525.Az

"10 sentyabr"dan sonra -Rəşad Məcidin hekayəsi haqqında


 

"10  sentyabr"dan sonra -<b style="color:red">Rəşad Məcidin hekayəsi haqqında</b>

Sosial şəbəkələrdən gileylənənlər çoxdur. İKT əsrində bu zamanın yeniliklərindən xəbərsiz olan, təvazökarlıqdan uzaq olsa da, deyim ki, hamının sevimlisi tanınmış müəllimə olan mən internetin qapısını bir neçə il əvvəl açdım. Qarmaqarışıqlıq, müxtəlif mövzular, çirkin böhtanlar, televiziyada görəndə hövsələmi qaçıran reklamlar, müxtəlif fikir paylaşmaları - dəlixana zənn etdiyim bu aləm məni özünə bir şeylə bağladı: uzun müddət uzaq düşdüyüm ədəbiyyat aləmi - heyranı olduğum, mənəviyyatımın sütunu, mənə elmlə birgə dünyanı tanıdan bədii ədəbiyyat! Müasir ədəbi prosesdən necə uzaq düşdüyümü o zaman anladım. Bu aləmlə tanışlıq üçün münbit şərait də lazımdı axı. Uzun illər gərgin iş, ev-ailə qayğıları, tələbə hazırlığı, əlavə qazanc üçün gecələr dərziliklə məşğul olmağım - bütün bunlarla bərabər, ədəbiyyatla tanış olmağa necə vaxt tapa bilərdim? Bazis əvvəldir axı.

Sosial şəbəkədə ilk tanış olduğum nəsr nümunəsi Rəşad Məcidin "10 sentyabr" hekayəsi oldu. Mətnə göz atıb ümumi mənzərə ilə tanış oldum. Çox duyğulu, ürəklə, yanğı ilə yazılmış əsər idi. Hekayəni tam, "nöqtəsinə-vergülünəcən" diqqətlə oxumaq üçün nahardan sonra bir çay süzüb hər sözü ruhuma calaya-calaya əyləşdim hekayənin hüzurunda. Dərsliklərdən və uzun illər əvvəl həm ata evində, həm də rayon məktəbində dərs deyən zamanlar çox oxuduğum əsərlərə bənzəməyən, müasir ruhlu gözəl bir əsərlə qarşılaşdım.

Müəllif bir hekayədə bütün cəmiyyəti əhatə edən, yaşantımızı əzaba çevirən və bir romanın mövzusu olacaq çox mətləbləri  məharətlə ümumiləşdirə bilmişdi. Sovet hökumətini tərifləyib indiki cəmiyyətə qarşı qoyan, ancaq bununla belə, o hökumətin zamanında aldığı "Jiquli" maşını uzun illər növbəyə durub alan, ömrü gecəqonduda keçən, mühəndis işlədiyi zavoddan ona veriləsi mənzilin sonradan birotaqlı olmasını görüb imtina edən insanın siyasi düşüncələrindəki məhdudiyyətlər məndə kədərli bir ovqat yaratdı.  Bütün inqilablar insanlara fəlakət gətirir. İstənilən dövlət çevrilişləri  nə qanlı yollardan, faciələrdən keçir. Və çox zaman çevrilişlər o cəmiyyəti dəyişən insanların xoşbəxt gələcək arzularının üstündən xətt çəkir. Yeni qurulan çox vaxt özü ilə əvvəlkindən də ağır və dözülməz çirkinliklər, problemlər gətirir. Bizim 18-ci ildə qurduğumuz doğma - milli hökumətimizi dağıdan, 37-ci ildə on minlərlə ziyalımızı məhv edən, onların ailələrini sürgünə göndərən, qazandığımızı, sərvətlərimizi çapıb-talayan elə həmin Sovet hökuməti idi. Əməliyyat etdirəcəyi qızına pul tapa bilməyən adamın o varlı amerikana bəslədiyi ümidlər puça çıxdıqdan sonra əlində olan puldan dostları üçün qonaqlıq verən qəhrəmanın süfrə başında dediyi sağlıq oxucunu kövrəldir. Oxucuya aydın olur ki, bütün məhdud dünyagörüşü və mənəvi aləmi ilə bu adam əsl insandır. Həyatını gecəqonduda keçirən qəhrəmanımız yenə də bir vaxtlar sadiq olduğu və pərəstiş etdiyi dövləti unutmur. Hökumət dəyişilsə də, on iki il üzvü olduğu və sədaqətlə xidmət etdiyi Kommunist Partiyasına, onun dövlətinə sadiq olan, dövlət dağılsa da, uzun müddət partiya biletini tutiya kimi qoruyub-saxlayan bu adamın qulluq etdiyi hökumət ən ideal dövlət olmalı idi. Lakin o dövlət 90-cı ildə tanklarını həmin partbileti daşıyanların üzərinə sürüb onları xurd-xəşil elədi.  Cəmiyyəti insanlar təmsil edir, insanları isə cəmiyyət formalaşdırır. İnsanların  mənəviyyatında dövlətinə aid uzun müddətə formalaşmış zəngin, müsbət xarakterik xüsusiyyətlər o dövlətin qiymətli xəzinəsi, əvəzolunmaz incisi, qranit  sütunudur. Bu incinin, sarsılmaz ideoloji inamın qədrini bilməyən, vətəndaşını özündən iyrəndirən dövlət, cəmiyyət öz oturduğu budağı kəsir.

