525.Az

Ürəklə dilin birliyi - Əli Vəliyev - 120


 

Ürəklə dilin birliyi -<b style="color:red"> Əli Vəliyev - 120</b>

Yarım əsr, arası kəsilmədən bir sahədə işlədiyin, ədəbi, ictimai, siyasi mübarizələr meydanında çalışdığın, bir çox hadisələr, əsərlər, problemlər barədə daima söhbətlər etdiyin sənət yoldaşı haqqında xatirə yazmaq həm asandır, həm də çətin. Asandır o zaman ki, müfəssəl də olmasa, yazılı qeydlərin var, onunla söhbətlərin, görüşlərin müxtəsər məzmununu kağıza köçürmüsən, çətindir o zaman ki, Əlinin altında yadında qalanlardan başqa bir şey yoxdur.

Yaddaşa həmişə arxayın olmaq isə mümkün deyil. Çünki orada həkk olub qalanlar on illər ərzindəki çoxlu başqa hadisələr, görüşlər içində itib-batır, çox zaman sənin özünə də dumanlı görünür. Təzadlı fikirlər, həqiqətlə təqribi təsəvvürlər və qırıq xatirələr arasında çaşıb qalırsan.

Bu vəziyyətdən yeganə çıxış yolunu mən onda görürəm ki, gərək ancaq həqiqət olduğuna qəti inandığın əhvalatları və hadisələri qələmə alasan. Onu da qeyd edim ki, yarım əsr ərzindəki əhvalatları bərpa edib yazmaq adamdan çoxlu vaxt və böyük qüvvə istəyir. İndi bu imkandan məhrum olduğumdan mən yazıçı dostum Əli Vəliyev barədə ancaq aydın xatırladıqlarımdan bir-ikisini və ürəyimin dərin hisslərini bildirməklə kifayətlənirəm. Çünki tamam susmaq da olmur. Görkəmli vətəndaş, xüsusən yazıçı dostum haqqında nə desəm qənimətdir. Bizim "ədəbiyyat və incəsənət" qəzetimiz yaxşı rubrika açıb - "Müasirlər yazmasa"... Bu, mənim ürəyimdən olduğu üçün imkan tapdıqca yaxşı tanıdığım bəzi şəxsiyyətlər haqqında, heç olmasa, esselər, yəni kiçik ədəbi əsərlər yazıram.

Mən Əli Vəliyevlə ilk dəfə ədəbiyyata gəldiyim (1929-1930) illərdə "Yazıçılar Cəmiyyəti"ndə görüşmüşəm. O zaman bu cəmiyyət şəhərimizin tarixi binalarından birində yerləşirdi. Onun necə ictimai hadisələr mərkəzi olduğunu vaxtaşırı dəyişən adından da bilmək olur: "İsmailiyyə", "Türk mədəniyyət evi", "Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu", AZFAN və nəhayət, "Respublika Elmlər Akademiyası".

Həmin illərdə "Yazıçılar Cəmiyyəti" bu gözəl memarlıq abidəsinin ikinci mərtəbəsində, sol tərəfdə ikicə otaqda yerləşirdi. Orada əli Nazim məni Əli Vəliyevlə tanış etdi. Elə ilk görüşdə yadımda qalan onun uca boyu, mehriban siması və xeyirxahlıq dolu gözləri oldu.

Sonralar o dövrdə tez-tez keçirilən ədəbi məclislərdə, qızğın müzakirələrdə mən Əli Vəliyevin bir sıra çıxışlarına və söhbətlərinə qulaq asmalı oldum. O, fikrini dərhal bildirirdi, boyasız, rəngsiz danışırdı, bəzən fikrini ölçüsüz-biçimsiz deyirdi, müəyyən qəlibə salmadan, bəlkə də, əsaslandırmadan "yaxşı əsərdir", yaxud "zəifdir", "mənim xoşuma gəlmədi" deyib iki-üç kəlmə ilə qiymət verirdi. Bu, etirazlara səbəb olsa da, bəzən gülüş doğursa da, Əli Vəliyevin səmimiliyinə heç kəsdə şübhə oyatmırdı. Aydın idi ki, bu adamın ürəyində nə vardısa, dilində də o idi.
Əli Vəliyevin xasiyyəti barədə obyektiv təsəvvür naminə bunu da qeyd etməliyəm ki, onun fikrini əsaslı dəlillərlə təkzib edənlərlə razılaşır, inadkarlığa, ambisiyaya qapılmırdı...

Onun keçdiyi ədəbi yaradıcılıq və mübarizə yollarına bütünlüklə nəzər saldıqda belə bir həqiqəti nəinki dostları və pərəstişkarları, hətta ona tənqidi yanaşanlar da etiraf edirdilər ki, ürəyi uşaq ürəyi kimi təmizdir, ədəbiyyatımız qarşısında xidmətləri böyükdür.

