Fərhad Seyfiyev bakalavr təhsilini Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsi üzrə aldıqdan sonra İtaliyada Beynəlxalq münasibətlər - ekonomiya üzrə magistr təhsili alıb. Hazırda "NewSpace acceleration open innovation" şirkətində Bədən dili, mikro ifadələr, təqdimat bacarığı, natiqlik, mental sağlamlıq, altşüurun gücü və idarə edilməsi, tətbiqi psixologiya üzrə mentor olaraq fəaliyyət göstərir.

***

- Bədən dili dedikdə ağıla ilk gələn siyasətçilər olur. Sizcə, bədən dilindən doğru istifadə edə bilən və bilməyən siyasətçilər hansılardır?

- Bədən dili bütün sahələrdə vacibdir, fəaliyyət sferasından asılı olmayaraq bədən dili insanları ya uğura, ya da uğursuzluğa aparır. Uğursuzluğun səbəbini axtaran bir çox insan əsl səbəbi, yəni bədən dilindən düzgün istifadə etmədiyini görmür. Kommunikasiya modelinə əsasən, insan münasibətlərində 7 faiz sözlərimiz, 38 faiz səs tonumuz, 55 faiz isə bədən dilimiz rol oynayır. Yəni nə dediyimiz yox, deyərkən necə göründüyümüz əsasdır. Bunun ən bariz nümunəsi Amerikanın 35-ci prezidenti olan Conn Kennedir. O, mahir bədən dili istifadəçisi, rəqibi olan Riçard Nikson isə usta bir natiq idi. Debatlarını radiodan dinləyən və televizorda izləyənlər arasında bir sorğu keçirilir. Həmin dövrdə Amerika evlərində yeni-yeni televizora baxılırdı. Radio vasitəsilə debatları dinləyənlər böyük bir əminliklə R.Niksonun, televiziyadan izləyənlər isə tam əminliklə C.Kennedinin qalib olacağını demişdilər. Və qəribədir ki, C.Kennedinin seçkilərdə əldə etdiyi səs faizi ilə televiziyada izlənmə faizi üst-üstə düşürdü. Burada bir daha sübut olunur ki, bədən dilimiz, mimikalarımız sözlərimizdən daha vacibdir. Müasir dövrdə Rəcəb Tayyib Ərdoğan bədən dilindən məharətlə istifadə edən siyasətçilərdəndir. Bədən dilindən zəif istifadə edən siyasətçilərdən isə Putinin adını çəkmək olar. 

Öz dövründə öz sözünü deməyi bacarmış Corc Buş ilə Heydər Əliyev arasında keçən görüşlərdən fotolara və videofraqmentlərə diqqətlə baxsaq, görərik ki, Heydər Əliyev siyasət tarixində bədən dilindən ən mükəmməl şəkildə istifadə edən şəxsiyyətlərdən biri olub. Onlar arasında olan görüşdən sadəcə bir foto üzərində 2 saatlıq dərsim olur. Misal üçün, hər kəs Donald Trampın bədən dilindən mükəmməl istifadə etdiyini deyir, lakin o, əsasən, salamlaşmada öz gücünü göstərmək üçün "şəxsi məkana müdaxilə - şəxsi məkanda sıxma" jestindən istifadə edir. Siyasətdə bədən dilini öyrənmək çox çətin məsələdir, bu səbəbdən magistr təhsilimi siyasətlə bağlı olan beynəlxalq münasibətlər - ekonomiya ixtisası üzrə aldım. Bu sahə ilə bağlı belə bir fikir var: "İnsanlar fəaliyyət göstərdikləri sahənin bədən dilini təqlid edərlər". Mənim birbaşa siyasətçiləri canlı olaraq analiz etmək kimi şansım olmadığı üçün, onları yetişdirən insanların, professorların bədən dillərini analiz etmək üçün bu sahəni seçdim.

- Siz bədən dili ilə yanaşı, həm də üz əzələlərindən insanı oxuya bilirsiniz. Heç yanıldığınız olub?

