525.Az

"Yenə də iki" - "Bir rəsmin dedikləri" rubrikası


 

"Yenə də iki" -<b style="color:red"> "Bir rəsmin dedikləri" rubrikası</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı pedaqoq-rəssam, sənətşünas Aybəniz Pənahovadır. Aybəniz xanımla məşhur Sovet rəssamı Fyodor Reşetnikovin "Yenə də iki" əsəri haqqında danışmışıq.

***

- Əsərə keçmədən öncə rəssamın yaradıcılığı haqqında qısa məlumat verə bilərsinizmi?

- XX əsrin tanınmış rus rəssamı Fyodor Reşetnikov rəngkar və qrafik kimi fəaliyyət göstərib. Rəssamın yaradıcılığı ilə tanış olduqda, onun əsərlərində janr müxtəlifliyi müşahidə edilir. Əsasən portret, məişət janrında tablolar yaradan rəssam satirik janrın görkəmli nümayəndələrindəndir. Sosialist realizminin qabaqcıl nümayəndələrindən sayılan, əsərlərində tarix və vətənpərvərlik, ictimai-siyasi mövzulara yer verən rəssamın yaradıcılığının ana xəttini uşaqlarla bağlı mövzular təşkil edib. Onun məişət mövzusunda yaratdığı əsərlərdə uşaqlara qayğısı, təhsilin önəmi kimi məsələlər qabardılıb. Bu mövzuda silsilə əsərlər yaradan F.Pavlovun "Yenə də iki" əsəri Sovet rəssamlığının ən məşhur və sevilən əsərlərindən biridir. 

-Tabloda təsvir olunan qəhrəmanlar və tablonun mövzusu bir-birini necə tamamlayır?

- 1952-ci ildə yaradılan "Yenə də iki" əsərində ana üç uşağı ilə birlikdə təsvir olunub. Tablo ötən əsrin 50-ci illəri üşün xarakterik olan sadə bir ailənin həyatından bəsh edir.  Əsərin əsas qəhrəmanı 10-11 yaşlarında qapıda dayanan yeniyetmə oğlandır. Məktəbdən sonra dərhal evə gəlməyən oğlanın şaxtasından yanaqlarının, qulaqlarının qızarması, əynindəki yaxası açılmış palto, dağınıq çantasında görünən konki sübüt edir ki, o, uzun müddət buz meydançasında konki sürüb, qartopu oynayıb. Bu hadisələrin ilk dəfə baş vermədiyi ananın və digər uşaqların baxışlarından bəlli olur. Utanaraq üzünü yana çevirmiş yeniyetmənin simasında dərslərə hazırlıqlı olmamasının verdiyi məyusluq "oxunur", lakin bu yaşda əylənərək dostlarla qartopu oynamağın, xizək sürməyin daha maraqlı olduğunu düşünür. 

- Deyəsən, oğlanı bircə iti başa düşür.

- Bəli, oğlanı xoş qarşılayan  yalnız "xallı dostudur". Sevgi ilə pəncələrini sinəsinə qoyan it onu məmnuniyyətlə qarşılayaraq, dostunu gündəliyindəki qiymətlərlə qəbul edib nəvaziş göstərir. Əllərini birləşdirərək əyləşmiş təsvir olunan ana yorğun, məyus və kədərlidir. Oğlunun kifayət qədər oynadığının, dərslərdən yayındığının fərqindədir. Gün ərzində məişət işləri ilə məşğul olanın ananın sanki indicə əyləşdiyi və oğlunun vəziyyətini gördükdən sonra isə ruhən də yorulduğu hiss olunur. Baxışarından uşağı cəzalandırmaq istəyi görünsə də, digər tərəfdən də ona yazığı gəlir. Mərhəmətli ana oğlundan çox inciyir, çünki o, tənbəl və cahil böyüyə bilər. Qardaşından böyük olan bacısı isə, görünür ki, çalışqan tələbədir. Masanın üzərinə çantasından çıxardığı dərslikləri qoyan qız ev tapşırıqlarını etməyə hazırlaşır. Qız qardaşına iradla baxaraq yenə qənaətbəxş olmayan qiymət almasını qınayır. Bacısından fərqli olaraq məktəbə hələ getməyən kiçik qardaş baş verən hər şeylə əylənir, qardaşına baxıb gülümsəyir. 

Rəssam tabloda canlandırdığı obrazların simasındakı əhval-ruhiyyəni, otaqdakı atmosferi ustalıqla tamaçaşıya ötürür. Sanki oğlan evə gəlməzdən əvvəl ana o biri uşaqları ilə birlikdə söhbət edir, xoş bir ovqat var. Amma yenə iki qiymət alıb evə gələn yeniyetmə evdəki xoş atmosferin, dialoqların kəsilməsinə səbəb olur. 

- 1952-ci ildə təsvir edilən tablo İkinci Dünya müharibəsindən 7 il sonra yaradılıb. Müharibənin izləri bu tabloda yəqin ki, var.

- Görünür ki, bacı müharibədən əvvəl, kiçik qardaş isə sonra doğulub. Yeniyetmənin kiçik yaş dövrü isə birbaşa müharibə illərinə təsadüf etdiyindən, o, həmin dövrün çətinliklərini, müharibə şəraitini az da olsa xatırlayır. Görünür ki, ataları müharibədən qayıdıb. Ailənin bolluq içində yaşadığı tablodakı dekorasiyalardan asanlıqla görünür. Məsələn, kiçik qardaşın sürdüyü velosiped, yerə sərilmiş xalça, mebellər, uşaqların o dövrü uyğun geyimləri və s. Həmin illərdə daha kasıb təbəqədən olan ailələrdə xalça əvəzinə linolium, daha sadə mebellər və adi oyuncaqlar olurdu. Divarda rəssamın "Tətilə gəldi" əsərinə əlavə edilmiş kiçik təqvim asılıb. Ümumilikdə, müharibədən sonrakı dövrdə sadə işçi insanların həyat tərzini əks etdirən sovet interyerinin necə qurulduğunu tabloda müşahidə etmək mümkündür.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Kompozisiyanın rəng həllinə nəzər salsaq, qeyri-parlaq çalarların tablodakı mövzu ilə uyğunluq təşkil etdiyini görərik. Otağın mavi-boz divarları, açıq qəhvəyi döşəmə, şagirdin yaşılımtıl  paltosu və s. soyuq rəng çalarlarında işlənib. Yalnız ananın qırmızı önlüyü soyuq rənglərin fonunda kontrast yaratması ilə fərqlənir.

- Hazırda əsər harda saxlanılır?

- Əsər Moskvada, Tretyakov Qalereyasında saxlanılır. 

- Bu rəsm bizə nə deyir?

- Fyodor Pavloviç Reşetnikovun "Yenə də iki" əsəri şagirdlərə çox yaxın bir mövzuda yaradılıb. Bir çox şagird pis qiymət aldıqda və bu barədə valideynlərinə məlumat verməli olanda oxşar vəziyyətə düşürlər. Müharibənin çətinliklərini xatırlayan, müharibədən sonrakı çətin dövrü yaşayan uşaqlarının duyğularının, həyat tərzinin əks etdirildiyi tabloda sosial mesaj da ötürülür. Bu əsər bizi həyatda bütün səhvlərimiz və çatışmazlıqlarımız barədə düşünməyə, qohumlarımıza və dostlarımıza münasibəti dəyişməyə vadar edir. Əsərdə insanın özünü düzəldəcəyinə, valideynlərinin məsləhətini dinləyəcəyinə bir ümid var. 

Aytac SAHƏD
 

 





13.09.2021    çap et  çap et