525.Az

Gələcək haqqında ... xatirələr - Həsən Həsənov yazır


 

Gələcək haqqında ... xatirələr -<b style="color:red"> Həsən Həsənov yazır</b>

Şuşaya səfərin nəticələri əsasında yazdığım bu oçerki mən keçmiş haqqında xatirələri gələcək üçün vəzifələrlə heyrətamiz şəkildə birləşdirməyi bacaran Prezident İlham Əliyevin çıxışlarının təsiri ilə “Gələcək haqqında ... xatirələr” adlandırdım.

***

2021-ci il avqustun 25-i... Saat 17:59-da dövlətimizin başçısının köməkçisi Anar Ələkbərov zəng vuraraq bildirdi ki, Prezident İlham Əliyev məni Şuşada keçiriləcək Vaqif Poeziya Günlərində iştiraka dəvət edir. Bu xəbəri böyük sevinclə qarşıladım və dəvətə görə Prezidentə mənim təşəkkürümü çatdırmasını xahiş etdim. Sonra bütün fikirlərim doğma Qarabağ və əfsanəvi Şuşa şəhəri ilə qarşıdakı görüş üzərində cəmləşdi.

Avqustun 28-də səhər tezdən biz – qarşıdakı Vaqif Poeziya Günlərinin yüzdən çox iştirakçısı Şuşaya yola düşdük. Bu şəhər son 30 ilə yaxın müddətdə erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan xalqının onunla mənəvi əlaqələri daha da möhkəmlənib.

Mən həyatım boyu Azərbaycanı çox gəzməli olmuşam, lakin əvvəlkilərdən əsaslı şəkildə fərqlənən bu səfərin məndə doğurduğu emosiyaları üstələməyə çətinlik çəkirdim... Son illərdə Azərbaycan necə gözəlləşib, necə keyfiyyətli magistral yollar salınıb, nə qədər yeni, gözəl tikililər yaranıb, rayon mərkəzləri qəsəbələrdən abad şəhərlərə çevrilib, hər bir kənddə peşəkar memarlığı ilə seçilən iki-üç mərtəbəli yeni binalar var.

Xəyal məni uzaq keçmişə aparır. Bu diyarda çox xalqlar yaşayıb, onların ən məşhurları müasir türklərin əcdadları kimmerlər və skiflər olub, bu tayfaların Qamir və Aşquz dövlətləri barədə eramızdan əvvəl VIII-VII əsrlərə aid Assuriya mixi mətnlərində məlumat verilir. Qafqaz dağlarından Araz çayının sol sahilinə, Xəzər sahillərindən Cənubi Qafqazın mərkəzi hissələrinə qədər olan əraziləri bir-birinin ardınca bu dövlətlər tutublar. Məhz Cənubi Qafqazın şərq hissəsində yerləşən Aşquz ölkəsində yaşayan skiflər Atropatena-Adorbayqan-Azərbaycan adlı yeni çarlıq yaradıblar. Bu ölkə Qafqaz dağlarından Zaqros dağlarının şərq ucqarlarına, Xəzər sahillərindən Kappadokiyada Qalis çayına qədər olan ərazini tuturdu. IV əsrdə yaşayıb yaratmış romalı müəllif Ammian Martsellin bildirir ki, bu hadisə eramızdan əvvəl 612-ci ildə Assuriya imperiyasının süqutu nəticəsində baş verib. V əsr Suriya salnaməçisi de bet Selox bildirir ki, bunu Skif çarı, Arbak-Arpat-Orbay tituluna sahib olan Madi edib. 1748-ci il tarixli ingilis nəşrində və 1765-ci ildə dərc edilmiş Fransa ensiklopediyasında bildirilir ki, Madi adlı Skif çarı əslində türklərin böyük əcdadı Oğuz xan olub. Azərbaycan (Atropatena-Adorbayqan) adlı dövlətin Oğuz xan tərəfindən yaradılması barədə XIII əsr Azərbaycan tarixçisi Fəzllulah Rəşidəddin də yazır. İlkin orta əsrlər dövrünə aid üç ərəbdilli və farsdilli mənbədə VII əsr hadisələrindən bəhs edilərək deyilir: “Azərbaycan türklərin diyarıdır. Onlar qədim vaxtlardan orada cəmləşib və bir-biri ilə qarışaraq inkişaf edib, gücləniblər”...

