525.Az

Vətən naminə - Vətən uğrunda - Şəhid Adil İbrahimlinin xatirəsinə


 

Vətən naminə - Vətən uğrunda - <b style="color:red"> Şəhid Adil İbrahimlinin xatirəsinə</b>

1993-cü il iyulun 23-ü - Ağdamın işğal günü yaddaşımda əbədi donub qalıb: həm də həmin mənzərəni canlı deyil, dövlət televiziyasının ekranından qəlbimə, yaddaşımın dərinliyinə köçürmüşəm.

O vaxt televiziyalar hadisələri istədikləri yerdən birbaşa reportaj kimi yayırdılar: AzTV ilə də belə olmuşdu: gündüz təxminən saat 3-də kameralar köhnə (!!!) Ağdam-Bərdə yolunu obyektivin ağzına verib Qarabağın mərkəzi şəhərinin necə işğal olunmasına güzgü tuturdular. Yol boyu düzülmüş insanlar yayın istisində bircə anlıq nəfəs dərmək üçün yerə çökür və elə bu anda da o dünya ilə bu dünya arasında haqq-hesab edirdilər.

Kameralar da yolun solunda çömbəlmiş arvad-uşağı göstərirdi. Orta yaşlı qadın yaşı qurumuş gözlərini silə-silə sol yanında yerə uzadılmış kişi meyitini göstərərək deyirdi:

- Buyurun, bu da qohum, burda canını bizlərə tapşırıb, haqqın dərgahına qovuşub. İndi bilmirəm ki, bu rəhmətliyi harada dəfn edəcəyik...

Məncə, bundan ağır dərd ola bilməzdi həmin anda: öz torpağında can verəsən, amma harada dəfn olunacağın bilinməsin.

Üstündən 30 ilədək vaxt ötüb, ancaq mən bu sözləri heç cür unuda bilmirəm.

***

Jurnalistikada ustadım saydığım rəhmətlik Zeynal Mirzə oğlu Babayevlə də belə olub. Özünün danışdığına görə, ötən əsrin 50-ci illərində günlərin bir günü onu komsomolun Mərkəzi Komitəsinə çağırıb dənizdə boğulan qızları xilas edərkən son nəticədə özü quduz dalğaların qurbanına çevrilmiş oğlandan - məktəbli Tofiq Hüseynovdan yazmağı həvalə edirlər.

Biz indi danışanda belə deyə bilirik: "Həvalə edirlər". O vaxt isə bu, mühüm partiya tapşırığı sayılırdı, jurnalist üçün ölüm-dirim məsələsi idi. Gənc jurnalist haqq dünyasına qovuşmuş məktəblidən ya qəhrəman səviyyəsində yazmalı, ya da onu bu səviyyəyə yüksəltməli idi. Zeynal müəllimin qismətinə ikinci variant düşmüşdü.

Məşhur kino rejissoru Eldar Quliyev 1972-ci ildə çəkdiyi "Var olun, qızlar!" bədii filmində bu əhvalatı ekranlaşdırmış və Tofiq Hüseynovu, yumşaq desək, milli qəhrəman səviyyəsində göstərməli olmuşdu.

Ümumiyyətlə, Zeynal müəllimin jurnalistika həyatında belə qəhrəmanlar az olmayıb. Daha birini xatırlayıram. 70-ci illərin ortalarında onu Bakıdan dəm-dəsgahla Zərdab rayonuna yola salmağımız yadıma düşür - haqqında yazacağı oğlanın ata yurdu bura idi. Fotomüxbir Üzeyir Muradovla birgə getmişdilər bu səfərə. Bakıya qayıdandan sonra "Azərbaycan gəncləri"nin bütöv bir səhifəsi boyda məqalə yazıldı: "Əbədiləşən ömür".
Son vaxtlaracan elə bilirdim ki, bu yazı qəzetdə dərc olunmayıb. Hərçənd yazı bütün texniki tələblərə tam cavab verirdi, üstəlik, komsomolun həmin günlərdə açılan qurultayına da tamamilə uyğun gəlirdi.

Bu, bilavasitə özümün şahidi olduğum bir faktdır. Amma dolayısı ilə şahidlik elədiyim başqa bir fakt da var.

