525.Az

Texnologiya əsrinin aşığı - Neoaşıq - Füzuli Bayat yazır


 

Texnologiya əsrinin aşığı - Neoaşıq -<b style="color:red"> Füzuli Bayat yazır</b>

Füzuli Bayat

Texnoloji medianın həyat tərzimizə daxil olması ilə sosial münasibətlər dəyişib, virtual folklor anlayışı gündəmə daxil olub. Texnologiya əsrində üz-üzə kommunikasiya yerini virtual auditoriyaya tərk edib, radio, televiziya, ən əsası da internetin inkişafı ilə yeni şifahi ədəbiyyat nümunələri yaranıb. Böyük bir sənaye şəbəkəsi formalaşdıran kütləvi informasiya vasitələri sadəcə xəbərləşmə, əyləncə vasitəsi kimi deyil, həm də bilgi paylaşımı vasitəsi kimi də istifadə edilir. Kütləvi informasiya vasitələrinin (KİV) əsas qolu təkcə rəsmi olan qəzetlər, jurnallar, telekanallar, radio stansiyaları deyil, həm də internet şəbəkələri, müxtəlif formatlarda (sms, mms, e-poçt) mesaj alan mobil telefonlardır. Belə bir mühitdə yeni ənənə formalaşdıran media aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinə də səbəb olub. 

Bu da insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü bir həyat tərzi seçmələri, bunun da mentalitet dəyişikliyi yaratması baş verib. Bu dəyişikliyin nəticəsində ortaya çıxan aşıq sənəti və onun daşıyıcısını biz Neoaşıq adlandırdıq. Termin ilk baxışda bir az qəribə səslənə bilər, ancaq informasiya-kommunikasiya texnologiyaları dövründə bu termin, bizcə, müasir aşığın fəaliyyətinə, yaradıcılığına, dünyagörüşünə tam uyğundur. Çünki Neoaşıq özünəməxsus ifa tərzinə və sosial-mədəni statusa sahibdir. Ən əsası da Neoaşığın müasir dövrdə zərurətdən yaranması məsələsidir. Bu, heç də aşıqları klassik və Neoaşıq deyə iki qismə ayırmaq mənasına gəlmir. Neoaşıq dəyişən aşıq sənətinin nəticəsində ortaya çıxmışdır. Onun əsas funksiyası virtual mühitdə və virtual auditoriya qarşısında ifa etdiyi sənətidir. Dəyişən şərtlər daxilində aşıq sənətinin vəziyyəti, ifa tərzində yeniliklər, klassik ənənədən uzaqlaşma və bizim Neoaşıq adlandırdığımız aşığın özəllikləri hələ ki, tədqiqat predmeti olmayıb. Bu yazıda Neoaşığın KİV mühitində yeri və rolu, dəyişən dünyada necə qəbul görməsi, media sənayesinə daxil olması, tələb və təklif bazarında funksiyası kimi bir çox məsələlər araşdırılacaq.  

Ənənəvi aşıq sənəti XX yüzilliyin sonlarından başlayaraq dəyişikliyə məruz qalıb. Klassik aşıq ənənəsi yerini yeni formatlı və məzmunlu ənənəyə tərk edib. Hər bir sənət kimi aşıq sənəti də ənənə daxilində mövcuddur. Çünki ənənə ilə gələcək planlanır, bilgi və təcrübə sonrakı nəsillərə çatdırılır. İstər verbal folklor olsun, istərsə də visual və ya virtual folklor olsun, mətn ənənə çərçivəsində yaranır, ənənə daxilində yenilənib yayılır. Folklor materialları təbii ki, yarandığı formada da qalmır, qalması da mümkün deyil. Mətnlər hər dönəmin şərtlərinə uyğunlaşır, anlam və funksiyasını şərtlərə görə yeniləyir. Aşıq ənənəsi də yeni dövrün tələbləri, həyat tərzinə görə yenidən qurulur.  

