525.Az

Mən Şuşamızı gülən gördüm - Qafar Qəribin Şuşa təəssüratı


 

VƏ YA YUXU KİMİ ÜÇ GÜN

Mən Şuşamızı gülən gördüm -<b style="color:red"> Qafar Qəribin Şuşa təəssüratı</b>

Qafar Qərib

Mobil telefonuma zəng gəlir... Tanış nömrə deyil. Açıram... Səs də tanış gəlmir. Danışığımız çox qısa olur. Salamlaşma, tanışlıq, zəngin məqsədi, sağollaşma - hamısı birlikdə heç bir dəqiqə də çəkmir. Heydər Əliyev Fondu tərəfindən Şuşaya dəvət olunuram - Vaqif Poeziya Günlərində iştirak etmək üçün... 

Bir anlığa yuxuda olduğumu düşünürəm. Çünki ən böyük arzular - görmək istədiklərin, etmək istədiklərin insanın yuxusuna tez-tez girir. Daim o haqda düşündüyün üçün yuxuna da sirayət edir ən böyük istəklərin. Bu da mənim ən böyük arzum idi - nə vaxtsa Şuşada olmaq... 
Yox, bu arzumun yaşı Şuşa nisgili ilə yaşıd deyil. Bu istəyin 40-a yaxın yaşı var. Mən hələ uşaq olanda atam Şuşada - sanatoriyada olmuşdu. Şuşanın gözəlliklərindən, özəlliklərindən, havasından, suyundan, tarixi abidələrindən o qədər danışmışdı ki, bir könüldən min könülə vurulmuşdum Şuşaya... Şuşa bir növ mənim butam olmuşdu. 

Yenicə yaşa dolmuşdum, yenicə o butamın dalınca Qərib kimi yola çıxmağa çalışırdım ki, Şuşanın yollarını duman aldı, çən aldı. Gedib çata bilmədim Şuşaya, gedib tapa bilmədim butamı. Bu nisgillə az qala 30 il yaşadım. Buna yaşamaq demək mümkündürsə... Ona görə də bu gözlənilməz zəngi əvvəlcə şirin röyalarımdan biri sandım... 

Amma yox... Bu, bir yuxu deyildi. Çünki Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Ordumuz artıq Şuşanı işğaldan azad edib. Ona görə də buna inanmaq lazım idi. Artıq bu il Şuşada milli bayramımız olan Novruz bayramı qeyd olunmuş, "Xarıbülbül" festivalı təşkil edilmiş, bu qədim diyar Azərbaycanın mədəniyyət paytaxtı elan olunmuş, yüzlərlə qonağa ev sahibliyi etmişdi. Ona görə də bu, yuxudan çox şirin bir həqiqət idi.

*** 

Bu da Şuşaya yollanacaq maşın karvanı. Bu karvanın yolçuları Azərbaycanın tanınmış qələm, sənət və siyasət adamlarıdır. Hər kəsin üzündə böyük bir sevinc var. Çünki qeyrət qalası Şuşaya getməyə hazırlaşırıq. Hər kəs sevinclə bir-birinin əlini sıxır, təbrik edir, xoş arzularını bildirir. Bu mənzərəni mən Həcc və Kərbəla ziyarətinə gedənlərin yolasalma mərasimində çox müşahidə etmişəm. Şuşa da bizim ən müqəddəs ziyarətgahımızdır: "Ziyarətimiz qəbul olsun!" - deyirəm ürəyimdə... 

Maşın karvanı yola düşür. Qeyri-ixtiyari ürəyimdən bu sözlər keçir: 

Qollarını geniş aç, 
Gəlirik, Şuşa, gəlirik. 
Bu nisgilli ayrılıq 
Çatdı başa, gəlirik...

Nəhayət güləcəyik, 
Hüsnünü görəcəyik. 
Demişdik gələcəyik, 
Qoşa-qoşa gəlirik. 

