525.Az

Yolumuz Şuşayadır... - Ələmdar Cabbarlının Şuşa təəssüratı


 

Yolumuz Şuşayadır... -<b style="color:red"> Ələmdar Cabbarlının Şuşa təəssüratı</b>

Bibiheybət məscidini keçən kimi profilimdə avtobusdan şəklimi paylaşıram və altından "Yolumuz Şuşayadır..." sözlərini yazıram. Bir-birinin ardınca dostlardan təbriklər gəlir, xeyir-dua diləyənlərin, yaxşı yol arzulayanların ardı-arası kəsilmir. Gözucu "Yolumuz Şuşayadır..." sözlərini bir də oxuyuram. Yox, oxumuram - öpüb gözlərimin üstünə qoyuram bu mübarək sözləri. Bu sözləri yazmaq üçün düz 29 il, 3 ay, 20 gün gözləmişəm. Amma 29 il, 3 ay, 20 gün ərzində bircə gün də olsun inamımı itirməmişəm. Tarixi ədalətin zəfər çalacağına, əvvəl-axır bu zülmün, zillətin bitəcəyinə, dövlət başçımızın dediyi kimi, Allahın Azərbaycan xalqının dualarını eşidəcəyinə həmişə inanmışam.

Elə 30 il bizi sınmağa, əyilməyə qoymayan bu müqəddəs inamla da Şuşamıza - ruhumuzun qibləsinə doğru gedirik. Avtobusumuzda işğaldan öncə Şuşanı görənlər, gəzib-dolaşanlar da var, mənim kimi o müqəddəs torpağa ilk dəfə qədəm basacaq insanlar da. Yolboyu Mustafa Çəmənlinin, Zakir Fəxrinin Qarabağla, Şuşa ilə bağlı xatirələrini, Tehran Əlişanoğlunun, Vaqif Yusiflinin, Vaqif Aslanın Qarabağ ədəbi mühiti barədə şirin söhbətlərini dinləyirik... 

"Belə səhrada çox azdır, 
onu bil, dərd ilə qəm..."

Günorta saatlarında Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi ilə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına azad olunmuş ərazilərə - Füzuli torpağına çatırıq. Və elə ilk mənzərdən erməni vəhşiliyinin, erməni faşizminin şahidi oluruq. Prezidentimizin Füzuliyə ilk səfəri zamanı söylədiyi məşhur ifadə qulaqlarımda səslənir: "Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib". Füzuli şəhəri və kəndləri ümumiyyətlə yoxdur. Füzulidə evlərin daşını da söküb aparıblar. Sanki hansısa səhradan keçirsən. Amma nə yaxşı ki, artıq bu səhrada səhra qorxusu, səhra tənhalığı yoxdur. Hər tərəfdən ümid işığı parlayır. Çəkilən yeni yolların, qurulan su elektrik stansiyalarının, Füzuli Beynəlxalq Hava Limanının timsalında. Artıq Füzulunin səhralıqları dərd-qəm, tənhalıq səhralığını deyil, göyərmiş ümidlərimizin boy verdiyi bir məkanı özündə ifadə edir. Bu ümid işığındaca Füzulinin misraları beynimdən keçir:

Seyri-səhrayi-cünun eylə ki, qəm görməyəsən, 
Belə səhrada çox azdır, onu bil, dərd ilə qəm.


 
"Ruhumuzun qibləsinə qovuşuruq..."

Füzildən Şuşaya yenicə çəkilmiş Zəfər yolu ilə qalxırıq. İlahi, necə böyük, necə xoşbəxt xalqıq. Zəfər yolu ilə Şuşaya doğru irəlilədikcə qazandığımız tarixi qələbənin miqyası, möhtəşəmliyi daha parlaq, daha aydın görünür. Şuşanın əzəmətli dağları göründükcə dünya güclərinin, bizi istəməyən qüvvələrin, mənfur düşmənin qarşısında qazandığımız zəfərin böyüklüyünə bir daha heyran oluruq. Və bir daha əmin oluruq ki, bu tarixi zəfəri qazanan sərkərdə dünyanın ən böyük sərkərdəsidir. 