Mənim tarixə meylimi nə ilə izah etmək olar? Bəlkə yaşımla? Ola bilər. Axı mənim yaşım 80-i keçib... Lakin indiki halda Vətənimiz döyüş meydanlarında müdafiə edildiyi bir vaxtda bizim tariximizin qorunması xüsusi əhəmiyyət kəsb edir. Axı bizim torpaqlara qəsd edilməsi, ilk növbədə, tariximizə qəsd edilməklə həyata keçirilir. Buna görə də bizim nəslin qismətinə öz Vətənimizi həm qılıncla, həm də qələmlə qorumaq zərurəti düşüb. Prezidentimiz İlham Əliyev buna nümunə göstərir, çıxışlarının çoxunu tarixi paralellərlə illüstrasiya edir, tarixi hadisələrə, əlamətdar günlərə, toponimlərə müraciət edir. O, yaxın vaxtlarda çıxışlarının birində xalqımızın qarşısında birmənalı olaraq belə bir vəzifə qoyub: “Biz öz tariximizi unutmamalıyıq!”

...Kür çayının üstündən salınmış körpüdən keçirik. Aran adlanan bölgə buradan başlanır. Bu toponim ərəblərin buraya ilk gəlişi ilə bağlıdır. Onlar ərəb qrammatikasına uyğun olaraq bu bölgəni müxtəlif şəkildə - “Alran” və ya “Arran” adlandırıblar. XII-XIII əsrlərdə yaşamış yazıçı və tarixçi Yakut əl-Həmavi yazır ki, “Aran bu geniş vilayətin ərəbcə adı deyil”, tarixçi Həmdullah Qəzvini (1281-1349) isə əlavə edir ki, “Aran əyaləti iki çay – məhz Araz və Kür arasında yerləşən torpaqlardır (ara, aralıq)”. Bununla əlaqədar, “Aran” adı etimoloji baxımdan “çayarası” mənası verən qeyri-ərəb sözü kimi izah edilir. Başqa bir versiyaya görə, yerli əhali bu regionu sak mənşəli birinci alban çarı Aranın şərəfinə belə adlandırıb (bu barədə M.Kaqankaytuski bildirir). Herodot isə öz növbəsində, bu hadisələrdən neçə əsr əvvəl yazırdı ki, skiflər və saklar eyni xalqdır. Eramızdan əvvəl 612-ci ildən Atropatenanın tərkibində olmuş albanlar və saklar eramızdan əvvəl I əsrdən etibarən onun tərkibindən çıxaraq özlərinin Alban çarlığını yaradıblar. Eramızdan əvvəl VII əsrə aid Assuriya salnamələrində bildirilir ki, bu yerlərin ən qədim əhalisi skiflər - oğuzlar olub. Eramızdan əvvəl VI əsrə aid Bisütun mətnlərində qeyd edilir ki, burada saklar yaşayıblar. Makedoniyalı İsgəndərin bioqrafı Arrian eramızdan əvvəl IV əsrdə baş vermiş hadisələri təsvir edərək burada sakların və albanların yaşadığını bildirir. Daha sonra antik dövr müəllifləri Böyük Plini (b.e. 22-79-cu illər) və Strabon (b.e.ə. I əsr –b.ə. I əsr) bildirirlər ki, Kür və Araz çayları arasındakı ərazidə saklar yaşayırdı, bu regionu isə çox vaxt “Sakasena” adlandırırdılar.

... Artıq Azərbaycanın Qarabağ regionuna çatmışıq. Bütün ölkədə olduğu kimi, burada da bizi qarşılayan lövhədə Müzəffər Prezidentimiz İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri yazılıb.

...Assuriya dövründə Qamir ölkəsinin, daha sonra Aşquzun tərkibinə daxil olmuş bu region antik dövrdə “Sakasena” adlanırdı. Bizim eranın VII əsrindən başlayaraq artıq “Aran” adı işlənir, F.Rəşiddədinin yazdığına görə, yalnız XIII əsrdən başlayaraq Aranın bir hissəsi Aran Qarabağ və ya sadəcə Qarabağ adlanmağa başlayıb. Minilliklər ərzində adlar dəyişib, lakin skif-sakların və onların hüquqi varisləri olan türklərin simasında yerli əhalinin etnik mahiyyəti dəyişməz qalıb. Paytaxtı Təbriz olan Azərbaycanın hökmdarı Qazan xan Hülaku da Azərbaycan dövlətçiliyinin prioritet mərkəzi kimi Qarabağın əhəmiyyətini vurğulayırdı. O, 1295-ci il noyabrın 3-də bir müsəlman kimi hökmdar taxt-tacına əyləşməsi münasibətilə andiçmə mərasimini məhz Qarabağda keçirib...

Asfalt örtüyünün rəngi solmuş yol qurtarır və 2020-ci il noyabrın 16-da salınmış, tünd qara rəngli təzə asfalt döşənmiş yeni yol başlanır. Bu, “Zəfər yolu”dur. Prezident İlham Əliyev bu yolu ordumuz Şuşa şəhərini azad edərkən keçdiyi yol haqqında xatirəni əbədiləşdirmək məqsədilə belə adlandırıb. Bu lövhəni hər kəs ən qiymətli dəyər kimi qarşılayır... Tezliklə Şuşaya çatacağıq və səfər yoldaşlarımın çoxu kimi mən də hələ lap təzə, yaxın vaxtlarda bu yerlərdə gedən döyüş əməliyyatları ilə bağlı fikirlərlə növbələşən xatirələrə dalıram... Allah bütün şəhidlərimizə rəhmət eləsin!