O, xeyirxah, qeyrətli bir vətəndaş, həyatla, xalqla canlı əlaqəsi olan bir yazıçı, vəfalı bir dost idi.

Onun sinəsində bütün həyatı boyu doğma xalqına, vətəninə, bədii ədəbiyyata, həqiqətə, düzlüyə məhəbbətlə dolu olan və rahatlıq bilməyən bir ürək döyünürdü. O, Azərbaycan sovet ədəbiyyatının ilk yaranışı illərindən beşiyi başında duranlardan idi. Yorulmadan son nəfəsinə kimi bu ədəbiyyatın inkişafı yolunda qələm çaldı.

Yuxarıda dedik ki, Əli Vəliyev aşağıdakılardan, zəhmətkeş təbəqələrin içindən çıxmışdı. Uşaq vaxtlarından inqilabdan əvvəlki həyatın ehtiyac və məşəqqətlərini görmüşdü. O, yoxsulluğun, zülmün, ədalətsizliyin, cəhalət qaranlığının zəhmətkeş insanları dünya işığından, azadlıq və səadət nurundan məhrum etdiyini nəinki gözləriylə görmüş, həm də özü bu əzablara məruz qalmışdı...

Lakin xalq həyatının, xalq mənəviyyatının ən faciəli vəziyyətlərdə belə insanı bədbin olmağa qoymayan gözəl keyfiyyətləri də onun qanına hopmuşdu. Xalqın uca, işıqlı keyfiyyətləri - zəhmətsevərlik, ağac əkib becərmək, su çıxarmaq, zərb-məsəllər, bayatılar, rəvayətlər, nağıllar yaratmaq eşqi və istedadı da Əli Vəliyevin canında, qanında yaşayırdı. Bütün bunları mən onun qaynar həyatında, fəaliyyətində və işlərində müşahidə etmişəm. əsərlərini oxuyanlar da, yəqin ki, bunu hiss etməmiş olmazlar.

Əli Vəliyevin yazıçı ilhamı, qiymətli əsərləri xalq mənbələrindən, tükənməz xalq çeşmələrindən su içmişdi. O, bütün həyatı və qəlbi ilə doğma yurdu Azərbaycanla bağlı idi.

Yaşadıqca, mübarizələr meydanında püxtələşdikcə, yazıb-yaratdıqca, ədəbi və ictimai həyatda daha əhəmiyyətli işlərə cəlb olunduqca onun fikri xeyli işıqlanmış, qələminin əhatə dairəsi genişlənmiş, böyük ictimai əhəmiyyəti olan problemlər əsərlərində əks olunmağa başlamışdı.
Beləliklə, "Nənəmin cəhrəsi" ilə açılan cığır Turaclıya gedən işıqlı, magistral yola çevrilmişdi, ədəbiyyatımıza "Gülşən" kimi gözəl əsərlər bəxş etmişdi.

Həyatın çətin, mürəkkəb, keşməkeşli döngələrində mən minlərlə adamlarla rastlaşmışam, çoxları ilə bir yerdə işləmişəm. Yaxşı gündə də, yaman gündə də taleyimizin çarpazlaşdığı bir sıra şəxslərlə imtahana çəkildiyimiz də az olmayıb və yaxşı bilirəm ki, insan müqəvva deyil, həmişə və hər yerdə özünü eyni şəkildə aparmır. ən qaraqabaq və dinməz adamın da bəzi hallarda bülbül kimi ötdüyünü, üzünün açıldığını, gözünün işıqlandığını görmüşəm. Onu da görmüşəm ki, şad xasiyyət, nikbin, həmişə deyib-gülən bir adam bəzi vəziyyətlərdə qapqara qaralmış, kədərə qapılmış, lal-dinməz olmuşdur. Bütün bunlar həyatda nə qədər adi və təbii olsa da mənasız deyil, adamı düşündürür, diqqətə layiqdir, hər şəxsin, hər fərdin daima qapalı olan daxili aləminin müəyyən cizgilərini görməyə kömək edir. Əli Vəliyev qətiyyən qapalılıq bilməzdi. Ürəyi təmiz idi, həmişə və hər yerdə özünü olduğu kimi göstərirdi, sabit idi, heç bir dolayı fikir və mülahizələrə yol verməz, fikrini gizlətməzdi, vəziyyətini, rəftarını dəyişməzdi.