"...Özünün 21 yaşında". 70-ci illərin ortalarında bütün Sovet İttifaqında komsomol təşkilatları hər yerdə məşhur yazıçı Konstantin Simonovun eyniadlı sənədli povestini oxuyur, əzbərləyir, gündəlik həyatlarında yaşıdı olan yeni qəhrəmanın meydana gəlməsi ilə fəxr edirdilər. Zarafat deyildi, Anatoli Merzlyovun adı komsomolun elə təxminən həmin günlərdə keçirilən növbəti qurultayında MK-nın hesabat məruzəsinə salınmış və arxada qalan dörd il üçün komsomolçuların rəşadət nümunələrindən biri kimi təqdim edilmişdi.

Əslinə qalsa, Anatoli bir elə də böyük rəşadət göstərməmişdi: Ryazan vilayətindəki sovxozların birində taxıl zəmisinin yanmağa başladığını görərkən heç yerə, heç kəsə xəbər eləmədən traktorun sükanı arxasına keçərək təkbaşına zəmini söndürməyə başlamış və son nəticədə nə bu istəyinə nail olmuş, nə də alovun içindən özünü və texnikanı salamat çıxara bilmişdi...

Sovet ordusunun əsgəri, ağdamlı Rahib Məmmədovla da belə olmuşdu. 1987-ci il fevralın əvvəllərində Gürcüstanda sel-su daşqınlarının ağzından ZTR vasitəsilə 30-a qədər adamı (halbuki adi halda ZTR-ə cəmi 14 nəfər sığışa bilir) ölümün ağzından xilas edərkən özü qurban getmişdi.

Onun bu şücaətindən yazmağı o vaxt "Molodyoj Azerbaydjana" qəzeti redaksiyasına təzəcə işləməyə gəlmiş filologiya elmləri namizədi Rövşən Mustafayevə tapşırmışdılar. "Azərbaycan gəncləri"ndə bu yazının sonrakı taleyi ilə mən məşğul oldum: yazını tərcümə elədim, qəzetdə tərtibatını verdim.

Rahib Məmmədov 19 yaşında, ölümündən sonra SSRİ-nin ən hörmətli mükafatlarından olan "Qırmızı ulduz" ordeni ilə təltif edildi...

Daha bir gənc qəhrəmanın xalqa tanıdılmasında da iştirak eləməli olmuşdum: əslən Zərdab rayonunun Şəftəhal kəndindən olan Ramiz Kərimov orta məktəbdən sonra Yeni Bakı Neft Emalı Zavodunda işə girmiş və burada sonradan qəhrəman səviyyəsində qiymətləndirilən hərəkətini eləmişdi: 77-ci il martın 6-sı, gecənin bir aləmində baş verən partlayışdan sonra zavod yanmağa başlamış, Ramiz də digər yanğınsöndürən yoldaşları ilə birlikdə alovu söndürmək, yoldaşlarını alovun içindən xilas etmək məcburiyyəti qarşısında qalmışdı. Üç nəfəri alovun içindən çıxarmış, dördüncüdə alovlanan şalbanlardan biri arxadan yolu bağlamış və elə bu da Ramizin özünün də xilas olmaq ümidlərini kəsmişdi; Ramiz yarıbayarı özü də yanmış və hadisədən az sonra dünyasını dəyişmişdi.

Həmin il iyunun 23-də Leonid Brejnevin imzaladığı fərmanla onun bu şücaəti "Qırmızı ulduz" ordeninə layiq görülmüşdü.

Biz indi bu qəhrəmanların həyatının cavan çağlarında qurban getməsinin bütünlüklə ideya, ideologiya naminə yozulmasını istəməzdik. Lakin reallıq budur ki, həqiqətin gözünə açıq gözlə baxmağı və Covet imperiyası dövründə formalaşmış bəzi həqiqətlərin əsl mahiyyətini heç olmazsa indi - üstündən illər keçəndən sonra söyləməyi zəruri sayırıq.

Mən tələbəlik illərindən Ramizin yaxın qohumu Tahirlə tanış idim. Hadisənin sorağı çıxanda redaksiyada bir yır-yığış başlandı. Belə mövzularda ixtisaslaşmış Zeynal müəllimin Zərdaba gedəcəyi məlum olanda mən də müəyyən köməyimi əsirgəmədim. Fotomüxbir Üzeyir Muradov Zeynal müəllimə yol yoldaşı oldu. Bakıya qayıdanda artıq bir səhifəlik yazı hazır idi. Hər cəhətdən abırlı, gözəgəlimli bir mətn alınmışdı.