"Gül kimi dövləti dağıtdılar", - deyən əsərin qəhrəmanının  müasirləri olan bizlər qəsbkar hakimiyyəti dəyişmək istəyəndə, "Azadlıq!" - deyə qışqıranda, bəlkə də, o, heç meydana ayaq basmayıb. Biz meydanlarda azadlıq təşnəsi ilə həftələrlə dayanıb ayağımıza su enəndə  aldığımız azadlığın cəmiyyətə necə nöqsanlar gətirəcəyini təsəvvür etmirdik. Kim bilərdi ki, dəyişdiyimiz hökumət yenisi ilə əvəz olunanda maşınımızı qorxudan çöldə qoymayacağıq ki, şüşələrini, təkərlərini acından çörəkpulu tapmayanlar oğurlamasınlar. Ağlımıza da gəlməzdi ki, ali təhsilli həkim, universitet bitirmiş mütəxəssis, mühəndis gəlib gündəlik çörək pulu üçün amerikalıya qulluq edəcək, taksi sürücüsü olacaq. Biz o vaxt bilməzdik ki, övladımızı həkimə əməliyyat etdirmək üçün pula görə bir belə zülm çəkəcəyik. Ali təhsilli oğlanlarımız, qızlarımız qul bazarlarında gündəlik çörəkpuluna növbə gözləyəcək, gənclərimizin çoxu xarici ölkələrə üz tutub orda ən ağır, çirkli işlərdə işləməyə məcbur olacaqlar.  Amerikalıya üz tutub: "Bunlar Soveti - gül kimi hökuməti dağıtdılar, bizi bir-birimizə qırdırdılar, işsiz-gücsüz qoydular, nökərə çevirdilər - özlərinə, öz xeyirlərinə görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə qoymurlar. Barı Qarabağı qaytaraydılar", - deyən qəhrəmanın dünyagörüşü bir çox Sovet quruluşu pərəstişkarlarının dünyagörüşünün bədii cəhətdən ustalıqla ümumiləşdirilməsidir. Əsərdə insan psixologiyasının bir nüansı diqqəti cəlb edir. Sovet hökuməti vaxtında, demək olar ki, hamı eyni cür, konveyerdən çıxmış kimi eyni rənglə aldadılırdı: ən xoşbəxt bir ölkədə yaşayırıq, dünya kapitalizmi bizə gəlməyəcək, biz, dünyanın ən mehriban millətləri qurduğumuz bu ideal dövlətin sayəsində bütün tarix boyu yaradılan hər dövlətdən daha demokratik, üstün olan bir dövlətdə, zamanda yaşayırıq. Bizim sərhəddən o yana heç bir ölkədə günəş belə gözəl şəfəq saçmır - kimi ideyaları beynimizə yeridən Sovet ideologiyasının aldatma ustalığı, gücü və taktikası insanları necə də mənəvi deqradasiyaya uğratmışdı. Ən məharətlə aldadılan ən məharətlə aldadana pərəstiş edib həmişə. Və zaman gəlir, pərdələr çəkilir, ədalətin və həqiqətin öz yerini tutması üçün çarpışmalar başlanır. 

