525.Az

Naxçıvan Dövlət Universiteti ən nüfuzlu universitetlər sırasında


 

Naxçıvan Dövlət Universiteti ən nüfuzlu universitetlər sırasında <b style="color:red"></b>

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali məktəblər içərisində Naxçıvan Dövlət Universitetinin özünəməxsus xüsusi mövqeyi var. Naxçıvanda ilk ali təhsil müəssisəsi kimi  Naxçıvan Dövlət Universiteti   54 ildir ki,  yüksək ixtisaslı kadr hazırlayır. Elm, mədəniyyət və təhsil sahəsində böyük nailiyyətlər əldə etməklə, təhsil  islahatlarında yaxından  iştirak  edərək, milli ideologiyanın formalaşmasında, Azərbaycan dövlətçiliyinin qorunmasında və daha da möhkəmlənməsində  ideoloji və  siyasi dayaq  kimi məşhurlaşmışdır. Eyni zamanda,  zəngin maarifçilik ənənələrinə malik olması, Naxçıvan Muxtar Respublikasında yüksək ixtisaslı kadrların yetişdirilməsində, elmin bütövlüklə formalaşmasına və  regionun tərəqqisinə öz müsbət təsirini göstərir.  Azərbaycanın Milli Dövlətçilik quruculuğun ən müxtəlif sahələrində universitetin məzunları iştirak edir. Respublikamızda və onun hüdudlarından kənarda elmi-mədəni potensialın güclənməsində layiqli töhfələr verir.

Bu gün dünyanın ən yaxşı universitetləri sırasında Naxçıvan Dövlət Universiteti də yer alıb. Azərbaycanın 5 ali təhsil müəssisəsinin daxil olduğu siyahıda Bakı Dövlət Universiteti 2112 universitet içərisində 1247-ci yeri tutub. Siyahıda həmçinin, Azərbaycan Dövlət İqtisad Universiteti, Xəzər Universiteti və Qərbi Kaspi Universiteti də var. 

Qeyd edək ki, "Times Higher Education" (THE World University Rankings 2022) versiyası üzrə aparılan reytinq üzrə Oksford Universiteti növbəti dəfə dünyanın 200 ən yaxşı universiteti siyahısının lideri olub. Məlumat üçün onu da bildirək ki, universitetlərin ilk “beşliy”inə həmçinin, Kaliforniya Texnologiya İnstitutu (ABŞ), Harvard Universiteti (ABŞ), Stenford Universiteti (ABŞ) və Kembric Universiteti (Böyük Britaniya) da daxil olub. Növbəti pillələri Massaçusets Texnologiya İnstitutu (ABŞ), Priston Universiteti (ABŞ), Berkli Kaliforniya Universiteti (ABŞ) Yel Universiteti (ABŞ) tutub. İlk “onluğ”u isə Çikaqo Universiteti tamamlayıb. Belə görkəmli universitetlər sırasında Naxcıvan Dövlət universitetinin yer alması universitet kollektivinin böyük sevincinə səbəb olmuşdur. Bu münasibətlə universitetin rektoru, dosent Elbrus İsayevi və kollektivimizi təbrik edirəm.

Naxçıvan Dövlət Universiteti daim yenilik axtarışındadır. İstər elm və təhsil, istərsə də beynəlxalq sahədə işlərini bərabər səviyyədə aparır. Dünyanın 60 ölkəsinin 100-dən çox dövləti ilə Amerika, Avropa, Müstəqil Dövlətlər Birliyi ölkələrinin Türkiyə, İran və digər ölkələrin universitetləri ilə informasiya təşkilatları, cəmiyyətləri, assosiasiyaları nəşriyyatları ayrı-ayrı elm və mədəniyyət xadimləri ilə əlaqələr saxlayaraq  ədəbiyyat və informasiya mübadiləsi aparır. Həmçinin, Bakıda fəaliyyət göstərən xarici ölkə səfirlikləri Amerika, İtaliya, Almaniya, Norveç, Türkiyə, İran, Misir və başqaları ilə əlaqələr qurmuşdur. Dünyünın bir sıra ölkələri və qabaqcıl ali təhsil ocaqları ilə əməkdaşlıq əlaqələri quran Naxçıvan Dövlət Universitetində bu gün dünyanın 8 ölkəsindən 442 tələbə təhsil alır. Sevindirici haldır ki, son iki ildə universitetə təhsil almaq üçün müraciət edən əcnəbi tələbələrin sayında artım müşahidə olunur. Bu il 330 əcnəbi tələbənin müxtəlif ixtisaslar üzrə hazırlıq kursuna qəbul olunması Naxçıvan Dövlət Universitetinin nüfuzunun dünyada artmaqda olduğunu bir daha təsdiq edir.