*** 

Şərur rayonunun Ələkli kənd sakini Nargül İbrahimova əhd edib, peyman bağladığı həmkəndlisi Adillə ailə həyatı quranda təsəvvürünə belə gətirə bilməzdi ki, ömür-gün yoldaşı ilə 3 ildən də az müddətdə birgə yaşayacaq və bu dünya bərqərar olandan bəri hamının nifrinlə qarşıladığı müharibəyə qurban gedəcək. Həm də təkcə özü deyil, 28 yaşlı ömür-gün yoldaşı, Azərbaycan Ordusunun baş leytenantı Adil İbrahimli də.
Nargül xanımı görmədiyim şəkildə gördüm. Həmin vaxta qədər heç görməmişdim ki, mafəni qadın aparsın. Sonradan qadının kimliyi ilə maraqlananda şəkildəki vəziyyəti təbii sandım: həmin qadın şəhidin həyat yoldaşı Nargül İbrahimova imiş. "Ona sonuncu dəfə ancaq belə yaxın ola bilərdim" - Nargül xanım mərasimdən sonra jurnalistlərə belə demişdi. Məncə, normal qadın sevgisindən ömürlük ayrı düşməsini bu sözlərdən savayı ayrı cür ifadə edə bilməzdi. Qaldı ki, onun şəhid həyat yoldaşının tabutu altına girib son mənzilə aparmasına, jurnalist həmkarım, ilahiyyatçı Hacı Mehman Fərəcullayev Qafqaz Müsəlmanları İdarəsindəki həmkarlarına istinadla bu hadisəyə belə şərh verdi: "Bu hadisə dinin, imanın pozulması deyil. Əslində, cənazənin altına yaxın ətrafda kişi xeylağı olmayanda qadın girə bilər. İndiki halda isə bu, an məsələsidir: qadının ürəyinə bu hiss gəlibsə, bu, onun müstəsna hüququdur, bu hüquqdan yalnız onun özü özünü məhrum edə bilər. Ayrı heç kimin ixtiyarı yoxdur ki, bu məsələyə müdaxilə etsin".

Elə bu sözlər də: "Bilmədim kimi qucaqlayım ki, onun ətrini ala bilim..."

"Mənim atam qəşəng atadır. Atam şəhid oldu, biz instituta girəndə qayıdacaq".

Adil Asəm oğlu İbrahimli 9 sentyabr 1992-ci ildə Sumqayıtda anadan olub. 1999-2008-ci illərdə Sumqayıt şəhərindəki 14 nömrəli tam orta məktəbdə 9-cu sinfi bitirib. 2008-ci ildə təhsilini davam etdirmək üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2011-ci ildə həmin liseyi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2015-ci ildə hərbi məktəbi bitirərək leytenant rütbəsini alıb. Sonra Təlim-Tədris Mərkəzində zabit kimi təkmilləşdirmə kursu keçərək Azərbaycan Ordusunda xidmətə başlayıb.

2017-ci ildə Xüsusi Təyinatlı Qüvvələrə qəbul olan Adil orada xidmət göstərdiyi zaman Türkiyədə "Komando" kursunu fərqlənmə diplomu ilə bitirib.
Adil ailənin ortancıl övladı olub. Uşaqlıqdan bəri vətənpərvərliyi və yaşıdlarından din-imanı ilə seçilib. Atası Asəm bəy Birinci Qarabağ müharibəsinin qazisidir. 1992-ci ildə müharibəyə könüllü gedib. Bu günə qədər də veteran vəsiqəsini götürməyib. Deyir ki, məğlub savaşın qalib əsgəri ola bilməzdim.

O, özü kimi də oğul böyüdüb. Çox sevdiyi atasının adını daşıyan, "dədə" deyə müraciət etdiyi Adili belə yad edir: "Mənə dedi ki, halallıq ver, mən gedirəm, əmim kimi hərbçi olacam. Hələ zarafatla deyirdi ki, mən əmimgildən də yuxarı məqamda olacam. Bəlkə də onun qulağına Allah-Taala demişdi ki, sən elə bir böyük zirvədə olacaqsan ki..." (Burada ata qəhrindən göz yaşına qərq olur, sözünü tamamlaya bilmir).

