525.Az

15 Sentyabr zəfəri mühacir qələmində


 

15 Sentyabr zəfəri mühacir qələmində <b style="color:red"></b>

Çar Rusiyası dövründə və Sovet hakimiyyəti illərində ölkəmizin ictimai-siyasi, ədəbi-mədəni həyatında baş verən mühüm tarixi proseslərə daha çox silki, sinfi, qərəzli və saxta münasibət, onlara uyğun qurulan, həyata keçirilən formaca fərqli, məram və  mahiyyətcə eyni ideoloji baxışlar sistemi cəmiyyətdə ictimai rəyin düzgün və obyektiv formalaşmasına ciddi əngəl törətdi, milli, mənəvi dəyərlərə ağır zərbə, acı yaralar vurdu. Sahə mütəxəssislərinin üzərinə həmin ləkələri təmizləmək və tarixi müasir tələblər baxımından, doğru, düzgün yazmaq vəzifəsi düşür.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə 2021-ci il avqustun 16-da Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı məhz bu aktual problemlə bağlı ciddi tapşırıqlar  və tövsiyələr verdi: "İkinci Qarabağ müharibəsi, bir daha demək istəyirəm, tarixi Zəfərimizdir. Azərbaycanın çoxəsrlik tarixində buna bənzər qələbə olmamışdır. Müharibə ilə bağlı artıq kifayət qədər məlumatlar var və təkrar etmək istəmirəm. Müharibənin gedişatı hər kəsə məlumdur. Sadəcə olaraq, indi bizim dərsliklərimizdə, elmi əsərlərdə, məqalələrdə, kitablarda müharibə ilə bağlı və müharibədən əvvəlki dövrlə bağlı çox müfəssəl və geniş məlumat verilməlidir ki, biz bu tarixi olduğu kimi qeyd edək, bu tarixi olduğu kimi yazaq və gələcək nəsillər də daim bunu bilsinlər və unutmasınlar, o cümlədən, erməni vəhşiliyini unutmasınlar". 

Təəssüf ki, tariximiz nəinki uzun illər boyu olduğu kimi yazılmayıb, əksinə, onun yaddaşlardan silinməsi üçün bütün ideoloji, siyasi üsullardan, hər cür cəza vasitələrdən - həbs, sürgün, edam, böhtan, işgəncə, təqib, təhdid və terrordan istifadə edilib. Ermənilər bütün bu proseslərin həyata keçirilməsində buyruq qulu, vasitəçi, girəvəkeş olublar...

15 Sentyabr 1918-ci ildə Bakı Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak, daha dəqiq ifadə etsək, rus, erməni və yerli xəyanətkar və satqın qüvvələrin hökmranlığından azad edildi, xalqımızın cismən qırılmasının, onun əsrlərlə yaratdığı maddi-mənəvi sərvətin, milli, dini dəyərlərin məhv edilməsinin qarşısı alındı. 28 Aprel 1920-ci ildən sonra Azərbaycanda bərqərar olan Sovet rejimi və kommunist ideologiyasının antimilli siyasəti ilə bu əlamətdar tarixi hadisənin - 15 Sentyrabrın əsl mahiyyəti təhrif edildi, ona saxta don geyindirildi, yaddaşlardan silinməsi üşün mənbələr məhv edildi, şahidlər sıradan çıxarıldı. Bununla yanaşı, 15 Sentyabrın tarixi əhəmiyyətini, xalqımızın həyatında onun rolunu və yerini doğru dəyərləndirməyi bolşevik təqibindən xilas olmaq üçün xaricə üz tutan  Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları özlərinin başlıca və müqəddəs  vəzifələrindən hesab etdilər. Bu baxımdan mühacirət mətbuatının flaqmanı, xaricdə Azərbaycan istiqlalı ideyasını yaşadan və yayan, bolşevik rejiminə və kommunist ideologiyasına qarşı ölüm-dirim mücadiləsi aparan "Yeni Qafqasya" dərgisi (1923-cü il sentyabrın 26-da  M.Ə.Rəsulzadənin rəhbərliyi ilə  İstanbulda "Ədəbi, ictimai, siyasi məcmuə" kimi on beş gündə bir dəfə ərəb əlifbası ilə nəşrə başlamış, 5-il sonra -1927-ci il oktyabrın 15-də sonuncu - 95-ci nömrəsi buraxılmışdı), həmçinin, onun proqram və məramını eyni əzm və cəsarətlə davam etdirən "Odlu yurd", "Azəri türk", "Bildiriş",  "İstiqlal", "Qurtuluş" (Berlin), "Azərbaycan" (Ankara) kimi dərgi və qəzetlər 15 Sentyabrın milli, mənəvi, tarixi, hərbi, siyasi və ideoloji əhəmiyyətni geniş təhlil etmiş, əsaslandırılmış və dolğun işıqlandırmışlar. "Yeni Qafqasya"da 15 Sentyabrdan bəhs edən matreiallara kifayət qədər geniş yer verilib və məqsədinə, məzmununa, formasına görə onları dörd qismə bölmək olar:

