525.Az

"Qarşımızda yeni, həm də məsuliyyətli bir tədris ili var" - Mehriban Vəliyeva


 

"Qarşımızda yeni, həm də məsuliyyətli bir tədris ili var" -<b style="color:red"> Mehriban Vəliyeva</b>

"Qarşımızda yeni, həm də məsuliyyətli bir tədris ili var. Ölkədəki yoluxma dinamikası, mövcud durum dəyərləndirilərək verilən qərara əsasən, ənənəvi təhsil mərhələli şəkildə təşkil olunacaq. Sentyabrın 22-dən etibarən ilk olaraq ibtidai siniflər, sentyabrın 29-dan isə V-XI siniflər əyani tədrisə başlayacaq. Nəhayət ki, yeni tədris ilini hər birimizin arzuladığı ənənəvi təhsillə açırıq".

Bunu "525"ə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib. M.Vəliyeva bildirib ki,  bütün səylər, bütün imkanlar da məhz bu məqsədə nail olmaq üçün səfərbər olunub. Təhsil işçilərinin vaksinasiyası da əyani tədrisə keçid üçün qarşıya qoyulan məqsəddir. Bu ilin əvvəlində ölkədə vaksinasiyaya start veriləndə təhsil işçiləri prosesə qoşulan ilklərdən oldu, çünki hamımız bilirik ki, normal həyata qayıtmağın yeganə yolu vaksinasiyadır:

"Sevindirici haldır ki, paytaxtın təhsil işçilərinin 80 faizə yaxını, daha dəqiq desək, 28 min 662 nəfəri COVİD-19-a qarşı peyvənd olunub və proses davam etdirilir. Daha məsuliyyətli bir tədris ili deyəndə həm də onu nəzərdə tuturuq ki, pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi məktəbin və müəllimlərin üzərinə şagirdlərin sağlamlığı, təhlükəsizliyi baxımından daha böyük vəzifələr qoyur. Valideyn səhər övladını məktəbə yola salır, məktəbin qapısından içəri daxil olan hər bir şagirdin təhlükəsizliyindən artıq məktəb və müəllim cavabdehdir. Təhsil Nazirliyinin vaksin olunmayan təhsil işçilərinin məktəblərə girişinə icazə verilməməsinə dair qərarı da məhz onların özlərinin və ətrafdakıların sağlamlığı naminədir. Əgər əyani təhsilin davamlılığını istəyiriksə, övladlarımızın təhlükəsiz bir mühitdə təhsil almasını istəyiriksə, vətəndaş məsuliyyəti hiss edərək prosesə hamılıqla qoşulmalıyıq".

M.Vəliyeva vurğulayıb ki, təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində səmərəli işlər görülüb. Unutmayaq ki, infrastruktur keyfiyyətin əsasıdır:

"Abad, səliqəli, yeni məktəb binasında, müasir avadanlıqlarla təchiz olunmuş sinif otaqlarında təhsilin keyfiyyəti də, şübhəsiz, yaxşı olacaq. Bu baxımdan paytaxtın bir sıra məktəbləri əsaslı təmir edilib, ehtiyac olan ərazilərdə yeni məktəb və tədris korpusları inşa edilib, mühəndis-kommunikasiya işləri aparılıb. Dəqiq rəqəmlərlə desək, 5 yeni məktəb tikilib, 3 yeni məktəbinsə tikintisi hazırda davam etdirilir. Yeddi məktəbdə əsaslı təmir, əlavə korpusun tikintisi işləri artıq tamamlanıb, 1 məktəb sökülərək yenidən tikilib, 74 məktəbdə isə cari təmir işləri aparılıb. Dərsliklərlə təminat məsələsinə gəlincə, yeni dərs ili ərəfəsində məktəblərə 1 milyon 784 min 51 ədəd dərslik çatdırılıb, 50 min 627 ədəd metodiki vəsait isə müəllimlərə təqdim edilib".
 

 





16.09.2021    çap et  çap et