525.Az

Təbiətin bəxşişi - İsa bulağı


 

İSA BULAĞI ŞUŞANIN İNCİSİDİR

Təbiətin bəxşişi - <b style="color:red"> İsa bulağı</b>

Şuşa göz yaşı kimi şəffaf və buz kimi soyuq bulaqları ilə məşhurdur - İsa bulağı, Səkili bulağı, Daşaltı bulağı, Soyuqbulaq, Şəmilin bulağı... Azərbaycanda bu bulaqlar barədə eşitməyən az insan tapılar.

İsa bulağı Qarabağın ən məşhur istirahət yerlərindən biri hesab olunur. Bulağın oluğu yer Şuşa şəhərindən o qədər də uzaq olmayan məsafədə, Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, çox gözəl mənzərəli qalın meşələr qoynunda yerləşən səfalı istirahət guşəsidir.
Bir zamanlar bulağın ətrafı yaz və yay aylarında təmtəraqlı, çal-çağırlı olardı. Suyu buz kimi soyuq, faydalı, eləcə də büllur kimi dumduru olan bu bulaq, yerli əhalinin dediklərinə  görə, ilk dəfə XVIII əsrdə ərazinin qalın meşəlik hissəsində İsa adlı əkinçi tərəfindən tapılıb və elə onun da adını daşıyır. Əlbəttə, bununla bağlı başqa mülahizələrin olması da istisna deyil.

İsa bulağı bir çox tarixi hadisələrin və buraya istirahətə gələn insanların şahidi olub. Zamanında yüz minlərlə insan bu bulaqdan su içməyə, bu yerlərin gözəlliklərindən zövq almağa gələrdilər. Bulaq buraya səfər edənlərin o qədər xoşuna gəlib ki, vaxtılə xalq arasında belə bir deyim də məşhurlaşıb: "İsa bulağında olmayan Şuşada olmayıb". Bu yerlərin gözəlliklərindən vəcdə gələn rəssamlar onun dünyəvi gözəlliyini tablolara köçürüb, Şuşanın təbiətinin əsrarəngiz cazibəsindən ilham alan şairlər ona şeirlər yazıblar.

Ümumiyyətlə, Qarabağ təbiətinin təkrarolunmaz gözəlliyinə, onun nadir incilərindən olan ecazkar bulaqlarına həsr edilmiş çoxlu əsərlər var. Belə əsərlərdən biri sözləri Məmməd Rahimə, musiqisi isə Bahadur Hüseynova məxsus olan "İsa bulağı" mahnısıdır. Azərbaycanın unudulmaz sənətkarı, Xalq artisti Gülağa Məmmədovun ifa etdiyi bu mahnı 1957-ci ildə Azərbaycan Televiziyasında lentə alınıb.

Mövcud mənbələr sübut edir ki, bu bulaq qədim zamanlardan bəri insanlar üçün təkcə həyat mənbəyi deyil, həm də xüsusi diqqət çəkən bir obyekt olub. Əminliklə deyə bilərik ki, İsa bulağının suyu insanları fiziki və ruhi xəstəliklərdən sağaldır, onlara güc və sağlamlıq bəxş edir, həyata və ətraf dünyanın gözəlliyinə inam aşılayır. Təbii ki, bu xüsusiyyətlərinə görə şuşalıların özləri və şəhərin qonaqları adətən bulağın ətrafında istirahət etməyi xoşlayırdılar.

Bu məqalənin müəllifi də ötən əsrin əllinci və altımışıncı illərində atasının vətəni Şuşada olarkən, valideynlərlə və qohumlarla birgə yayda İsa bulağına gəlirdi. Adətən, orada istirahət etməyə getməzdən bir neçə gün əvvəl hazırlıq işlərinə başlanar, zəruri ərzaqlar alınar, lazımi əşyalar götürülərdi. Bütün bunlar bir qayda olaraq o zaman hər bir ailənin evində olan iri toxunma sarı səbətlərə yığılardı.

Elə təkcə görünüşünə görə belə səbətlər bu gün də insanlarda xoş təəssürat və xatirələr oyadır. Şuşanın tanıdığım yaşlı adamları müxtəlif xəstəliklərin və virusların yayılmasının səbəblərindən birini insanların orqanizm üçün çox zərərli olan plastik torbalardan istifadə etməsində görürlər. Onların söylədiklərinə görə, ərzaqları yalnız toxunma səbətlərdə saxlamaq lazımdır. Belə olduğu halda insanlar daha sağlam və müxtəlif xəstəliklərdən uzaq olacaqlar. Toxunma səbətlər mütləq hər bir evdə olmalıdır.