Artıq mənzilə yetməkdəyik. Şuşanın əzəmətli qala divarları görsənir. 2010-cu ildə Həcc ziyarətində Kəbə evinə yaxınlaşanda keçirdiyim hissləri Şuşanın qala qapılarını görəndə yenidən yaşayıram. Şuşa da bizim ruhumuzun qibləsidir. Şükür, ruhumuz qibləsinə qovuşur. "Bundan sonra ta ölsəm də arzum yoxdur" - öz-özümə pıçıldayıram. Şuşanın mübarək camalını görən səfər yoldaşlarımın hamısı heyrətdən donub qalıb. Müqəddəs sükutu Mustafa Çəmənli pozur:

- Bəlkə Yaqub Məmmədovun ifasında "Qarabağ şikəstəsi"ni dinləyək.

Dərhal da Yaqubun əzəmətli səsi Şuşanın dağlarına yeni nəfəs verir:

Mən aşiqəm Qarabağ
Şəki, Şirvan, Qarabağ.
Aləm cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ...

Yaqubun mübarək səsi ilə sanki qüsullanırıq və təmizlənmiş, paklanmış halda müqəddəs Şuşa torpağına qədəm qoyuruq. Şuşanın torpağını, daşını öpüb gözlərimin üstünə qoyuram. Göz yaşlarım içimə axır. Bu qutsal torpaqda aldığım hər nəfəsə görə qəhrəman şəhidlərimizi ehtiramla yad edirəm, cəngavər qazilərimizə Allahdan şəfalar diləyirəm. 

Şuşada üz tutduğum ilk ünvan Yuxarı Gövhər ağa məscidi olur. Şəhidlərimizin müqəddəs ruhları üçün dualar edirəm. 2010-cu ildə Məkkə şəhərində Kəbə evində ibadət edərkən etdiyim diləyi xatırlayıram: "İlahi, bir gün də azad edilmiş torpaqlarımızdakı məscidlərdə namaz qılmağı mənə nəsib et". "Mövlam neyləsə, gözəl eylər" - deyib də Gövhər ağa məscidində Tanrıdan bir dilək də diləyirəm: "İlahi, bir gün də mənə Göyçədə - Dədə Ələsgərin yurdunda ibadət etməyi nəsib et..." Məsciddən Şuşanın məşhur qayalıqlarına üz tuturam. Əsgərlərimizin Şuşanı azad etmək üçün cəngavər kimi aşdığı qayalıqlara. O əzəmətli qayaların başında iki dəqiqə dayananda adamı vahimə basır ki, bu saat yuvarlanıb yıxılacaqsan. Amma qəhrəman əsgərlərimiz döyüşə-döyüşə bu sıldırım qayaları aşaraq Şuşaya daxil olublar. Bu, möcüzədir, heç bir filmdə, əsərdə belə bir səhnə yoxdur. Xalqımın qəhrəmanlığına, yenilməzliyinə bir daha heyran oluram...

"Vaqif məqbərəsində..."

Vaqifin düşmən tərəfindən dağıdılmış muzey-məqbərə kompleksinin bərpa olunduqdan sonra açılışına anlar qalır. Bu, məqbərənin ikinci açılışıdır. İlk dəfə 39 il əvvəl - qarlı-çovğunlu yanvar günlərində Ulu öndərimiz Heydər Əliyev açıb bu məqbərəni. Ulu öndərin ruhunu ehtiramla anaraq məqbərənin önündə həyəcanla gözləyirik. Az sonra müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirən müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev  və xeyirxahlıq, sadəlik rəmzi olan Mehriban xanım Vaqif Poeziya Günlərinin keçirildiyi məkana gəlirlər. Ayaq üstə və alqışlarla qarşılayırıq yenilməz sərkərdəmizi və Mehriban xanımı. 

Cənab Prezident önə keçir. Əvvəlcə Vətən uğrunda qəhrəmancasına şəhid olmuş igidlərimizin xatirəsi yad edilir. Sonra müzəffər Ali Baş Komandanın çıxışını dinləyirik. Mübarək çıxışda dostlara da, düşmənə də mesaj var. Hərə özünə aid olanı götürür bu parlaq nitqdən. Prezidentimiz məqbərənin ilk açılışını da xatırladır: "Əziz dostlar, təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqif məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişəm. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır". Prezidentin bu sözlərindən həm kövrəlirik, həm də qürur hissi keçiririk. Bu gözəl günlərimizin memarı Ulu öndərimizi bir daha rəhmətlə anırıq...

