525.Az

Qiyabi xəbərdarlıqlardan praktiki addım mərhələsinə


 

Qiyabi xəbərdarlıqlardan praktiki addım mərhələsinə <b style="color:red"></b>

Şahin Cəfərli, politoloq:

- "Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində vəziyyət haqqında" məsələ BMT Baş Assambleyasının 76-cı sessiyasının gündəminə daxil edilib.  Keçirilən səsvermədə 71 ölkə lehinə, 12-si əleyhinə səs verib, 45-i bitərəf qalıb.
Bu dəfə Azərbaycan da Ukraynanı dəstəkləyib və lehinə səs verib. Postsovet ölkələrindən yalnız Ermənistan, Belarus və Qazaxıstan Rusiyanın yanında yer alıb.

***

Asif Nərimanlı, jurnalist:

- Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisindən keçən hissəsində İran nömrəli maşınlar polislərimiz tərəfindən ciddi şəkildə yoxlanılır. 
Bu, İranın Qarabağa qanunsuz yük daşımasına adekvat cavabdır: Bakı məsələni diplomatik kanallarla dəfələrlə Tehrana çatdırsa da, dəyişikliyin olmaması praktiki addımları aktuallaşdırdı; Gorus-Qafan yolunda aparılan yoxlamalarla rıçaqlar işə salındı.

Məlumatlara görə, yoxlamalar olduqca ciddidir: yüklər nədən ibarətdir, hansı şirkətə məxsusdur, hansı müştəriyə çatdırılır, lazım olarsa, yükün məxsus olduğu şirkət və müştərinin VÖEN-ni tələb olunur; sürücülərin bütün sənədlərinə də baxılır.

Azərbaycanın suveren ərazisindən tranzit kimi istifadə olunan İran maşınlarından tranzit haqqı da alınır.

Gorus-Qafan yolunda rıçaqlarını işə salan Azərbaycan Laçın dəhlizinə nəzarəti də gücləndirir. Müdafiə Nazirliyi də Rusiya Müdafiə Nazirliyi və sülhməramlı qüvvələrin komandanlığına qanunsuz daşımaların qarşısının alınması üçün rəsmi məktublar ünvanlayıb.

Beləliklə, Bakı qiyabi xəbərdarlıqlardan praktiki addım mərhələsinə keçir.

***

Vilayət Quliyev, filologiya elmləri doktoru:

- Sentyabrın 27-də, torpaqlarımızı işğaldan azad etmək uğrunda Vətən müharibəsinin başlandığı günün ildönümündə on minlərlə erməni qaranlıq düşəndən sonra şam yandıraraq "Azərbaycan-Türkiyə təcavüzünə" etirazlarını bildirmək üçün  Azadlıq (keçmiş Teatr) meydanına toplaşacaq, o biri dünyaya göndərilən "şirlərinin" xatirəsini yad edəcək, gələcək "qələbələr" üçün uydurma "sərkərdələrinin" - sparapetlərin ruhuna dua-sənalar oxuyacaqlar.

Deyəsən, təzə "genosid" nağılının binası qoyulur. Mazoxizm bataqlığına yuvarlanan bu toplum "genosidsiz" yaşaya bilmir.

Erməni müxalifəti də öz növbəsində hökuməti 21 sentyabr milli müstəqillik gününü heç bir təntənəsiz, qara bayram kimi qeyd etməyə çağırıb. 
Həmişə bu gündə!

***

Zaur Əliyev, hüquqşünas:

- Şuşa şəhərində ilk həbsxana İbrahim Xəlil xanın vaxtında olub. Bu həbsxana da qalanın altında olan zirzəmi idi. Ruslar Azərbaycanı işğal edəndən sonra zirzəmilər ləğv edildi və həbsxana Gəncədə yerləşdi. Şuşada cinayət edənləri Gəncəyə aparırdılar. Bu camaatın həbsdə olan yaxınlarını ziyarət etməsində çətinliklər yaradırdı. Uzun yol qət edən şuşalılara kömək üşün Xan qızı Natəvan Şuşada məhşur  həbsxana tikirdi. Rusiya çarına yazdığı məktubdan sonra Şuşa həbsxanası Rus çarının əmri ilə Çar hökumətinin vəsaiti hesabına tikilib. Həbsxana 1872-ci ildə inşa edilib. Ora, həmçinin, 200 nəfər məhbus üçün nəzərdə tutulub. Sonradan kameraların sayı 350 olub. 

Orada Qaçaq Nəbi, Qaçaq Səlim və başqa adamlar məhkum olublar. 

