525.Az

Rusiyasayağı seçki - Xaqani Cəfərlinin şərhi


 

Rusiyasayağı seçki -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Sentyabrın 17-dən 19-dək, üç gün ərzində Rusiya Dövlət Dumasına seçkinin son mərhələsi olan səsvermə keçiriləcək. Əksər ekspertlər bu seçkini Rusiyada hakimiyyətin ötürülməsinin başlanğıcı hesab edirlər. Bu qənaəti yaradan əsas məqam hakim "Vahid Rusiya" Partiyasının seçki siyahısına müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etməsidir. Məsələ ondan ibarətdir ki, Sergey Şoyqunun adı prezident Putinin mümkün varislərinin arasında ilk sırada hallanır. Xüsusilə son bir ildə bu istiqamətdə müzakirələr daha da güclənib. Bu isə təsadüfi deyil. Müdafiə naziri tez-tez özünün səlahiyyətlərinə aid olmayan və hətta onun rəhbərlik etdiyi sahəyə heç bir bağlılığı olmayan məsələlərlə bağlı siyasi lider kimi bəyanatlar səsləndirməkdən çəkinmir. Məsələn, Sergey Şoyqu Sibirdə bir neçə böyük şəhərin inşasının zəruriliyi ilə bağlı təkliflə çıxış etdi. Müdafiə nazirinin bu təklifi isə Kremlin nəzarətində olan mətbuatda çox geniş təbliğ olundu.

Müdafiə nazirinin Rusiyanın gələcək rəhbəri olacağı ilə bağlı dedi-qoduları gücləndirən əsas məqam isə prezident Vladimir Putinin vaxtaşırı Sergey Şoyqu ilə birlikdə ova və ya gəzintiyə getməsidir. Son bir ildə prezident müdafiə nazirinin müşayiəti ilə bir neçə dəfə Tıva Respublikasının dağlarına gəzintiyə gedib. Tıva Respublikası Sergey Şoyqunun vətənidir. Prezidentin gəzinti üçün müdafiə nazirinin doğulduğu torpaqları seçməsi çoxsaylı fikirlərin meydana çıxmasına səbəb olub. Həmin fikirlərdən biri isə ondan ibarətdir ki, bu gəzintilər zamanı prezidentlə müdafiə naziri ovçuluqla yanaşı, siyasi qərarlar da verirlər. Çox maraqlıdır ki, hər belə gəzintidən sonra prezident Putin əhəmiyyətli sərəncamlar imzalayır. Rusiyanın ictimai-siyasi dairələrində belə qənaət yaranıb ki, müdafiə naziri prezidentə ən çox təsiri olan şəxsdir. Bütün bunlar da Sergey Şoyqunun Putinin xələfi olacağı ilə bağlı dedi-qoduları gücləndirib.

Kremlin nəzarətində olan mediada isə müdafiə nazirinin hakim partiyanın seçki siyahısına başçılıq etməsi Sergey Şoyqunun cəmiyyətdəki reytinqinin yüksək olması ilə izah edilir. Qeyd edək ki, müdafiə naziri həqiqətən də prezidentdən sonra ən yüksək reytinqə malik şəxsdir. "Vahid Rusiya" Partiyasının sədri Dmitri Medvedyevin reytinqi o qədər aşağıdır ki, hakim partiya onun rəhbərliyi ilə seçkiyə getməyə sadəcə olaraq cəsarət etməyib. Ancaq belə görünür ki, Sergey Şoyqunun "Vahid Rusiya" Partiyasının seçki siyahısına rəhbərlik etməsi seçicilərin hakim partiyaya münasibətin dəyişməyib. "Levada-Mərkəz" müstəqil sorğu mərkəzinin son rəy sorğusuna görə, seçicilərin yalnız 30 faizi hakim partiyaya səs vermək niyyətindədir. Bu isə o deməkdir ki, seçicilərin çox böyük əksəriyyəti artıq hakim partiyaya etimad göstərmir.

