525.Az

Qeyri-peşəkarlıq və taqətdən düşmüş media


 

Qeyri-peşəkarlıq və taqətdən düşmüş media<b style="color:red"></b>

Hələ təxminən ilyarım öncə Nazirlər Kabineti yanında Operativ Qərargahın ilk brifinqləri zamanı bəzi jurnalistlərin verdiyi suallar təəccüblə qarşılanmışdı; əcəba bu jurnalistlər çıxış edənləri dinləmirlərmi, axı onların verdiyi suallardakı məsələlərin demək olar, hamısına artıq aydınlıq gətirilib. Belə təəssürat yaranırdı ki, o jurnalistlər brifinqlərə əvvəlcədən hazır suallarla gəliblər və onlar verdikləri suallara artıq aydınlıq gətirildiyinin qətiyyən fərqində deyillər. Buna oxşar mənzərə təhsil naziri Emin Əmrullayevin bu günlərdə keçirdiyi brifinq zamanı bir daha təkrarlandı: nazirin çıxışındakı konseptual məsələlər qaldı bir kənarda, əksər jurnalistlər sosial şəbəkələrdəki “obıvatel” şərhlərini xatırladan sualları ilə ucundan tutub ucuzluğa getməklə kifayətləndilər.

Təəssüf ki, bu gün bizim bir çox jurnalistlərimizdə peşə üçün vacib olan əksər peşəkar keyfiyyətlər çatışmır. Jurnalistin üstünlüyü təkcə özünü gözə soxmaqla, necə olur-olsun görünməklə, sual verməklə ölçülmür. Jurnalistin ilk növbədə iti və dəqiq müşahidə qabiliyyəti, güclü intuisiyası, dinləmək, təhlil etmək, nəticə çıxarmaq bacarığı olmalıdır. 

Elə isə gəlin düşünək: bəs jurnalistikamız bu gün niyə belə miskin vəziyyətdədir? 

Sosial şəbəkələrin üstünlük qazandığı indiki şəraitdə ciddi media az qala bu şəbəkələrdəki populist xəbərlərin, şərhlərin arxasınca sürünür. Jurnalist cəmiyyətin savadlı, üstün kəsimindən adi, sıravi düşüncəli vətəndaş səviyyəsinə enib. Özü ictimai rəy yaratmalı olan jurnalist süni yaradılan sosial şəbəkə gündəminin əsirinə çevrilib. Peşə vərdişləri, peşənin tələb olunan keyfiyyətləri yoxa çıxıb. Ən əsası da peşəkar jurnalistlər zaman-zaman bu fəaliyyət sahəsindən uzaqlaşmaq yolunu tuturlar.

Jurnalistikada peşəkarlığın itməsi və peşəkarların imkan tapan kimi bu sahədən uzaqlaşmasının başlıca səbəbi isə medianın zəif iqtisadi durumu ilə bağlıdır.

İndiki məhdud iqtisadi imkanlar şəraitində peşəkarların yalnız mənəvi prinsipləri üstün tutub az əməkhaqqı müqabilində mediada can qoymaları proses kimi uzun zaman davam edə bilməz. Unutmaq olmaz ki, savadlı, bacarıqlı kadrlara (o cümlədən, peşəkar jurnalistlərə) başqa yerlərdə də tələbat var və onlar mediadan kənar fəaliyyət sahələrindən asanlıqla daha sanballı təkliflər ala bilirlər. Öz peşəni, öz sənətini nə qədər çox sevsən də, maddi sıxıntılar ucbatından belə təkliflər gələndə bir gün bu sahədən uzaqlaşmaq məcburiyyətində qalırsan. Bu mənada, reklam bazarının, az qala, yerli-dibli olmadığı indiki şəraitdə, normal rəqabət mühitinin formalaşmadığı bir yerdə, iqtisadi sıxıntılar məngənəsində, üstəlik də, müxtəlif çərçivələrin doqma həddinə çatdığı şərtlər daxilində mediadan yüksək peşəkarlıq tələb etmək müşkül və qəliz məsələdir.

İqtisadi cəhətdən zəif, taqətdən düşmüş mediadan peşəkarlıq ummaq əbəsdir. Peşəkar dəyərlər iqtisadi baxımdan güclü qurumda qoruna bilər. Peşəkarlıq bahalı dəyər vahididir, yeni nəsil peşəkar jurnalistlərin yetişməsi də yalnız iqtisadi struktur kimi müstəqil fəaliyyət göstərmək gücünə malik media orqanında mümkündür. Təsadüfi deyil ki, ağır iqtisadi durum media qurumlarını "ucuz işçi qüvvəsi" ilə, öz işinin peşəkarı olmayan həvəskarlarla işləmək məcburiyyətində qoyur. Bu isə indiki acınacaqlı durumun yaranmasına yol açır. Həm də bu vəziyyət təkcə qəzet və saytlara aid deyil. Müxtəlif televiziya kanallarında çalışan bir çox jurnalistlərin aldıqları cüzi maaşa baxanda bu durumun telekanallar üçün də aktual olduğu ortaya çıxır. Belə vəziyyəti seyr edəndə adamın təəssüflənməkdən və təəcüblənməkdən başqa əlacı qalmır.      

Adi məntiqdir, iqtisadi cəhətdən güclü media təbii ki, yalnız peşəkarlarla işləməyə üstünlük verəcək və bu zaman həm verdiyi sualların mahiyyətindən və müsahibin nə dediyindən anlamayan kəslərin ayağı mətbuatdan kəsiləcək, həm də öz fəaliyyətini qeyri-peşəkarlıq üzərində quran, ucuz sensasiya dalınca qaçan media qurumları tədricən sıradan çıxmağa məhkum olacaq. Oxucu çörəyi qulağına yemir, illah də indiki zəmanədə ağı qaradan anındaca seçməyi bacarır. Bunun üçün sadəcə ona seçim inkanı vermək lazımdır. Bunun üçün isə piştaxtada (oxu: qəzet köşkündə) çeşidli, bol məhsul (oxu: qəzet və jurnal) olmalıdır ki, alıcı (oxu: oxucu) seçim edə bilsin. Onda təbii ki, alıcı ən keyfiyyətli məhsulu almağa üstünlük verəcək və keyfiyyətsiz mal istehsalçıları və orada çalışan qeyri-peşəkarlar istər-istəməz meydanı tərk etmək məcburiyyətində qalacaqlar.

AZAD 

 





11.09.2021    çap et  çap et