Hazırlıq işləri başa çatandan sonra bütün bunlar baqaja doldurular və günorta saatlarında şəhərdən çıxardıq. İsa bulağına qismən çınqılla örtülmüş torpaq yolla getməliydik. Gəlib çatdıqdan sonra hamı büllur kimi təmiz, sərin və dadlı sudan içmək üçün bulağın başına toplaşardı. Bulaqdan axan suyun bir hissəsi hasarlanmış kiçik su anbarına axırdı və istirahətə gələnlər adətən gətirdikləri qarpızları  soyutmaq üçün bu kiçik anbardan istifadə edərdilər.

Təmiz havada dincəlmək üçün münasib yer seçildikdən sonra yerə palaz sərilər, palazın üstünə salınmış süfrəyə və ya qəzetə yeməklər düzülərdi. Palazın kənarlarına qatlanan kətillər sərilər, balışlar qoyulardı. Təmiz havada bulaq suyunun şırıltısının, oxuyan quşların nəğməsinin, meşədəki ağac və güllərin xoş qoxusunun təsiri altında kiminsə sadə və dadlı yeməklərdən imtina etməsi mümkün deyildi, pendirlə çörək bir andaca ləzzətlə yeyilirdi.

Çəkilən kababı da yedikdən sonra bulaq suyundan dəmlənmiş çay içilirdi. Mənalı keçirilən asudə vaxt meşədə ağaclar arasında gəzinti və xatirə fotoşəkilləri çəkdirməklə başa çatırdı. Bundan sonra hamı açıq havada istirahət yerini təmizləməklə və bidonları və termosları bulaq suyu ilə doldurmaqla məşğul olurdu.

Ötən əsrin yetmişinci illərindən 90-cı illərin əvvəllərinə qədər mən də bir neçə dəfə Şuşaya gəlmiş və imkan daxilində bu bulağı ziyarət etmişdim. Və bu gün, illər sonra etiraf edim ki, buraya hər gəlişim, bulağın gözündən su içməyim, burada təbiətin qoynunda  keçirdiyim anlar yaddaşıma əbədi olaraq yazılıb.

Həmin səfərləri dəfələrlə xatırlayaraq və sonrakı illərdə müvafiq araşdırmaları təhlil edərək bir qənaətə gəlirəm: o əfsanəvi bulaq, həqiqətən, Şuşanın incisidir, Şuşa şəhərinin simvollarından biridir.

Yaxın keçmişdə, xüsusən də yay aylarında bulağın ətrafında poeziya və musiqi məclisləri də təşkil olunardı. Ayrı-ayrı musiqiçilər, çalğıçı dəstələri istirahət edənləri əyləndirirdilər. Bulağa gələn hər çalğıçı dəstəsinin öz xanəndəsi olardı. Xan Şuşinskini də öz dəstəsi ilə burada görmək olurdu. Azərbaycan peşəkar vokal sənətinin banisi,  təsnif ifaçısı, SSRİ Xalq artisti Bülbül də sərin bulaq suyu içmək və təmiz meşə havası ilə nəfəs almaq üçün buraya təşrif buyurardı. Məşhur tarzən, Azərbaycanın ilk Xalq artisti Qurban Pirimov və Azərbaycanın Xalq artisti, Azərbaycan Bəstəkarlar İttifaqının  Qarabağ filialının rəhbəri, bəstəkar Süleyman Ələsgərov və ölkəmizin bir çox digər tanınmış musiqi xadimləri də tez-tez buranın qonaqları sırasında olurdular.

Məşhur yazıçılar, şairlər, teatr səhnələrinin görkəmli xadimləri də meşə ağaclarının dincliyindən və sakitliyindən zövq almaq və bir ovuc bulaq suyu içmək üçün buraya təşrif buyururdular. Şuşa sakinlərinin bəziləri daim buraya avtomobillə gəlir, boş şüşələr və digər materiallardan qablar gətirir, onları bulaq suyu ilə doldurur və özləri ilə aparırdılar.

Azərbaycanın bir çox guşələrindən və keçmiş SSRİ-nin müxtəlif bölgələrindən Şuşanın  sanatoriya və istirahət evlərində dincəlmək üçün gələn turistlər Şuşanın tarixi və görməli yerləri ilə yanaşı, mütləq qaydada ecazkar İsa bulağını və ətraf sahələrini də görmək istəyirdlər. Həmin yerlərə gəzintilərə çıxarkən, onlar təbiətin Şuşaya bəxş etdiyi gözəlliklər qarşısında vəcdə gəlir, İsa bulağının təmiz və şəffaf suyuna məftunluqla baxırdılar. Hətta yayın ən isti günlərində belə bulağın başında həmişə sərin hava olurdu, axşamlar isə isti geyimsiz keçinmək olmazdı. Şuşa hətta yayda belə insanları sərin və təmiz havası ilə qarşılayardı.