Sonra çıxışlar olur, şeirlər oxunur. Sənətçilərimizin ifasında "Qarabağ şikəstəsi", Vaqifin gözəlləmələri yenidən və əbədi səslənir Şuşada. Nəriman Həsənzadə "Xarıbülbül" Festivalı bir möcüzəydi" - deyib  bugünkü möcuzənin - Vaqif Poeziya Günlərinin baş verdiyi məkandan "Xarıbülbül" möcüzəsini xatırladır:

"Əziz Şuşa, sən azadsan", bu, öz səsindi,  
Vurğusu da, nidası da yadda qalırdı.
Festivalda işğalçının məhkəməsiydi
Dağlar hakim kürsüsündə mərd dayanırdı...

"Ən yüksək reytinq balım..."

İkinci gündür Şuşadayıq. Sevincdən, həyəcandan gecə gözümə yuxu getməyib. Səhərə kimi oyaq qalmışam. Şuşanın gecəsini seyr eləmişəm. Şükür Allaha, Şuşa tamamilə işıqlandırılıb. Gecə evlərdən işıqlar gəlir. Adamın ürəyi dağa dönür. Səhər açılan kimi yenə şəhəri dolaşıram. Şəhərə çıxırsan, insanları görürsən, baxırsan ki, Şuşada həyat var. İnsanlar da bir-birini elə gözəl, elə xoş ovqatla salamlayır ki... Hamı istəyir ki, birinci salamı o versin. Şuşa həm də mehribanlıq yaradır. Bu da Şuşanın müqəddəs ruhundan irəli gəlir. Çörək evindən tarixi Qala çörəyi alıram və bir az da pendir almaq üçün mağazaya daxil oluram. Şuşada mağazada növbədə gözləyirəm. Elə xoşuma gəlir ki... Sənin böyüklüyünə sonsuz şükürlər olsun, İlahi. 

Günün ikinci yarısı Şuşada elmi simpozium keçirilir. Bu, torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda keçirilən ilk elmi konfransdır. Heydər Əliyev Fondunun təşkil etdiyi "Ədəbi müstəvidə Qarabağın dünəni və bu günü" mövzusundakı elmi konfransda mən də məruzə edirəm. Bu an özümü  dünyanın ən xoşbəxt adamı sayıram. Elmlə məşğul olan bir adamın karyerasında qazana biləcəyi ən böyük uğurlardan biri də dünyanın hansısa ölkəsində böyük bir konfransda iştirak və çıxış etməkdir. Düşünürəm ki, Şuşada etdiyim məruzə bunların hamısının fövqündədir. Bizdə universitetdə müəllimlərin reytinq balı deyilən bir anlayış var. Hər ilin sonunda bizə iştirak etdiyimiz konfranslara görə ballar verilir. Dəfələrlə dünyanın bir neçə ölkəsində konfranslarda iştirak etmişəm. Lakin hesab edirəm ki, mənim indiyə qədər qazandığım və bundan sonra qazanacağım ən yüksək reytinq balım mənəvi baxımdan elə məhz Şuşadakıdır.

"Şuşada taksi xidmətinin əsasını qoyuruq..."

Axşamçağı Cıdır düzünə getmək sevdasına düşürük. Təbii ki, ayaqla getməliyik. İki gündür mənimlə birgə Şuşanı qarış-qarış gəzən Əsəd Cahangir deyir ki, bəlkə bir maşın tapaq, deyəsən, burdan Cıdır düzünə xeyli yol var, ya da sabah gedək. Amma mən israrla indi getmək istədiyimi deyirəm. Bizi müşahidə edən 25-28 yaşlı gənc yəqin ki, söhbətimizi eşidir:
- Mən sizi öz maşınımla Cıdır düzünə apararam. 

Təklif gözlənilməz və inanılmaz olur. Dərhal otururuq maşına. Yolda öyrənirik ki, qardaşımız Şirvan rayonundandır. Şuşada bərpa-quruculuq işləri ilə məşğuldur. Cıdır düzünü gəzib-dolaşırıq, Şuşanın gözəlliyinə bir daha heyran oluruq. Bir saat sonra bizi qaldığımız "Xarıbülbül" otelinin qarşısında düşürən sürücüyə pul təklif edirik. Götürmür. İsrarlı xahişimizdən sonra pulu cibinə qoyur və gülümsəyərək deyir: 
- Deyəsən, Şuşada taksi xidmətinin əsasını biz qoyduq...