Müəllif əsərin qəhrəmanının Sovet dövləti zamanındakı və sonrakı - müstəqillik dövründəki həyatını elə ustalıqla müqayisə edib, insan psixologiyasının zaman və cəmiyyətlə, cəmiyyətin qanunları ilə formalaşmasını mükəmməl şəkildə elə sərgiləyib ki, heyran qalmamaq olmur. Oxucu özü üçün nəticə çıxarmalıdır: hansı zamanda necə yaşayırsan? Sənə nə lazımdır? Gələcəyin necə olacaq? Sən bu dövlətin qanun və qaydalarının həyata keçirilməsində necə iştirakçı olmalısan? Bütün bunlardan nəticə çıxar. Sən dünyaya bir dəfə gəlirsən. Bu dünyanı səndən qəddarcasına alan, səni zəlil günə qoyan istənilən cəmiyyət dönüb özünə baxmalı, qanunlarını sənin həyatını gözəlləşdirmək, rahat yaşaman üçün verməli, həyata keçirməlidir.  Yoxsa o, məhvə məhkumdur. Sən də öz növbəndə o cəmiyyətə öz töhfəni verməli, sadəcə seyrçi olmamalısan.
Əsərdə yadelli amerikalının yaşamı, onun həyat tərzi həmin dövr azərbaycanlısının yaşamı, xarakteri ilə ustalıqla müqayisəsi olunur. Bizim ağıl və idrakımız, xalqın bütün ümid və arzuları, torpaq uğrunda cavan canını qurban edən şəhidlərin intiqam arzusu o gövşəyən amerikalının ovurdlarında çeynənib gedir. Ölkəmizdə işləyib pul kisəsini dollarla dolduran amerikalıdan fərqli olaraq əsərin qəhrəmanı qızını əməliyyat etdirmək üçün 200 dolları tapa bilmir. Millətin orta və aşağı təbəqəsinin ümumi bir fikri olan bir tikə çörəyini tapıb yeyən bu insanın çətinlikləri oxucuya o qədər də faciəli görünmür əsərdə. Ölüm yox, itim yox. Ancaq o ölüm də, ən ağır faciəli günlər də, ağır problemlər də hamının qapısının astanasındadır, hər an içəri daxil ola bilər. Və daxil oldu da. 

Hekayədə oxucuya aydın olur ki, keçmiş dövlətə aid bütün ümidləri puça çıxan insanın yeni dövlətdə bir ideologiyaya, onun ideoloji özülünü təşkil edəcək demokratik qanunlara ehtiyacı var. İstənilən dövlət bu ideologiyanın əsaslarını yaratmalı, qanunları insanların xoşbəxt  və firavan həyatı naminə həmişə həyata keçirməli, xaotiklik və mənəm-mənəmliyin hökm sürdüyü və insanı bir tikə çörəyə möhtac edən cəmiyyətdə nöqsanlar  aradan qaldırılmalı, xoş gələcəyə ümid, inam bərpa olunmalıdır.    

Əsərin sonunda yazıçı içimizi ümidlə doldurur: "Fikir eləmə, yaxşı olacaq" - deyir. Bu inam, ümid bizdə otuz il yaşadı. Son Qarabağ döyüşləri, oğullarımızın dünyaya səs salan qəhrəmanlıqları, Qarabağın alınması müəllifin "Yaxşı olacaq" - deyə uzaqgörənliklə söylədiklərini təsdiq etdi. Bütün cəmiyyətlərin həyatında nöqsanlar olur. Bizdə də var, hətta çoxdur. Pandemiyanın tüğyan etdiyi bir zamanda aldığımız Qarabağın sevincini doyunca yaşamağa macal tapmamış, Qarabağın bərpası və orada məskunlaşmağa hazırlaşdığımız bir zamanda  düşdüyümüz çətin vəziyyətdən də, cəmiyyətdə olan nöqsanlardan da tezliklə uğurla yaxa qurtaracağımıza ümidlə hamımız: "Yaxşı olacaq!" - deyək. 

11 sentyabr 2021-ci il
 

 





14.09.2021    çap et  çap et