***

Bəli, vaxtilə Ulu öndərimiz Heydər Əliyev, daha sonra isə Prezidentimiz cənab İlham Əliyev bizim Şuşaya qayıdacağımızı dəfələrlə bəyan etmişdilər. Bu gün o gündür. Biz Şuşaya qayıdırıq. Həm də "Zəfər yolu" ilə. Şuşanın alınacağına bütün dünyada şübhələr olduğu kimi, bir zamanlar bu yolun çəkiləcəyinə də şübhələr var idi. Çoxları bunun qeyri-mümkün olduğunu düşünürdü. Ancaq gerçəkləşməsi mümkünsüz görünən bir çox layihələr kimi, bu layihə də uğurla həyata keçirildi. İgid oğullarımız Şuşada erməniləri ram etdiyi kimi, mühəndislərimiz də aşılmaz dağları, keçilməz qayaları ram edərək zirvələri yol etdilər. Bu gün bu müasir və rahat yollarla cəmi 5-6 saata Bakıdan Şuşaya getmək mümkündür. İndi istənilən avtomobillə, istənilən sürətlə, istədiyin vaxt Şuşaya getmək olar. Həm də o əsrarəngiz təbiət mənzərələrini doya-doya seyr edərək... 

*** 

Bələdçilərin dediyinə görə, Şuşaya aparan əvvəlki yolla gedəndə bu alınmaz qalanın möhtəşəmliyi bir o qədər də aydın görünmürmüş. Amma "Zəfər yolu"ndan baxanda Şuşa öz əzəməti ilə insanı heyran qoyur. Buradan baxanda qəhrəman, igid oğullarımızın necə çətin yollarla irəlilədiyi, necə çətinliklərlə o qayalara dırmandığı haqqında geniş təsəvvür yaranır. Böyük qartal yuvasını xatırladan bu yüksəkliklərə baxdıqda qəhrəman Azərbaycan əsgərinin gücünə, qüvvəsinə, cəsarətinə, qəhrəmanlığına heyran qalırsan. 

***

Şuşa bizi gülərüzlə qarşıladı... Mən bunu hiss etdim. Şəhər, sanki gülümsəyirdi, sevinirdi, həyəcanlanırdı. Çünki doğmaları gəlmişdi, əzizləri ilə görüşmüşdü. O gün Günəş də, sanki daha yaxşı işıqlandırırdı Şuşanı. Bu göylər qızı ağacların, kolların, güllərin, çiçəklərin gözəlliyinə gözəllik qatmağa çalışırdı, sanki. 

Az-çox səliqəyə salınan, ancaq Birinci Qarabağ savaşında güllələrdən, tank, top mərmilərindən "nəsibini alan", "yaralanan" binalar da Günəşin gur şüaları altında gülümsəyirdi... İkinci Qarabağ müharibəsi zamanı Gəncəyə atılan top mərmisi ilə dağıdılan yaşayış binasında yaralanan, ancaq xoş bir təsadüf nəticəsində sağ qalan balaca oğlanın qan içində, yara içində gülümsəməsinə bənzəyirdi bu binaların təbəssümü. Ağrılı olduğu qədər şirin idi, əziz idi bu binaların gülümsəməsi. Onların yarasını oxşamaq, tumarlamaq qədər əzablı və əziz heç nə ola bilməz. Düşünəndə ki, bu binalar işğalçı düşmən tərəfindən tank, top atəşinə tutulanda yaralananda neçə-neçə insan həlak olub, xəsarət alıb, şikəst olub, insanı dəhşət bürüyür. 30 il keçməsinə baxmayaraq, ayağını basdığın yerdə əzizlərimizdən kiminsə qurumuş qanı olar deyə ehtiyatlanırsan... Ağlamaq istəyirsən, ancaq yenicə kiriyən Şuşa da kövrələr deyə dözürsən... 

*** 

Qapılar... Şuşada ən ağrılı mənzərə qapı mənzərələridir... Bir tayı qırıq taxta qapılar... Az qala otuz ildir, qıfılı açar görməyən pas basmış dəmir qapılar... Ancaq çərçivəsi qalan boş qapılar... Damı içinə uçan evlərin əksəriyyətində qapılar hələ də dözüb, dayanır. Şuşada həyət evlərinin giriş qapıları, darvazaları bu mənada, çox dözümlü çıxıb. Bu qapılar yazıq-yazıq, qəmli-qəmli baxır əzizlərinin üzünə... 