- Bütünlüklə 15 Sentyabra həsr olunan məqalələr;

- Ayrı-ayrı  əlamətdar və tarixi hadisələrə, xüsusilə 28 May İstiqlal gününə, Bakının azad olunmasında iştirak edən qəhrəmanların həyat və fəaliyyətinə, həmçinin tariximizin qara səhifələrinə - 27 Aprel işgal Gününə və 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə  dair yazılar;

- 15 Sentyabrı və onun qəhrəmanlarını, şəhidləri vəsf edən şeirlər;

- 15 Sentyabra aid foto-şəkillər.

"Türklüyün böyük günlərindən" (№1, 1924), "Qalx" (№1, 1924), "31 Mart 1918" (№13, 1924), "Erməni məsələsi" (№16, 1924), "Naməlum əsgərin məzarı başında" (№23, 1924), "Yeni Qafqasya"ya təbrik məktubu"  (№24, 1924), "15 Sentyabr" (№24, 1925), "Bismillah" (№24, 1925), "28 May nədir" (№14, 1925), "15 Sentyabr" (№21, 1926), "15 Sentyabr", "Bakının qurtuluş müharibəsi", "Bu gün haqqında Türkiyə mətbuatı", "Ağabəyimə" (№24, 1927) və s. kimi materiallar 15 Sentyabr haqqında, onun tariximizdəki və taleyimizdəki yeri, rolu barədə tam təsəvvür yaradır. "M.Qərib" imzası ilə (bu imzaya "Yeni Qafqasya"nın yalnız ilk nömrələrində dərc olunmuş 4 yazıda  təsadüf edilir. Həmin yazılara məxsus dil, üslub, sənətkarlıq məsələləri, toxunulan problemlər, mövzular Məhəmməd Əmin Rəsulzadə yaradıcılığına xasdır və bütün bunlar "M.Qərib" imzası dərc olunan yazıların Məhəmməd Əmin Rəsulzadəyə mənsub olduğunu söyləməyə tam əsas verir) verilmiş "Türklüyün böyük günlərindən" adlı məqalədə müəllif dövrün ictimai, hərbi-siyasi vəziyyətini dərindən, peşəkarlıqla təsvir və təhlil edir, 15 Sentyabradək və ondan sonra cərəyan edən hadisələri izləyir, maraqlı mülahizələr irəli sürür, qənaətlərini bölüşür. Məqalədə qeyd olunur ki, Bakıdakı qardaşlarının imdadına yetişməyi ən ciddi vəzifələrindən biri hesab edən Türkiyə rusların, ermənilərin ...öz müttəfiqi olan almanların müqavimət və manelərini dəf edərək sentyabrın 15-də Bakını işğaldan qurtardı. M.Ə.Rəsulzadə dilinə xas obrazlılıq və canlılıq yazını daha maraqlı və oxunaqlı edir: "Müsəlmanların qurbanı qəbul edilmiş, Bakının istihlası (qurtuluşu - T.A) Qurban bayramı gününə təsadüf etmişdir".