***

...Mən Şuşaya ilk dəfə 1967-ci il yayın sonunda, hökumət komissiyasının tərkibində gəlmişdim. Həmin komissiyaya tapşırılmışdı ki, yaxın vaxtlarda burada baş vermiş qanlı cinayətin təfərrüatını araşdırsın. Hadisə isə belə olmuşdu: 1967-ci ilin may ayında keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin kəndlərinin birində azərbaycanlıya məxsus torpaq sahəsində vəhşicəsinə qətlə yetirilmiş erməni oğlanın cəsədi aşkar edilmişdi. Həmin uşağın öldürülməsində üç nəfər azərbaycanlını təqsirləndirərək “isti izlərlə” həbs etmişdilər. Az sonra Stepanakert (Xankəndi) şəhərində açıq məhkəmə oldu. Müttəhimlərin təqsiri sübut edilmədi, ittiham isə buna əsaslanırdı ki, cəsəd onlardan birinə məxsus torpaq sahəsində tapılıb. Kifayət qədər sübut olmadığına görə, məhkəmə işi əlavə istintaqa göndərildi. Buna baxmayaraq, müttəhimləri linçləmək istəyən ermənilər onları döyüb öldürdülər, meyitləri isə yandırdılar. Elə həmin gün başlanan kortəbii mitinqlər dövlət müəssisələrinin talan edilməsi həddinə çatdı. Uzun illər keçəndən sonra həmin hadisələrlə bağlı bəzi sənədlər dərc edildi. Azərbaycan rəhbərliyinə, respublika DTK-nın sədri Heydər Əliyevə ünvanlanmış məktub bu sözlərlə qurtarırdı: “Bu il iyunun 23-dən 24-nə keçən gecə Stepanakert şəhərinin bəzi küçələrində erməni dilində yazılmış 300-ə yaxın vərəqə yayılıb, həmin vərəqələrdə Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi barədə tələblər və millətçi xarakterli böhtan və uydurmalar var”.

Vəziyyət gərginləşməkdə davam edirdi. 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. O, qısa müddətdə respublikada vəziyyəti sabitləşdirməyə, tezliklə siyasi həyatda və iqtisadiyyatda da sanballı uğurlara nail oldu. Bütün respublika ilə birlikdə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də inkişaf edirdi. Burada yeni təhsil müəssisəsi – Pedaqoji İnstitut yaradıldı, Xankəndiyə dəmir yolu çəkildi, yeni sənaye müəssisələri yaradılır, yaşayış məntəqələri abadlaşdırılırdı. Azərbaycanın maddi rifahı Sovet İttifaqında ən yüksək sürətlə artırdı. Respublikanın sürətli inkişafından bütün Azərbaycan, o cümlədən muxtar vilayətin erməni əhalisi də bəhrələnirdi.

Bütün bu illər ərzində mən Heydər Əliyevin komandasında işləyirdim, o mənə müxtəlif sahələri tapşırırdı. 1979-cu ilin yanvarında mən Gəncə şəhərinin rəhbəri təyin edildim, 1981-ci ilin yanvarında isə, Heydər Əliyev məni Bakıya, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm, təhsil, mədəniyyət və xarici əlaqələr məsələlərinə kuratorluq edən katibi vəzifəsinə keçirdi. Elə ilk görüşümüzdə o mənim hansı məsələlər üzərində işləməli olduğumu göstərdi. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı, gündəlik diqqət tələb edən məsələlər ən vacib və mühüm problemlərdən idi.

Bir dəfə Heydər Əliyev gözlənilmədən məndən soruşdu: “Sən şair Vaqifi tanıyırsanmı?” Mən cavab verdim: “Əlbəttə, tanıyıram”. O, mənə diqqətlə baxdı və dedi: “Yox, sən hamısını bilmirsən”. Sonra söhbət bizim cari kommunist və beynəlmiləlçi vəzifələrimizdən uzaq mövzuya keçdi. Heydər Əliyev dedi ki, Şuşada Vaqifin məqbərəsini tikməyi qərara alıb. Məqbərənin layihəsi hazırlanır, yer seçilib, tikinti başa çatandan sonra məqbərənin təntənəli açılışını və Vaqif Poeziya Bayramını keçirmək nəzərdə tutulur. Heydər Əliyev sözünə davam edərək dedi: “Sən bu məsələləri ən yaxın vaxt üçün prioritet məsələ kimi qəbul etməlisən. İstəyirəm ki, sən mənim əsas məqsədimi biləsən. İndiki halda Vaqif bizim üçün sadəcə şair, məqbərə sadəcə qəbirüstü abidə, bayram sadəcə şeirlər oxumaq deyil, Vaqif bizim üçün Azərbaycanın dövlət xadiminin rəmzidir və belə də olacaq. Şuşadakı məqbərə bizim üçün Qarabağ xanlığının timsalında Azərbaycan dövlətçiliyinin rəmzi, poeziya bayramı bu torpaqda Azərbaycan dilinin əbədi təntənəsinin rəmzidir”.

