525.Az

Oğuz, türk-şumer dünyagörüşünün novator tədqiqatçısı - Razim Əliyevin yubileyinə


 

RAZİM ƏLİYEV - 70

Oğuz, türk-şumer dünyagörüşünün novator tədqiqatçısı -<b style="color:red"> Razim Əliyevin yubileyinə</b>

Hacı NƏRİMANOĞLU,

"Zəngəzur" Cəmiyyətləri Birliyinin sədri

Razim Əliyev "Oğuz  - dünyanı dərk etmək açarıdır", "Məxfilik qrifi, yaxud mif, fəlsəfə, din və dil düyünü", "Türk-şumer dünyagörüşü və dil" kitabları və onlarla elmi məqaləsi ilə bir çox yeni elmi yanaşma, konsepsiyanın əsasını qoyub və qəbul edilən kəşf, tapıntılara imza atıb. İlkin Başlanğıc, Vahid, Mütləq, İşıq-Nur, Antik-Arxaik Dünya, Şumer-Türk Etnogenezi, Zaman, Mif, Dil haqqında dünyada mövcud və hakim olan bir çox konsepsiyalara dair cəsarətli, məntiqli, dəlil-sübutlu və bir çox hallarda həm də geniş spektrli mübahisələrə yol açan araşdırmaları onu elmi ictimaiyyətə yaxşı tanıdıb.

Fəlsəfə elmləri doktorları Ağayar Şükürov və Tahirə Allahyarova son kitabına ön sözdə yazır: "Razim Əliyev dini-mifoloji təfəkkür tərzinin yeni - "İnikas" prinsipini irəli sürmüş və əsaslandırmışdır. Bunu çox maraqlı "güzgü" fenomeni ilə əlaqələndirərək maraqlı təhlillər aparmış, ilkin başlanğıca dair metafizik anlayışlar müstəvisini zənginləşdirmişdir. "İlkin səbəb" arqumentini özünəməxsus şərh edən R.Əliyevin qənaətləri ən müasir elmi müddəalarla səsləşir. ...Onun elmi tədqiqatçılara az müyəssər olan bir vəzifənin öhdəsindən gələrək humanitar (dil və fəlsəfə) problematikası ilə metodoloji problematikanı vəhdətdə təhlil etməyə nail olmuşdur. Ən böyük xidməti dilin inkişaf qanunauyğunluqları sahəsində mövcud stereotip çərçivə və baxışları laxladan şübhəni doğurmasıdır".

Şübhədən sonra axtarışlar, tapıntılar, həqiqətlər, nəticələr gəlir. Artıq Türkiyə və Azərbaycanda bir çox gənc tədqiqatçı bu yöndə "mövcud stereotip çərçivə və baxışları laxladan" elmi axtarış, araşdırmalar aparmaqdadır. S.Kramer "Tarix şumerdən başlayır" əsəri ilə başlatdığı "yeni gələcəyin deyil, yeni keçmişin" (Yaşar Qarayev) sirlərini açanlardan biri R.Əliyevdir: "güzgü elm", "güzgü-əks-inikas",  "güzgü simmetriyası" - ona elmin yeni qatlarında orijinal, özünəxas kəşflər etməyə açar verib. Mingəçevirdən tapılan qədim alban yazılı abidəsini ilk dəfə oxuyan Razim müəllim olmuşdu və yadımdadır ki, bu barədə AzərTAc xəttilə müxtəlif dillərdə yayılan informasiya, şərhdən sonra yaxın-uzaq ölkələrdən  xeyli alim, araşdırmaçı onun axtarışına çıxmışdı.

Yazıçılar Birliyində kitabının təqdimatında çoxsaylı, həm də əvvəlcə inamsız, çaşdırıcı sual yağışlarını cavablandıran Razim Əliyevin dərin məntiqi, mürəkkəb görünən dərinlikləri  əyani, sadə şəkildə tabloda şərh etməyi unikal mənzərə idi.

Yutubda, teleradioda çoxsaylı çıxışları ona şöhrət qazandırıb. İnternet resurslarda çox sayda çıxış, müsahibələri və dinləyənləri var. Bir neçə dəfə Prezident yanında Bilik Fondu xəttilə tarix, dil, ədəbiyyat müəllimləri üçün mühazirələrini təşkil etmişdik, hər dəfə heyranlıqla dinlənildiyinin şahidi olurduq. Razim Əliyev ixtisasca fizikdir, görünür təbiət, cəmiyyət, dil, tarix, zaman, məkan əlaqəsinin ümumi, mütləq (və qeyri-mütləq) prinsiplərini dərk etmək üçün kainatın  fiziki qanunlarını bilmək işıq, açar rolu oynaya bilir.

