525.Az

Daha Səndən sonra su içmək olmur - Akif Əhmədgil


 

Daha Səndən sonra su içmək olmur -<b style="color:red"> Akif Əhmədgil</b>

Onkoloji xəstəlikdən əziyyət çəkən ömür-gün yoldaşım Rəsmiyyə Əhmədovaya həkim hər kimyaterapiyadan sonra gündə ən az 3-4 litr su içməyi məsləhət görmüşdü. Üstəlik, qış aylarında bunun necə məşəqqətli bir iş olduğunu xəstələr və xəstə yaxınları yaxşı bilir. Oğlumuz Tamerlanın "Rembo mama" deyə əzizlədiyi Rəsmiyyə xanım bu ağrı-acılara bir il dörd ay tab gətirə bildi. Onu Bakının yaxınlığındakı Sulutəpə deylən yerdə torpağa taşırdıq. Hərdən fikirləşirəm, görəsən, nədən Sulutəpə?!. Bəlkə həkimin dediyindən az su vermişik... Bəlkə...

Həkim su demişdi, dərman bir yana,
Sağalmaq olurmu su içmək ilə?..
Sənə su gətirim Sulutəpədən...
Daha Səndən sonra su içmək olmur...
Bir az havalıyam,
bir az deyingən,
Sən indi hardasan, mən haralıyam?..
Deyirdin, oğluma qız tapmalıyam,
Daha Səndən sonra qız seçmək olmur...
Bir az aralıdır kiçik oğlumuz,
Bir az yaxındadır böyük oğlumuz...
Yarımçıq qaldımı ömür yolumuz,
Daha Səndən sonra yol keçmək olmur... 
Yollar qəzaldır, yollar xətalı.
Ev-eşik qurmuşdun alın təriylə,
Ömür sürgün yeri, ev sürgün yeri.
Nə bir gələnimiz, gedənimiz var,
Ağzı günə qalıb bomboş otaqlar, 
Bizi yetım qoyub gedəndən bəri 
Evdə oturmağa yer tapmaq olmur.
Qurudu eyvanda əkdiyin güllər,
Qızıl yel apardı qızılgülləri
Bizi yetim qoyub gedəndən bəri... 
Daha Səndən sonra yaşamırıq ki...
Daha Səndən sonra ömür sürürük,
Ömür sürgün yeri, Yer sürgün yeri...
 

 





13.09.2021    çap et  çap et