Bu gün təhsil sisteminin dünya təhsil sistemi xəttinə düşərək, təhsilin dünya standartlarına uyğun yenidən qurulmasının çox böyük əhəmiyyət var. Gedən qatara minməsək, daha o qatara çata bilmərik. Elm və texnikanın belə sütətlə inkişaf etdiyi bir zamanda geri qalmaq olmaz. Məhz belə işğüzar fəaliyyəti ilə yeniliklər axtarışında olması Naxçıvan Dövlət Universitetini  dünya universitetləri sırasında yer almasına səbəb olmuşdur.
Universitetimizin uğurlarına nəzər salsaq görərik ki, 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb.

2014-cü ildə Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər təşkilatının (AKTAM) Azərbaycan  Respublikası Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirdiyi "Azərbaycanda ali məktəblərin reytinqinin müəyyən edilməsi" layihəsində Naxçivan Dövlət Universiteti 799 balla Azərbaycan ali təhsil müəssisələri içərisində birinci yerə layiq görülmüşdür.

Naxçıvan Dövlət Universiteti Amerika Birləşmiş Ştatları, İngiltərə, Çin, Rusiya, Fransa, Almaniya, İspaniya, Cənubi Koreya, Rusiya, Türkiyə, Misir Ərəb Respublikası, Pakistan, İran, Özbəkistan və digər ölkələrin ali məktəbləri ilə geniş əlaqələrə malikdir. Beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsində, elm və təhsil sahəsində qazandığı nailiyyətlərə görə Naxçıvan Dövlət Universiteti 2009-cu ildə Avropa Rektorlar Klubu tərəfindən "Minilliyin Universiteti" adına layiq görülmüşdür.

2015-ci il Naxçıvan Dövlət Universitetinin  tarixində çox mühüm bir əlamətdar hadisə baş vermişdir. Belə ki, ən iri həcmli layihənin açılışı olmuşdur. Qloballaşma və texnologiya, sürətli tərəqqi əsri ilə ayaqlaşmağa çalışan Naxçıvan Dövlət Universitetində son 20 ildə dünya inteqrasiya edərək, tədrisdə ən müasir texnologiyanın tədbiqi distant təhsilə keçid elektron universitetin qurulması istiqamətində mühüm işlər görülmüşdür. Koreya  Beynəlxalq  Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birlikdə həyata keçirilən "Naxçıvan Dövlət  Universitetində elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması" layihəsi bu prioritet vəzifələrin həllinə xidmət edir. Layihənin birinci hissəsi məhz rəqəmsal multimedia infrastrukturu ilə bağlı  idi. Layihə çərçivəsində "Universitet" televiziyasında yaradılan yeni infrastruktur video dərslərin hazırlanmasına və distant tədrisin tətbiqinə geniş imkanlar açılmışdı. Bu məqsədlə  televiziya müasir texnologiyalarla təchiz olunub, burada virtual studiya qurulub. Yeni qurulmuş sistem idarəetmə, server otağından və studiya otaqlarından ibarətdir. Sistemin qurulmasında əsas məqsəd, universitetdə distant təhsilə keçid və elektron universitetin yaradılması ilə bağlıdır. Beynəlxalq arenada tanınmasına distant yolla tələbələrin universitetdə təhsil almasına şərait yaradır. İdarəetmə otağında kontenlər - video dərslər xüsusi proqram vasitəsilə "HD" formatında çəkilib yaddaşa yazılır. Universitetin internet portlarındakı müəllimlər üçün  ayrılmış "Elektron mühazirə" bölməsinə yerləşdirilir. Hazırda "Universitet televiziyasının və" "Nuhçıxan radiosunun Naxçıvan şəhərində HD mpeg-4 rəqəmsal formatında yayınlanır".  Bu əlamətdar hadisə universitet tarixində mühüm əhəmiyyət kəsb edir.
Naxçıvan Dövlət Universitetində Erasmus Munduz (HUMERİYA) proqramının təşkili tələbə mobilliyi ilə bağlı olmuşdur. Naxçıvan Dövlət  Universiteti ali məktəblər içərisində ən iri həcmli layihə olan, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) ilə birgə həyata keçirilən layihə ilə yanaşı, Tempus proqramı çərçivəsində 5 layihə də  MUME ENA-Avropa şurasının şərqi Avropada tibb təhsilinin müasirləşdirilməsi layihəsini də uğurla təmsil edir.  Beynəlxalq layihənin dünya təhsil sisteminə inteqrasiya, beynəlxalq təcrübə mübadiləsi, tədrisin səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin inkişafı baxımı tərəfindən çox əhəmiyyətlidir. Həmçinin, universitet Asiya Univesitetləri Assosiasiyalarının üzvlüyünə qəbul olunmuşdur. Bütün bunlar göstərir ki, regionumuzun ən iri ali təhsil ocağı olan Naxçıvan Dövlət Universiteti dünya səviyyəsində qəbul edilir və dəyərləndirilir.