Yıxılmayan, ayaqda durmağı bacaran bu qapılar, sanki sahiblərinin nə vaxtsa gələcəyini bilirmişlər. Ona görə dözüblər, ona görə dayanıblar ki, sahibləri onları görüb yerlə-yeksan olan evlərini tanısınlar. Bu mənada, Şuşanın bələdçiləridir bu qapılar. Artıq hər bir qapının yanında yazılan "kodlaşdırılmış adlar" - rəqəmlər bu evin kimə aid olduğunu dəqiq ifadə edir. Deməli, qapılar öz missiyalarını müvəffəqiyyətlə yerinə yetiriblər. Artıq hər bir şuşalı öz qapısının köməyi ilə öz astanasını, öz evini, öz həyətini tapıb. Qalır bu xarabalıqların yerində yeni evlər tikmək, kol-kos basmış həyət-bacada yeni bağlar salmaq. Ancaq qapılar yenə də öz yerlərində qalsa, yaxşı olar... İşğal tarixinin şahidləri kimi... 

*** 

Şuşa həm də abidələr şəhəridir... Bu qədim şəhərin qədim abidələri onun tarixi haqqında çox söz deyir. Qədim bazar, karvansara, Şuşa qalası, Pənah xanın sarayı, Natəvanın evi və bu kimi abidələr Şuşanın qədim və şanlı tarixindən xəbər verir. Şəhərin on yeddi məhəlləsi, hər məhəllənin öz məscidi, öz bulağı olub. Təəssüf ki, o məscidlərdən bir neçəsi, o bulaqlardan çox azı erməni vəhşiliyindən "yaralı" çıxa bilib. Qalanı isə "şəhid düşüb", məhv olub, yerlə-yeksan edilib. 

Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərində olduq. Bir neçə məscidinsə böyük ürəkağrısı ilə ancaq qalıqlarına baxa bildik. Bir müsəlman və azərbaycanlı olaraq bu mənzərələri müşahidə etmək çox çətindir, ağrılıdır. Ermənilərin məscidlərə qənim kəsilməsi onların dini mənsubiyyəti ilə bağlıdır. Bunu anlamaq çox da çətin deyil. Ancaq həyat mənbəyi olan bulaqların ermənilər tərəfindən nə üçün bu cür dağıdıldığını anlamaq mümkün deyil. Deməli, vəhşilik, vandallıq bu millətin genində, qanındadır. 

*** 

Cıdır düzü Şuşanın baş meydanı kimi əsrlərdir, ad qazanıb. Şuşaya gələn hər kəsin mütləq üz tutduğu məkanlardan biridir bu meydan. Artıq Qarabağ atlarının yenidən çapıldığı, milli musiqimizin təkrar səsləndiyi, Azərbaycan şeirinin bir daha oxunduğu meydandır Cıdır düzü. Bu meydan həm də 44 günlük Vətən müharibəsində qəhrəmanlıq tariximizə şanlı səhifələr yazılan yerdir. Azərbaycan Ordusunun qorxmaz, cəsur əsgərləri Şuşaya məhz bu ərazidən, daha doğrusu, buradakı sıldırım qayalardan qalxaraq daxil olublar - canları, qanları bahasına... 

Bəli, Cıdır düzü bir qəhrəmanlıq meydanıdır. Bu, dünən də belə olub, bu gün də elədir. Dünən igid ər oğullar bu meydanda qol güləşdirib, at çapıb, qılınc oynadıb, igidlik göstərərək ad qazanmışdılar. Bu gün də qeyrətli, cəsarətli, qorxmaz, igid oğullarımız ən yüksək adı məhz bu meydanda aldılar - qan tökərək, can alaraq, Şuşanı xilas edərək... 

Cıdır düzünün uçurumla bitən sərhədinə yaxınlaşıram. Buradan nəinki yuxarı çıxmaq, aşağı baxmaq belə, vahiməlidir. İgid, mərd oğullarımızın ağır silahlarla birgə bu qayalarla üzüyuxarı qalxdığını, həm də döyüşə-döyüşə qalxdığını düşündükcə: "Bu Vətənin çörəyi sizlərə halal olsun!" - deyə düşünürəm. 