Sovetlərin işğaldan sonra Şuşa həbsxanası ən təhlükəli və qorxulu yer sayılırdı. Keçmiş SSRİ-də üç ən təhlükəli həbsxanalardan biri olan Şuşa həbsxanasında ən ağır cəza üsulu var idi. Həbsxana qaydalarını pozan məhkumları divarın içinə yerləşdirilən sandığa salıb ən azı üç gün ac susuz orda saxlayırdılar. Sandıq xüsusi tabutabənzər siyirmə formasında hazırlanmışdı. Dustağı həmin dəmir siyirməyə qoyub divarın içinə itələyirdilər. Formasına görə tabutdan fərqlənməyən bu qabın dərinliyi 25-30 sm-dən çox deyildi.  Bir neçə kamerada belə sandıq var idi. Sandıq divarın içinə elə yerləşdirilmiş idi ki, burda olan məhkum özünü tabutda hiss edirdi. Əl-ayaqları qandallı, buz kimi soyuq divarın içərisinə ötürülən dustağı siçovullar dişlək-dişlək edirdilər..

Ən adlı sanlı avtoritet insanlar belə bu sandığın qorxusundan həbsxanada qaydalara riayət edirdilər. Ermənilər Şuşanı işğal edəndən sonra əsir düşən azərbaycanlıları bu sandıqlarda saxlayırdılar ki, Qızıl Xaç və Qırmızı Aypara yoxlamağa gələndə onlar barədə məlumat olmasın. Ermənilər Xocalıdan, Xocavənddən, Şuşadan, Laçından, Kəlbəcərdən, Ağdamdan, Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan olan mülki azərbaycanlılara burada dəhşətli işgəncələr verib, onlarla qeyri-insani rəftar ediblər. Mülki şəxslərlə yanaşı, müharibədə əsir götürülən azərbaycanlı hərbçilər də bu həbsxanada erməni vəhşiliyi ilə üzləşiblər..

Hesab edirəm bu həbsxana bax beləcə muzey kimi qalsa, yaxşı olar. Təmir olunmasın. Sadəcə təmizlənsin və olduğu kimi qalsın.

***

Sahib Məmmədov, siyasətçi:

- ABŞ Əfqanıstanda həm də qadın hüquqları uğrunda mübarizə aparan maarifpərvər əfqan qadınlarını qoyub qaçıb. Onlar da həyatlarını risk altına qoyub etiraz aksiyaları keçirir. Bu tərəfdə də ABŞ səfirləri müxtəlif ölkələrdə psevdofeministlərlə şəkil çəkdirib paylaşırlar. Sinizmin pik həddi.

***

İlqar Əlfioğlu, jurnalist:

- Münaqişənin həllində tərəflərdən hər birinin maraqlarını bilməlisən və onu bitirmək üçün vasitəçi olursansa, gərək bir tərəfi davamlı inciməyəsən. Bunu anlamaq heç çətin deyil. Məncə, biz sülhməramlı qüvvələrin fəaliyyətini adekvat qiymətləndirmirik, fantom qorxularımız, önyarğımız buna imkan vermir. Xəbərlərimizə baxanda, görürsən ki, rus erməni ilə görüşdü, otaqda bayraq vardı, məktəb təmir olundu, humanitar yardım paylandı, təlim keçirildi, məzarlıq birgə ziyarət olundu, saytda Qarabağın adı düz yazılmadı, qarşı tərəfin ordusunun yenidən qurulması barədə bəyanat verildi, filan məbədi bərpa etdilər, filan qəsəbəyə su daşıdılar, ziyarətə kömək etdilər, birinci onlarla görüşdülər, qaçqınlar üçün ev tikdilər, onlarla söhbət zamanı gülürdülər və sairə. Bunları oxuyan insan nə düşünəcək? Düşünəcək ki, birləşib, torbamızı tikirlər.

İndi, mənə deyin: bütün bu sadaladıqlarım ancaq sərhəddə qaytarılan torpaqlarımızın cəmi bircə faizinə dəyərmi? Diqqət edin, 100 faiz demədim ha, cəmi 1 faiz dedim. Nə bilim, bəlkə, aranı qatmağa, işimizi çətinləşdirməyə can atan bəziləri kimi, sizin üçün də otaqdan asılan əski parçasının hansı rəngdə olması Gorus-Qafan yolunda qoyduğumuz nəzarət postundan daha dəyərlidir? Elədirsə, onda bilin: münaqişə həll etmək ağıllı adamların işidir və qəti sizlik deyil.