- Bədən dili ilə insanları xarakterik analiz etmirik, dedikləri ilə düşündüklərinin eyni olub-olmamasını analiz edirik. Həqiqətdə o, nə istəyir, bu fikri doğrumu dedi, yalanmı danışdı, sətiraltı məna nə idi burada? - bu kimi yüzlərlə suallara cavab tapırıq. Erkən yaşlarımda banisi olduğum "Chanlaysis theory" əsasında güclü diqqət sayəsində 30-35 cümləlik xarakteristik analizlər edirəm. Bunun üçün 5-6 foto kifayətdir. Psixologiyada əzələ yaddaşı deyilən bir anlayış var. Bəs əzələ yaddaşı nədir? Əzələlərimizin "sahib olduğu" yaddaş, yəni hərəkətləri əvvəllər yerinə yetirdikdə daha asan təkrarlamağımızı təmin edən bir qabiliyyətdir. Yəni bir futbolçunun 5 oyunçu arasından topu itirmdən keçib getməsi onun əzələ yaddaşı sayəsində baş verir. "Sifətindən nur yağır", "üzündən zəhrimar tökülür" ifadələri hər birimizə tanışdır. Üzündə nur yağan insan daha müsbət xarakterli, zəhrimar yağan isan isə daha mənfi xarakterli biri olacaq. Təbii ki, istisnalar var, bu analizi ümumi görünüşə görə yox, üzümüzdə yerləşən hər bir orqan və əzələni analiz edərək həyata keçirirəm. Qaş, göz, gözlə qaşın arası, gözün böyüklüyü, göz çuxurunun dərinliyi, gözün ağı-qarası, alın, baş, qulaq və qulaq uclarından tutmuş bütün hər şey analizə daxildir. Əsasını qoyduğum gündən indiyədək bu nəzəriyyənin əsasını 1762 nəfər olmaqla 7 fərqli millət, 3 fərqli irq arasında sınaqdan keçirmişəm, hər zaman yüzdə səksən qarantiya verdiyim halda, bütün nəticələr yüzdə-yüz olub. Hər analizimdə nəzəriyyəni daha da gücləndirərək bu faizi artıq yüzdə doxsan üçə qədər yüksəltmişəm. 

- Müasir dövrdə bir çox insan üzündə ciddi estetik əməliyyatlar etdirir. Bu, həmin insanları oxumaqda çətinlik yaradır?

- Bu nəzəriyyənin üzərində işlədiyim ilk vaxtlarda bir dəfə elə bildim ki, yanılmışam. Niyə belə olduğunu araşdıranda səbəbini qarşımdakı xanımın estetik əməliyyatlı olması ilə əlaqələndirdim. Bu səbəbdən Azərbaycanda olduqca məşhur bir Gözəllik klinikasında reklam və marketinq rəhbəri-SMM menecer kimi fəaliyyətə başladım. Tək şərtim mənə veriləcək otağın prosedurlar olan otaqlara yaxın olması və mümkün olduğu qədər "rəy toplamaq" bəhanəsi ilə pasiyentlərlə imkan daxilində söhbətdə olmaq idi. Dolğu və botoks prosedurları etdirmiş insanların mimikalarını oxumaq olmurdu, xarakteristik keyfiyyətlərini aşkara çıxarmaq çox çətin, hətta mümkünsüzə bərabər olurdu. Lakin üzlərində "çistka" dedikləri prosedurları görmüş xanımların üzləri aşkara çıxır, bir kitab kimi oxuyub analiz etmək mümkün olurdu. Baxan kimi görünür ki, bu üzdə hər hansı bir tibbi prosedur olunub, ya yox. Bu, onsuz, özü bir xarakter xəbərçisidir, xarici görünüşə önəm vermək, başqalarının fikrini önəmsəmək kimi mesajları özündə cəmləşdirir. 