2018-ci ildə ölkəmizin ali təhsil müəssisələri arasında ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetində, həmin ali təhsil ocağının dünya təhsil sisteminə inteqrasiyasını daha da sürətləndirmək məqsədilə distant təhsilin həyata keçirilməsinə başlanıldı. Yanvarın 17-də Distant Təhsil Mərkəzinin açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov həmin mərkəzin istifadəyə verilməsini muxtar respublikanın həyatında əlamətdar hadisə kimi qiymətləndirmiş, Distant Təhsil Mərkəzinin fəaliyyəti ilə bağlı tövsiyələrini vermişdir.

Naxçıvan  Dövlət   Universitetində "Regionun     inkişaf   problemləri" laboratoriyasında qədim diyarın tarixi, mədəniyyəti və iqtisadiyyatı öyrənilir. Bu ali təhsil ocağında fəaliyyət göstərən beynəlxalq standarta uyğun tikilmiş binada yerləşən  "Elmi kitabxana, Naxçıvan Dövlət Universitetinin kitabxanası ölkədə ayrıca korpusda yerləşən yeganə ali məktəb kitabxanasıdır.  "Heydər Əliyev Universiteti" kitabxanası müasir gəncliyin, milli dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında mühüm əhəmiyyətə malikdir. Naxçıvan Dövlət Universitetinin geniş sahəli ərazisində 12 tədris korpusu,  Elektron kitabxana, Konservatoriya, Sosial Xidmət Mərkəzi, Universitet klinikası, Olimpiya idman mərkəzi, 2 stadion, Botanika bağı və müasir tipli Tələbə evi yerləşir. 

Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq tələbələr üçün üç mərtəbəli sosial xidmət mərkəzi, müasir tipli universitet qonaq evi tikilərək xidmət üçün açılmışdır. Universitetdə 3 internet mərkəzi, nəşriyyat, media mərkəzi, televiziya studiyası, "Fikir" informasiya bülleteni, "Yeni fikir" qəzeti və bir neçə muzey fəaliyyət göstərir. Naxçıvan Dövlət Universitetində ən yüksək Wi-Fi kampus simsiz internet şəbəkəsindən istifadə olunur. Universitetin "Elmi əsərlər" jurnalı Ali Attestasiya Komissiyasının reyestrinə daxil edilmiş və beynəlxalq kod almışdır.

