525.Az

Yeni terror təhlükəsi - Xaqani Cəfərlinin siyasi şərhi


 

Yeni terror təhlükəsi -<b style="color:red"> Xaqani Cəfərlinin siyasi şərhi</b>

Əfqanıstanda yurd salmış "Əl Qaidə" terror təşkilatı iyirmi il əvvəl, 11 sentyabr 2001-ci ildə ABŞ-da ard-arda dörd terror aktı həyata keçirdi. Bu terror aktları dünyanın gündəmini kəskin dəyişdi və ABŞ-ın başçılıq etdiyi koalisiya Əfqanıstana hərbi müdaxilə edərək Talibanı iqtidardan devirdi. Talibanı hakimiyyətdən devirməklə yanaşı, Qərb koalisiyası "Əl Qaidə" terror təşkilatına ciddi zərbə vurdu.

Ötən iyirmi il ərzində "Əl Qaidə"nin qurucusu Üsamə bin Laden də daxil olmaqla onlarla rəhbər şəxsi, yüzlərlə sıravi üzvü öldürüldü. Bu isə "Əl Qaidə"nin fəaliyyətini zəiflətdi. 

Əfqanıstan ərazisində yurd salan digər bir terror təşkilatı, Özbəkistan İslam Hərəkatı İŞİD-in tərkibinə daxil olaraq "Xorasan İslam Dövləti" adını almasından sonra bu təşkilat da ABŞ-ın Əfqanıstandakı hərbi əməliyyatlarının hədəflərindən birinə çevrilmişdi. Buna görə də Tacikistan, Qırğızıstan, Özbəkistan və Rusiyanın cənub-şərq əyalətləri və İranın Xorasan vilayəti ərazisində İslam Dövləti yaratmağı qarşısına qoyan "Xorasan İslam Dövləti" ciddi uğurlar əldə edə bilmirdi. 

ABŞ-ın başçılıq etdiyi Qərb koalisiyasının "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nə qarşı həyata keçirdiyi hərbi və təhlüksizlik tədbirləri nəticəsində dünya bir müddət qorxunc terror aktlarından xilas oldu. 

İndi isə ABŞ-ın Əfqanıstanı tərk etməsi və Talibanın hakimiyyətə qayıdışından sonra "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nin ciddi problemə çevriləcəyini proqnozlaşdırmaq çətin deyil. Məsələ ondan ibarətdir ki, ötən 20 ildə ciddi fəaliyyəti müşahidə olunmayan bu təşkilatlar radikal islamçıları öz ətrafında toplamaq üçün hökmən səsli-küylü əməliyyatlar həyata keçirməlidirlər. 

Talibanın hakimiyyəti ələ keçirməsinə baxmayaraq, bu iki təşkilata qarşı hansısa tədbir görmək ehtimalı çox azdır. Çünki Talibanın əsas silahlı gücü olan və Əfqanıstanda qurulan yeni hökumətdə önəmli mövqelərə sahib "Haqqani şəbəkəsi"nin "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nə qarşı mübarizə aparacağı istisna edilir. ABŞ-ın xüsusi xidmət orqanları "Haqqani şəbəkəsi"nin narkotik ticarəti və çirkli pulların yuyulması sahəsində "Xorasan İslam Dövləti" ilə ortaq hərəkət eməsi ilə məlumatlara malikdir. Əgər nəzərə alsaq ki, Talibanın qurduğu hökumətdə Daxili İşlər Nazirliyi "Haqqani şəbəkəsi"nin qurucusu Cəlaluddin Haqqaninin oğlu Siracəddin Haqqaniyə həvalə edilib, onda "Xorasan İslam Dövləti"nə qarşı heç bir tədbir görülməyəcəyini proqnozlaşdırmaq çətin olmaz. 

