525.Az

İƏT nümayəndə heyəti Şuşadadır - Yenilənib


 

İƏT nümayəndə heyəti Şuşadadır -<b style="color:red"> Yenilənib</b>

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın dəvəti ilə hazırda ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) prezidentinin rəhbərlik etdiyi və Assosiasiyanın Baş katibi müşavirinin iştirakı ilə nümayəndə heyəti Şuşa şəhərinə yola düşüb.

Ombudsman Aparatından 525.az-a verilən məlumata görə, nümayəndə heyətinin faktaraşdırıcı missiyasının əsas məqsədi Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşa şəhərində sosial obyektlər, mədəni-tarixi abidələrə qarşı törədilmiş vandalizm hallarının monitorinqini aparmaqdır.

Azərbaycan mədəniyyətinin dahi simaları - Üzeyir Hacıbəyli, Xurşidbanu Natəvan və Bülbülün heykəllərini, eyni zamanda Yuxarı və Aşağı Gövhər Ağa məscidlərini ziyarət edən nümayəndə heyətinin üzvləri Şuşa şəhərində monitorinq keçiriblər. Onlar Ermənistanın 30 ildən artıq Azərbaycana qarşı yürütdüyü təcavüzkarlıq, işğalçılıq və terrorçuluq siyasəti dövründə mədəni tarixi abidələrə qarşı törədilmiş vandalizm halları ilə bağlı yerində araşdırma aparıblar.

Daha sonra Ombudsman Səbinə Əliyeva və İƏT Ombudsmanlar Assosiasiyasının Prezidenti Şərəf Malkoç mətbuata açıqlama veriblər.
Şuşa şəhərində həyata keçirilən monitorinq zamanı əldə edilmiş nəticələr əsasında hesabat hazırlanaraq beynəlxalq təşkilatlara göndəriləcək.

 





16.09.2021    çap et  çap et