525.Az

“Ucal, fidanım, ucal, mən də yetim böyüdüm…” - Novruz Gəncəli - 100


 

“Ucal, fidanım, ucal, mən də yetim böyüdüm…” -<b style="color:red"> Novruz Gəncəli - 100</b>

Bu gün Azərbaycan poeziyasının layiqli nümayəndəsi, Sovet ədəbiyyatının sütunlarından olan, öz dövründə populyarlıq qazanaraq nəsildaşlarının içində seçilən, şeirləri nəğmələrə çevrilərək dodaqlarda gəzişən, pyesləri teatr səhnəmizə yeni nəfəs gətirən şair, dramaturq Novruz Gəncəlinin anadan olmasından 100 il ötür. 

Novruz İsmayıl oğlu Sadıqov  12 sentyabr 1921-ci ildə Bakının Maştağa kəndində dəmirçi İsmayıl Zəbihin ailəsində anadan olub. Atası vəfat etdikdən sonra qardaşı Qulamhüseyn Sadıqovun himayəsində yaşayıb. Qradaşının işi ilə əlaqədar ailəvi şəkildə Gəncəyə köçüblər, uzun illər orda məskunlaşıblar. Novruz Gəncəli Gəncədə olarkən həyatı, ətrafı, təbiəti dərk edib, insan hisslərinə burada bələd olub, duyğuların poetik həllini tapıb. Elə ona görə də, Əhməd Cəmil gənc şairə “Gəncəli” təxəllüsünü verib. Novruz Gəncəli ömrünün sonuna qədər qələminin şirə çəkdiyi şəhərin adını öz isminin yanında şərəflə daşıyıb, bu təxəllüsə sadiq olub. 

Novruz Gəncəli orta məktəbi bitirdikdən  sonra – 1939-cu ildə ADU-nun (indiki BDU) Filologiya fakültəsinə daxil olub. Novruz Gəncəli Azərbaycan Yazıçılar İttifaqının "Natəvan" klubunda, "Ədəbiyyat” qəzetində, "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında müxtəlif vəzifələrdə işləyib. 1945-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan şair bir müddət orada poeziya üzrə məsləhətçi kimi də fəaliyyət göstərib.

1947-ci ildə Yazıçılar Birliyində keçirilən toplantıda S.Vurğun onun bir şeirini ucadan oxuyur və sonda deyir: 
“Ədəbiyyatımıza əsl şair gəlir”.

Ədəbi səhifələr vərəqləndikcə Novruz Gəncəli imzası da sevgi və hörmətlə yad ediləcək. Şairin seçmə şeirlərini sizə təqdim edirik.

NADİR YALÇIN

***

"Unuda bilmirəm"

Ayrı düşdük, aylar ötdü, il oldu,
Eşqim sənsiz bir çağlayan sel oldu.
Bağça saldım, çiçək açdı, gül oldu,
Neyçün səni bəs unuda bilmirəm?

Mir rəng verir bahar hər bir çiçəyə,
Ruh gətirir hər qəlbə, hər ürəyə.
Mən çatıram min arzuya, diləyə,
Neyçün səni bəs unuda bilmirəm?

Deyirlər ki, yoxdur sevgi, məhəbbət,
Bir-birinə qız-oğlan edir adət.
Doğrudanda yoxdur əgər məhəbbət,
Neyçün səni bəs unuda bilmirəm?

***

Ucal, fidanım, ucal

Palıd ağacımızı
Kəsdilər, apardılar.
Yayda kəndimiz onu 
Kölgəliyi bilərdi.

Qışda tüklü papaqtək
Bəzəyərdi onu qar.
Yolçular od qalayıb 
Altında dincələrdi.

Yayda budaqlarında
Yuva hörürdü quşlar,
Ucalmışdı bir qolu
Açılmışdı ovuctək.

Şahin, mərd baxışlılar
Orda - zirvədə yaşar.
O zirvəyçin, o taxtçın
Həsrət çəkərdi ürək.

İlkin ona baxardı
Açan güllər hər sabah.
Boyundan, vüqarından
Gözəllər pay umardı,
Altındakı bulaqdan
Su içərdi kəndimiz,
Dadından yaşıl zəmi,
Yaşıl tarla xumardı.

Sərt qayanı, torpağı
Çatladıb bitmişdi o.
Bu inamı, sərtliyi
Ondan alıb nəbatat,
Öz palıd adına da
Döyüşlə yetmişdi o.
İndi sözü düşəndə
Ah çəkir bu el-elat.