***

Bu da sözünün işığına yığışdığımız Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi. Cıdır düzündən azca aşağıda, Şuşanın ən yüksək nöqtəsində Günəşin gur şüaları altında çıraq kimi yanan bu abidə düşmənə əsl gözdağıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yenidən bərpa olunan və Vaqif Poeziya Günləri ərəfəsində açılışı olan bu abidə ən azı Cıdır düzü qədər dəyərlidir bizim üçün. Şuşanın simvollarından sayılan bu memarlıq incisinə tamaşa etmək insana qürur, fəxarət bəxş edir. Bu abidə alınmaz qalamız olan Şuşanın, bu məqbərədə uyuyan dahi söz ustası Vaqif isə ədəbiyyatımızın incisidir. Bu böyük sənətkarın söz xəzinəsi tükənməzdir... O xəzinədən hər kəsə pay düşüb, hər birimiz onun poeziyasından bəhrələnmişik. Vaqif Poeziya Günləri çərçivəsində də bunu hər kəs etiraf etdi. Səslənən çıxışlar, şeirlər sanki Vaqif poeziyasından od götürmüşdü, ona görə belə odlu-alovlu idi. 

*** 

Şuşa gecələri... Qonağı olduğumuz "Xarıbülbül" otelinin ikinci mərtəbəsindən bu şəhəri, onun əsrarəngiz gözəlliklərini saatlarla seyr etməkdən gözəl heç nə ola bilməz. Günboyu şəhəri məhəllə-məhəllə, küçə-küçə, ev-ev gəzməyin yorğunluğu məni məğlub etməyə çalışır, hərdən göz qapaqlarımı ağırlaşdırır. Daha iri açıram gözlərimi. Şuşanı daha çox görmək, onun gözəlliklərini daha çox seyr etmək, daha çox yaddaşıma yazmaq üçün kirpik çalmağı belə, vaxt itkisi hesab edirəm. 

Gəlmədiyim, görmədiyim Şuşanı əvvəllər, heç olmasa, yuxuda görməyə, yuxuda gəzməyə çalışırdım. Bu səadəti, heç olmasa, yuxularda yaşamağın özü də gözəl idi o vaxtlar... Amma Şuşada vəziyyət tamamilə fərqli idi. Şuşada olduğum müddətdə yatmaqdan qorxurdum... Bu gerçəkliyin yuxuya çevriləcəyindən qorxurdum. Qorxurdum ki, Şuşalı günlərim, saatlarım, anlarım birdən yuxuya çevrilər... Bundan çox qorxurdum... 

*** 

Şuşaya səfərimizin ilk günü nahar edərkən, bizimlə birgə gəlmiş ziyalılardan biri, 60-70 yaşlı bir şuşalı ilə eyni masada əyləşmişdik. O, yeməkxananın pəncərəsindən tez-tez çölə boylanır, narahat şəkildə yerində qurcalanırdı. Birdən mənə tərəf dönüb dedi: "Mənə bir yumruq vura bilərsənmi?" Təəccübləndim. Maraqla rəngi sapsarı saralan o insanın üzünə baxdım. O, təəccübləndiyimi görüb dedi: "Bilirsənmi, mən az qala 30 il bu yerlərin həsrəti ilə yaşamışam. Ona görə məni vurmanı istəyirəm ki, bunun bir yuxu olmadığını anlayım". 

Sonra o göz yaşlarına hakim ola bilmədi, ağladı. Mənim də gözüm doldu. Anladım ki, Şuşa ilə bağlı bu qeyri-adi hissləri, bu duyğuları, bu həsrəti, bu nisgili mənim kimi bütün Azərbaycan xalqı yaşayıb... 

***

Ayrılırıq Şuşadan... Heç kim buradan ayrılmaq istəmir. Hər kəs avtomobilin əvvəlcə yan pəncərəsindən görə bildiyi qədər, daha sonra isə arxa pəncərəsindən Şuşa gözdən itənədək boylanır. Nəhayət, sıx meşələr Şuşanı görünməz edir... 

Eybi yox... Biz yenə gələcəyik... Şuşamızla yenidən görüşəcəyik... Artıq bunun üçün heç bir maneə yoxdur... 

***

Yolboyu düşünürəm: "Şükürlər olsun, sənə, İlahi! Bu üçgünlük səfər, həqiqətən də, yaşanan bir gerçəkmiş, yuxu deyilmiş..."
 

 





14.09.2021    çap et  çap et