Məqalə bütün digər müsbət məziyyətləri - ideyası, məzmunu, dili, üslubu ilə yanaşı, həm də son dərəcə aktuallığı və əhəmiyyəti ilə diqqəti çəkir. Az qala 100 il bundan əvvəl yazılmış məqalədən gətirdiyimiz sitatın şərhinə ehtiyac yoxdur: "Azərbaycan Cümhuriyyətinin ilk heyəti vükəla rəisi bu münasibətlə söylədiyi nitqində "Biz dinən, irqən bir idik, bu dəfə eyni məqsəd yolunda bərabərcə tökdüyümüz qanlarla qardaşlığımızı təsdiq etdik və qanlarımızı məqsəd üçün öldüyümüz meydanlarda qarışdırmaqla bu qardaşlığı qırılmaz bağlarla möhkəmləndirdik" - deyirdi". 

M.Ə.Rəsulzadə "böyük şəhidlərin" xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Çəmbərəkənd məzarlığında ucaldılacaq türbənin taleyinə də toxunur və təəssüflə qeyd edir ki, bolşevik işğalı bu niyyətin həyata keçirilməsinə mane oldu. İşğalın ilk günündən yazılarında bu rejimin çökəcəyini qətiyyətlə, inamla bəyan edən M.Ə.Rəsulzadə məqaləsini nikbin notlarla bitirir: "Salam, sizə ey böyük qazilər! Siz vəzifənizi gördünüz. Qardaş imdadına fədakarlıqla yetişdiniz. Siz rahat ola bilərsiniz, xilas etdiyiniz qardaşlarınızın bugünkü nikbətləri (fəlakətləri - T.A.) müvəqqətidir, düçar olduqları süni idarənin iflası ilə təkrar məqsədlərinə qovuşacaqlar və məzarınız üzərinə gələrək: "Yaşasın millət"- deyə bağıracaqlar.

Dərginin həmin nömrəsində istiqlal şairi Əhməd Cavadın 

"Qalx, qalx sarmaşıqlı məzar altından
Gəlmiş ziyarətə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər" -

misraları ilə başlayan, Azərbaycandakı Osmanlı şəhidlərinə xitabən yazdığı məşhur şeiri də dərc olunmuşdu.

M.Ə.Rəsulzadənin  "A.Qərib" imzası ilə "31 Mart 1918", "Azəri" imzası ilə "Erməni məsələsi", "M.Ə"imzası ilə "Naməlum əsgərin məzarı başında" adlı məqalələrində də Bakının qurtuluşunun böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsinin vacibliyindən, xalqımızın istiqlalına, istiqbalına düşmən kəsilən  ermənilərin törətdiyi cinayətlərdən ətraflı söhbət açılır. "Canını qurban verməklə Vətənini müdafiə edənlərin xatirəsini əbədiləşdirmək üçün Birinci Dünya müharibəsindən sonra yeni bir abidə üsulu ixtira olundu: Naməlum əsgər" - cümləsi ilə başlanan "Naməlum əsgərin məzarı başında" məqaləsində müəllif  Vətən yolunda həlak olanların xatirəsinin əbədiləşdirilməsinin Avropa ölkələrində geniş yayıldığını qeyd edir və yazır ki, vəzifəmiz məchul əsgərin böyük məfkurə uğrunda özünü fəda etdiyini unutmamaqdır: "Bəli, böyük məfkurəni unutmamaq və onun üçün hər zaman naməlum bir əsgər olmağa hazır olmaqdır. O məfkurə nədir?

- Milli hakimiyyət və istiqlal!" 

M.Ə.Rəsulzadənin "Yeni Qafqasya"da və sonrakı mühacirət mətbuatında 15 Sentyabrla bağlı qələmə aldığı məqalələr Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinin - Bakının azad olunması və  onun əhəmiyətinin tədqiqi və təbliği üçün etibarlı, mənbələrdir.