Son illər beynəlxalq əlaqələrin genişləndirilməsi sahəsində görülən tədbirlərin nəticəsidir ki, hazırda universitetin dünyanın 50-dən çox ölkəsinin 80-dən artıq ali təhsil ocağı ilə faydalı əməkdaşlıq əlaqələri vardır. "Mövlana", "Tempus", "Erasmus+", "Erasmus Mundus", "Key Action" proqramlarının uğurlu icrası universitetin beynəlxalq arenada tanıdılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.

Bu sahədə olan yeniliklərdən biri də  "Naxçıvan Dövlət Universitetinin nəzdində  Texnologiyalar Parkının yaradılması haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədri Vasif Talıbovun 2020-ci il 14 dekabr tarixli Sərəncamı olmuşdur. Texnologiyalar Parkının acılışında Universitetin rektoru dosent Elburus İsayev demişdir: "Bu innovativ xarakretli layihə universitetimizin  imkanlarını daha da genişləndirməklə yanaşı,  son dərəcə böyük  imkan yaradacaq".  Belə texnoparkın yaradılması gələcəyə hesablanan faydalı kapitaldır. Sürətlə yenilənən və inkişaf edən dünya ilə ayaqlaşmaq üçün bu sahənin inkişafı olduqca mühim məsələdir. Bunun sayəsində büdcəyə gəlir gələcək, dövlətə vergi ödənəcək və ən əsası texnoloji biliklərə yiyələnən və bunu inkişaf etdirmək üçün lazımi şəraitlə təmin olunan yeni nəsil formalaşacaq. Eyni zamanda, təkcə universitet sisteminə deyil, inkişaf edərək ölkəmizdə hərb sahəsindən tutmuş, digər vacib sahələrədək səmərəli fəaliyyət mexanizminin tədbiqinə böyük töhfə olacaq.

Naxçıvan muxtar respublikasında yaradılacaq texnopark Naxçıvan Dövlət  Universitetinin nəzdində fəaliyyət göstərəcək. Universitetin ərazisində bunun üçün lazımi şərait və potensial var. Qurulacaq texnoparkda energetika, gülkarlıq, tingçilik, kənd təsərrüfatı və aqronomluq, coğrafiya, üzümçülük, meliorasiya, arıçılıq sahələri, tədris otaqları və sərgi biopark, texnopark binaları, eləcə də Nəbatət bağı fəaliyyət göstərəcəkdir. Texnoparkın layihəsinə əsasən deyə bilərik ki, burada həmçinin,  texnoservis, nano araşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma otaqları, Naxçıvan Məhsullarının, Microsoft şirkətinin, Naxtel 4G operatorunun, CİSCO, KOİCA, Bakunity və digər gələcək rezident şirkətlərin ofisləri, innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqları da nəzərdə tutulub. Layihədə Biznes inkubatoru, ideya bankı, Co-working mərkəzi, startap mərkəzləri də əks olunur.

Texnoparkların mövcud olduğu regionun və ölkənin texnoloji və iqtisadi inkişafına əhəmiyyətli töhfələr verəcəyini söyləyə bilərik. Texnoparklar beynəlxalq təcrübədə hələ ötən əsrin 50-ci illərində ABŞ-ın Stenford Universitetində ilk elmi-texnoloji park adı ilə yaranmışdır. Yarımkeçirici tranzistorun ixtira olunması ilə əlaqədar yarımkeçiricilər elektronikasının sürətlə inkişaf etdiyi bir dövrdə sözügedən universitet özünün istifadə etmədiyi binalarını və boş ərazilərini bu məsələ ilə məşğul olan yaradıcı kollektivlərə nisbətən ucuz qiymətə icarəyə verdi. Texnoparkların müasir modelinin yaradılmasında ABŞ, Çin, Cənubi Koreya, Hindistan, Avstraliya, Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsindən istifadə edilə bilər.

Naxçıvan Dövlət Universiteti möhkəm milli əsaslara malik olan, dövlətçilik təmayüllü və dünyaya inteqrasiya etmiş müasir tipli ali məktəbdir. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan Naxçıvan Dövlət Universiteti daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam etdirməkdədir. 

Nəzakət İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru, 
Naxçıvan Dövlət Universitetinin dosenti

 

 





12.09.2021    çap et  çap et