Naxçıvanda işlədiyimiz illərdə (1933-1935) onunla çox yaxınlaşdıq. O, "Şərq qapısı" qəzetinin, mən MTS siyasi şöbəsinin orqanı olan "Sürət" qəzetinin redaktoru idim. Hər gün görüşür, saatlarla bir yerdə gəzişir, oturub söhbət edirdik. Bir neçə ay hələ tikilib qurtarmamış evin birinci mərtəbəsindəki şəraitsiz soyuq otağında yaşamalı, cırıltısından qulaq tutulan dəmir çarpayılarda yatmalı olmuşduq. Onda mən Əli Vəliyevin necə təmizürəkli, heç şeydən çəkinmədən fikrini şax deyən bir kommunist, qayğıkeş, dözümlü bir yoldaş olduğuna bir daha inandım.
"Sürət" qəzeti onların mətbəəsində çap olunurdu. Bir dəfə mətbəə işçilərindən biri mənə dedi: 

- Ay Mirzə yoldaş, heç bilirsən, Əli Vəliyev sənin xətrini necə əziz tutur.

Mən soruşdum: 

- Sən bunu hardan bilirsən?

O dedi: 

- Necə bilməyim? Mətbəəyə girən kimi soruşur: "Sürət" nə vəziyyətdədirə Onu qabağa salın ha!" 

O zaman biz əli Vəliyevlə boş vaxtlarımızda, xüsusən axşamlar çıxıb şəhərin sakit küçələrində və bağında gəzər, ordan-burdan və ən çox da ədəbiyyatdan danışardıq. Bu söhbətlər nəticəsində Naxçıvanda ayrıca bir "Ədəbiyyat qəzeti" də buraxmışdıq.

Əli Vəliyevdə insani və xüsusən yazıçını şərəfləndirən başqa gözəl keyfiyyətlər də vardı. O, paxıllıq deyilən pis xəstəlikdən tamam azad idi. Hansısa bir yazıçının yaxşı əsərini qısqanmazdı. Belə əsərə məclisdə birinci "gözəldir!" deyən Əli Vəliyev olardı.

Bir yazıçı, bir sənətkar kimi Əli Vəliyevin ədəbiyyatımız qarşısında xidmətləri böyükdür. Onun bədii təfəkkürü, obrazlar silsiləsi, ədəbi dili bütünlüklə xalq qaynaqlarından su içmişdi, xalqla, xalqın həyatı ilə, xalq dili ilə bağlı idi.

Bir dəfə Səməd Vurğunun da iştirakı ilə Yazıçılar İttifaqının indiki binasında sədrin böyük, işıqlı, yaraşıqlı otağında Əli Vəliyevin bir hekayəsinə qulaq asırdıq. Mövzusu kənd həyatından alınmış bu hekayənin qoyun yatağı təsvir olunan yerində belə bir cümlə eşitdik: "qoyunlar tısqırışırdılar".
Hamı güldü: 

- O nə deməkdir, ay Əli Vəliyev yoldaş, - deyib soruşanlar da oldu. 

Əli müəllim:

- Bıy, bunu bilmədiyiniz bəs deyil, hələ gülüşürsünüz dəə! - deyib dayandı.

Kənd həyatını və belə nadir kənd sözlərini yaxşı bilən Osman Sarıvəlli üzünü Əli Vəliyevə tutdu:

- Fikir vermə, mən bunları başa salaram qoyunun tısqırışması nədir!

- Dalını oxu, Alı Qara oğlu, - deyib Səməd Vurğun onu ruhlandırdı, - yaxşı hekayədir. Başa düşməyənləri çoban Abdullanın oğlu başa salar!

Səməd Vurğun hər iki görkəmli yazıçımıza böyük hörmət bəsləyir və onlara həmişə yarızarafat və ərklə bu cür müraciət edərdi: Alı Qara oğlu, çoban Abdullanın oğlu!

Əli Vəliyevin yaradıcılığı - roman, povest, hekayə və publisist yazıları belə bir bədii həqiqəti də təsdiq edir ki, yazıçı xalqla, xalqın həyatı ilə, mübarizələri, mənəvi aləmi ilə nə qədər dərindən bağlı olursa, onun əsərlərində işıqlı fikirlər, insana inam o qədər aydın və təsirli, inandırıcı boyalarla öz əksini tapır.

Məhz bu keyfiyyətlərinə görədir ki, Əli Vəliyevin qələmi həyatımızın mənfi, neqativ təzahürlərini təsvir edəndə də reallıq və həqiqət duyğusunu itirmirdi. Yəni həyatımızı, iqtisadiyyatımızı və mədəniyyətimizi irəli aparan, torpağı yeni kəndlərlə, şəhərlərlə, evlərlə, saraylarla gözəlləşdirən müsbət insanı əyrilərin, naqislərin kölgəsində gizlətmirdi...

Onun uca şəxsiyyəti, inamı, mənəvi aləmi əsərlərində yaşayır...

Mirzə İBRAHİMOV
Xalq yazıçısı
6 may, 1986-cı il

 

 





11.09.2021    çap et  çap et