Texnoloji media ənənəni yox etmir, onu öz ehtiyaclarına, funksional tələbatına görə dəyişir. Aşıq ədəbiyyatı bu aspektdən dəyərləndirildikdə onun KİV çağında yeni məzmun qazandığı nəticəsinə gəlmək mümkündür. İlk olaraq aşığın icra ortamı dəyişib, üz-üzə kommunikasiya ortadan qalxıb, söyləyici-dinləyici qarşılıqlı mətn yaratma prosesi təkqütblü olub, mətn sifarişçinin verdiyi imkanlar daxilində - saat, yer, auditoriya - gerçəkləşib. Televiziya ekranlarında çıxış edən aşıqlar folklor üçün spesifik olan şifahi dili az və ya çox dərəcədə ədəbi dilə uyğunlaşdırıb, ya da mətni ədəbi dildə anlatmağa başlayıblar.  

Media mühitində simvollaşdırmanın folklor variantı ortaya çıxır. Məsələn, yeni məzmunlu atalar sözləri və məsəllər, aforizmlər, deyimlər, mahnı sözləri və lətifə başlıqları və sözləri, ənənəvi folklor qəhrəmanlarının ironik modelləri, tanınmış şəxsiyyətlərin parodik obrazları buna misal ola bilər. Bu isə son dövrlərdə tədqiqatçıların da qeyd etdiyi kimi, kütləvi informasiya vasitələrində intertekstualizmin artdığını göstərir. Artıq belə bir mühitdə verbal folklordan danışmağa dəyməz. Çünki folklorun və konkret olaraq aşıq sənətinin, aşıqlıq ənənəsinin dəyişməsinin əsas səbəbi insanların müasirlik, postmodernizm, şəhərləşmə, köçlər, populyar mədəniyyət, moda və media kimi Qərb yönlü həyat tərzi seçmələri, bunun da mentalitet (zehniyyət) dəyişikliyinə səbəb olmasıdır. Bütün bunlar cəmiyyətdəki mədəni dəyişikliklərin əsas səbəbləri olduğundan virtual folklor anlayışını da gündəmə gətirir. Virtual folklor üz-üzə söylənən xalq ədəbiyyatından fərqli olaraq folklorun texnologiyalaşmasıdır. Təbii ki, aşıq da bu prosesin içindədir və baş verənlərə ən tez reaksiya verən söyləyicilərdən biridir.

Bütün hallarda folklorun KİV-də reallaşması media məkanının xüsusi mülkiyyəti ilə müqayisədə, məlumatların müntəzəmliyini və təkrarlanmasını təmin edən vasitələrlə həyata keçirilir. Həm də ünsiyyət vasitələrinin çoxkanallı və dəyişkən olmasına töhfə verən texniki vasitələrin köməyi ilə şifahi söz sənəti məlumatları ötürmə vasitəsi kimi yeganə və ən məqbul vasitə olan sözə əsaslanır. Neoaşıq texnologiya əsrində repertuarında sözdən daha çox musiqiyə yer verir, bunu ondan televiziya kanalları, internet yayımları tələb edir. Neoaşığın performansı həm görsəl, həm də dinlənilən mediaya bağlıdır. Çünki "Media insanlara nə düşünməyi deyil, nə haqqında düşünməyi söyləyir" (Özçetin). 

Virtual folklor üz-üzə kommunikasiya özəlliyi daşıyan söyləyici-dinləyici auditoriyasını mediadan çıxarmaqla aşıq sənətində və aşığın kimliyində dəyişiklik yaratdı. Media dövründə Neoaşıq musiqi məktəbi, İncəsənət İnstitutu, Konservatoriya məzunudur, aşıqlıq sənətini parta arxasında və oxuduğu kitablardan, müşahidə etdiyi orta nəsil aşıqlarından öyrənmiş sənətkardır. Qısacası, Neoaşıq usta yanında yetişməyən sənətkardır. Çünki əski dövrlərdən fərqli olaraq oxuyub yazanların çox artdığı və texnologiyanın inkişaf etdiyi XX yüzilliyin sonlarında və XXI yüzillikdə bir çox sənət növlərinə başlamaq istəyənlər bunu bir kitab götürüb təkbaşına oxuyaraq öyrənə biləcək vəziyyətə gəldilər. Şifahi mədəniyyətlərdə, öyrənmənin baş tutması üçün bir dastançıya və ya müəllimə ehtiyac duyulursa (Goody), bunu yazılı mədəniyyət və media əsri haqqında demək mümkün deyil.
Vurğulamaq lazımdır ki, son dövrlərdə aşıqlıq ənənəsi əsas kontekstindən uzaqlaşaraq yeni bir forma alıb. Canlı ifa yerini uzaqdan ötürmə və ya səsyazma cihazlarına buraxıb. Aşığın ifası artıq kasetlər, CD-lər, filmlər, radio, televiziya və internet kimi elektron ötürmə vasitələri sayəsində yayqınlaşmağa başlayıb. Rəqəmsal (ingiliscə digital) mühitin elementləri olan plastinkalar, kasetlər və ya CD-lər aşıqların şöhrət qazanmasına, tanınmasına və ad-sana sahib olmasına böyük yardım göstərib. Çünki H.Beckerin də dediyi kimi, paylaşılmayan əsər bəyənilmir və buna görə də tanınmır. 