Uzatmaq istəmirəm, eləcə, bu arada qazandıqlarımızla, guya "itirdiklərimizi" siyahıda üzbəüz yazın, yumruq boyda beyni olanlar belə, hər şeyi anlayacaq.

Bu arada, onların "birinci ledi"si deyir ki, dəhşətə gəlmişəm, Rusiya bizim birinci düşmənimiz imiş! Elə bilirsiniz, bu nəticəyə sifarişlə gəlib? İndicə dediyim siyahını bəyənmədiyiniz o xanım ozü üçün tutmayıb? Elə bilirsiniz, rusun düşmən olduğu haqqında fikrini o da, sizin kimi, havadan götürüb? Elə düşünürsünüzsə, sizinlə danışmağa dəyməz və heyif mənim bir barmaqla burda yazdığım sözlərə!..

***

Elçin Alıoğlu, jurnalist:

- Ermənilərin işğalında olan Sədərəyin Kərki kəndi tam boşalıb. 

Kənddə qanunsuz məskunlaşan 500-ə yaxın erməni ərazini tərk edib. 

İşğalçıların nümayəndəsi müxbirin: "Kənd Azərbaycana verilir?" sualına cavab vermir və onu çəkməməyi tələb edir.

Ermənistanın hakimiyyət dairələri baş nazir Nikol Paşinyanın göstərişinə uyğun olaraq Kərki kəndində daimi və ya müvəqqəti yaşayışı yasaqlayıblar.

Ümumiyyətlə isə son günlər Ermənistan mediasında fasiləsiz yayılan məlumatlara və xəbərlərə görə, Kərki kəndi Azərbaycana təhvil veriləcək.

Sahəsi 19 kvadrat kilometr olan Kərki kəndi  Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. 

1990-cu ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 

Ermənistan hökuməti kəndə Tiqranaşen adını verib. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.
Kərki kəndi ilə Qazax rayonu arasında da tarixi əlaqələr var.

Belə ki, Kərki oykonimi kərki tayfasının adı ilə bağlıdır. 

Mənbələrdə kərkilərin Azərbaycana erkən orta əsrlərdə qıpçaqların tərkibində gəldiyi göstərilir. XIX əsrin əvvəllərində qazaxlı tayfasının tərkibində kərkibaşlı adlı tirənin olması haqqında məlumat verilir. 

Türkmənlərin ersarı tayfasının bir qolu da kərki adlanırdı. Kərki tayfaları Türkiyə, Özbəkistan ərazisində də qeydə alınıb.

Türkmənistan ərazisində Kərki adlı şəhər, rayon, qəsəbə və Kərkidağ adlı dağ var.

***

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Əvvəllər Şuşada, ən hündür yerdə yalnız bir qüllə - ötürücü stansiya görsənirdi. 

Hansı ki o da Sovetdən qalmışdı və 20 il qeyri-qanuni olaraq "Karabakh Telecom" ondan  istifadə etmişdi. Döyüşlər vaxtı ermənilər ondan hərbi məqsədlər üçün də istifadə etmişdi.

Cıdır düzündən müşahidə etdim ki, həmin ən hündür ərazidə artıq 4 qüllə var. 

Güman ki, bizim mobil operatorlarımız və teleradio qurumu da mobil rabitə və internet üçün və TV yayım üçün ötürücü stansiyalarını qurublar.
Hələlik Şuşada yalnız mobil internetdən, data kartlardan istifadə olunur. 

Çox yaxşı olardı ki, Şuşa şəhərində qısa zamanda ictimai bir Wi-Fi şəbəkəsi qurulsun. 

Diqqətimi cəlb etdi ki, burada yeni tikildiyi görsənən balaca bir binanın damında da günəş panelləri quraşdırılıb. Doğru yanaşmadır.

Hündür binaların da başında artıq baza stansiyalar qurulub.

İnanıran ki, Şuşa da "Ağıllı şəhər" prinsipləri ilə qurulacaq.

Yeri gəlmişkən, "Kapital Bank" rəhbərliyinin diqqətinə çatdırıram ki, burada hələlik yalnız bir mağazada ödəmə terminalı var və o da işləmirdi.

***

Turan İbrahimov, jurnalist:

- Ümumiyyətlə, TƏBİB ləğv edilməli, Səhiyyə Nazirliyinə normal təyinat olmalı, səhiyyədə ciddi islahatlar başlamalıdır. Ramin Bayramlını antiqəhrəmana çevirən səbəblərdən ən böyüyü Nazirlik-TƏBİB qarşıdurması, ikitirəlik və qeyri-müəyyənlikdir.
 

 





14.09.2021    çap et  çap et