Digər tərədən, Talibanın qurduğu hökumət bütün proqnozların əksinə olaraq "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nə qarşı mübarizə aparmaq istəsə belə, bunu həyata keçirmək mümkün olmayacaq. Birincisi, Talibanın "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nə  qarşı uğurlu mübarizə apamaq üçün böyük gücü yoxdur. Talibanı əlverişsiz vəziyyətə salan başqa bir önəmli səbəb "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nin ümumi cihad ideyası ilə çıxış etməsidir. Bu isə radikal islamçılar üçün "Əl Qaidə" və "Xorasan İslam Dövləti"ni Talibandan daha cəlbedici edir. Yəni silahlı gücü yetərli olmayan Taliban ideoloji cəhətdən "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nə uduzur. Bütün bu amillər tezliklə "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nin yenidən səhnəyə çıxacağını proqnozlaşdırmağa imkan verir. Kabildə baş verən iki terror aktı da qarşıdakı zamanda dünyanı gözləyən təhlükədən xəbər verir. Əlbəttə, bu, yaxın zamanlarda baş verməyəcək. Ancaq bir neçə aydan sonra "Əl Qaidə" və "Xorasan İslam Dövləti" nin ciddi təhlükəyə çevriləcəyi gözlənilir. 

Talibanın hakimiyyətə gəlməsi çox geniş bir coğrafiyada radikal dini qrupların yatmış hücrələrinin oyanmasına səbəb olub. Təhlükəsizlik məsələləri üzrə nüfuzlu ekspertlər Talibanın Əfqanıstan hakimiyyəti üzərində ildırım sürətli qələbəsinin bütün radikal dini qrupları coşdurduğunu qeyd edirlər. Buna görə də ekspertlər Talibanın hakimiyyətə qayıdışının yalnız Əfqanıstan üçün deyil, bütün dünyan üçün qorxulu bir kabus ola biləcəyi ilə bağlı xəbərdarlıq edirlər. 

Talibanın uğuru müsəlman ölkələrində dünyəvi dövlət tərəfdarları ilə şəriət tərəfdarları arasında mübarizəni də qızışdıracaq. Hətta bunun bəzi elementləri artıq görünməyə başlayıb. Bir neçə müsəlman ölkəsi istisna olmaqla bütün islam coğrafiyasında şəriət tərəfdarları açıq çıxışlar etməyə başlayıblar. Bu prosesin qarşıdakı aylarda daha da güclənəcəyi gözlənilir. Bütün bunlar narahatedici məqamlar olsa da, dünyanı gözləyən yeni terror təhlükəsi ilə müqayisə edilə bilməz. Çünki bu terrorun qurbanı hər bir şəxs ola bilər. Terror təhlükəsini qorxulu edən əsas səbəblərdən biri də təhlükəsizlik orqanlarının "islamçı terrorçu"ların qarşısını tam ala biləcək imkanlara və həmin terrorçuların hər biri haqqında məlumata malik olmamasıdır. Ötən əsrdə səsli-küylü terror aktları həyata keçirmiş radikal solçu hərəkatlardan fərqli olaraq "Əl Qaidə" və "Xorasan İslam Dövləti"nin strukturu, üzvüləri heç bir xüsusi xidmət orqanı tərəfindən tam öyrənilə bilməyib. Digər tərəfdən, bu təşkilatlara rəğbət bəsləyən yalqız terrorçuları izləmək, niyyətlərini müəyyən etmək də mümkün deyil. Buna görə də, ekspertlər haqlı olaraq həyəcan təbili çalır və dünyanı gözləyən yeni terror təhlükəsi ilə bağlı xəbərdarlıq edirlər. Nüfuz və təsir dairəsi uğrunda mübarizə aparan böyük dövlətlər isə bu xəbərdarlıqları eşidəcək halda deyillər. ABŞ-ın Əfqanıstanı tərk etməsindən Çin və Rusiyanın duyduğu sevinc də bunu təsdiqləyir. 
 

 





11.09.2021    çap et  çap et