525.Az

Zədələnmiş adamlar... - Türkan Turan yazır


 

Zədələnmiş adamlar... -<b style="color:red"> Türkan Turan yazır</b>

Ötən həftə damdan müəmmalı şəkildə düşən Aytən Niftalıyeva və bir yaşlı körpəsi Tahirə Niftalıyevanın ölümü ölkə gündəminə bomba kimi düşdü. Dəhşətli hadisə idi. Amma ondan da dəhşətlisi mərhumun anasının danışdıqları idi. Ta nişanlılıq dönəmindən qızının döyülməsindən xəbərdar olduğunu, ərə getdikdən sonra şiddətin daha da artdığını, qızının döyülməsinə qayınanasının göz yumduğunu və digər işgəncələrdən danışdı. Qadın sanki qorxulu bir filmdən bəhs edirdi. Cinayətin detallarını araşdırmaq hüquq-mühafizə orqanlarına qalsın. Biz bu cür şiddət göstərən şəxslərin daxili dünyasına boylanaq.

Adətən qadınları bu vəziyyətə zədələnmiş kişilər gətirirlər. Tarimar etməklə, üzərində iqtidar qurmaqla ruhlarındakı çatlaqların üstünü örtə biləcəklərini zənn edirlər. Bu şəxslər anidən öfkəyə qapılaraq döyən və ya qətlə yetirən adamlar deyillər, şiddət onların canında, qanında, təməlində var, öldürmək isə haqlı səbəb kimi həmişə beyinlərinin bir küncündə oturub gözləyir. Ona görə də çox vaxt son ölümlə nəticələnir. Yaxşı, bəs bu adamlar necə belə qəddar, əzazil, nəhayət cani ola bilirlər? Hər halda yerin altında hazır vəziyyətdə çıxmırlar, çünki onların ərsəyə gəlmə mərhələsi var və memarları analarıdır. Onlardır belə narsist oğulları böyüdüb qadınları qanına qəltan etdirən. Doğduqları andan etibarən uşaqları zədələyirlər. Empatiyadan uzaq, robort kimi formalaşmasına şərait yaradırlar. Nəticədə natamam fərd ortaya çıxır və min bir zəhmətlə, sevgi ilə, əl içində böyüdülən ananın qızlarına qənim kəsilirlər. Sevilməyən biri sevə bilməz. Onu sevmək istəyənə də icazə verə bilməz. Çünki belələrində sevgi almaq, vermək qabiliyyəti yoxdur. Başına gələndə onunla necə davranacağını bilməz. Narsizizmin kökündə ciddi özgüvən əskikliyi, özünü sevməmə, qəbul etməmə qayğısı var. Hər nəsnə onun üçün aynadır. Onun üçün başqaları yoxdur, sadəcə, o, özü var. Ona görə başqalarının ürəyinin yuxarı başına kirli ayaqqabıları ilə basıb keçməkdən çəkinmirlər. Bu "özgüvən" və anormal davranışları qarşısındakını onun cazibəsinə qapdırır. Məşəqqət bundan sonra başlayar. İnsanı anasından doğulduğuna peşman edirlər. Öz yetərsizliyini və dəyərsizliyini qarşısındakına elə incəliklə, mükəmməl və qüsursuz şəkildə ötürürlər ki, görən çaş-baş qalır. Qüsurlu olan odur, onlardır, amma elə şərait yaradırlar ki, insan artıq özü üçün bir dəlixana axtarmaq qərarına gəlir. Yeriyən manipulyasiyadır narsistlər. Əks halda, yaşaya bilməzlər. Narsistə məruz qalmaq məşəqqətdir. Hə, zədəlidir bu şəxslər. Onları zədələyən isə analarıdır. Özü də körpəlikdən. Anasının işğalı altında qalan kişi dağıdıcı, yırtıcılığa meyilli olur. Anası ona övlad kimi yox, istehsal etdiyi məhsul və ya qurduğu bir layihə kimi yanaşır. Buna görə də ona hər istədiyini etməyə icazə verir, "dayan" demir, altmışlıq və qırmızı işıq yanan yolda yüz altmışla gedə biləcəyini, hətta qırmızı işığa məhəl qoymamağı aşılayır ona. Ana bunu bilərək etmir. Çünki o da zədəlidir. Acığını oğlunun vasitəsi ilə çıxır, onun elədikləri ilə özünü rahatladır, onun ağzı ilə dünyaya olan qəzəbini qusur. Ona hər şey edə bilmə haqqını verir və vəhşiləşdirir. Sonra bir məqam çatır baxır ki, özü öhdəsindən gələ bilmir. Ərazisinə yerləşdirəcək bir qurban axtarışına çıxır. Təbii ki, həmin qurban kiminsə qızı, yəni gələcək gəlini olur. Hazırda qadınları qanına qəltan edən kişilər bu cür ərsəyə gəlirlər. Birdən birə deyil. Zədəli valideyn zədəli övlad böyüdür, zədəli övlad cəmiyyətin ortasına atılan saatlı bombadır, vaxtı tamamlananda partlayır.

 





12.09.2021    çap et  çap et