Oxuculara xatırladıram ki, bütün bunları Kommunist Partiyasında ən yüksək vəzifələrdən birini tutan insan deyirdi. Bu həmin partiyadır ki, bizi öz tariximizi unutmağa, xüsusən gəlmə erməniləri bu ərazilərdə kütləvi şəkildə məskunlaşdırmış, torpaqlarımızı vəhşicəsinə işğal etmiş Rusiya imperiyası tərəfindən məhv edilmiş Azərbaycan xanlıqlarının tarixini unutmağa məcbur edirdi. Bu həmin partiyadır ki, Azərbaycan torpağında Azərbaycan dilinin istifadəsini açıq-aşkar məhdudlaşdırırdı. Üstəlik, bu deyilənlər Azərbaycandan ayrılmaq cəhdlərinin ara vermədiyi regiona aid idi. Desəm ki, eşitdiklərim məni heyrətləndirdi, hesab edin ki, heç nə deməmişəm. Eşitdiklərimin təsiri altında Heydər Əliyevin mənə bu cür etimadlı münasibətinə görə təsviredilməz dərəcədə qürur hissi keçirirdim.

Məqbərənin tikintisi başa çatmağa yaxınlaşırdı, abidənin açılışını yayda qeyd etmək, bunu Vaqif Poeziya Günləri ilə eyni vaxta salmaq ideyası vardı. Heydər Əliyev bu ideyaya düzəliş etdi: “Məqbərəni onu tikintisi başa çatandan dərhal sonra açacağıq, poeziya bayramını isə yayda da keçirmək olar. Məhz bu səbəbdən, məqbərə bütün Şuşanın qarla örtüldüyü vaxtda açıldı, poeziya bayramının isə yayda keçirilməsi nəzərdə tutuldu. Əslində məqbərənin açılışı Qarabağ xanlığına ehtiram əlaməti, poeziya bayramı isə Azərbaycan dilinin şərəfyab edilməsi oldu. Onları burada təsvir etməyəcəyəm, çünki bu haqda o dövrün mətbuatında oxumaq olar.

Heydər Əliyev poeziya bayramı günlərini keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbər işçiləri və yaradıcı ziyalıları ilə görüşün keçirilməsi ilə eyni vaxta saldı. Biz vilayət partiya komitəsinin binasına gəldik, həmin görüş burada keçirilməli idi. Vilayət partiya komitəsinin rəhbərinin kabinetində biz üç nəfər idik. Vilayət partiya komitəsinin birinci katibi Boris Gevorkov Heydər Əliyevə lap yaxınlaşdı və az qala pıçıltı ilə ona nə isə deməyə başladı. Heydər Əliyev ona uca səslə cavab verdi: “Xeyr, əgər kimsə bu barədə danışmağa cəhd göstərsə, mən münasibət bildirəcəm və fikrimi deyəcəm”. Gevorkov dinməzcə kabinetdən çıxdı, Heydər Əliyev isə mənə müraciətlə dedi: “O məni fikrimdən döndərmək istəyir ki, mən nəzərdə tutduğumu deməyim”. Mən məsələnin mahiyyətini bilirdim, buna görə dedim ki, Gevorkovun bu dərəcədə sadəlövh olduğunu düşünmürdüm. Hər ikimiz güldük.

Zal adamla dolu idi. Orada iştirak edən 400 nəfərin xeyli hissəsi özlərinin antiazərbaycan və separatçı cəhdlərini həyata keçirmək xatirinə hər cür provokasiyalara hazır idi. Heydər Əliyev öz çıxışında Azərbaycanda siyasi və iqtisadi vəziyyəti təsvir etdi. O, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində baş vermiş dəyişikliklərin güclü təsir bağışlayan mənzərəsini təqdim edərək dedi: “Biz Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində abadlıq işləri aparır, əhalinin rifahını yüksəldirik”. Bunlar o sözlər idi ki, Boris Gevorkov Heydər Əliyevi onları deməməyə razı salmaq istəyirdi. Zala tam sükut çökmüşdü.

Bu hadisələrdən az sonra Heydər Əliyev Sovet İttifaqının rəhbərliyində ən yüksək vəzifələrdən birinə irəli çəkildi. O, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və ölkənin siyasi rəhbərliyinin orqanı olan Siyasi Büronun üzvü kimi Moskvaya köçdü. Son 13 ildə cınqırını çıxarmağa qorxanların hamısı başlarını qaldırmağa başladılar.