Qeyd edək ki, iqtidar partiyasının əsas tənqidçisi Aleksey Navalnın həbsi, müxalifət liderinə bağlı təşkilat və qurumların fəaliyyətinin qadağan olunması da vəziyyəti dəyişməyib. Müxalif və müstəqil mövqeli namizədlərin də seçkidən kənarlaşdırılması da hakim partiyanın cəmiyyətdəki mövqeyini gücləndirməyib. Rəy sorğularına görə, Kommunist Partiyasının mövqeləri daha güclü görünür. Ancaq hər kəs anlayır ki, səsvermənin rəsmi nəticələri tamamilə fərqli olacaq. Belə fikirlər mövcuddur ki, hakim partiyanın deputat mandatların yarıdan çoxuna sahib olması nəzərdə tutulur. Seçkidə iştirak edən digər qüvvələrin isə üç gün davam edəcək səsvermə prosesinə nəzarət etmək üçün resursları mövcud deyil. Hətta mövcud olsa belə, bu təşkilatların hakim partiayaya qarşı sərt çıxış etməsi real görünmür. Əksinə, sistemdaxili partiyalar parlamentdə daha çox mandata  sahib olmaq üçün iqtidar partiyası ilə deyil, bir-biri ilə rəqabət aparırlar.

Real müxalifətin seçki prosesindən kənarlaşdırılması, qeyri-hökumət təşkilatlarının səsvermə prosesinin izlənməsindən uzaqlaşdırılması və onlarla müstəqil media orqanının fəaliyyətinin qadağan edilməsi seçkinin nəticələrini artıq şübhə altına alıb. Siyasi prosesləri yaxından izləyən hər kəs bu seçkilərin seçicilərin iradəsini əks etdirməyəcəyini anlayır. Bu isə son nəticədə mərkəzi hakimiyyətin əsas qollarından birinin, qanunvericilik hakimiyyətinin legitimliyini şübhə altına alacaq. Ancaq belə görünür ki, bu, Rusiya hakimiyyətini ciddi narahat etmir. Aydın görünür ki, Rusiya hakimiyyəti Dövlət Dumasının seçki yolu ilə formalaşması tələbinin yalnız formal tərəfinə əməl edir. Ekspertlər isə dövlət idarəçiliyi institutlarının legitimliyinin şübhə altına alınmasını, onlara etimadın itirilməsini dövlətin gələcəyi üçün əsas təhlükə hesab edirlər.  Bununla bağlı xəbərdarıqlar da Rusiya hakimiyyəti tərəfindən nəzərə alınmır. Dövlət Dumasına rusiyasayağı seçkilərdən sonra ölkədə hakimiyyətin ötürülməsi prosesinə start veriləcəyi gözlənilir. Əgər bu iddialar gerçəkləşərsə, 1999-cu il ssenarisi yenidən təkrarlana bilər.

Rusiyanın tarixində hakimiyyətin ötürülməsi bir ənənə halın alıb. Çar Rusiyasında və Sovet İttifaqında hakimiyyət heç bir zaman seçki yolu ilə formalaşmayıb. Hakimiyyt iqtidar daxilində ötürülmə yolu ilə dövlət başçısından onun siyasi varisinə keçib. Rusiya Federasiyasının ilk prezidenti  Boris Yeltsinin hakimiyyətə gəlişi isitisna olmaqla Rusiyanın son 30 illik tarixində seçki yolu ilə hakimiyyət dəyişikliyi baş verməyib, hakimiyyət iqtidar daxilində ötürülmə ilə yolu ilə gerçəkləşib. Buna görə də yenə hakimiyyətin iqtidar daxilində ötürüləcəyi ehtimalı çox yüksəkdir.

Rusiyasayağı parlament seçkiləri də bu məqsədə xidmət edir. 
 

 

 





15.09.2021    çap et  çap et