Dərginin 1925-ci il tarixli  24-cü nömrəsində dərc olunmuş  "15 Sentyabr" sərlövhəli məqalənin elə  ilk cümləsində bu Zərərin tarixi əhəmiyyətini yüksək dəyər verir: "Yalnız Azərbaycan tarixinin deyil, yeni türk tarixinin ən mübəccəl (əziz - T.A.) günlərindən biri də 15 Sentyabrdır". Müəllif yazır ki, türk ordusunun yardımı ilə Azərbaycan milliyyətpərvərləri  əvvəlcə bolşevik- daşnaksütun, sonra da rus, erməni, ingilis əsarətində olan Bakını xilas etmiş və islam tarixində ilk dəfə yaranan cümhuriyyəti de-fakto təsis etmişdir. Məqalədə şəhidlərin qanının yerdə qalmayacağı böyük ümid və inamla bəyan edilir. Dərginin həmin nömrəsində Əhməd Cavadın Qurtuluş qəhrəmanlarına həsr etdiyi  və türk əsgərinə sevgi, düşmənə nifrətlə dolu "Bismillah" şeiri dərc olunub:

Atıldı dağlardan zəfər topları,
Yürüdü iləri əsgər, bismillah!
O xan sarayında çiçəkli bir qız
Bəkliyor bizləri zəfər, bismillah!..

Ey Bakı, sən qorxma, gəldik, gələli
Sənin üçün biz atıldıq iləri,
Sağ qalanlar - annələrə təsəlli,
Şəhidlərin ruhu gülər, bismillah!..

"Yeni Qafqasya"nın 1926-cı il tarixli  21-ci nömrəsində dərc olunmuş  "15 Sentyabr" sərlövhəli məqalədə müəllif bu şanlı və şərəfli döyüşü Azərbaycan türk gəncliyinin daim həyəcanla xatırlayacağı müqəddəs bir gün kimi dəyərləndirir, onu  Çanaqqala, Sakarya, Dumlupinar savaşları ilə müqayisə edir və yazır ki, Xızır peyğəmbər kimi qardaşının imdadına yetişən məhmətciyin burada qazandığı böyük zəfər - Bakının qurtuluşu oyanan türklərin tarixində türk ellərini birləşdirməyə doğru atılan ən ülvi bir addımdır.  Dərginin 1927-ci il tarixli 24-cü nömrəsindəki  bir neçə xəbər istisna olmaqla, bütün  məqalələr  15 Sentyabr qurtuluşunun ildönümünə həsr olunub. "15 Sentyabr" adlı məaqlə maraqlı və uğurlu müqayisə diqqəti çəkir: "9 Sentyabr Böyük Türkiyə üçün nə isə, 15 Sentyabr da kiçik Türkiyə üçün odur". Rus-erməni, ingilis əsarətində olan Bakının 15 sentyabr 1918-ci ildə, Yunan işğalı altında olan İzmirin 9 sentyabr 1922-ci ildə qurtuluşunun simvolik bir gözəlliyi də var: Hər iki şəhərə ilk girən Mürsəl Paşanın  qəhrəman kitaatı (əsgəri birliyi- T.A.) olmuşdur. Müəllif yazır ki, 9 Sentyabr xatirəsi bizə dünyalar dolusu sevinc və nəşə verdiyi halda, 15 Sentyabr həm nəşə, həm də hüzn verir. Nəşələnirik, çünki böyük qayə uğrunda müştərək düşmənə qarşı çiyin-çiyinə irqi və tarixi birliyirini axıtdıqları qanlarla təkrar yoğurdular. Hüznlənirik, çünki qardaşlıq, türklük və Azərbaycan istiqlalı yolunda canlarını fəda edən böyük şəhidlərin əldə etdikləri əsər təkrar təhlükəyə uğramış, Bakı yenidən işğal olunmuşdur.

