525.Az

Hanı Əhməd Oğuz?.. - Mərhum şairin xatirəsinə


 

Hanı Əhməd Oğuz?.. -<b style="color:red"> Mərhum şairin xatirəsinə</b>

Bu sualı dost-tanış da verəcək, özümüz də verəcəyik - gözəl şeirə qəribsəyəndə, el deyimlərinin mehrinə uçunanda, qınağa tutulası söz eşidəndə, "dəvə yerişli dünya" növşək vuranda, yaz yağışına qoşa ovuc açanlara, göyqurşağının altından enmeyə meyillənənlərə qoşulmaq istəyəndə, ağaclar çiçəkləyəndə, sellər oynayanda - daşanda, yaylaqlar dəyə-dəyə könül xoşluğuna dönəndə, bulaqlar dinəndə, "Bulaq" dinəndə, ildırım çaxanda, yayda Qaraxaç yaylağına gedəndə, həsrətlə Cücəkəndinə sarı baxanda, "Hanı Əhməd Oğuz? - soruşanlara deyəcəyik: Ürəyimizdə!..
 
Yolunu daşdı gördü,
Gözünü yaşdı gördü,
Gözü qamaşdı, gördü
dünyanı Əhməd Oğuz.

***

Görən necə çatacaq
soraq Əhməd Oğuza.
Şeirləri olacaq
çıraq Əhməd Oğuza.
 
Dürüst sözə vəl dedi,
Baxdı, əlbəəl dedi...
Tasalandı, "Gəl..." dedi
torpaq Əhməd Oğuza.
 
Göyün gözü dolacaq,
Ayın rəngi solacaq...
Xəyalımız olacaq
varaq Əhməd Oğuza.
 
Toz qopur yolda, izdə,
Taqət də yoxdu dizdə...
Vaxtı nə vaxtdı, biz də
varaq Əhməd Oğuza.

Ulduzlar saçaq-saçaq,
Dərdi qundaqlayacaq...
Bir qınaq yollayacaq
"Bulaq" Əhməd Oğuza.

***

Yenə bizim şeirlər,
Tər nərgizim - şeirlər,
Düzüm-düzüm şeirlər,
Bəs hanı Əhməd Oğuz?..

Rəşid FAXRALI
 

 





16.09.2021    çap et  çap et