***

1988-ci ildə başlanan hərəkat Ermənistanın fikrincə, ermənilərin “böyük xalq” kimi qəbul edilməsinə və firavanlaşmasına gətirib çıxarmalı idi. Onların uydurma miflərə və nağıllara əsaslanan cəhdləri gerçəkləşə bilməyəcək fantaziya olaraq qaldı. Onların seçdiyi yol Dağlıq Qarabağın hüquqi baxımdan tanınmasına gətirib çıxarmadı. Ermənilərin “böyük xalq” kimi qəbul edilməsi əvəzinə Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının dərhal azad olunmasını tələb edən və Dağlıq Qarabağ regionunun müstəsna olaraq Azərbaycana mənsubluğunu təsdiq edən dörd qətnaməsi ilə pislənildi. Bütün genişmiqyaslı regional və qlobal layihələrdən təcrid olunmuş Ermənistan firavanlaşmaq əvəzinə hər hansı iqtisadi artım perspektivlərindən məhrum oldu, sürətlə yoxsullaşdı, onun əhalisinin rifahı isə durmadan azalmağa başladı.

Ermənistanla müharibə başlandı. Azərbaycan bu müharibəyə zorla cəlb edilmişdi. Birinci Qarabağ müharibəsi dövründə daxili çəkişmələr cəngində olan Azərbaycan bu savaşa hazır deyildi. Ermənistan həmin müharibədə ölkəmizin ərazilərinin xeyli hissəsini işğal etdi və təqribən 30 il ərzində işğal altında saxladı. Özünü “döyüşkən xalq”, “məğlubedilməz ordu sahibi” hesab edən ermənilər lovğalanaraq özlərini “müzəffər Tiqran”ın varisləri kimi təqdim edirdilər. Bu həmin Tiqrandır ki, romalılar onu iki dəfə məğlub edib devirmişdilər. Böyük antik yazıçı və filosof Plutarx onun haqqında yazırdı: “Tiqran öz çar tacını Pompeyin ayaqları altına ataraq vur-tut Romanın bir əyalətinə çevrilmiş çarlığını utancaq halda qəbul etdi”. Tiqranın hökmdarlığı belə şərəfsiz şəkildə başa çatıb, ermənilər isə onu mifləşdirərək bu gün də “müzəffər” kimi təqdim edirlər.

Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti vəzifəsinə 1993-cü ilin oktyabrında seçilmişdi. O vaxt postsovet məkanında baş vermiş məlum tarixi hadisələr nəticəsində əmələ gələn mürəkkəb siyasi, psixoloji və iqtisadi problemlərin həlli Azərbaycanın qarşısında kəskin zərurət kimi dururdu. O, öz qətiyyəti, möhkəm iradəsi, bir neçə addım irəlini görmək bacarığı sayəsində ölkədə siyasi vəziyyəti sabitləşdirməyə, pozucu qüvvələrin dağıdıcı fəaliyyətini dayandırmağa, xarici siyasətin əsas prinsiplərini formalaşdırmağa, Azərbaycanın Avropanın aparıcı strukturlarına daxil olması istiqamətində işlərə başlanılmasına, prioritet əməkdaşlıq ölkələrini müəyyən etməyə nail oldu; Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanmasına dair sistematik danışıqlar aparılırdı; respublikada gələcək iqtisadi artımın təməli qoyulmuşdu.

İlham Əliyevin Prezident seçilməsi ilə, təbii ki, Azərbaycan tarixində yeni dövr başlandı. 2003-cü ildə o, artıq yaradılmış platformaya əminliklə söykənərək ölkəyə rəhbərlik etməyə başladı. İlham Əliyevin 17 illik prezidentlik yoluna nəzər salsaq, aşkar görmək olar ki, o, hakimiyyətdə olduğu lap ilk günlərdən Qarabağ probleminin həllinə hədəflənmişdi. Azərbaycan iqtisadiyyatının artımı sürətləndi, bu iqtisadiyyat sabit gəlirli səviyyəyə çatdırıldı. İqtisadi əlaqələrin dairəsi ölkənin siyasi maraqları ilə sıx birləşir. Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşına çevrildi ki, bu da qitənin aparıcı ölkələri ilə uğurlu əməkdaşlığa gətirib çıxardı. İlham Əliyevin diplomatik bacarığı Azərbaycana dünyanın bir çox aparıcı ölkələrinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların bərabərhüquqlu tərəfdaşı olmaq imkanı verdi. Eyni zamanda, ordunun ən müasir silahlara təchiz olunmasını, zabit və əsgər heyətinin ixtisas səviyyəsinin artırılmasını, ordunun döyüş qabiliyyətini müəyyən edən mənəvi və psixoloji keyfiyyətlər məcmusunun formalaşdırılmasını nəzərdə tutan hərbi quruculuq işləri gedirdi.