"3 dəqiqə Dilqəm Əsgərovun kamerasında..."

İki gündür ki, Şuşa türməsinə getmək və Dilqəm Əsgərovun kamerasını öz gözlərimlə görmək fikri məni rahat buraxmır... Qala divarlarından sağa burulub türməyə gedən yola çıxıram. İgidlərimiz dərhal hara getməyimlə maraqlanır.

- Dilqəm Əsgərovun kamerasını görmək istəyirəm...

...Dilqəmin 5 il 7 ay saxlanıldığı kameraya daxil oluram. Metr yarım uzunu, təxminən bir metrə qədər də eni olan, pəncərəsiz bir yerdə 5 il 7 ay necə dözmək olar, İlahi... Yayda isti, qışda buz kimi soyuq, qapısı bağlı bir cəhənnəmdə insan necə dözə bilər? Özü də mənfur, amansız düşmənin içində. 

- Dilqəmin yaşadığı hissləri az da olsa yaşamaq istəyirəm - yanımdakı igidə deyirəm. 

Dilqəm Əsgərovun yatdığı çarpayının üstündə otururam və 5 dəqiqənin tamam olması üçün saata baxıram. 3-cü dəqiqədə bu vahiməli kamerada dayanmağın mümkünsüz olduğunu görüb, təngnəfəs halda havaya çıxıram. Və mənim cəmi 3 dəqiqə dayana bildiyim bu kamerada 5 il 7 ay cəhənnəm əzabı yaşayan Dilqəm Əsgərovun dəmir iradəsini, polad əzmini, səbrini ifadə etməyə söz tapa bilmirəm... 

"Dağlar xəbər tutsa, buraxmaz məni..."

Şuşadan xoş təəssüratlarla, inanılmaz hisslərlə ayrılıram. Əslində isə ruhən heç ayrılmıram. Kəlbəcərli şair Ənvər Rzanın Kəlbəcərdən Bakıya qayıdanda yazdığı məşhur bir şeiri var. Bütün bəndləri gözəldir şeirin. Sonuncu bənddə Ənvər müəllim deyir ki: 

Dağlar xəbər tutsa, buraxmaz məni,
Dağları yuxuya verib gedirəm.

Biz də sanki Şuşadan xəbərsiz çıxdıq. Bəlkə xəbər tutsaydı, Şuşa bizi buraxmazdı. İnşallah, tezliklə - bərpa-quruculuq işləri bitən kimi Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə, Füzuliyə, Qubadlıya, Zəngilana, Cəbrayıla, Qarabağımızın hər bir guşəsinə əbədi yaşamaq üçün qayıdacağıq. Və Cənab Prezidentin dediyi kimi, biz Zəngəzura da qayıdacağıq!

"Yarə yetmək diləsən..."

Zəfər yolu ilə Bakıya qayıdırıq. Qəlbimiz fərəhlə, qürurla və sevinclə doludur. Çünki tarixi ədalət bərpa olunub, ilahi ədalət bərpa olunub. Prezidentimizin iki gün öncə Şuşada dediyi sözləri xatırlayıram: "İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən, mən də dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən, bu fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır". 

Füzulidən Bakıya doğru yön alırıq. Düşmənin daş üstə daş qoymadığı Füzulidən. Amma əminik ki, ən yaxın müddətdə burada dünyanın ən gözəl şəhərlərindən biri salınacaq. Bütün Qarabağımız cənnətə çevriləcək. Ona görə də çox sevincliyik, istəyirik ki, qəlbimizin sevincini, şadlığını hər kəs duysun. Eyni zamanda bu illər ərzində çəkdiyimiz sitəmlərin də sevgimizə, yarımıza - Şuşamıza, Qarabağımıza yetmək üçün bir sınaq olduğunu düşünərək, Füzulinin misraları Füzulidə dilimdə dua kimi səslənir:

Bixəbərlər nə bilir qəlbimizin şadlığını, 
Gizli can nəşəmizin örtüyü olmuş bu ələm. 
Yarə yetmək diləsən, qorxma bəla rahindən, 
Kəbəyə azim olanlar görər, əlbəttə, sitəm. 

Bakı - Şuşa - Bakı
 

 





11.09.2021    çap et  çap et