Ancaq bu yazılı, vizual və audio media, bir sözlə, rəqəmsal media klassik aşıq sənətini forma, məzmun və funksiya baxımından zəiflədir, aşıqlığı passiv duruma düşürür. Buna baxmayaraq, media və aşıq ənənəsi bir-birini dəyişdirən gücə sahibdir. Aşıq sənəti və aşığın özü media dünyasında təbii olaraq dəyişikliyə uğrayır və bildiyimiz klassik aşığın yerini Neoaşıq almağa başlayır.   

Təbii ki, yeni dövrdə əlində sazı ilə deyişmək üçün özünə rəqib axtaran, toplaşdığı yerlərdə - çayxanalarda, kənd meydanlarında, toylarda və sair məkanlarda çıxış edən, sevgilisinin xatirinə içindəki atəşlə dolaşan, özünü haqq aşığı adlandıran, usta-şagird mühitində yetişən, aşıq şeirləşmələrində iştirak edən və müəmma açan, bədahətən şeir söyləyən, mahnı oxuyan, günlərlə, hətta aylarla eşq dastanları (məhəbbət dastanı) danışan, kütlələr tərəfindən hörmətlə qarşılanan və digər özəlliklərə sahib aşıq tipi çox azalıb. Bunun yerinə ilin müəyyən vaxtlarında mərasimlər, şənliklər və xatirələr münasibətilə bir icra mühiti tapan və səsini görsəl və dinləməyə dayanan media vasitələri ilə eşitdirməyə çalışan, aşıq sənətini ustadan, birbaşa ənənədən öyrənmək əvəzinə, kitablardan, kasetlərdən, internetdən, saz çalmağı da kurslardan öyrənən, əsərlərini kağız üzərində yazan, veb saytı olan, radio və televiziyada çıxış etməyə can atan və qarşılaşdıqları geniş dairələrin müxtəlifliyi ilə şeirlərinin məzmununu formalaşdıran ənənə nümayəndələri meydana çıxıb (Çelikten). Biz də bu yeni ənənənin nümayəndəsinə yuxarıda da ifadə edildiyi kimi Neoaşıq deməyə üstünlük verdik.

Bu dəyişiklik prosesində, sənətin məzmunun ötürülməsində aşıqlar istər-istəməz fərqli bir kimliklə ortaya çıxmağa məcbur oldular. Ən önəmlisi də mədəniyyət ünsürlərinin yaradılmasında və ötürülməsində ön plana qazancın çıxmasıdır. Daha konkret desək, toyda, şənlikdə, məclislərdə fərdi qazanc saxlayan aşıqlar CD-lərlə, televiziya vasitəsiylə, internet yayımları ilə mədəni ünsürlərin bazarlanmasından əldə edilən qazanc sektoruna daxil oldular. Belə olduqda aşığın icra və ifa qabiliyyəti mətnin yenidən dizayn edilməsinə yönəldi. Neoaşıq görmədiyi, üz-üzə olmadığı xəyali bir auditoriya üçün çalıb oxumağa, bəzən də dastan parçası ifa etməyə başladı. Ancaq bu icra daha çox televiziyanın təyin etdiyi qaydalara uyğun olaraq aşığın səsini eşitdirmək üçün ona ekrandan istifadə etməyə icazə verdiyi qədərdir. Beləliklə, media mühitində aşığın şifahi mədəniyyətdəki rolu və funksiyası radionun, televiziyanın, internetin ixtiyarına verildi.