Lakin atanın nə demək istədiyini anlayırıq, onun dədəsi həqiqətən ən yüksək məqama çatıb. Elə bir məqam ki, biz istəsək də, onu təsvir belə edə bilmərik.

Adilin həyat yoldaşı Nargül xanım onu 12 yaşından bəri tanıyır. Evlilikləri cəmi üç il olsa da, onların sevgisi uzun bir yol qət edib. O deyir: "Mən onu tanıyan vaxtdan bəri həmişə deyirdi ki, gündəliklərin arxasında olan qan yaddaşını dəyişmək istəyirəm. Belə idi onun Vətən sevgisi, dillə təsvir etmək mümkün deyil. Bu, bəlkə də onun dinə böyük inancından irəli gəlirdi.

Adil işində peşəkar olduğu kimi, ailədə də gözəl başçı idi. Mən Adil kimi ailə başçısı, ata görməmişəm. Böyüklə böyük kimi, kiçiklə kiçik kimi davranırdı. Qızına bir ayrı, oğluna bir ayrı, mənə bir ayrı cür yanaşırdı.

Həyat elə gətirdi ki, qızı ilə cəmi 12 gün vaxt keçirə bildi... Evə gələndə ayaqqabısını belə çıxarmamış Əbəlfəzi öpürdü. Övladlarına qarşı sevgisi belə idi.

Adillə üç ildir ki, evliyik. Toyumuzdan bir həftə sonra təlimə getdilər. Heç bir ad gününü, heç bir evlilik ildönümünü birlikdə keçirə bilmədik. Daim kurslarda, təlimlərdə oldu. Həsrət çəkdik. İndi də məni ömürlük həsrətdə buraxıb getdi..."

Adil cavan olmasına baxmayaraq, xeyli peşəkar hərbçi olub. Son vəzifəsi isə qrup komandiri və baş kəşfiyyatçı idi. Döyüş yoldaşları onun cəsarətindən, müharibənin ən qızğın döyüşlərindəki şücaətindən, son damla qanınadək vuruşmasından danışır. O, Murovdağ uğrunda gedən döyüşlərdə, Suqovuşan, Füzuli, Hadrut, Xocavənd, Şuşa döyüşlərində iştirak edib.

40 gün vuruşub. Son tapşırığı Şuşada olub və elə orada da böyük şücaət göstərib, yaralı olsa da, qəhrəmancasına vuruşub, lakin mənfur düşmən yenidən ona atəş açıb...

Noyabrın 7-də Adil ölümün qarşısında sinə gərib, ən son məqamda isə Şəhidlik şərbətini dadıb.

Həyat yoldaşı Nargül xanım deyir ki, Adillə son dəfə oktyabrın 26-da danışıb. Nargül xanım qardaşı Elton Qənbərli şəhid olduğu üçün telefonda ağlayırmış. Nə qədər təmtəraqlı səslənsə də, faktdır: həyat yoldaşı Nargülə deyib ki, qardaşın Elton Şəhid olduğu üçün ağlama, o, ən uca məqamdadır, ona görə ağla ki, mən sağam.

Nargül xanım ona söz verir. Və son məqamda Adili çiyinlərində daşıyanda da göz yaşı axıtmır, məğrur şəkildə dik dayanır...
Adil İbrahimli 2020-ci il noyabrın 20-si Bakıda, İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Bu ailənin hərb sevgisi 39 illik hərbçi əmisi, Hərbi Hava Qüvvələrinin polkovniki Elman İbrahimovdan gəlir. Adil də, Elton da ona oxşamaq istədikləri üçün hərbçi olublar.

Əmisi Elman İbrahimov deyir ki, Adil, Elton, İbrahim və onların bütün yoldaşları, bütün şəhidlərlə fəxr edir: "Onların qanı yerdə qalmayıb. Biz bütün dünyada başıaşağı idik, lakin indi onların sayəsində alnıaçığıq". O, ailəsinə deyir ki, başınızı dik tutun, sizin göz yaşlarınız sevinc göz yaşları olmalıdır.

İndi Adildən iki körpə balası və xatirələri qalıb. Məhz o xatirələrlə yaşayıb yaşadacaqlar.

Adil İbrahimli ölümündən sonra "Vətən uğrunda" medalına da layiq görülüb. Şəhid ailəsi Bakının Ramana qəsəbəsində üçotaqlı mənzillə təmin olunub.
 

 





12.09.2021    çap et  çap et