Bəli, həmin yerlər erməni vandalları tərəfindən işğal edilənə qədər bütün bunlar mövcud idi. İşğaldan sonrası, o cümlədən Şuşa, İsa bulağının taleyi isə hər kəsə bəllidir.  İşğal altındakı digər torpaqlarımızdakı səfalı, büllur sulu bulaqlarımız kimi məşhur İsa bulağı da 30 ilə yaxın ermənilərin istifadəsində olub. İşğalçılar onun adını "İsaak bulağı" qoyublar. "Azərkosmos" ASC-nin Azersky peyki vasitəsilə 2019-su ilin iyun-iyul ayları ərzində Azərbaycanın işğal olunmuş ərazilərində təcavüzkar Ermənistan tərəfindən törədilən qeyri-qanuni fəaliyyətlərin monitorinqi nəticəsində Şuşanın "İsa bulağı" istirahət zonasının ərazisində 0.46 hektar sahədə meşə zolağının  tamamilə qırılması aşkar edilmişdi.

İsa bulağının və ətraf ərazilərimizin işğal edilməsi ilə bağlı qəlbimizin çəkdiyi iztirabları həyatdan vaxtsız getmiş sevimli şairimiz, publisist, ssenarist Nüsrət Kəsəmənli özünün "İsa bulağı" şeirində dərin mənalı ifadələrlə tərənnüm etmişdi. Burada qeyd etmək lazımdır ki, şairin "İsa bulağı" şeirinin sözlərinə mahnı da bəstələnib. Açığını deyim ki, bu bulağın o illərdəki taleyinə həsr olunmuş həmin mahnı çox səmimi və həyati, eyni zamanda, kədər duyğuları ilə dolu bir mahnıdır.

Şükürlər olsun ki, Şuşa şəhərinin simvollarından olan İsa bulağı artıq müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. Bu, düşmən odusunu darmadağın edərək Şuşadan qovan Azərbaycan Ordusunun qəhrəmanlığı və cəsarəti sayəsində mümkün olub. İnternet şəbəkəsində Azərbaycan əsgərlərinin məşhur İsa bulağını necə ziyarət etdikləri barədə xeyli video-kadrlar yayılıb. Bundan sonra Azərbaycanın incisi olan Şuşa şəhəri yenidən canlanacaq və öz qonaqlarını əvvəlki qonaqpərvərliklə qarşılamağa başlayacaq, İsa bulağı isə yenidən bu şəhərə gələnləri bulaq üstündəki istirahət məkanında dayanmağa məcbur edəcək.

Bu günlərdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasovun mətbuata verdiyi məlumata görə Şuşa şəhərinin əsas simvollarından olan İsa bulağı və onun su təminatı artıq tam bərpa edilib, təmir-bərpa işlərində istifadə olunan mərmər üzərində milli ornamentlə "İsa bulağı" sözü yazılıb.

Eyni zamanda qeyd etmək lazımdır ki, Füzuli-Şuşa magistral yolunun çəkilməsi ilə bağlı layihədə Şuşanın əfsanəvi İsa bulağına gedən iki kilometrlik yolun tikintisi də yer alıb. Bulağa gedən bu iki zolaqlı yol öz başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təxminən 82 kilometrliyindən götürəcək.

Əlbəttə, Qarabağın ən məşhur istirahət yeri hesab olunan İsa bulağı haqqında danışarkən yuxarıda qeyd etdiklərimiz onun haqqında kifayət edəcək qədər informasiya vermir. Bu yazıda məqsədimiz heç də Şuşa haqqında və ilk növbədə şəhərin simvolu olan İsa bulağı barədə dərc edilmiş çoxsaylı kitab, jurnal, məqalələrdə əksini tapan müxtəlif tarixi faktlara, məlumatlara bir yenilik gətirməkdən ibarət deyil. Əsas məqsədimiz İsa bulağının təmiz, şəffaf, göz yaşı kimi dumduru suyu ilə bağlı yekunda bəzi fikir və mülahizələrimi oxucularla bölüşməkdir.

Düşünürəm ki, ilk növbədə müalicəvi əhəmiyyəti olan bu bulaq suyunun sənaye üsulu ilə şüşə və plastik qablara doldurulmasının təşkil edilməsi barədə düşünməyin vaxtı çatıb. Əlbəttə, fasiləsiz istehsal prosesini və suyun maksimum keyfiyyətini təmin etmək üçün çoxlu səy və sərmayə yatırmaq, eyni zamanda bir sıra təşkilati və texniki məsələləri həll etmək lazımdır.