Tezliklə Azərbaycan öz ərazilərinin azad olunması naminə müharibəyə hazır idi. Lakin o, hərbi yola əl atmaq istəmirdi, güman edirdi ki, Ermənistanın rəhbərləri sağlam düşüncəni əsas tutacaq, başa düşəcəklər ki, özgə ərazilərini işğal altında saxlamaq perspektivsizdir. Amma məlum oldu ki, Ermənistanda hakimiyyət sükanı arxasında olanlar sağlam düşüncəni və praqmatizmi deyil, öz şəxsi ambisiyalarını və mifik təsəvvürlərini rəhbər tuturlar. Buna baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlar davam edirdi. Bu halda Azərbaycan münaqişənin uğurla həll olunacağını, Ermənistan isə uğurla uzanacağını nəzərdə tuturdu.

2020-ci il sentyabrın 27-də yekdilliklə Vətən müharibəsi kimi qəbul edilən İkinci Qarabağ müharibəsi başladı. Çoxmillətli Azərbaycan xalqı yekdilliklə öz torpaqlarının azad edilməsi uğrunda mübarizəyə qalxdı. Azərbaycanlı əsgər və zabitlərin öz Vətəninin azadlığı naminə həlak olmağa hazır olduqları qəhrəmanlıqla dolu 44 gecə və gündüz. Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 gecəsi və gündüzü. Bu günlər ərzində o, döyüş əməliyyatlarına rəhbərlik edir, eyni zamanda, öz xalqı ilə sıx təmasda olur, xarici KİV-lərə çoxsaylı müsahibələr verərək, informasiya mübarizəsinin ön xəttində olur və Azərbaycan xalqının öz torpaqlarını azad etmək hüququnu izah edirdi.

Prezident İlham Əliyevin yüksək diplomatik məharəti öz bəhrəsini verdi. Dünyanın əksər ölkələri bizim beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qərarlarına güvənərək, tarixi torpaqlarımızı öz gücümüz hesabına azad etmək səyimizə anlaşıqlı yanaşdılar. Bizə dost ölkələr yanımızda idilər. Onların arasında Türkiyə xüsusi yer tutur.

Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızın böyük hissəsi silah gücünə azad olundu. 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsi Azərbaycan Ordusunun Zəfər yürüşünün kulminasiya nöqtəsi oldu. Azərbaycanın aşkar hərbi-siyasi üstünlüyünü görən erməni tərəfi Kəlbəcər, Laçın və Ağdam rayonlarını bir güllə atılmadan boşaltmağa məcbur oldu. 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs və bütün hərbi əməliyyatların tam dayandırılması barədə üçtərəfli Bəyanat imzaladılar.

İşğaldan azad edilmiş torpaqlara həmin rayonlarda doğulanlar, ictimai xadimlər, həmçinin əcnəbilər, ələlxüsus da Ermənistan-Azərbaycan münaqişəsi və İkinci Qarabağ müharibəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağı bacaran və bunu ürəkdən istəyən əcnəbilər səfər edirlər. Azad olunmuş torpaqlardan çəkilən video və fotomateriallar yayılmağa başlayıb, dünya qədim sivilizasiyaya mənsub olmalarını çox həvəslə hamıya inandırmağa çalışan xalqın nümayəndələrinin vəhşiliyinin və vandalizminin şahidinə çevrilir.

***

Müharibənin başa çatması ilə ölkəmiz zəfər eyforiyasına uymadı, onun üçün yeni adi iş günləri başladı. Müharibədən sonra elə ilk günlərdən məlum oldu ki, Prezident İlham Əliyev bu günlərə artıq çoxdan hazırlaşmışdı. Qələbədən dərhal sonra ictimaiyyət Qarabağın dirçəldilməsi üzrə möhtəşəm planlar barədə məlumatlandırıldı və eyni zamanda, praktik iş başlandı. İşğaldan azad olunan şəhərlərin inkişafı üzrə baş planlar hazırlanır, yeni hava limanları, geniş avtomobil yolları, elektrik yarımstansiyaları və elektrik ötürmə xətləri şəbəkəsi tikilir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yaşayış məntəqələri yaradılır, dağıdılmış mədəniyyət abidələri və məbədlər bərpa edilir.

...Avtobusumuz Zəfər yolu ilə hərəkəti davam etdirir. Yol boyunca çoxsaylı tikintilər görürük. Lakin Füzuli aeroportunun, avtomobil yollarının tikintisi, elektrik ötürücü xətlər üçün dirəklərin quraşdırılması xüsusilə güclü təsir bağışlayır.