- Üz əzələlərindən xarakter bəlli olursa, insanın xarakteri dəyişdikcə üzündə də dəyişiklik ola bilər?

- Bəli, xarakter dəyişdikcə üz əzələlərinin görünüşü də dəyişir. Xarakter dəyişməz, yenilənməz deyə bir mif var, hamısı yalandır. Xarakter dəyişə biləndir. Lakin atomik olaraq 7 il öncəki bir insanla 7 il sonrakı insan eyni atomik quruluşa malik olmur, atomların hər biri özünü yeniləyir. Xarakteri dəyişən insan gözləməsin ki, 5-10 günə, yaxud 1 ilə üz cizgiləri də dəyişəcək, onsuz da xarakterin özü bir ilin içində dəyişən bir şey deyil. Mənə görə, xarakter barmaq izi kimidir, oxşar xarakterlər var, amma eyni xarakter yoxdur, çox oxşaya bilər, amma eyni deyil. Amma barmaq izini dəyişməkdən fərqli olaraq xarakteri dəyişmək mümkündür. Üzdə olan əzələlərin neçə il müddətində dəyişəcəyi ilə bağlı dəqiq rəqəm demək bir az qəlizdir. Bu istiqamətdə tədqiqatlarım davam edir. Ümumi gedişat üz əzələlərinin oynaması prosesi və insanın dəyişdiyi xarakterə uyğunlaşma müddəti 4 il yarım, 5 il olaraq göstərir, ancaq bu da dəqiq rəqəm deyil. Bu nəzəriyyəni belə rahat izah etməyimin arxasında 6 illik araşdırmalar durur. Tədqiqatlarım bitdikdən sonra əvvəl Azərbaycanda, daha sonra isə dünyada açıqlanacaq. 

- Bədən dilini ifadə etmək asandır, yoxsa üz ifadələrini?

- Bədən dili təlimçiləri demək olar ki, bir çox ölkənin prezident və nazirlərinə təlimlər keçirlər. Nə zaman hansı sözü demək lazımdır, hansı sözdə susmaq, hansı sözdə səs tonunu yüksəltmək lazımdır. Bu kimi saysız-hesabsız suallar ətrafında onları məlumatlandırırlar. İdarə edilə bilmək ehtimalı olsa da, sünilik hiss edilir. Çünki üz əzələləri, eləcə də mikro ifadələr idarə edilə bilən deyil. Mikro ifadələrlə bədən dilinin uyğunsuzluğu bizə sünilik hissini aşılayır. Yəni bədən dili qismən idarə edilə biləndir, mikro ifadələrin idarə edilməsi isə mümkünsüzdür. 

- Bədən dilini hər kəs öyrənə bilərmi?

- Bədən dilini müşahidə qabiliyyəti olan, hiperaktiv və gec yorulan hər kəs öyrənə bilər.  7 ildir bu sahə üzrə yeni biliklər əldə edirəm, amma bilikdən də vacibi praktikadır. Gördüyüm qədərilə, bunu 2 aya da, 2 ilə də öyrənmək mümkündür. 

- Bəs öyrənmək istəyənlər nədən başlamalıdır?

- Bədən dilini öyrənmək və dərk etmək üçün primitiv psixoloji biliklər lazımdır. Şüuraltı və şüurlu vəziyyəti bir-birindən ayırd etmək, beyinimizdə nələrin baş verdiyini anlamaq, çox kiçik tibbi biliklər, təzyiq, qan dövranı, ürək döyüntüsü, bədən temperaturu kimi anlayışların ümumi elmi məğzini bilmək kifayət edir. Sonra birbaşa jestlərə və bədən dilinə keçid etmək olmaz. 120 mindən çox jestimiz var, vəziyyətə görə dəyərləndirilsə, 360 mini keçir. Bunların hamısını əzbər bilmək mümkün deyil. Mənim tələbələrimə ilk öyrətdiyim budur ki, vəziyyətə görə analiz edin. Əvvəla, vəziyyət dəyərləndirilməlidir, sonra bədən dili. 