Tarix səhnəsinə çıxdıqları XV yüzillikdən bu günə qədər zamana ayaq uydura bilən aşıqlar medianın sürətlə hər şeyə hakim olduğunun fərqinə vararaq bu mühitdə varlıqlarını davam etdirmək, həm özlərini tanıtmaq, həm də auditoriyalarını genişləndirmək məqsədi ilə elektronik mühitə tez bir zamanda adaptasiya oldular, hətta elektronik imkanlardan istifadə etməyin yeni-yeni yollarını tapmağa çalışdılar. Dəyişən və yenilənən aşıqlar, başqa sözlə, Neoaşıqlar əski usta-şagird ənənəsini bir tərəfə qoyaraq fərdi şəkildə (musiqi kurslarından, kitablardan, əski aşıqların səs yazılarını, saz çalmalarını dinləyərək) öyrəndiklərini icra etməyə başladılar. Artıq aşıq sənətini öyrənmək istəyən şagird ənənəni yaxşı bilən usta ilə üz-üzə deyil, radio və televiziya verilişləri, həmçinin, internet üzərindən yayımlanan proqramlarla tanış olmağa başladı. Buna şərti olaraq virtual usta-şagird ənənəsi demək mümkündür. Həm də şagird virtual dünyada özünə bir deyil, bir neçə usta seçib təhsilə başlamaq imkanı əldə etdi.  
Bu yeni dövrün virtual aşıqları, yəni Neoaşıqları müəmmalar, qıfılbəndlər, dodaqdəyməz təcnislər, divanilər, müxəmməslər, dini-irfani şeirlər söyləmək, dastan anlatmaq yerinə əyləncəli musiqilərə üstünlük verdilər, şou-proqramlara qatıldılar. Həm də ustasından müstəqil aşıqlıq etmək üçün icazə almaq qayğıları olmadığından həmən radio və televiziya proqramlarına çıxmağa üstünlük verdilər. Kitablar nəşr etdirib radio və televiziyalarda konsert proqramları təşkil etdilər. Bununla da kifayətlənməyib özlərinin veb saytlarını yaratdılar, bu saytlar vasitəsi ilə fərdi yaradıcılıqlarını, fərdi sənətlərini yaymağa, özlərini, sənətlərini sübut etməyə çalışdılar. Beləliklə, elektron mühitin özünəməxsus aşığı ortaya çıxdı ki, bu Neoaşıqlar stereotiplər əvəzinə, aktual məsələlərlə məşğul olmağa başladılar. Bədahətən şeir demək yerinə, şairlər kimi oturub qafiyəsi, rədifi düz, hecası xətasız şeirlər yazdılar və ya buna cəhd etdilər.

Aşıq sənətinin öyrənilməsində nəzərə alınması gərəkən əsas məsələ əsrlər boyu fərqli yollarla və ölçülərlə davam edən aşıqlıq ənənəsinin, xüsusən də aşıqlığın audio-vizual media ilə əlaqəsi, cəmiyyətdə baş verən texnoloji, sosial, mədəni dəyişikliyin XXI yüzillik Neoaşıqlarında təzahürüdür. Çünki XX yüzilliyin sonlarından başlayaraq yaranan dəyişikliyin müsbət və mənfi tərəflərinin aşıqlıq ənənəsinə təsiri sonrakı yüzilliklərin proqram sənəti kimi çıxış edir. Aşıq sənətinin gələcəyə necə ötürülməsi də ciddi problemlərdən biridir. Belə demək mümkünsə, media sənayesi baxımından aşıqlıq ənənəsi yeni paradiqmadan qiymətləndirilməli və bu zaman tələb-tələbat münasibətinin önə çıxdığı vurğulanmalıdır. Çünki artıq XXI yüzilliyin bir texnologiya əsri olduğu, bunun folkloru və onun bir qolu olan aşıq sənətini necə dəyişdirdiyi, dəyişikliyin zərurət olduğu diqqətdən qaçmamalıdır. 

Ancaq elektronik çağda dəyişikliyə məruz qalan ənənə və bu ənənənin yeni Neoaşığı ilə yanaşı, hələ də əski aşıq sənətini yaşatmağa çalışan aşıqlar da vardır. Neoaşıqlara daha çox şəhərlərdə rast gəlmək mümkünsə, klassik aşıqlar əsasən kəndlərdə və qismən də rayon mərkəzlərində cəmləşmişlər. Klassik aşıqlar daha çox orta nəslin nümayəndələri olub usta yanında yetişmiş aşıqlardır. Onlar da radioda və televiziyada çıxış edir, media mühitində qismən də olsa klassik aşıq sənətini yaşatmağa çalışırlar. 