Məqalədə daha çox  nəzəri cəlb edən bir məqamlardan biri də gələcəyə - 15 Sentyabrın təkrarlanacağına sonsuz, sarsılmaz ümid və inamdır: "Daha sarih (açıq - T.A.) söyləyək, mübariz Azərbaycan gəncliyi Azərbaycanı istila edən yabançı işğal ordusunu məmləkətdən qovmaq üçün var gücü və əzmi ilə hazırlaşır". Dərginin həmin nömrəsində mühacirət poeziyasının tanınmış simalarından Məhəmməd Sadıq Aranın (Sənan) "Faruq Nafiz Bəyə ithaf" rubrikası ilə  "Ağabəyimə" adlı şeiri dərc edilmişdir. Şeirdə xilaskar türk əsgərinin məharəti tərənnüm edilir. 

Azərbaycanın istiqlalı uğrunda fasiləsiz və fədakarlıqla ideoloji mücadilə aparmış istedadlı yazıçı, naşir, redaktor Mirzə Bala Məhəmmədzadənin "Bakının qurtuluş müharibəsi" adlı irihəcmli məqaləsi mücahid publisistin yaradıcılığında ən sanballı, aktuallığını heç vaxt itirməyəcək nümunələrdən biridir. M.B.Məhəmmədzadə 15 Sentyabrı  "qurtuluş müharibəsi", "böyük və parlaq zəfər", "ruh və ilham mənbəyi" adlandırır,  istiqlal  və istiqbal tariximizdəki misilsiz  rolunu belə dəyərləndirir: "İndiki Azərbaycan hürriyyət və istiqlal mücadiləsinin qayə və hədəfini  mutəvi və mübariz Azəri gəncliyi üçün bir qurtuluş məşəli olan "Azərbaycan Misaqi-Millisi" İstiqlal bəyənnaməsinin elan edildiyi 28 May 1918-ci il tarixini  nə qədər yüksəltmiş isə 15 Sentyabr 1918-ci il də o qədər böyük və tarixi əhəmiyyəti haiz (olan - T.A) müqəddəs bir gün olmuşdur. Zira 28 Mayda elan edilən Azərbaycan istiqlalı felən 15 Sentyabrdan etibarən təəssüs etmiş, milli məfkurənin həyata tətbiqi üçün müsaid bir sahə  bu gündən etibarən meydana gəlmişdir". M.Ə.Rəsulzadənin məşhur  "Bakısız Azərbaycan başsız bir bədəndir" - kəlamına nəzəri çəkən M.B.Məhəmmədzadə yazır ki, bu şəhər  Azərbaycanın milli, mədəni, siyasi, ictimai, iqtisadi, sənaye qəlbidir və ölkənin hərtərəfli inkişafı üçün mühüm mərkəzdir. M.B.Məhəmmədzadə 15 Sentyabra qədər regiondakı ictimai-siyasi prosesləri dəyərləndirir, 31 Mart soyqırımı. ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, Rusiyanın müstəmləkəçilik siyasəti haqqında geniş bəhs edir və problemlə, Bakının qurtuluşunun həyati əhəmiyyət kəsb etməsi ilə bağlı mülahizələrini əsaslandırır. "Mücadilə milli mahiyyətdə olduğu üçün İstiqlal hərbi hərəkatı da  milli xalq hərəkatı şəklini almışdı" - yazan müəllif Bakının qurtuluşu ilə yaranan yazılı və şifahi ədəbi nümunələr barədə  də söz açır və qeyd edir ki, Bakı uğrundakı mücadilənin mücahidləri olan xalqın yaratdığı əsərlər, yazdığı türkülər, qoşduğu havalar ən səmimi əsərlərdir. Bu məqalənin dəyərini qat-qat artıran, həm də müəllifin illər sonra baş verəcək hadisələr haqqında heyrətamiz qənaətləridir: O, əminliklə bildirir ki, 15 Sentyabr daim xatırlanacaq və bir daha təkrar üçün təsirli amil rolunu oynayacaqdır. 103 il sonra sentyabrın 27-də başlanan Vətən müharibəsinin ümumxalq xarakteri, milli mahiyyəti, tarixi əhəmiyyəti 15 Sentyabrı, onun qazi və şəhidlərini yada salır. 

1 avqust-1 sentyabr 2021.
Bakı-Qəbələ 

 

 





15.09.2021    çap et  çap et