Palıd ağacımızı 
Kəsdilər, apardılar,
O gündən yavaş-yavaş
Su azaldı bulaqdan.
Qəlbi yanan cüyürlər, 
Ceyranlar onu arar,
Şahin, tərlan hər səhər
Onu gəzər uzaqdan.

Deyirlər, torpaq altdan
Bir şüy qalxır, pöhrələr...
O zoğ palıd olarmı?
Nə vaxt qalxar, yüksələr?
Nə vaxt hasilə gələr?

Ucal, fidanım, ucal,
Mən də yetim böyüdüm,
Ucal, küsməsin xəyal,
Qırılmasın ümidim!

***

Ananın səsi

Ana qəlbim odlanır,
Söz düşəndə davadan.
Bəs deyilmi ey insanlar,
Töküldü qan,axdı qan?
Bəs deyilmi , qara torpaq
Su içdi göz yaşından.
Yer üzündə dostun olsun,
Gərək insan insanın,
Qəlbimdəki bu arzular,
Arzusudur zamanın.
Mən anayam bu səsimdə
Yerin, göyün, dərdi var. 
Sülhə gəlin, ey insanlar
Yoxsa dünya məhv olar!
Silahalrı  yandırın, 
Ərşə qalxsın tüstüsü
Hər obada, hər eldə,
Qanad açsın “sülh” sözü
Üzü gülsün insanların 
Bayram etsin yer üzü.

***

Azərbaycan

Könül necə sussun gələndə adın,
Mənim həyatımdır sənin həyatın.
Sevincin, kədərin, alovun, odun
İlhama nur verir, nur Azərbaycan,
“Mahur” Azərbaycan, “Şur” Azərbaycan!

Bir cüt hörüyündür Araz ilə Kür,
Gözlərin Göygöldür, hər zaman gülür,
Bu hüsü görməyə dünyalar gəlir,
Dəyməsin hüsnünə göz Azərbaycan,
Vəsfinə tapmıram söz Azərbaycan.

Qoynunda qaynayan bulaqlar şəfa,
Çəmənlərin şəfa, yaylaqlar şəfa,
Yaşıl bağlarında yarpaqlar şəfa,
Şəfadır gül-çiçək, şeh Azərbaycan,
Səhər-səhər əsən meh Azərbaycan.

Boylu çinarların şah vüqarındır,
Dağların ağ saçı etibarındır,
Yüksələn qalalar nağıllarındır,
Pıçıldar, danışar Kür, Azərbaycan,
Gah susar, gah coşar Kür, Azərbaycan.

Axır aram-aram, axır durmadan,
Bir an dincəlməyir o təbi rəvan,
Odur ən müqəddəs əsər yaradan,
Boyası günəşdən dürr Azərbaycan,
Əbədi rəssamdır Kür, Azərbaycan.

Burda millətlərin ülfəti mayak,
İnsanın insana hörməti mayak,
Keçdiyin yolların şöhrəti mayak,
Mayak Azərbaycan, dan Azərbaycan,
Günəş ol göylərdə, yan, Azərbaycan.

Gözündə qalmasın xoş arzuların,
Açılsın cənuba gedən yolların,
Arazda bənd quran mərd oğulların,
Olsun şəfəqlərə qərq Azərbaycan,
Qoşulsun dostluğa şərq, Azərbaycan.

Araz Araz deyil, candır, ürəkdir,
Araz günəş olub nur səpəcəkdir,
Sağı da, solu da bəzənəcəkdir,
Açacaq sahillər gül, Azərbaycan,
Sevin, Azərbaycan, gül, Azərbaycan.

Oyanar Babəklər, qoç Koroğlular,
Çəkər qılıncını Murovla Qoşqar,
Şahdağı hayqırar, Kəpəz hayqırar
Başında əskilsə tel, Azərbaycan,
Durur keşiyində el, Azərbaycan.

***

Qoru anamız Yeri

Anadan əziz, şirin
heç nə yoxdur həyatda,
Analar anasıdır
əsrimiz kainat da.
Ey insan, kamalına
Bərabər kamal olmaz.
Fəqət bil, anan Yerin
Qüdrətindən azdır, az.
Ulduzlar həsrət çəkir
Onun yaratdığına,
Səhralarda, sularda 
Həyat oyatdığına.

Ulduzlar həsrət çəkir -
Dənizi, gölü olsun,
Çəməni, çölü olsun,
Bərəkətli torpağı,
Çayı, bağı, bulağı,
Gülü, bülbülü olsun,
Bulaqların başında
Maral, ceyran görünsün,
Qoynunda, qucağında
Yağış, ceylan görünsün...