Uzaqda artıq məşhur Şuşa qayaları görünməyə başlayır. Qəhrəman Azərbaycan döyüşçüləri demək olar ki, ölümə meydan oxuyaraq, ölümün gözünün içinə düz baxaraq, həmin qayalara dırmaşaraq, Şuşa şəhərini, sözün əsl mənasında, əlbəyaxa döyüşdə azad ediblər. Biz hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhərin azad edilməsi naminə canından keçən şücaətli əsgərlərimizin xatirəsini anmaqdan ötrü sürücüdən sürəti azaltmasını xahiş edirik. Allah onlara rəhmət eləsin...

Erməni hərbi analitiklər İkinci Qarabağ müharibəsinin yekunlarını araşdıraraq, tez-tez vurğulamağa çalışırlar ki, Azərbaycan Ordusu pilotsuz uçuş aparatları (PUA) sayəsində qalib gəlib. Əlbəttə, pilotsuz uçuş aparatlarının rolunu inkar etmək olmaz. Lakin erməni analitiklər o barədə danışmırlar ki, ermənilər PUA-nın tətbiq edilmədiyi Şuşada niyə uduzublar, azərbaycanlılar odlu silahdan məhdud istifadə etdikləri bir vaxtda şəhər erməni hərbi texnikası ilə, o cümlədən tanklarla və təpədən-dırnağadək silahlanmış çox sayda işğalçılarla dolu idi. Müasir müharibələrdə müasir silahların rolunu inkar etmək ağılsızlıqdır, lakin əgər bu müasir silahlar ədalətli müharibə aparan Azərbaycanla bağlı olduğu kimi, döyüşçülərin yüksək mənəvi-psixoloji keyfiyyətləri və özlərinin haqlı olduğunu dərk etməklə möhkəmləndirilməzsə, o halda metal yığını olaraq qalacaq.

...Tezliklə biz işğaldan azad olunan Şuşaya, çox əziyyətlər görmüş Şuşaya çatacağıq. Şəhərə yaxınlaşdıqca mən onun tarixinin faciəli səhifələrini yada salırdım.

Dəfələrlə hücumlara məruz qalan Şuşa şəhərinin əsası 1752-ci ildə Pənahəli xan Cavanşir tərəfindən qoyulub.

1795-ci ildə Şuşa Qacar sülaləsindən olan Ağa Məhəmməd şah tərəfindən ələ keçirilib. Şuşanın Qacarın əsarətində qalması iki il davam edib, 1797-ci ildə saray əhli tərəfindən sui-qəsd nəticəsində Ağa Məhəmməd şahın ölümündən sonra şəhər azad edilib.

1805-ci ildə Gəncə xanlığının məhv edilməsindən sonra və Kürəkçay müqaviləsinin imzalanması nəticəsində bütün Qarabağ xanlığı kimi Şuşa da Rusiya imperiyasının hakimiyyəti altına keçib. Tezliklə Qarabağ hökmdarı İbrahimxəlil xan rusiyalı zabit Lisaneviç tərəfindən qətlə yetirilir. 20 ildən sonra Lisaneviç Ömər adlı qumuq (azərbaycanlılara qohum olan Şimali Qafqaz xalqı) tərəfindən güllələnir. Qarabağ xanlığının zəbt olunmasına rəhbərlik edən və Gəncə xanlığının qanında əli olan general Sisiyanov 1806-cı ildə Bakının Qala qapılarının yaxınlığında Bakı xanlığı sülaləsinin təmsilçisi İbrahim bəy tərəfindən öldürülür.

1920-ci il martın 23-nə keçən gecə, Novruz bayramı qeyd olunduğu vaxt erməni silahlı dəstələri XI Qızıl ordu qoşunlarının yaxın vaxtlarda Azərbaycana hücum edəcəyi xəbərindən istifadə edərək Şuşa, Əsgəran və Xankəndidə yerləşən Azərbaycan qarnizonlarına qəflətən soxulublar. Məqsəd həm bu şəhərləri zəbt etmək, həm də Azərbaycan ordusunu ölkənin sərhədlərini qorumaqdan yayındırmaq idi. Azərbaycanın hərbi nazirliyi tələsik şəkildə qoşunları Bakıdan Qarabağa göndərməyə və ölkənin şimal sərhədlərini boş qoymağa məcbur oldu. Ermənilərin qısamüddətli uğuruna baxmayaraq, zəbt edilmiş bütün əraziləri general Həbib Səlimovun, Qarabağ və Zəngəzurun general-qubernatoru Xosrov bəy Sultanovun səyi ilə azad etmək mümkün oldu. Şuşa, Xankəndi, Əsgəran birinci, ikinci və üçüncü Azərbaycan respublikalarının tərkibində qaldı.

1992-ci il mayın 8-də erməni qoşunları Şuşanı işğal etdilər. Hər bir azərbaycanlı üçün müqəddəs olan bu şəhər düz 28 il yarım erməni əsirliyində qaldı. Lakin düşmən nə qədər çalışsa da, Şuşanın əzmini qıra, onu fəth edə, ona xas olan Azərbaycan ruhunu məhv edə, buradan Azərbaycan mədəniyyətinin izlərini silə bilmədi.