Neoaşıqlarla ənənəni yaşadan aşıqların əsas fərqi oxuma tərzinə, yetişmə yollarına, sənəti yaşatma üsullarına görədir. Azərbaycanda Neoaşıqların bir qismi xanəndə kimi ansamblla xalq musiqisi ifa edirsə, bir qismi də aşıq havalarını modernləşdirməklə məşğuldur. 

Xüsusi olaraq demək lazımdır ki, ənənəni texnologiya əsrində yaşatmağa və aşıq sənətini dinləyici kütləsinə çatdırmağa çalışan aşıq da çıxış yolunu yenə mediada görür. Ona görə də klassik ənənəni qismən də olsa yaşadan çoxu universitet təhsilli, bir qismi dissertasiya müdafiə etmiş aşıqlar maksimum dərəcədə radio-televiziyadan istifadə etməyə çalışırlar. İndi həm ənənəvi aşıqlarların, həm də Neoaşıqların çoxu Aşıqlar Birliyinin və bir qismi də Yazıçılar Birliyinin üzvüdür. Onlar aşıq havalarının və mahnılarının ifasından əlavə dastan bilsələr də, bu dastanları icra edəcək auditoriya tapa bilmirlər. Müasir aşıq sənətinin təmsilçiləri mediadan başqa, festivallarda, saz yarışmalarında, bayramlarda, açılış mərasimlərində, kütləvi tədbirlərdə və hətta konfranslarda çalıb oxuyurlar.

Aşıq sənətinin öyrənilməsində yeni bir mərhələ olan XX yüzilliyin sonları və XXI yüzillik bir çox elm sahələrinin (folklorşünaslıq, mədəniyyətşünaslıq, musiqişünaslıq) metodologiyası, metodları və araşdırma üsullarının bir yerdə fəaliyyət göstərməsi ilə xarakterizə edilir. Media sənayesi aşıq ədəbiyyatı məhsullarını müəllif hüquqları problemi, medianın mədəni miras kimi müəlliflik hüququnu gözləməklə bazarlama səlahiyyəti əldə edir. Ortaya çıxan alış-satış sektorları aşığı bir musiqiçi kimi yetişdirməyə daha çox səy göstərir. Bunun bir neçə səbəbi vardır. Əvvəla, klassik aşıq musiqisinin yeni aranjimanı dinləyici və izləyici kütləsini daha çox cəlb edir. İkincisi, aşıqların da bir çoxunun ansamblla oxumağa meyl etməsi, kasetlərin satışında artıma səbəb olur. Üçüncüsü, yavaş-yavaş ağır aşıq musiqiləri ("Yanıq Kərəmi", "Reyhani", "İrfani" və s.) ifadan çıxır, onların yerini xalq musiqisi ilə sintez edilmiş daha oynaq mahnılar alır. Burada əsas məsələ ənənənin istehsal və istehlak kontekstini anlamaq üçün yeni sosial-mədəni strukturu, auditoriyanı da nəzərə almaqdır. Aşığın musiqi ifasının, xalq mahnısı oxumasının səbəbi də yeni dövrdə media sənayesinin tələbatı ilə başlanıb. 

Neoaşığı klassik aşığa baxaraq qiymətləndirmək doğru deyil. Çünki hər iki ənənənin təmsilçiləri öz dövrlərinin sənətkarıdırlar. Aşığın və ya Neoaşığın çox havacat bilməməsi qəbuledilməzdirsə, aşıq havacatlarını bəzən başqa melodiyalarda ifa eləməsi sadəcə tələbatla bağlıdır. Çünki Neoaşığın ifa dəyişikliyini tələb, təklif və bazar müəyyənləşdirir. Çünki Neoaşıq dünyada 3 milyarddan çox istifadəçisi olan internet, həmçinin, yutub, feysbuk, tviter kimi şəbəkələri olan bir sosial platformada yerini almaq üçün mübarizə aparır. 
 

 





15.09.2021    çap et  çap et