"Sirli Bakı - qədim İçərişəhər" adlı məqalələr silsiləsi "Mədəniyyət və İncəsənət"  qəzetində ən çox oxunan materiallardan idi. Kitablarında Atropatena, Alban, Azərbaycan terminlərinin şərhi, şumerlər, etrusklar, mifologiya, dünyanın dərki haqqında məqalələri böyük elmi araşdırmalara yol aça bilən nəzəri fikirlərlə doludur. Elmi, mədəni, mənəvi irsimizin indiyədək dərk olunmamış, qaranlıq qalan, ya da qəsdən düyünə, dolaşığa salınan, az işlənən, çoxlarının baş vurmağa çəkindiyi sahələrdə Razim müəllim cəsarətlə elmi araşdırmalar aparır, şüurun, dünyanı dərkin dərin qatlarına işıq salmağa cəsarətli metod, vasitə, yanaşmalar ortaya qoyur, gənc tədqiqatçılara mayak, örnək ola bilir. R.Əliyev Türkiyədə bir neçə beynəlxalq konfransda çıxışı ilə qardaş ölkədə diqqət çəkib, dəvətlərin arası kəsilmir. Azərbaycanda elmi, alimlik dərəcəsi almaq üçün süni, lazımsız, çətin keçilən baryerlər olmasaydı, yaxud kənarda yaşayıb işləsəydi, elə çıxışlarına, nəşr olunmuş kitablarına görə Razim Əliyev çoxdan professor, doktor olmuşdu. 

Bu yubiley yazısında elmi dəyərləndirmələrdən ayrılıb qayıdıram yubilyarımızın şəxsi, fərdi kimlik tanıtımına. Qubadlıda Razim Əliyevin qibtə ediləsi hörməti, nüfuzu var. Tale həm də ona bu imkanı qazanmağı, özünü təqdim etməyi nəsib edib. Sovetin diri vaxtında 30 yaşı olmamış  rayon partiya komitəsinin 2-ci katibi, ardınca da rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. 33 illik dövlət qulluğundan sonra təqaüd yaşına çatan günü, əvvəlcədən də elan etdiyi kimi, ərizəsini qoyub pensiyaçı ömrünü yaşamağa başlayıb. Prezident Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib, başqa təltifləri də var. Ancaq rayon rəhbərliyi, ağsaqqallar təqaüdə çıxandan sonra da onu rahat buraxmayıblar, gərəkli adam olduğunu bilib Rayon Ağsaqqallar Şurasına sədr seçiblər. Yəni bu gün də görünən yerdədir.

Razim müəllim savadlı, düşüncəli olmaqdan qabaq əxlaqlı, sadə, mehriban, pislikdən uzaq, ancaq yaxşı demək, yaxşılıq etmək üçün yaranmış xeyirli el-oba adamıdır. Yaddaşıma gələnlərdən; Qubadlının idman komandası Rusiyaya dəvət almışdı. Əliyar Əliyevin, "Məhsul" cəmiyyətinin pulu yox idi aparmağa. Razim müəllim cibinin 2 min manatını verdi - təmənnasız. Sonralar bildik bunu. 90-cı il yanvarın 21-də partbiletlərin yandırılması mitinqində ağıllı çıxışı, ermənilərin Yazı düzündən Qarabağa koridor açmaq üçün tank, vertolyotlu keçidinin qarşısında ilk sırada raykomun 3 katibinin mərdanə duruşu, rayonda fövqəladə vəziyyət rejimi qurmaq barədə əmri icra etmək üçün gələn rus hərbi dəstəsinin qarşısını almaq üçün Sarıyataq dərəsində daş-qayalar arxasında  səngərlər qurub atəş açmağa hazır dayanan yerli gənclərlə apardığı danışıqlar, həbs olunanların uzun siyahısını ləğv etmək üçün rus komentdantlığı ilə mübahisələri, respublikada ilk dəfə olaraq rayon partiya, sovet, milis dəstəsi və xalq cəbhəsinin, yerli özünümüdafiə dəstələrinin rəhbərlərindən ibarət yaradılmış Rayonu Müdafiə Şurasının fəaliyyətinin ən vacib istiqamətə - rayonun müdafiəsinə yönəltmək üçün göstərdiyi səylər...heç nə unudulmur, heç kim yaddan çıxmır. Feysbukda Razim Əliyevi "1 №-li Qubadlı" yazırlar. Layiqdir, mənalıdır. "Ziyalı xəstəliyi" Razim müəllimdən də yan keçməyib, infarkt, açıq ürək əməliyyatından tutmuş və s. Sağlam olun, Razim müəllim, sizin kimilərə ehtiyacımız çoxdur!   

Əmək fəaliyyətinə Qubadlının ən böyük ümumtəhsil məktəbində müəllimliklə başlayıb, dərs hissə müdiri olub, rayonun bu ən çətin (bütün mənalarda) yeganə çoxminlik kollektivində intizam, xoş, qaynar ab-hava yaratması ilə tanınmışdı. Sözünün, elminin, əlinin ağırlığı yaddaşlardadır. Neçə nəfər tanıyıram ki, deyir Razim müəllim fizika fənnini o qədər poetik, şairanə tədris edib sevdirirdi ki,  humanitardan döndüm oldum fizik. 
Razim müəllimin savadı, ziyalılığı, müəllimliyi, idarəçilik qabiliyyəti, elmi kəşfləri ona həm də irsən keçib, yəni su gələn arxa bir də gələr. Atası Yusif müəllim, anası Şamama müəllimə sayılan ziyalılar,  müəllimlər müəllimi olublar. Dayısı İliç Kərimov uzun illər rayon milis idarəsinin rəisi olmuşdu, oğru, cinayətkarın da onun "de sən öl"ünə düzgün cavab verməkdən başqa yolu qalmırdı.