Ulduzlar həsrət çəkir
Sənin kimi övlada,
Suya, küləyə oda...

Anamız Yer cahanın
Qoynunda tək-tənhadır,
Bir də heç vaxt doğulmaz
Ən müqəddəs anadır.
Gecələr ulduzları
Duya-duya düşün sən,
Nəfəs, həyat gözləyir
Səndən, anamız Yerdən.

Unutma, aqil insan,
Sən Yerin övladısan.
Oğulluq borcundu bu:
Anamız Yeri qoru!
Qoru milyon illərin
Şaxtasında qarında,
Ehtiyacın dözülməz
Ağır əzablarında,
Zülmündə kəşf etdiyin
Öz odundan, közündən
Qoru anamız Yeri,
Qoru özün özündən!

Qoru müdrik ağlının
Qəzəbli övladından -
Ana-ata qanmayan,
O dəlisov odundan!

Od dedim, yox, od deyil,
Zümrüd quşu tapmısan,
Bir də gəlməz cahana
Sənintək kamil insan.
Şər hissini cilovla,
Şər duyğunu cilovla,
Uç o zümrüd quşunda -
Fəza gəmilərində
Dostun odla, alovla.
Cilovla “qan-qan” deyən
Sərsəm naxələfləri,
Aqillərlə həmdəm ol,
Qoru anamız yeri!
Uç xəyalyetməzliyə
Tükənməz qüdrətinlə,
Sən aya, ulduzlara
Həyat apar hədiyyə!


Bilinməz
(Səməd Vurğunun heykəli önündə)

Necə yaranıbdır qoca kainat,
Xəlbiri, ələyi nədi, bilinməz.
Tutub mayasını qəmdən, sevincdən,
Nənnisi, bələyi nədi, bilinməz.

Yaradar, bəsləyər, sonra soldurar,
Bir yandan uçurar, bir yandan qurar,
Yorulmaz, usanmaz, axtarar, arar,
Arzusu, istəyi nədi, bilinməz.

Gəncəli, dostların baş alıb gedir,
Çevrilir torpağa, daş olub gedir,
Ətrafın günbəgün boşalıb gedir,
Fələyin ürəyi nədi, bilinməz.

***

"Vəzifə" 
(karyeristin dilindən) 

Duymuşdum onun ətrini mən dadmamış idim... 
Altında o barlı ağacın yatmamış idim... 
Vallah belə bir mərtəbəyə çatmamış idim... 
Bəh-bəh! Nə səfalı, necə yaylaqdı vəzifə!.. 
Baldı, kərədi, dadlıca qaymaqdı vəzifə!..

Həsrətdim ona, qurd quzuya həsrət olan tək... 
Həsrətdim ona, şaxtada, çovğunda qalantək...
Qışda yuxuda isti görən gürzə ilantək... 
Ətdir, fərədir, canlı toyuq, yağdı vəzifə... 
Hörmətlə zərif canları almaqdı vəzifə!..

Bir taxtdı vəzifə burada məst olur insan... 
Hamı görünür gözlərinə bir sürü şeytan... 
Əlbəttə, şefi söyləmirəm, can ona qurban... 
Arxamdı, veribdi bu yeri, dağdı, vəzifə... 
Dəryada balıq tutmağa qarmaqdı vəzifə!..

Bir pillə də yüksəlmək üçün min sifət allam... 
Dalda şefimə böhtan atıb, kamiyab ollam...
Gördükdə öpüb qollarımı boynuna sallam... 
Öpmək ilə, qucmaq ilə yıxmaqdı vəzifə... 
Yıxmaq ilə yüksəkliyə qalxmaqdı vəzifə!..

Məndən asılı kəsləri qırxdım neçə illər... 
Yüzlükləri yastıqlara yığdım neçə illər... 
Bu minval ilə ağ günə çıxdım neçə illər... 
Əfsus ki, belə bilmədim heç, haqdı vəzifə... 
Saflıqdı, ədalətdi, düz olmaqdı vəzifə... 
Düz olmayanın başına toxmaqdı vəzifə!..

***

...Dəniz də ağlar
(xatirə)

Bir yarımdı, bir də mən,
Bir sahildi, bir dəniz.
Şəffaf, ayna sularda
Əks olunmuş şəklimiz.

Əksimizdə görərdik
Səadətin ömrünü...
Hey baş-başa verərdik
Uzatmaqçün o günü.

Hərdən gəlləm sahilə,
Guruldar, çağlar dəniz.
Sanki məni tək görüb
Hönkürər, ağlar dəniz.
1969

 





12.09.2021    çap et  çap et