-Çox vaxt cinayətkarların tapılması üçün də bədən dilindən istifadə edilir. Belə bir təcrübəniz olub?

-Cinayətkarların tapılması üçün bədən dilindən ABŞ və onun kimi ölkələrdə gizli təşkilatlarda məharətlə istifadə edilir. Şəxsən böyük bir cinayətdə olmasa belə, işimdə olub. Satış faizimizin aşağı düşmə səbəbi bizə maraqlı gəlmişdi, hər bir işçi öz sahəsi üzrə araşdırma aparanda mən şirkət sahibindən kamera görüntüləri istədim, çünki müştərilərlərlə mən kontaktda olurdum. Onlar məhsulu almaq üçün gəlməyi qəbul edirdilər, məhsulun keyfiyyəti və hazırlanması profesional idi, narazılıq yox idi, bu zaman bir yer qalırdı. Qeydiyyatda işləyən xanımın işini düzgün aparmadığını düşündüm və müştərilərimizin niyə qaçdığını tapdım. Bizdən 3 məhsul götürən müştəri ilə həmin xanımın kamera görüntüləri var idi. Səs yox idi, ancaq bədən dili, jestlər və mimiklar var idi. İlk iki məhsuldan sonra razı qalan və heç bir problem çıxarmayan bir xanım indi problem çıxarmışdı. Səbəbini şirkət rəhbəri ilə birlikdə görüntüləri izləyərək analiz etdik. Məhsulu götürən xanım çox sual verir, verdiyi sual sayından narahat olan qeydiyyatçımız isə artıq aqressiv, sərt, qarşısındakına baxmadan danışaraq cavablar verirdi. Müştərinin bədən dili belə idi: əllər və ayaqlar tamamilə çarpazlanmış, bel maili olaraq mübahisə etdiyi xanıma tərəf azca əyilmiş, tam üz-üzə dayandıqları halda çarpazlanmış, ayaq qapıya tərəf yönəlmişd. Həmin gündən etibarən görüntülərə diqqətlə baxdıqda buna oxşar jestləri hər 8 müştəridən beşində gördük. Bu da bizim satış faizinin aşağı düşməsinin ən əsas səbəbi idi.

- Bu sahəni bilməyiniz sizə daha çox üstünlüklər verir, ya əksinə?

- Əslində, üstünlükləri çox olur. Düzünü desəm, iş həyatımdakı ətrafımla sosial həyatımdakı ətrafım tamamilə bir-birindən fərqlidir. Sosial ətrafım sahəmi tam olaraq bilmir, bu sahədə nələri etdiyimi heç bilmirlər. Bilənlərdən bəziləri isə ancaq foto göndərir. Qızlar oğlan fotoları göndərir ki, bu, necə biridir? Xarakterini de. Oğlanlar da qız fotoları atırlar ki, necə etsəm, məni sevər, ünsiyyətimiz alınar? Bu kimi dezavantajlar çoxdur. Bu səbəbdən də çalışıram ki, nə işlə məşğul olduğumu mükün qədər az insan bilsin. Amma bu müsahibədən sonra yəqin çox şey dəyişəcək (gülür).

- Bu sahə ilə bağlı gələcək üçün hansı planlarınız var?

- Bu sahə ilə bağlı inanılmaz planlarım var. Bədən dili sahəsində özümə götürdüyüm sahənin əsası mənə məxsusdur və gördüyüm işlər özümdən sonra bir iz qoymaqdır. Özümdən sonrakı mirasım universitetlərdə dərs olaraq keçiləcək. Yaratmağı düşündüyüm şirkət öz sahəsində dünyada bir ilk olacaq. Bu sahənin bütün dünyada bilinməsinin zəruri olduğu qəbul edilənədək təcrübələrimi yaymaq istəyirəm.

Aytac ASLAN   
 

 





10.09.2021    çap et  çap et