Babası Nuşirəvan Kərimov XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik ideyalarının yayılmasında önəmli rol oynayan "Molla Nəsrəddin" jurnalının "İstot" imzalı daimi yazarlarından idi. Satirik şeirləri dillər əzbəri olurdu, Zəngəzurun seçmə ziyalılarından biri idi. Dədəsi Molla Səfi də Zəngəzurun ağır taxtalı kişilərindən biri olub. Yalnız mollalıqla deyil, müəllimliklə də məşğul olurmuş. N.Kərimov da babasının yolunu davam etdirib. Şuşa Pedaqoji Texnikumunu bitirdikdən sonra Qubadlıya qayıdaraq, öncə öz kəndi Xocamsaxlıda ibtidai məktəb açıb. Razim müəllimin böyük qardaşı, Sumqayıt Dövlət Universitetinin sevilən və feysbukun ən populyar maarifçi pedaqoqu, şair, professor Rafiq Yusifoğlunun sözlərinə görə, babası Nuşirəvan müəllim Sovet dövründə də evdə Quran oxuyar, həm də öyrədərdi.

Sevimli şairimiz Qasım Qasımzadə 1949-cu ildə yazdığı bir şeirdə öz müəlliminə məhəbbətini belə ifadə edib: 

Nuşirəvan müəllim öyrətdi bizə,
Yerlərin, göylərin neçə sirrini. 
Qatdı şərbət kimi o, dilimizə,
Vaqifin, Sabirin şeirlərini. 

N.Kərimov pedaqoji fəaliyyətinə görə Əməkdar müəllim adı ilə, Lenin ordeni, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri və medallarla, müxtəlif fəxri fərmanlarla təltif edilib. 1966-cı ildə vəfat edib, qəbri Qubadlının Xocamsaxlı kəndindədir. İndi nəcib insanın 28 il bizdən incik qalan ruhu şaddır.

Razim müəllimin əmisi Mirağa Əli oğlu Əliyev fizika-riyaziyyat müəllimi olub, könüllü olaraq cəbhəyə gedib, əfsanəvi 416-cı Taqanroq diviziyasının alay komissarı olub, "Qırmızı Bayraq Ordeni" ilə təltif olunub. Azərbaycan Pedaqoji İnstitutunda fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb, partiya komitə katibi işləyib. 1948-ci ildən başlayaraq Qubadlı, Duvannı, İmişli və Qasım İsmayılov rayon partiya komitələrində I katib, Gəncə Vilayət Partiya Komitəsinin ikinci, sonra I katib, 1954-cü ildən isə Azərbaycan KP MK-nın məsul təşkilatçısı olub, təqaüdə çıxandan ta 1973-cü ildə dünyasını dəyişənə kimi  APİ-də dosent olub. Fəxri xiyabanda dəfn olunub. Bunlar xatırlanmalı kişilərdir.

Əsilli, köklü bir soyun layiqli, ləyaqətli davamçısı olan Razim Yusif oğlu Əliyev nümunəvi ailə başçısıdır. Yaddaşımdan bir yarpaq; 1993-cü il avqustun son günüdür, hərbi hissələrimiz yuxarıdan verilən əmrlə rayondan çıxıb, Xanlıqda yerli camaatla erməni-rus hərbçiləri arasında ağır ölüm-dirim döyüşü gedir, biz Ermənistanla sərhəddən hücum gözləyirik, bic erməni Hadrutdan keçib Cəbrayılın dağ kəndlərin alıb enib gəlib Qubadlının  aşağısından yolu kəsib. Mən də guya vəzifə borcumu yerinə yetirirəm, İcradan, tərk edilmiş batalyonun ştabından Bakıya zəng edirəm ki, ay qoymayın, Qubadlı əldən gedir. Köçhaköç, qaçaqaçda, top-mərmi atəşləri altında Razim müəllimin həyat yoldaşı - mamaqızı İradə müəllimə piyada əlidolu Qubadlı körpüsündən evlərinə gedir, narahat sualıma cavabı yadımdadır: - Razim deyir ki, erməni qələt eliyir...

Bir neçə gün əvvəl Sumqayıtda bu cütlüyü yanaşı, mehriban, gülərüz təbəssümlə gedən gördüm, əziz dostumun belə ruhən gənc qalmasının nədənini anladım. 70 yaşın mübarək, əziz Razim müəllim, bundan sonra da sevənlərinlə, sevdiklərinlə sağlam, uzun ömür yaşamanı Ulu Tanrıdan diləyirəm. Növbəti yubileyini abad Qubadlımızda qeyd etmək arzusu ilə.
 

 





16.09.2021    çap et  çap et