Əminəm ki, çəkilən zəhmət özünü tamamilə doğruldacaq və bulaq suyunu alıb onu ləzzətlə içmək istəyənlərin sayı kifayət qədər çox olacaq. Bu suyu təkcə Şuşa və ətraf rayonların sakinləri deyil, həm də ən azı bircə dəfə İsa bulağına gəlib onun suyundan içən və bu canlı nemətin mənbəyi haqqında yaşlı nəsildən eşidən hər kəs almağa can atacaq.

İstifadə olunan qabların bənzərsiz dizaynı və gözəl etiketi də bugünkü tələskən alıcının diqqətini çəkə bilər. Etiketdə həm Azərbaycan dilində, həm də xarici dillərdə bu suyun unikal keyfiyyətini qısaca əks etdirmək lazımdır. Düşünürəm ki, Şuşanın yaxınlığında olan məhz bu bulaqdan doldurulmuş suyun şüşə qablarında satışının təşkil edilməsinin beynəlxalq kontekstdə əhəmiyyəti barədə danışmağa ehtiyac yoxdur. Son nəticədə isə bütün bunlar, əlbəttə ki, satışların artmasını stimullaşdıracaq.

İstehsal prosesinin təşkilindən danışarkən, fikrimizcə, ilkin mərhələdə suyun bir mənbədən şüşə qablara doldurulması üçün kiçik müəssisə yaradılmasına ehtiyac olacaq. Bu müəssisənin fəaliyyətinin yerində təşkil edilməsi məqsədəuyğun olardı.

Nümunə üçün deyə bilərəm ki, yaxın keçmişdə Şuşa rayonunun Turşsu kəndində "Turşsu" mənbəyindən qazlı suyun qablaşdırılması üçün kiçik bir sex uğurla fəaliyyət göstərirdi. Ötən əsrin altmışıncı illərində bu məqalənin müəllifi mənbənin yanında fəaliyyət göstərən və fikrimcə, burada təxminən 10-15 nəfərin işlədiyi bu sexi ziyarət etmişdi. Sexdə Sovet istehsalı olan avadanlıqlarda az miqdarda istehsal olunan bu məhsul, əsasən keçmiş DQMV-nin ərazisində satılırdı.

Əlbəttə ki, bu gün İsa bulağının suyunun qablaşdırılması üçün həm yerli, həm də xarici firma və şirkətləri cəlb etmək mümkündür və onlar müasir texnologiyalardan istifadə etməklə həm suyun qablaşdırılmasını, həm də onun saxlanması və çatdırılmasını həyata keçirə bilərlər. Lazım gələrsə, bu kiçik müəssisə mənbədən şəhərə su təchizatını təmin etməklə Şuşa şəhərinin özündə də fəaliyyət göstərə bilər.

Sözsüz ki, biz bu yazıda qaldırılan məsələnin müvafiq strukturlar tərəfindən öyrəniləcəyinə və təhlil ediləcəyinə inanmaq istərdik. Yalnız bundan sonra nəzərdə tutulanların həyata keçirilməsindən danışmaq olar.

Nəhayət, məqaləni bir maraqlı məlumatla yekunlaşdırmaq istərdim. "Report" İnformasiya Agentliyinin 2021-ci il 13 iyun tarixində verdiyi xəbərdə qeyd olunur ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində azərbaycanlı, əslən təbrizli olan rəssam Əbülfəz Bahadurinin əsərlərindən ibarət "Perspektvlər" adlı sərgi açılıb. Tədbirdə çıxış edən rəssam deyib: "ABŞ-da bu günə qədər bir çox sərgilərim keçirilib. Ən böyük sərgim 2011-ci ildə Qarabağ Fondu tərəfindən Vaşinqtonda təşkil edildi. Həmin sərgidə 89 əsərim nümayiş olundu. Hazırda ADA Universitetinin Vaşinqtondakı ofisində də əsərlərim sərgilənir. ABŞ-da fərdi sərgilər keçirmək heç də asan deyil. "İncəsənət liqası" məni ayın rəssamı elan edib. Sərgidə 20-dən çox əsərim nümayiş olunur. Onlardan "İsa bulağı" adlanan əsəri 40 günlük Vətən müharibəsi vaxtında ərsəyə gətirmişəm".

Düşünürəm ki, belə sərgilərdə və ümumiyyətlə, gələcəkdə keçiriləcək istənilən beynəlxalq forum və sərgilərdə "İsa bulağı"nın suyu ilə doldurulmuş şüşə qabların olması tədbir iştirakçılarının, eləcə də həmin sudan içməyə dəvət edilən qonaqların da diqqətini cəlb edəcək və bundan sonra yəqin ki, onlar bir daha bu büllur kimi təmiz bulaq suyundan içmək istəyəcəklər.
 

 





15.09.2021    çap et  çap et