2020-ci il noyabrın 8-də Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdi. Məhz həmin günlərdə Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bir azərbaycanlı üçün müqəddəs enerjili, Azərbaycanın çoxəsrlik tarix salnaməsinə daxil edilməyə layiq olan sözləri dilə gətirdi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

...28 avqust 2021-ci il. Biz artıq Şuşadayıq... Şuşa bizi gözləyirdi, biz isə 28 ildən artıq bir müddətdə qəlbimizdə Şuşa həsrəti ilə yaşamışıq. Biz 28 il ədalətsizliyin şahidi olaraq, tez-tez qəzəb və həyəcanla BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqının iclas salonlarından, dünyanın aparıcı ölkələrinin yüksəkvəzifəli şəxslərinin kabinetlərindən Şuşanın və bütün Qarabağ regionunun taleyinə baxırdıq. Budur, çoxdan gözlənilən yenidən qovuşma baş verdi. Şuşanın gözlədiyi əsl sahibləri gəlib çıxdı.

Biz, əvvəlcə, şəhərə sanki yuxudaymışıq kimi daxil oluruq, yalnız tədricən xəyal reallığa çevrilir... Bəli, biz Şuşadayıq, 2020-ci il noyabrın 8-də müzəffər Azərbaycan Ordusunun azad etdiyi şəhərdə.

Bu il yanvarın 14-dən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Şuşaya ilk səfərindən sonra şəhərin bərpasına start verilib. Mayın 7-də Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ötən müddətdə burada artıq orijinal memarlıq üslubunda yeni məscidin təməli qoyulub, “Xarıbülbül” musiqi festivalı keçirilib, sərgi salonları açılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günləri ərəfəsində Şuşada otel və konfrans mərkəzinin, yeni yaşayış kompleksinin təməlini qoyub, böyük xanəndə Bülbülün ev-muzeyinin, dahi bəstəkar Üzeyir Hacıbəylinin abidəsinin, həmçinin Molla Pənah Vaqifin büstünün bərpadan sonra açılışını edib, Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan işlərlə tanış olublar. Şuşanın və onun ətrafının bərpasına aid olan 200-dən çox memarlıq və mədəni irs obyektinin siyahısı elan olunub. Azərbaycan mədəniyyətinin incilərinin bərpasında əsas rol ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya məxsusdur.

... Poeziya bayramının iştirakçıları Cıdır düzünü müqəddəs ocaq kimi ziyarət edir, daha sonra hər bir azərbaycanlının qəlbinə əziz olan yerləri – Mehmandarovların, Əhməd Ağaoğlunun, Sadıqcanın, Nəvvabın və digərlərinin evlərini axtarmaq üçün ayrılırlar. Bütün bu abidələr və görməli yerlər erməni vandalizminə məruz qalıb, lakin onlar Şuşanın və bütün Qarabağın dirçəldilməsi üzrə irimiqyaslı işlər çərçivəsində hökmən bərpa olunacaq. Vilayət Quliyevlə mən Polad Bülbüloğlunun lütfkar dəvətini qəbul edərək, Bülbülün çox gözəl bərpa olunmuş ev-muzeyi ilə tanış olduq.

29 avqust. Vaqif Poeziya Günlərinin açılışına gedirik. Tədbir dahi şair və dövlət xadiminin məqbərəsinin qarşısında təşkil olunacaq. Erməni vandalları tərəfindən talan edilən və dağıdılan məqbərənin əks olunduğu fotoşəkilləri həyəcanla yada salıram. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun səyləri nəticəsində çox qısa müddətdə bərpa edilmiş, demək olar yenidən hazırlanmış əzəmətli abidə qürur doğurur. Sözsüz ki, Vaqifin məqbərəsinin bərpası Azərbaycanın mədəni irsinin yorulmaz himayədarı Mehriban xanımın ən əhəmiyyətli xeyriyyəçilik işlərinin sırasına aid edilməlidir.

Çox keçmədən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva gəlirlər. Bayram başlanır... İlk olaraq, 39 il bundan əvvəl Vaqifin məqbərəsinin və Poeziya Günlərinin açılışı münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmiş, o vaxt diplomat olmağa hazırlaşan 20 yaşlı tələbə olmuş şəxs çıxış edir. Heydər Əliyevdən vətənpərvərlik, müdriklik və qətiyyət dərsi almış bu şəxs 17 il bundan əvvəl xilaskarlıq kimi böyük missiyanı öz üzərinə götürüb və buna nail olaraq, Azərbaycan tarixinin səhifələrinə əbədi daxil olub. Hazırda İlham Əliyev Azərbaycan Prezidenti, Ali Baş Komandan kimi Şuşadan dünyaya bu sözlərlə müraciət edir: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq”.

(AZƏRTAC)

 





11.09.2021    çap et  çap et